Yetirmələri ilə fəxr edən müəllim

  

Pedaqoji fəaliyyətini elmi-metodik yaradıcılıqla, ustalıqla əlaqələndirən, öz işinə məsuliyyətlə  yanaşan müəllimlərimiz çoxdur. Belə müəllimlərdən biri də Şükufə Məmmədovadır.

O, 1961-ci ildə Sabirabad şəhər orta məktəbini bitirdikdən sonra bir müddət burada pioner baş dəstə rəhbəri işləyib. Sonra M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna qəbul olub və  1968-ci ildə təhsilini başa vuraraq Xırdalan şəhər 3 nömrəli orta məktəbdə əmək fəaliyyətinə başlayıb. Ş.Məmmədova artıq 42 ildir ki, həmin məktəbdə rus dili müəllimi işləyir.  

Şükufə Məmmədova  dərs dediyi  şagirdlərə rus dilini dərindən öyrətmək, rus ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığına məhəbbət hissi aşılamaq üçün tədris prosesində ən müasir təlim metodlarından istifadə edir. İnteraktiv təlim metodlarının qruplarla iş, əqli hücum, diskussiya kimi növlərini tətbiq etməklə dərslərini maraqlı qurur.

O, şagirdlərin müasir həyata  hazırlanması işinin öhdəsindən bacarıqla gəlir. Onların təlim-tərbiyəsi ilə  əlaqədar qarşıya çıxan problemlərin həllində valideynlərin əməyindən düzgün istifadə edə bilir. Həmçinin şagirdlərin hər birinə  fərdi yanaşmağa xüsusi diqqət  yetirir və  çalışır ki, dərsdə fəal iştirak etməyən şagird olmasın.

Söhbət  zamanı  Şükufə  Məmmədova   bildirdi ki, şagirdlərin biliyinin qiymətləndirilməsinə xüsusi tələbkarlıqla  yanaşır. Çalışır ki, bu zaman ədalətlilik prinsipi gözlənilsin, şagirdlərin hüquqları pozulmasın.

Bu gün  müəllimliyi həyatının mənası hesab edən Şükufə  Məmmədova şagirdlərlə işləməkdən qətiyyən yorulmur və ən əsası çətin tərbiyə alan uşaqlarla tez dil tapmağı bacarır. Deyir  ki,  hər bir müəllim şagirdin öyrənməsi üçün bütün imkanlarından istifadə etməli və bütün varlığı ilə həyatını dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə  həsr etməlidir. Nəticədə şagirdlər öz müəllimlərinin diqqət və qayğısını daim  hiss etməlidirlər. 

Elə buna görə də vaxtı ilə dərs dediyi şagirdləri Şükufə Məmmədovanı heç vaxt unutmur, onlar tutduqları vəzifədən asılı olmayaraq, öz müəllimləri ilə böyük məhəbbətlə görüşürlər. Hətta Azərbaycandan kənarda olsalar belə, öz sevimli müəllimləri ilə telefonla əlaqə saxlayır, onun fəaliyyəti ilə daim maraqlanırlar.

Bəli, təcrübəli pedaqoq Şükufə Məmmədova buna görə də  hər yerdə öz yetirmələri ilə həmişə fəxr edir və şərəfli müəllimlik işini uğurla davam etdirir. Bilir ki, gənc nəsli müasir həyata hazırlamaq həm məsuliyyətli, həm də  şərəfli işdir.

Şükufə xanım həm də gözəl və sevimli nənədir. O, nəvələri ilə -  əkiz Qönçə və Çiçəklə nəfəs alır, onlara rus dilini sevdirdikcə sanki rahatlanır, yorğunluğu çıxır.

Qarşıdan gələn Beynəlxalq Müəllim Günü münasibətilə Şükufə  müəllimi təbrik edir və pedaqoji fəaliyyətində ona uğurlar arzulayırıq.  

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.7.