Uşaqlara sevinc, təbəssüm bəxş
edildi
Azərbaycan
Milli Konservatoriyası
tərkibində İncəsənət
Gimnaziyasının növbəti
xeyriyyə tədbiri Mərdəkanda yerləşən
valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün
1 nömrəli yardımçı
internat-məktəbdə baş
tutdu.
Xeyriyyəçilik missiyasına sadiq qalan gimnaziyanın müəllim və şagirdləri bu dəfə 75-dən çox
uşağı qış
geyimləri ilə təmin etdi.
Xeyriyyə tədbirində İncəsənət Gimnaziyasının xalq çalğı alətləri, teatr və xoreoqrafiya şöbələrinin şagirdləri yüksək peşəkarlıq nümayiş etdirdilər. VI sinif şagirdləri Elmirlə Orxan öz aktyorluq bacarıqları ilə dahi bəstəkar Ü.Hacıbəyov yaradıcılığına müraciət edərək, uşaqlara sevinc, təbəssüm bəxş etdilər. Qədim rəqs sənətinin gözəlliyini IX sinif şagirdləri Təhminə, Nigar, Ülviyyə və Rəna sərgilədi. Əsrarəngiz Azərbaycan musiqisi gimnaziyanın müəllimləri Böyükağa və Ələkbərin ifaları ilə qəlblərə axdı. Bu xeyriyyə aksiyasının həyata keçirilməsində gimnaziyanın direktoru Mahizər Şabanbəyovanın, təlim-tərbiyə işləri üzrə direktor müavini Əlvan Səfərovun, həmkarlar təşkilatının sədri Umnisə Nəcəfbəyovanın və Aytəkin Məmmədovanın, Teatr şöbəsinin müdiri Hicran Sadıqzadənin xidmətlərini xüsusilə vurğulamaq lazımdır.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.21.