180 yaşlı məktəbin salnaməsi

  

XIX əsrin  əvvəllərində Azərbaycanda ilk dünyəvi məktəblərdən biri  musiqi incəsənətimizin mərkəzi sayılan, dünyaya tanınmış ziyalılar, elm mədəniyyət xadimləri bəxş etmiş  Şuşa şəhərində açılmışdır. Həmin məktəbin varisi  Şuşa şəhər 1 nömrəli orta məktəbin bu il 180 yaşı tamam olur. Yubiley ərəfəsində məktəbin şərəfli fəaliyyət yolunun  araşdırılması  istiqamətində  xeyli görülmüş bir sıra maraqlı tədbirlər həyata keçirilmişdir. Onların  ən diqqətçəkənlərindən biri  bu şöhrətli təhsil ocağının qısa tarixini fəaliyyətini əks etdirən kitabın çapdan buraxılmasıdır.

Məktəbin məzunu və müəllimi, Şuşa təhsilinin cəfakeşi  və alovlu təbliğçisi, pedaqoq - şair, Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi  Əyyub Əbdüləzimovun (Əyyub Şırlanlı) tədqiqatçılıq axtarışlarının və gərgin zəhmətinin nəticəsi olaraq meydana gələn "Şuşa Zaqafqaziyada müstəsna əhəmiyyət  kəsb edən təhsil mərkəzi və ziyalılar şəhəridir" kitabı bu günlərdə işıq üzü görmüşdür.

Redaktoru  və ön sözün müəllifi  pedaqoji elmlər doktoru, professor Akif Abbasov olan kitabda Şuşa qəza məktəbinin keçdiyi tarixi yoldan, onun sələflərinin, xüsusən də indi Şuşa şəhər 1 nömrəli məktəb kimi tanınan təhsil ocağının fəaliyyətindən, yetirmələrindən, adlı-sanlı müəllimlərindən, məzunlarının uğurlarından, bütövlükdə Şuşa ziyalılarının pedaqoji fikrimizin inkişafındakı rolundan bəhs olunur.

Kitabda həmçinin  Şuşanın tarixi, mədəniyyəti, memarlıq incəsənət abidələri haqqında da maraqlı məlumatlar vardır.

 

Yusif  ƏLİYEV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.18.