Səmimi insan, səriştəli təhsil işçisi

 

Bu yaxınlarda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tərbiyə işləri üzrə prorektoru,  iqtisad elmləri namizədi, dosent Həmid Ənvər oğlu Zeynalovun 70 yaşı tamam oldu.  Həmid Ənvər oğlu Zeynalov 1940-cı il sentyabrın 25-də Azərbaycanın qədim şəhərlərindən biri olan Dərbənddə dünyaya göz açmışdır.

 

Həmid müəllim 1957-ci ildə yeddiillik məktəbi, 1959-cu ildə fəhlə-gənclər axşam məktəbini, 1961-ci ildə isə  Bakı  Sovet  Ticarəti Texnikumunu bitirmişdir.

H.Zeynalov 1961-1968-ci illərdə Bakı Ticarət Kulinariya Peşə Məktəbində təlimatçı direktor müavini vəzifəsində çalışmışdır. 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib iqtisadçı ixtisasına yiyələnmişdir. O, 1968-1974-cü illərdə ümumittifaq ticarətin konyunkturası əhalinin istehlak mallarına olan tələbatını öyrənən elmi-tədqiqat institutunun Azərbaycan filialında baş elmi işçi şöbə müdiri vəzifələrində işləmişdir.

Həmid müəllimin təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq o, 1974-cü ildə Bakı Sovet Ticarəti Texnikumunun direktoru vəzifəsinə təyin olunmuşdur. 1981-ci ildə o, Dövlət Ticarət İstehlak Kooperasiyası İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin sədri seçilmiş, 1983-cü ildə Turizm Ekskursiya Azərbaycan Respublika Şurasının sədri təyin edilmişdir.

Həmid müəllim müxtəlif vəzifələrdə işləməklə yanaşı, elmi-pedaqoji  fəaliyyətini davam etdirmiş, 1989-cu  ilin mayında Moskva Sovet Ticarəti Qiyabi İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.

1989-1993-cü illərdə Həmid müəllim Azərbaycan Respublikası Nazirlər Kabinetinin Ticarət məişət xidməti şöbəsində aparıcı mütəxəssis, referent vəzifələrində çalışmışdır.

1993-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə işə qəbul edilən H.Zeynalov on altı il İqtisadiyyat idarəsinin (şöbəsinin) müdiri vəzifəsində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə H.Zeynalov 2005-ci ildə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Həmid müəllim 2009-cu ilin oktyabrından Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışır, elmi-pedaqoji fəaliyyətini davam etdirir.

H.Zeynalov eyni zamanda yaxşı ictimaiyyətçidir. O, 1994-cü ildən "Dərbənd" xeyriyyə cəmiyyətinin sədridir.

Həmid müəllim gözəl ailə başçısıdır, bir oğlu, iki qızı, dörd nəvəsi vardır. Övladlarından biri elmlər doktoru, ikisi isə fəlsəfə doktorudur.

Həmid müəllimə möhkəm cansağlığı, ailə səadəti arzu edir, elmi-pedaqoji fəaliyyətində uğurlar diləyirik. 

 

Arif MURADOV,

Nəcəf NƏCƏFOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.18.