Azərbaycan dilinin tədrisi: ənənə və müasirlik
Kurikulum – qloballaşmanın yetirməsi
Qərbdə
kurikulumlar daha çox "aşağıdan yuxarı"
prinsipi ilə formalaşıb. Orada bineyi-qədimdən
müəllimlər şagirdlərin nitq
bacarıqlarını inkişaf etdirmək üçün
müxtəlif çalışma modelləri
düşünür və tətbiq edirdilər. Sonra rasionalist Qərb aqilləri bu fəaliyyət
modellərinin nəyə xidmət etdiyi haqda düşünməyə
başladılar. Beləliklə, təlim
məqsədləri formalaşdı. Bu məqsədlər
müəyyən məzmun standartları altında
qruplaşdırıldı. Nəhayət,
məzmun standartları əsasında strateji məzmun xətləri
müəyyənləşdirildi. Orada
kurikulum belə yarandı.
Bizdə bu proses bir qədər
fərqli şəkildə baş verdi. Çünki
kurikulumdan əvvəl təhsilimizin məzmunu, fəlsəfəsi
tamam fərqli idi: biz nitq bacarıqlarını yox,
dilçiliyi, ədəbiyyatı yox, ədəbiyyatşünaslığı
öyrədirdik. Lakin zaman yetişdi, dünya təhsilində
baş verən qloballaşma bizi də ağuşuna aldı.
Təhsilin konsepsiyası dəyişildi, yeni məzmun
xətləri - strateji məqsədlər elan olundu. Onların əsasında hər bir sinif
üçün məzmun standartları təsbit olundu. Bir
sözlə, Milli Kurikulum yarandı.
Artıq Azərbaycan
məktəblərinin 1-3-cü siniflərində tədris
kurikulum üzrə yazılmış dərsliklər əsasında
aparılır. Lakin kurikulum standartlarının təhsilə
daxil olması o qədər də rahat baş vermir.
Təhsil
strateqləri məzmun standartlarını elan etdilər. Taktiki məsələlər
- standartların tədrisdə reallaşdırılması
yolları dərslik müəlliflərinin və müəllimlərin
öhdəsinə buraxıldı. Standartların
mahiyyətini dərk etmək, onlara uyğun
çalışma modelləri düşünüb tapmaq, hər
bir dərsin təlim məqsədini müvafiq standartla və
bütün bunları müasir təlim texnologiyaları ilə
uzlaşdırmaq o qədər də asan məsələ
deyil. Dərslik müəllifi buna müvəffəq
olsa belə, bəzən müəllimlər bu və ya digər
çalışmanın hansı standarta xidmət etdiyini
müəyyənləşdirməkdə çətinlik
çəkirlər. Halbuki məqsədi
aydınlaşdırmadan göstərilən fəaliyyət səmərəli
nəticə verə bilməz.
Dilin tədrisində "dörd dirək" prinsipi
Əslinə
qalsa, fənn kurikulumları keçmiş tədris proqramlarından
daha sadə, doğma və həyatidir. Sadəcə
olaraq məzmun standartlarının mahiyyətinə varmaq,
onların son nəticədə nəyə xidmət etdiyini dərk
etmək lazımdır.
Orta məktəbdə
Azərbaycan dili tədrisinin son məqsədi nədir?
Bir cümlə ilə bu
suala belə cavab vermək olar: hər bir azərbaycanlı
üçün onun doğma cəmiyyətində ünsiyyət
rahatlığını təmin etmək. Başqa
sözlə, cəmiyyətin hər bir üzvü çətinlik
çəkmədən başqalarından məlumat qəbul
etmək, öz hiss və düşüncələrini onlara
çatdırmaq bacarığına malik olmalıdır.
İnformasiya qəbul etmək və informasiya
ötürmək prosesi yazılı və şifahi yolla
baş verir. Biz dinləməklə və
oxumaqla informasiya alırıq, danışmaqla və yazmaqla
informasiya ötürürük. Beləliklə,
ünsiyyət prosesində dörd nitq bacarığından
istifadə edirik: dinləmə,
danışma, oxu, yazı.
Milli Kurikulumun qaynaqlandığı Qərb yanaşmasında dilin tədrisi bu dörd dirək üzərində qurulub. Bu yanaşmaya görə, sözügedən dörd bacarıq sadəcə dil fənninə aid olan komponentlər deyil, metabacarıqlardır, yəni elmin və praktikanın bütün sahələrində istifadə olunan vasitələrdir. Təsadüfi deyil ki, ABŞ və Avropa universitetlərinin bir çoxu əcnəbiləri TOEFL və IELTS imtahanlarının nəticələri əsasında qəbul edir. Bu imtahanlar məhz nitq bacarıqlarının yoxlanması üzərində qurulur. Qəliz elmi-kütləvi mətni oxuyub qavradığını nümayiş etdirmək, səlis və maraqlı danışmaq, ədəbi dilin normalarına uyğun yazmaq, dinlədiyini təfərrüatı ilə anlamaq və öz fikrini bildirmək - bütün bunlar intellekt göstəriciləridir. Qərb pedaqoqları belə hesab edirlər ki, bu dörd bacarığa yüksək səviyyədə yiyələnmiş hər bir şəxs elmin istənilən sahəsində uğur qazana bilər.
Bizə elə
gəlir ki, bu bacarıqlara malikik. Oxuya da bilirik, yaza da;
danışmağımıza söz ola
bilməz; dinləməyə də nə var ki. Məişət səviyyəsində, bəlkə
də, belədir. Lakin kurikulumda bu
bacarıqlarla bağlı daha yüksək tələblər
qoyulur.
Oxu
Hər bir
şəxsin intellekti, ilk növbədə, onun oxu
bacarığı əsasında qiymətləndirilir. Gəlin razılaşaq ki,
10-cu sinif şagirdinin oxuyub anladığı mətnləri 2-ci sinif şagirdi anlaya bilməz.
Bir neçə il bundan əvvəl mərkəzi qərargahı Avstraliyada yerləşən Beynəlxalq Pedaqoji Araşdırmalar Mərkəzi 14-15 yaşlı məktəblilərin riyazi biliklərini və oxu bacarığını yoxlamaq üçün dünyanın 57 ölkəsində test imtahanları keçirdi. Riyaziyyat üzrə orta
yerlərdə qərarlaşan Azərbaycan oxu üzrə
55-ci yeri tutdu. (Sonuncu iki yer Qırğızıstan və Qətər
respublikalarına nəsib oldu).
Bu faktda təəccüblü
bir şey yoxdur. Heç kimi də qınaq obyekti etmək
olmaz. Sadəcə olaraq, bu vaxta qədər
orta məktəbimizdə Azərbaycan dilinin tədrisi nitq
bacarıqları üzərində deyil, dilçilik üzərində
qurulmuşdu. Biz oxu bacarığını
inkişaf etdirməyin və qiymətləndirməyin
yollarını bilməmişik.
İllər
boyu bizdə oxu bacarığı dedikdə, oxu
texnikasının səviyyəsi nəzərdə tutulub. Düşünürdük
ki, əgər şagird səlis oxuya bilirsə, deməli, oxu
bacarığına yiyələnib. Oxuyub
qavrama bacarığını yoxlama texnologiyası isə
milli təhsilimizdə çox zəif olub. Ən yaxşı halda verilmiş mətndən hər
hansı nəqli cümlə çıxarılıb, sual
cümləsi şəklində tapşırıq kimi
qoyulurdu.
Müasir metodika oxuyub
anlamanı inkişaf etdirmək və yoxlamaq üçün
çoxlu miqdarda rəngarəng çalışma modelləri
təqdim edir: mətndən çıxarılmış
cümlənin (abzasın) mətndəki yerini tapmaq, qeyri-ardıcıl verilmiş mətnin
ardıcıllığını bərpa etmək, mətndəki
hadisələrin səbəb-nəticə əlaqələrini
müəyyən etmək, mətnə və onun hissələrinə
başlıq vermək, mətndəki elmi məlumatları
qrafik informasiya şəklində təqdim etmək və s.
Onlarla belə model var ki, şagirdin tənqidi, analitik,
yaradıcı təfəkkürünü
formalaşdırır. Düşünülmüş
metodika üzərində qurulan mütaliə insanın
dünyagörüşünü genişləndirir, söz
ehtiyatını zənginləşdirir, nitq mədəniyyətini
inkişaf etdirir.
Dinləmə
Elm və
texnikanın inkişaf etdiyi, audiokitab və dərsliklərin
geniş yayıldığı bir dövrdə biz çox
vaxt məlumatları səsli informasiya şəklində qəbul
etməli oluruq. Ali məktəbdə mühazirələrə
qulaq asır, diskussiya və debatlarda opponenti dinləyib ona
münasibət bildiririk. Odur ki, dinləyib anlama
bacarığının həyatımızda rolu getdikcə
artır.
Oxu kimi, dinləmənin
də məqsədi informasiya qəbul etmək, anlamaqdır. Lakin oxu ilə
müqayisədə dinləmə çox yüksək səviyyədə
diqqətcillik tələb edir. Burada
informasiyanın anlaşılmaz hissəsinə dəfələrlə
qayıtmaq imkanı yoxdur. Mətni bir dəfə
dinlədikdən sonra ona adekvat reaksiya vermək lazım gəlir.
Əgər kurikuluma qədərki dövrdə oxu və yazı bacarıqlarına az-çox diqqət yetirilirdisə, şifahi nitq bacarıqları - dinləmə və danışma ümumiyyətlə diqqətdən kənarda qalmışdı. Bu bacarıqların inkişaf etdirilməsi və qiymətləndirilməsi metodikası yalnız kurikulum meydana gəldikdən sonra formalaşmağa başladı.
Danışma
Azərbaycanlı
uşaqların və yeniyetmələrin əksəriyyəti
hətta doğma dildə belə öz fikrini səlis ifadə
etməkdə çətinlik çəkir və bu mənada
ingilis, fransız, türk həmyaşıdlarından geri
qalır.
Bir neçə il əvvəl
Ankarada olarkən hər yerdə gözümə
"dershane" reklamları dəyirdi. O vaxt bunun nə
olduğunu bilmirdim. Kitab mağazalarının birində 11-12
yaşlı bir uşağın satıcıdan "Maltepe
dershanesi"nin kitablarını istədiyini eşitdim.
Fürsətdən istifadə edib uşaqdan
"dershane"nin nə demək olduğunu soruşdum.
- Dershanemi, efendim? - deyə o, bir qədər təəccüblə üzümə baxdı.
Hiss olunurdu ki, bu ritorik
sualı fikrini toplamaq üçün verir. Bunun ardınca o
duruxmadan, çaşmadan "dershane"nin
dəqiq tərifini səsləndirdi:
- Öyrəncilərin okul
dışında sınava hazırlıq yapdıqları yerə
dərshanə deyilir, əfəndim.
"Aha, deməli, dərshanə
bizim hazırlıq kursları kimi bir şeydir", - deyə
düşündüm və birdən ağlıma gəldi
ki, görəsən bizim şagirdlərdən hazırlıq
kursunun nə olduğunu soruşsam, bu türk balası kimi səlis
və dəqiq tərif verə bilərlərmi.
Danışma
bacarığı o zaman inkişaf edir ki, insan ÖZ fikirlərini
ifadə etməyə çalışır. Müəllimin
dediklərini və ya dərslikdə oxuduqlarını mexaniki
olaraq təkrar etməyə çalışan şagird
danışmır, tutuquşuluq edir və onda heç vaxt
anlatma vərdişləri inkişaf edə bilməz. Nitq bacarıqları tənqidi təfəkkürlə
və sərbəst ünsiyyətlə üzvi surətdə
bağlıdır.
Yazı
Yazı da
özünüifadə bacarığıdır. Danışma
kimi, onun da əsas məqsədi hiss və düşüncələri,
məlumatları başqalarına çatdırmaqdır.
Lakin danışma ilə müqayisədə
yazıda ədəbi dilin normalarına daha çox diqqət
yetirilir.
Orta məktəbdə
yazı bacarığının inkişafı bir neçə
mərhələdən ibarətdir: 1) hüsnxət
normalarına riayət etmək, 2) orfoqrafik normalara uyğun
yazmaq, 3) alınmış məlumatı öz sözləri
ilə ifadə etmək, 4) hiss və düşüncələrini
yazıda ifadə etmək. Bunun
üçün üzündən köçürmə,
imla, ifadə, inşa və ya esse kimi formalardan istifadə
edilir.
Yazı
bacarığında ən çətin mərhələ
4-cü mərhələdir. Əslinə qalsa,
fikirləri ədəbi dilin normalarına uyğun
yazılı ifadə etmək, bu, bacarıq üzrə son məqsəddir.
Buna görə də onun rüşeymlərini
lap aşağı səviyyələrdə yaratmaq
lazımdır. Bunun geniş
yayılmış növü essedir. Lakin
təəssüf ki, bizdə esse üçün çox
zaman mücərrəd mövzular seçilir. İstənilən fəaliyyət növündə
olduğu kimi, inşa yazısı da motivasiyadan
başlamalıdır. İnşa
yazmağa hazırlaşan şagirddə yatmış fikirləri
oyatmaq, verilmiş mövzu ilə bağlı onun beynini və
duyğularını qıcıqlandırmaq lazımdır.
Şagirdi elə bir vəziyyətə gətirmək
lazımdır ki, onda öz fikirlərini ifadə etmək zərurəti
yaransın.
Yazı fəaliyyəti çox zaman digər məzmun standartları ilə inteqrasiya olunur. Məsələn, ifadə - dinləmə ilə yazının inteqrasiyasıdır. Esse də oxu ilə inteqrasiya olunsa, daha yaxşı nəticələr əldə etmək olar. Bu zaman oxunmuş mətn yazı fəaliyyəti üçün motivasiya rolunu oynaya bilər. Əsərin qəhrəmanına məktub yazmaq, mətnin müəyyən hissəsini oxuduqdan sonra davamı ilə bağlı öz variantını yazmaq və s. yazıda özünüifadə bacarığını inkişaf etdirən maraqlı üsullardır.
5-ci dirək, yoxsa bünövrə?
Ana dili kurikulumunda əsas məzmun xətlərindən biri də dil qaydalarıdır. Bu xətt mahiyyət etibarilə digər məzmun xətlərindən fərqlidir, çünki dil qaydaları, adından da göründüyü kimi, bacarıq deyil, qaydalar toplusudur. Lakin onu da qeyd etmək lazımdır ki, kurikulum bu qaydaların sadəcə olaraq əzbərlənməsini deyil, nitqə tətbiq olunmasını tələb edir. Bu mənada dil qaydaları nitq bacarıqlarını inkişaf etdirmək üçün bir vasitədir, obrazlı desək, dörd dirək üçün bünövrədir və ya onların üzərində qurulmuş damdır.
Dil qaydalarını nitq bacarıqlarına dair məzmun standartlarının içində "əritmək" də olardı. Məsələn, "Deyilişi və yazılışı fərqlənən sözləri orfoqrafik normalara uyğun yazır" standartı "Yazı" məzmun xəttinə, "Sözün kökündən asılı olaraq cəm şəkilçisini düzgün tələffüz edir" standartı isə "Danışma" məzmun xəttinə aid edilə bilərdi.
Mən kurikulumda dil
qaydalarının ayrıca məzmun xətti kimi verilməsinin
əleyhinə deyiləm. Əksinə, zənnimcə, orta məktəbdə
başqa elmlərin əsasları kimi, dilçiliyin də əsasları
öyrədilməlidir. Lakin bu zaman həmişə bir təhlükəni
göz önünə almaq lazımdır: əvvəllər
olduğu kimi, yenə də dərsliklərin ifrat dərəcədə
akademik biliklərlə yüklənməsi. Dərslik müəllifləri
və müəllimlər şagirdlərin dil duyumunu
inkişaf etdirən, nitqi ədəbi dilin normalarına
uyğun qurmağa kömək edən qaydalara
üstünlük verməlidirlər.
Nəyi qiymətləndirməliyik?
Tədris həmişə
qiymətləndirməyə yönəlir. Çox zaman
müəllimlər summativ qiymətləndirmənin tələblərini
bildikdən sonra tədrisi ona uyğun qururlar. Bu o deməkdir
ki, qiymətləndirmənin məzmunu təhsilin məzmununa
çox güclü təsir göstərir.
Məlumdur ki, kütləvi imtahanların ən optimal yolu test üsuludur. Biz dil qaydalarını testləşdirməyin yollarını yaxşı bilirik. Bəs nitq bacarıqlarını - dinləməni, danışmanı, oxunu, yazını necə qiymətləndirmək olar? Axı istənilən fənn üzrə qiymətləndirmənin əsas məqsədi məzmun standartlarının nə dərəcədə reallaşdığını yoxlamaqdır.
Bir çox məktəblərdə summativ qiymətləndirmə zamanı testlər dil qaydaları və dərslikdəki mətnlərdə öz əksini tapmış faktoloji məlumatlar üzərində qurulur. Bu, kurikulumun tələblərinə tamamilə ziddir. Belə yanaşma, əvvəllər olduğu kimi, tədrisin əzbərçilik, fakt və məlumatların yaddaşa köçürülməsi üzərində qurulmasına gətirib çıxarır.
Danışma bacarığını testləşdirmək mümkün deyil. Bu bacarıq il boyu müşahidə əsasında qiymətləndirilməli və yekun nəticə summativ qiymətləndirmədə öz əksini tapmalıdır. Yazını imla vasitəsilə qiymətləndirmək olar. Lakin bu zaman yalnız hüsnxəti və orfoqrafiyanı qiymətləndirmiş oluruq. İnşa yazısı isə həm hüsnxət, həm orfoqrafiya, həm qrammatika, həm də yazılı özünüifadə bacarığını yoxlamaq imkanı verir.
İbtidai siniflərdə summativ qiymətləndirməni dinləmə mətni və onunla bağlı beş test sualı, kiçik oxu mətni və onunla bağlı beş test sualı və dil qaydaları üzrə on test sualı (cəmi 20 sual) əsasında aparmaq daha düzgün olardı. Beləliklə, hər bir nitq bacarığı üzrə ayrıca, eləcə də ümumilikdə Azərbaycan dili üzrə şagirdin səviyyəsini qiymətləndirmiş olarıq.
Kurikulum: dəyişikliklərə
ehtiyac varmı?
Bütün dövrlər üçün yazılmış əbədi qaydalar toplusu yoxdur. Hətta ölkə qanunvericiliyi və Konstitusiya da vaxtaşırı təftişə məruz qalır. Hazırkı Milli Kurikulumu müasir dünya təhsil standartlarına doğru ilk addım hesab etmək olar və bu statusda o öz funksiyasını layiqincə yerinə yetirir.
Kurikulum əsasında dərslik yazan bəzi müəlliflər deyirlər ki, bu sənəd müəyyən məqamlarda onlara əl-qol açmağa imkan vermir. Doğrudan
da, baxırsan ki, müəllif maraqlı bir
çalışma modeli düşünüb, onu dərslikdə
tətbiq etmək istəyir. Bu model müvafiq yaş səviyyəsinə
uyğundur, cəlbedicidir, fəal təlimə zəmin
yaradır; əsas məsələ isə odur ki, kurikulumda təsbit
olunmuş ümumi məzmun xəttinə müvafiqdir. Lakin sənəddə
bu təlim məqsədinə uyğun alt-standart yoxdur.
Azərbaycan
dili üzrə çox geniş mövzu dairəsini əhatə
edən alt-standartlarla yanaşı bir dərsin təlim məqsədi
səviyyəsində olan alt-standartlar sinifdən-sinfə təkrar
olunur. Məzmun standartlarında dinləmə
bacarığının "dinləyib anlama",
danışma bacarığının isə "şifahi
nitq bacarığı" kimi təqdim olunması da
çaşqınlıq yaradır. Belə təsəvvür
yaranır ki, dinləmə şifahi nitq bacarığı
deyil.
Dərsliyin
qüsurları tədris prosesində ortaya
çıxdığı kimi, kurikulumun da
çatışmazlıqları dərslik yazarkən
aşkarlanır. Zənnimcə, bu
çatışmazlıqlar kurikulumun "yuxarıdan
aşağı" prinsipi ilə tərtib olunmasından irəli
gəlir. Əvvəlki dərsliklər
konsepsiya baxımından fərqli olduğundan kurikulum
yazarları aşağıdan qaynaqlana bilmədilər. Onlar, ilk növbədə, qabaqcıl dünya təhsilindəki
strateji məqsədləri əsas götürüb ona
uyğun da məzmun standartları formalaşdırdılar.
Lakin yetər ki, ortaya
qoyulan iş konseptual cəhətdən düzgün olsun. Bizim
Kurikulum isə bu mənada düzgün sənəddir. O,
dünya təcrübəsində sınaqdan keçmiş məzmun
standartlarını özündə əks etdirir. Kiçik
qüsurları isə həmişə aradan qaldırmaq olar.
Bunun üçün Təhsil Nazirliyinin, dərslik müəlliflərinin,
qabaqcıl müəllimlərin və Kurikulum Mərkəzi əməkdaşlarının
müntəzəm işbirliyinə ehtiyac var.
Artıq nəşriyyatlar
4-cü sinif dərsliklərinin nəşri üzrə
müsabiqəyə qoşulublar. Gələn il dairə
qapanır, 1-4-cü siniflər üçün dərslik
komplektləri hazır olur. Artıq indidən Kurikulum Mərkəzi
fənlər üzrə seminarlar təşkil edib, kurikulumla
bağlı dərslik müəlliflərini və müəllimləri
narahat edən məsələləri araşdırsa, bunun
ümumi işimiz üçün böyük faydası olar.
Bu müzakirələr kurikuluma aşağıdan yuxarı nəzər
salmağa, həm fənn kurikulumlarının təkmilləşdirilməsinə,
həm də daha kamil dərsliklərin ortaya
çıxmasına imkan verər.
Rafiq İSMAYILOV
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.4.