Şagird dünyasını işıqlandıran
müəllim ömrünün ziyası
Ön söz əvəzi
Təhsilə dövlət səviyyəsində qayğı və diqqəti təsdiq edən fakt və hadisələr çoxdur. Bu sahədə fəaliyyəti daha da canlandırmaq, yaradıcı müəllimləri aşkara çıxarmaq, təhsilin səmərəliliyi naminə məqsədyönlü və sistemli axtarışlar aparan pedaqoji kollektivlərin uğurlarını maddi cəhətdən stimullaşdırmaq baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2008-ci ildən "Ən yaxşı müəllim", "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi tarixi bir başlanğıc, təhsil salnaməmizdə yeni bir mərhələnin əsası oldu. 2008-ci ilin avqust ayında qaliblər bəlli oldular. Və bu qaliblər barədə kitab hazırlanması layihəsi ortaya çıxdı. Respublika təhsil naziri, əməkdar elm xadimi Misir Mərdanovun rəhbərliyi altında tərtibə başladım (sonradan daha iki nəfər bu işə cəlb edildi). Müəllimlər barədə məlumat - qeydləri hazırlayarkən öyrəndim ki, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında bir neçəsi əməkdar müəllimdir. "Əməkdar müəllimlər" adlı kitaba onlar barədə də yazı hazırlamaq məqsədilə məktub göndərdim. İki nəfərdən məktuba cavab aldım. İlk telefon zəngini Samux rayonunun Qarayeri qəsəbə liseyindən Göyçək Bəşir qızı çaldı, razılığını bildirdi...
Tərcümeyi-halından sətirlər
Göyçək Bəşir qızı Namazova indiki Göygöl (keçmiş Xanlar) rayonunun Balçılı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirən ili (1980) Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olub.
Ali məktəbi
fərqlənmə diplomu ilə bitirən gənc
müəllim pedaqoji fəaliyyətə böyük
həvəs və yaradıcılıq ruhu ilə
başlayıb. Uğurları ilə valideynlərin hörmətini,
təhsili idarəetmə qurumlarının diqqətini
cəlb edib; 1991-ci ildə "Metodist müəllim" adına layiq görülüb.
Müəllim əməyi
şagird uğurlarında təsdiqini tapır. Göyçək
müəllimin şagirdlərin ədəbi inkişafı,
rabitəli nitqinin inkişafı, zəngin ədəbi-tarixi
bilikləri öyrətmə, məktəblilərin bədii
materiallar fondunu zənginləşdirmə sahəsində ardıcıl,
məqsədyönlü axtarışları, sistemli
fəaliyyəti yetirmələrinin təlim
göstəricilərində, respublika miqyaslı inşa
müsabiqələrində özünü əks etdirir.
Axtarış və nəticələr respublika
səviyyəsində qiymətləndirilib: G.Bəşir
qızı 2001-ci ildə Təhsil Nazirliyi
tərəfindən I dərəcəli diploma layiq
görülüb. 2005-ci ildə ölkə
başçısı İlham Əliyevin Sərəncamı
ilə "Əməkdar müəllim" adına
layiq görülənlər sırasında olub.
G.Namazova YAP-ın Samux Rayon Qadınlar Şurası
İdarə Heyətinin üzvüdür.
Azərbaycan
müəllimlərinin XIII qurultayında nümayəndə
kimi iştirak edib.
Tədris sistemindən nümunələr
Dərs haqqında çoxlu sayda elmi-pedaqoji və metodik fikirlər var. Bunları yazıya daxil etməklə həcmi böyütməyə ehtiyac duymuram. Tanınmış rus pedaqoqu Skatkinin bir obrazlı deyimini xatırlamaqla kifayətlənmək olar: Dəniz bir damla suda, tədris sistemi bir dərsdə əks olunur.
Çoxillik müəllim
təcrübəsinin üstünlükləri, pedaqoqun
ixtisası üzrə bilik və məlumat zənginliyi,
şagirdləri öyrətmə və fəallaşdırma
ustalığı məhz bir dərsdə də
özünü göstərir. Bu dərs
nümunəsi müəllimin pedaqoji etikası,
təfəkkür tərzi, şagird psixologiyasına
bələdliyi və öz peşəsinə
məhəbbəti, tədris estetikası barədə əsl
təhsil işçisinə, bu sahənin
qədirşünaslarına çox həqiqətləri
çatdırır.
Göyçək Namazovanın
VIII sinifdə "Xitab" mövzusunda keçdiyi dərsin
icmalı müəllimin proqram materialının
tədrisinə hazırlaşması və
məşğələnin ümumi məzmunu barədə
təsəvvür yaradır.
Şagirdlərə xitablar,
onların nitqdəki əhəmiyyəti haqqında məlumat
verən müəllim onları cütlər və ya qruplar
şəklində çalışdırır, nitqdə
xitablardan geniş istifadəni tövsiyə edir. Dialoqların
təqdimatı rollu oyunlar vasitəsilə həyata
keçirilir.
Dərsi planlaşdırarkən G.Namazova bu
məqsədləri reallaşdırmağa
çalışır: nitq zamanı danışıq
üslubundan çıxış edərək düzgün
müraciət tərzi seçmək və musahibə
imkanlarını yüksəltmək; cəmiyyətdəki
insanlarla etik normalar çərçivəsində
ünsiyyət qura bilmək; xitab, onun cümlədə yeri
haqqında biliklər mənimsətmək; qrammatik
bilikləri möhkəmləndirmək.
Problem olaraq müəllim bunu
müəyyənləşdirir: ətrafdakı insanlarla
ünsiyyət qurarkən onlara müraciət etmə
ehtiyacı yaranır. Düzgün
müraciət tərzi seçmək, xitablardan dəqiq
və yerində istifadə etmək və uyğun intonasiya
formalarından istifadə etmək.
Problemi açıqlayan müəllim şərhində deyilir: - Siz artıq yuxarı sinif şagirdlərisiniz. Ailə üzvlərinizə və qohumlarınıza, ictimai yerlərdə insanlara müraciət etmə ehtiyacı duyursunuz. Bəzən xitabları düzgün seçə bilmədiyinizdən gülünc vəziyyətə düşür və ya intellekt səviyyəsi aşağı olan bir gənc kimi görünürsünüz...
Beləliklə, şagirdlərdə proqram materialını mənimsəməyə maraq oyadılır.
Şagirdlər
tapşırıqlar alandan sonra işçi
vərəqlərlə işləyirlər. Fəaliyyət
qrup şəklində həyata keçirilir.
İnteqrasiya üzrə belə
strategiya müəyyənləşdirilir:
* Şagirdlər rollu
oyunlar qurmalıdırlar.
* Şagirdlər verilən
rəsmlər üzrə çalışmalı, dialoqlar
qurmalıdırlar.
Bu tapşırığı
yerinə yetirmək üçün qruplara 15 dəqiqə
vaxt verilir.
...Dərs icmalının qısaca
təsviri təsdiq edir: a) müəllim mövzunun tədrisini
təfəkkür inkişafı, nitq mədəniyyəti
və zehni fəallıq təmin olunması
parametrlərində qurmağa çalışır;
b) dərsin
planlaşdırılmasında interaktivliklə inteqrasiya
imkanları nəzərə alınır;
c) dərsin nəticələrinin
dəyərləndirilməsində, şagird bilik və bacarıqlarının
qiymətləndirilməsində obyektivlik, şəffaflıq
və ədalətlilik təmin olunur.
Poeziyanı duymaq yaradıcı
uğurunu dəyərləndirmək
üçün
əsasdır
Azərbaycan
ədəbiyyatı metodikası elminin korifeyi, mərhum
professor Əliyar Qarabağlının bir fikri yada
düşür: Ədəbiyyat müəllimi aktyor
bacarığına malik olmalıdır.
Ədəbiyyat müəllimi
həm də poeziyanı duymalı, heç olmazsa az-çox
bədii yaradıcılıq qabiliyyətinə malik
olmalıdır. Bu xüsusiyyətlərə malik olmaq
ədəbiyyat nümunəsinin tədrisi
səmərəliliyini şərtləndirən
tərəflərdən biri sayıla bilər.
Göyçək Bəşir
qızı özünəxas poetik duyumu olan müəllim
olmaqla yanaşı, orijinal deyim tərzi, diqqəti cəlb
edən poetizmləri, metaforik fikirləri olan bir yaradıcıdır.
Dərd, kədər üz
verəndə, kimisə itirəndə ümid yerimiz göz
yaşları olur. Sən demə, iradə poladdan da olsa,
ağlamaq bizdən asılı deyil. Sən demə,
qəlbimiz yanmasın deyə göz yaşı
axıdılırmış. Sən demə, zülmət içində
susan ürəyi hamıya tanıdan sözlər imiş...
Və bu sözlərdən
"toxunmuş" 3 bəndlik şeirdə
Göyçək Namazovanın həyat hadisələrini
poetik ifadə duyumu belə mənalandırılır:
İradə poladdan, daşdan olsa da,
Asılı deyilmiş
ağlamaq bizdən.
Ürəyin kədəri, sevinci daşsa,
Axıb gilə-gilə
tökülər gözdən.
Gur sular qəlbini boğmasın deyə,
Bəzən ağlamaq da
gərək olurmuş.
Bəzən də qəlbimiz yanmasın deyə,
Bizə göz
yaşından kömək olurmuş.
Nə yaxşı təzədən durula bilib,
Aləmi
şəfəqə qərq edir gözlər.
Zülmətin içində susan
ürəyi,
Nə yaxşı hamıya
tanıdır sözlər.
Əməkdar müəllim
təcrübəsindən bəhs olunan məqalənin bu
hissəsində pedaqoqun bədii
yaradıcılığından nümunə vermək
təsadüfi deyil. Bədii yaradıcılıq
psixologiyasına bələd olmadan keçilən
ədəbiyyat dərsinin effektliliyinə tam zəmanət
vermək olarmı?
XI sinifdə M.Ə.Sabirin "Amalımız,
əfkarımız ifnayi-vətəndir" şeirinin
tədrisinin məqsədi aşağıdakı kimi
müəyyənləşdirilir:
* Şagirdlərdə ifadəli oxu
bacarığını formalaşdırmaq;
* Şeirin ideya-məzmununu mənimsətmək;
* Onbirincilərdə vətəndaşlıq hissini daha
da dərinləşdirmək;
* Gənclərdə yaradıcı fəaliyyət
bacarığı formalaşdırmaq.
Dərslik, marker və s. ibarət təchizat yaradılan
dərs interaktiv metodlarla yanaşı, ənənəvi metod
əsasında keçilir. Yeni mövzuya hazırlıq
məqsədilə müəllim sinfə belə bir sual verir:
"Əsl vətəndaş necə olmalıdır?".
Şagirdlərin cavabları lövhəyə
yazılır:
* Vətəni dərin məhəbbətlə
sevməyi və onu qorumağı bacarır.
* Ətrafdakılara
qarşı həssasdır, diqqətlidir, xeyirxahdır.
* Özünün və xalqının
hüquqlarını müdafiə etməyi bacarır.
* Vətənini tanımağa çalışır.
* İctimai
işlərdə fəallıq göstərir.
Beyin həmləsi ilə başlanan dərsin mövzusu
elan edilir: M.Ə.Sabir. "Amalımız,
əfkarımız ifnayi - vətəndir".
Göyçək
müəllim şeirin əruz vəznində
yazıldığını söyləyib, ifadəli oxuyur. Sonra bir
neçə şagirdə şeiri oxutdurur. Şagirdlərdə şeirdə ifadə olunmuş
fikrə münasibət aşkarlanır, şeirin onlarda
doğurduğu hisslər barədə müsahibə
aparılır.
Sinifdəki şagirdlər 5 qrupa
bölünürlər: "Vətən",
"Türk", "Azərbaycan", "Qarabağ",
"Yurd". Onlara vatman kağızı verilir
və şeirin bir neçə bəndini nəsrə
çevirmək tapşırılır. Şeirdə
işlənən alınma sözlərin
əvvəlcədən hazırlanmış lüğəti
lövhədən asılır, şagirdlər şeirin
məzmunu üzərində işlərkən ondan
istifadə edirlər. Qrupların təqdim
etdikləri cavablar lövhədən asılır.
"Vətən" qrupu:
Şeir satirik
əsərlərin ruhuna uyğun olaraq tənqidi ruhda
yazılmışdır. Satirada, ilk
növbədə, yol kəsmək, qoçuluq etmək,
lovğalıqla ad qazanmaqla Vətənin
oyanışının, millətin mənəvi
dirçəlişinin mümkün olmayacağı bildirilir.
"Türk" qrupu:
Şeirdə Vətənin
tərəqqi etməməyinin, geri qalmağının daha
dərin səbəblərindən söz
açılmışdır. Ölkəni geri salan xarici
təsirlərin və millət naminə çalışmaq
əvəzinə "rütbə ikram" almağa can
atanların simasının bütün dolğunluğu
ilə canlandırılmasının şahidi oluruq.
"Azərbaycan" qrupu:
Şeirdə millətin
istiqbalını geniş mənada maariflənməklə,
öz hüquqlarını dərk etməkdə,
tərəqqiyə qovuşmaqda olduğunu başa düşürük.
"Qarabağ" qrupu:
Şeirdə avropalılar
maarifə, tərəqqiyə çatdıqları halda, bizim
millətin qəflətdə yatması, vəhşi
adətlərdən hələ də əl
çəkməməsinin böyük faciə olduğunu
anlayırıq və gözlərimizi açıb dünyada
gedən proseslərdən nəticə çıxarmağın,
məktəbə, maarifə meydan açılmasının
zəruri olduğunu dərk edirik.
"Yurd" qrupu:
Şeirdə
ümumiləşmiş mənada Vətənimizin və
xalqımızın milli dirçəlişi, inkişafı
ilə əlaqədar əsas vəzifələrin
cəmləşdiyini, Vətən probleminin önə
çəkildiyinin bütün aydınlığı ilə
sərgiləndiyini müşahidə edirik.
Göyçək müəllim cavabların
içindən şeirin ideyasını əks etdirən
əsas açar sözləri seçir, altından xətt
çəkərək izah edir ki, şeirdə mənfi
cəhətlər tənqid olunur: lovğalıq,
özünü düşünmək, qəflətdə
yatmaq, vəhşi adətlərlə yaşamaq, maarifdən
uzaq olmaq, "rütbə ikram" almağa can atmaq. Bəs sevimli şairimiz M.Ə.Sabir əsl
vətəndaşı, əsl insanı necə görmək
istəyirdi?
"Vətən"
qrupu:
Xalqının dərdinə
şərik olan, hamının firavan yaşamasına
çalışan.
"Türk"
qrupu:
Dünyanı və
özünü dərk edən, öz milli
mənsubiyyətinə hörmət edən əsl
vətəndaş.
"Azərbaycan"
qrupu:
Öz tarixini anlayan, keçmişindən dərs alan, gələcəyini quran.
"Qarabağ"
qrupu:
Maariflənməklə,
öz hüquqlarını dərk etməklə
tərəqqiyə qovuşan.
"Yurd" qrupu:
Xalqın, millətin
mənafeyini öz mənafeyindən üstün tutan insan.
Müəllim qruplar
tərəfindən təqdim olunan bu cavabları
ümumiləşdirir. Satiranın tipin dili ilə verilməsi
bədii yaradıcılıqda ədəbi bir priyomdur. Sabir bu ədəbi priyomdan istifadə etmiş,
satirada tiplərin özlərini ifşa etmələri
əsərin şeiriyyətini qüvvətləndirmişdir.
Həmçinin şair şeirin təsir
qüvvəsini artırmaq məqsədilə bədii
təsvir və ifadə vasitələrindən istifadə
etmişdir. Şagirdlərin qarşısında belə
bir sual qoyulur: "Sən necə vətəndaş olmaq
istərdin?".
Şagirdlərə evdə
bu mövzuda öz fikir və düşüncələrini
ifadə edən kiçikhəcmli inşa yazmaq
tapşırılır.
Dərsin gedişi zamanı
G.Namazova şagirdləri fərdi və ya qruplarla
qiymətləndirir.
Evə tapşırıq:
1. Şeirdən müəyyən hissələri
əzbər öyrənmək.
2. "Sən necə vətəndaş olmaq
istərdin" mövzusunda inşa yazmaq.
3. "Ədəbiyyat nəzəriyyəsi"
kitabından "Bədii əsərin dili"
bölməsini öyrənmək.
***
Vətən hamı
üçün müqəddəs və əzizdir,
qiymətlidir.
Bunu varlığında yaşadıb öyünməklə
iş bitmir. Vətən sevgisi övlada
aşılanmalı, şagirdlərdə tərbiyə
sözün qüdrəti ilə təbliğ
olunmalıdır. Vətən onda daha ülvi, daha
qüdrətli, daha istəkli olur...
Şamxəlil
MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.19.