Naxçıvanlı müəlliflər
"Gümüşkalem" dərgisində
Naxçıvanda yaşayan qələm sahibləri təkcə muxtar respublika və ölkə mətbuatında deyil, xarici mətbuat səhifələrində də tez-tez öz yazıları ilə çıxış edirlər. Belə mətbuat orqanlarından biri də Ankarada nəfis tərtibatla nəşr olunan "Gümüşkalem" adlı aylıq elm, sənət və ədəbiyyat dərgisidir. Dərginin bu il nəşr olunan 4, 6, 7 və 8-ci sayları şair Vaqif Məmmədovun yaradıcılığına geniş yer ayırmışdır. Həmin saylarda həmyerlimizin ədəbi tərcümeyi-halı ilə yanaşı, "Vətən sığır ürəyimə", "Azərbaycan", "Salam, oğuz elləri", "Qış lövhələri" və "Füzulinin qəbri önündə" şeirləri çap olunmuşdur.
Dərginin noyabr sayında çap olunmuş, Vaqif Məmmədovun "Gümüşkalem"in redaktoruna ünvanlanan məktubunda qədim Azərbaycan torpağı olan Naxçıvanın Azərbaycan tarixinə Heydər Əliyev kimi siyasətçilər, Əcəmi Əbubəkroğlu kimi memarlar, Bəhruz Kəngərli kimi rəssamlar, Cəlil Məmmədquluzadə, M.S.Ordubadi, Hüseyn Cavid, Məmməd Araz kimi dahi yazıçı və şairlər, Yusif Məmmədəliyev kimi elm adamları bəxş etməsindən bəhs olunur. Jurnalın həmin son sayında V.Məmmədovun təqdimatında şair Xanəli Kərimlinin tərcümeyi-halı və fotoşəkli ilə yanaşı, "Qoşayarpaq misralar" silsiləsindən şeirləri, naxçıvanlı şairlər Asim Yadigarın və İbrahim Yusifoğlunun qısa ədəbi tərcümeyi-halları da dərc olunmuşdur.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.21.