Uşaqlarda təbiətə məhəbbət
aşılanması
"Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununda
ümumi təhsilin qarşısında duran vəzifələr
belə ümumiləşdirilib: təhsilalanlara elmlərin
ümumi əsasları öyrədilməli, zəruri bilik,
bacarıq və vərdişlər aşılanmalı, onlar
həyata və əmək fəaliyyətinə
hazırlanmalıdırlar. Təhsilalanlarda sağlam həyat
tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş
təfəkkürü formalaşdırılmalı, milli və
mənəvi dəyərlərə hörmət hissi
aşılanmalıdır.
Bu vəzifələrin
reallaşdırılmasına ibtidai təhsil dövründə
başlanılır. İbtidai təhsilin səmərəliliyi
bütövlükdə orta təhsilin uğurları
üçün başlıca şərtdir. Müasir
dövrümüz texnika, sivilizasiya dövrüdür. Bu
dövrdə yüksək elmi səviyyə, dərin bilik tələb
olunur. Elm və bilik isə yalnız oxumaq və öyrənməklə
əldə edilir.
Ümumtəhsil məktəblərində
fənn kurikulumlarının tətbiqinə
başlanılması mövcud "yaddaş məktəbi"ndən
"düşüncə məktəbi"nə keçməyə
əsaslanır. Milli kurikulumda istifadə olunan bütün
üsullar şagirdlərin geniş dünyagörüşə,
yüksək intellekt səviyyəsinə, nitq mədəniyyətinə
və texnoloji bacarıqlara malik olması, onların şəxsiyyət
kimi yetişdirilməsi məqsədinə xidmət edir. Bu sahədə
görülən işlərin daha da uğurlu olması
üçün biz müəllimlər daim öz peşəkarlığımızı
artırmalıyıq.
Bir sinif müəllimi
kimi, hər mövzunun tədrisinə ciddi hazırlaşır,
əyanilikdən istifadəyə xüsusi əhəmiyyət
verir, hər bir dərsin tərbiyəedicilik funksiyasının
reallaşdırılmasına diqqət yetirirəm.
Təbiət xalqın əbədi
və əsas sərvətidir. Bu xəzinəni sevmək,
qorumaq, yaşatmaq hamının vətəndaşlıq
borcudur. Ekoloji mühitin qorunmasının böyük əhəmiyyətini
nəzərə alaraq, ölkə Prezidenti cənab
İlham Əliyev 2010-cu ili
ölkəmizdə "Ekologiya ili" elan etmişdir.
Şagirdlərin ekoloji tərbiyəsi üçün təlimi
imkanlardan istifadə etməyə çalışıram.
III sinifdə "Həyat
bilgisi" fənnindən "Canlılar" mövzusunun tədrisi
zamanı məktəblilərdə canlılara, bitki və heyvanat
aləminə maraq və məhəbbət aşılamaq
üçün əlverişli imkan var.
Mövzunun tədrisi ilə
bağlı üzərində balalı at, vedrəyə su yığan
oğlan, dibçək, kenquru, tarla, övladını
çiyninə almış ata və onun xanımı və s.
şəkillər olan vatman kağızı; işçi vərəqləri;
canlı aləmi əks etdirən kartoçkalar hazırlayıram.
10 dəqiqəlik
motivasiya zamanı canlıların inkişafı prosesini əks
etdirən şəkil nümayiş etdirilir. Sonra sinif
qarşısında problem qoyulur:
- Şəkildə nə görürsünüz?
- Burada hansı proses əks olunub?
- Bunu bir sözlə necə ifadə etmək olar?
Şagirdlər sualları cavablandırırlar.
Təbii ki, cavablar müxtəlif
olur. Mən cavab və fərziyyələri lazımi
istiqamətə yönəldirəm.
İş qruplarda davam etdirilir. Hər qrupa ayrı-ayrı
tapşırıqlar verilir.
İşi başa çatdırdıqdan
sonra şagirdlər nəticələri təqdim
edirlər.
Kiçik qruplarda 15 dəqiqəlik tədqiqatın aparılması
mərhələsində şagirdlər
işçi vərəqləri
üzərində çalışırlar.
Aparılmış tədqiqat işlərinin
nəticələri təqdim
olunduqdan sonra hər qrup qiymətləndirilir. Nəticələrin
çıxarılması mərhələsində
məktəblilər aşağıdakı
sualları cavablandırmağa
çalışırlar:
- Canlılar
kimə və nəyə deyilir?
- Canlıların
hansı ümumi xüsusiyyətləri var?
- İnsanın başqa canlılardan fərqi nədir?
- Bəs
bitkilərin heyvanlardan?
- Bitkilər
aləminin təbiətdə
rolu nədən ibarətdir?
- Canlı
və cansız təbiətin nə cür əlaqələri
var?
Şagirdlər onlara verilmiş sxemdə heyvanların insanlara faydası və zərəri haqqında qazandıqları
bilik əsasında fikirlərini yazırlar.
Məktəblilərin mövzu ilə bağlı bilik və bacarıqlarını
aşkara çıxarmaq
baxımından belə
bir sxem tərtib edib sinfə paylayıram.
Aşağıdakı adlardan heyvan, quş, balıq və həşərat adlarını
seçib cədvəl
üzrə yazın:
Qızıl balıq,
parabüzən, bülbül,
tülkü, şanapipik,
çaqqal, canavar, ağcaqanad, ayı, qartal, xəşəm, arı, pələng, tarakan, leylək, forel, ceyran, kəpənək, fil, maral, torağay, göyərçin.
Şagirdlər cədvəli doldururlar.
Mövzu ilə bağlı şagirdlərə
belə suallarla da müraciət edirəm: Canlılar cansızlardan necə istifadə edirlər? Bitkilər olmasaydı, nə baş verərdi?
Cavablar dinlənilib ümumiləşdirilir.
Proqram materialının tədrisi
ərəfəsində və
ya həmin gün şagirdlərə
telekanallarda göstərilən
təbiət mövzulu
verilişlərə baxmağı
tövsiyə edirəm. Onlar bu verilişlərdən nəyi
isə öyrənir,
bildikləri ilə əlaqələndirir, sinifdə
fikir mübadiləsi aparırlar.
Təcrübə təsdiq
edir ki, mövzuların əyani vəsaitlərdən istifadə
etməklə, interaktiv metodla, inteqrasiyaya əsaslanmaqla tədrisi
səmərəli nəticə verir.
Taliə NƏBİYEVA
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.7.