Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi

 istiqamətində uğurlu işlər aparılır

 

Ölkəmizdə  təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin olunması  istiqamətində bir sıra ciddi addımlar atılıb. Məktəbdə müasir tədris-təlim prosesinin qurulmasında həlledici faktorlardan biri olan keyfiyyətin idarə olunması məsələsinə xüsusi yer verilir. Təlim keyfiyyətinin yüksəldilməsi bilavasitə müəllimlərin fəaliyyəti  tədris prosesini müasir tələblərə uyğun qurması ilə bağlıdır.

Rəhbərlik etdiyim  Qax şəhər 2 nömrəli  orta məktəb-liseydə  bu məsələ daim diqqətdə saxlanılır. Məktəbdə 2  kompüter  kabineti var, məktəb İnternet şəbəkəsinə qoşulub, 6 informatika müəllimindən 3-ü Rabitə  İnformasiya  Texnologiyaları Nazirliyi tərəfindən keçirilən müsabiqədə I-III yerləri tutub. Təhsilin keyfiyyətinin  monitorinqi aparılır. Bircə faktı demək kifayətdir ki, martda keçirilmiş pedaqoji şura ərəfəsində  komissiyanın hazırladığı plana uyğun olaraq 38-45 saat dərs dinlənilmiş, fənn birləşmələri  xətti ilə  8 müəllimin nümunəvi dərsləri təşkil olunmuş, qarşılıqlı dərs dinləmələrinə geniş yer verilmişdir. IX-XI  siniflərdə sınaq imtahanları  keçirilmiş, digər siniflərdə isə  yazılı şifahi yoxlamalar aparılmışdır. Hər il aprel-may  aylarında bütün siniflərdə  proqramın keyfiyyətlə yerinə yetirilməsi vəziyyəti öyrənilir. Bu məqsədlə siniflərdə  monitorinqlərin keçirilməsi təmin edilir. Müəllimlər apardıqları diaqnostik, formativ, summativ qiymətləndirmə üzrə  ümumi cədvəllər hazırlamaqla  nəticələr çıxarılır.  Bu isə növbəti ilin başlanğıcı üçün  fəaliyyətdə əsas rol oynayır.

Milli Kurikulumla işləyən I, II sinif şagirdləri arasında oxumağı,yazmağı, hesablamağı bacarmayan şagirdlər yoxdur. Tədris prosesinin müşahidələri göstərir ki, şagirdlər qısa zamanda xeyli biliklərə vərdişlərə yiyələniblər. Onlar xüsusilə dərsin motivasiya  mərhələsində, tədqiqatın  aparılması   nəticənin söylənilməsində fəallıq göstərirlər.

Tədris ocağında işinin ustası olan  müəllimlər çoxdur. Onlar dərslərdə  müasir təlim metodlarından  geniş istifadə edir, İKT-nin tədqiqat işinin aparılması, layihələrin hazırlanması s. tətbiqinə  xüsusi  fikir verirlər. Dərslərdə tapşırıqların verilməsi şagirdlərin məntiqi təfəkkürünün inkişafına  kömək edir. Məktəbin  fizika, riyaziyyat, biologiya, kimya, tarix ədəbiyyat fənləri üzrə tədqiqat işi ilə məşğul olan 6 nəfər şagirdi diplomlarla mükafatlandırılıb.

Məktəbimizdə "Qüvvət elmdədir, elmsiz heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" mövzusunda keçirilən yaradıcılıq gecəsi şeir yazmaq mahnı bəstələmək sahəsində istedadların üzə çıxarılmasına imkan verib. 2010-cu ilin fevralında "Həyatın cövhəri yalnız əməkdir, zəhmətsiz bir insan nəyə gərəkdir?" mövzusunda keçirilən əmək gecəsində 5 nəfər, "Riyaziyyat - sirli bir aləmdir" gecəsində 4 nəfər, "Kimya - fantastik yaradıcılıq gücü" mövzusunda keçirilən gecədə isə 2 nəfər xüsusi qabiliyyəti olan şagird aşkar edilib onların adları  "İstedad bankı"na daxil olunub.

Maraqlı tədbirlərimizdən biri incəsənət məktəbinin müəllimlərinin iştirakı ilə keçirilən "Muğamlarımız milli sərvətimizdir" mövzusunda festivalı  6 istedadlı muğam ifaçısının üzə çıxması ilə nəticələnib.

Şagirdlərin müstəqil fəaliyyətinin, idarəetmə qabiliyyətinin formalaşmasında hər il keçirilən "Şagird özünüidarə günü"nün xüsusi yeri vardır.

Məktəbdə keçirilən tədbirlərlə əlaqədar şagirdlərin hazırladıqları müxtəlif növ əyaniliklərdən 100-ə qədəri  "Odlar yurdu" klubuna hədiyyə verilmişdir.

Bu tədbirlərdə 10-dan çox şagirdin xüsusi qabiliyyətə malik olması  üzə çıxdı. İnşa yazı müsabiqələrini bura əlavə etmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 8 şagirdin yazısı respublika üzrə  hazırlanmış  xüsusi  kitablara daxil olunmuşdur.

Məktəbdə həm təbiət və həm də humanitar fənn üzrə 2 dəfə intellekt yarışları təşkil olunmuşdur ki, bu yarışlarda 3  nəfər yeni liderin müəyyən olunmasına imkan yaranmışdır.

Şagirdlərimiz idman yarışlarında da fəal iştirak edirlər. Rayon üzrə keçirilən yarışda "Cəsurlar" komandası ötən dərs ilində II yerə, "Şahin" komandası isə I yerə çıxmışdır. "Şahin" komandası zona mərhələsində uğurla iştirak etmiş I yerə çıxaraq respublika mərhələsinə  vəsiqə almışdır.

Valideynlərlə əlaqəyə xüsusi fikir verilir. Oktyabr ayında keçirilən valideyn konfransında "Xüsusi istedada malik olan uşaqların formalaşmasında valideyn-məktəb əməkdaşlığı" mövzusunda məsələ müzakirə olunmuşdur.

Məzunlarımız  ali məktəblərə qəbulda da rayon üzrə  ən yüksək göstəricilərə malikdir. Son on  ildə  məktəbimiz hər dəfə TQDK-nın  tələbə qəbulunun nəticələrinə əsasən   seçilən 100 ən yaxşı ümumtəhsil məktəbi sırasına düşür. Məktəb üzrə keyfiyyət faizi 67%-dir. XI sinfi bitirən 118 nəfər şagirddən 55-60%-i universitetlərə daxil olub. Məhz bütün bu işlərin nəticəsidir ki,məktəbimiz ölkə Prezidentinin müvafiq sərəncamına əsasən 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Biz əminik ki, bu ilin uğurları  daha çox olacaq.

 

Şəkər ABDULLAYEVA

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.12.