Məktəbdə xeyriyyə tədbiri

 

Noyabrın 25-də Bakının Xətai rayonunda yerləşən 257 nömrəli orta ümumtəhsil məktəbində  SOS uşaq kəndlərinin yaranma tarixinin  10 ili münasibətilə tədbir keçirildi.  Tədbirin aparıcıları IX sinif şagirdləri İsmayıl Cabarlı, Jalə Qocayeva  təhsil aldıqları məktəb haqqında iştirakçılara geniş məlumat verdilər. Bildirdilər ki, 1974-cü ildən fəaliyyət göstərən təhsil ocağında 1176 şagird təhsil alır. Məktəbdə 175 müəllim fəaliyyət göstərir.

Ölkə başçısının sərəncamı ilə təhsil ocağı "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi kimi mükafatlandırılıb. Tədbirin aparıcıları  SOS uşaq kəndlərinin kollektivini 10 yaşlarının tamam olması münasibətilə təbrik etdilər.

Tədbir iştirakçılarına SOS uşaq kəndlərinin yaranmasından bu günə qədərki fəaliyyəti barədə məlumat verildi   film nümayiş olundu.

Tədbirdə iştirak edən "Bakcell" şirkətinin rəhbəri cənab Botter SOS uşaq kəndlərinin kollektivini təbrik etdi. O bildirdi ki, valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək məqsədi ilə şirkət "Bakcell STARS - hər uşaq bir ulduzdur" SMS kampaniyasını həyata keçirmişdir. Kampaniyadan əldə olunan 45.000 manat SOS uşaq kəndlərinə verildi.

Tədbir SOS uşaq kəndlərinin şagirdlərinin ifa etdikləri  şeirlərlə, mahnılarla unudulmaz xatirəyə çevrildi. 

 

Rəşad ZİYADOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.13.