İbtidai siniflərdə vətənpərvərlik
tərbiyəsi
İnsanın ən ali
və əzəli hisslərindən olan vətənpərvərlik hər
kəsin doğulub boya-başa çatdığı
elə, obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə
məhəbbətdən qaynaqlanır.
Lakin vətənpərvərlik təkcə
Vətəni sevmək
deyildir. Vətənpərvərlik
həm də Vətənin naminə çalışmaq, Vətəni
qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar,
fədakarlıqlar göstərmək,
Vətənin, xalqın
hər bir uğuruna sevinməkdir. Bu
hiss insanda anadangəlmə
olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır
və tərbiyə yolu ilə daha
da möhkəmlənir,
artır. Vətənpərvərlik
insanı səciyyələndirən
ən mühüm keyfiyyətlərdən olduğundan
onun böyüməkdə
olan nəslə aşılanması, uşaq,
yeniyetmə və gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsi
həmişə təlim-tərbiyə
işinin ən mühüm istiqamətlərindən,
məktəbin ən vacib vəzifələrindən
olub.
Müasir dövrdə təhsilin
qarşısında qoyulmuş fəal vətəndaşlar
yetişdirmək vəzifəsi də məhz sistemli,
ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin
nəticəsində reallaşdırılır.
Ulu öndərimiz,
müstəqil Azərbaycanımızın memarı və
qurucusu Heydər Əliyev məhz
buna görə də vətənpərvərlik tərbiyəsinə,
uşaq və gənclərin vətənpərvər ruhda
böyüməsinə xüsusi əhəmiyyət verir və
bunu çıxışlarında dönə-dönə biz
müəllimlərə tövsiyə edirdi. Təhsil
işçiləri ilə çoxsaylı görüşlərinin
birində böyük öndər demişdir: "Bizim gənclər,
təhsil alan nəslimiz gərək məktəblərdə
ilk addımlarından vətənpərvərlik əhvali-ruhiyyəsi
ilə tərbiyə olunsun. Bütün dərslər,
xüsusən də humanitar fənlər gərək gənclərimizə
Vətənə sədaqət, vətənpərvərlik
ruhu aşılasın, tərbiyə etsin".
Biz müəllimlər
öz fəaliyyətimizdə ulu öndərimizin bu tövsiyəsini
həmişə diqqət mərkəzində saxlayır və
ona əməl etməyə çalışırıq.
Məlumdur ki, təlim-tərbiyə
işinin bütün sahələrində, istiqamətlərində
olduğu kimi vətənpərvərlik tərbiyəsinin də
əsası ibtidai siniflərdə qoyulur və o, sonrakı təlim
pillələrində daha da inkişaf etdirilir. Bu mənada
böyüməkdə olan nəslin vətənpərvərlik
tərbiyəsində ibtidai sinif müəllimlərinin üzərinə
böyük məsuliyyət düşür. Onlar məktəbə
qədəm qoyan körpə fidanların qəlbində elə
ilk günlərdən Vətənə məhəbbət
aşılamağa, onu güclü vətənpərvərlik
hissinə çevirməyə
çalışmalıdırlar. Məhz bütün
bunları nəzərə alaraq dərs dediyim ibtidai siniflərdə
şagirdlərin vətənpərvərlik tərbiyəsinə
xüsusi fikir verir, istər dərslərdə, istərsə
də sinifdənxaric və məktəbdənkənar tədbirlər
zamanı bu istiqamətdə müntəzəm iş
aparıram.
Şagirdlərin vətənpərvərlik
və Vətənə məhəbbət hissi tərbiyəsinin
ən vacib məqamlarından biri onların
yaşadığı kənd, şəhər, ölkə
haqqında geniş məlumata malik olmaları və onu
tanımalarıdır. Bu məqsədlə mən istər dərslərdə,
ayrı-ayrı mövzuların, mətnlərin öyrədilməsi
zamanı, istərsə də müxtəlif mövzularda
tez-tez keçirdiyim dərsdənkənar tədbirlərdə
Vətənimiz, onun zəngin flora və faunası, yeraltı
və yerüstü sərvətləri, maddi-mədəniyyət
abidələri haqqında geniş məlumat verməyə
çalışıram.
Şagirdlərə
çatdırıram ki, doğma Vətənimiz Azərbaycan
Yer kürəsinin yaşayış üçün ən əlverişli
coğrafi nöqtələrindən birində yerləşir.
Dünyanın 11 iqlim qurşağından 9-na ölkəmizdə
rast gəlmək mümkündür. Təbii şəraitinə
görə də ölkəmiz çox əlverişli olub
dağlıq və düzənliklərdən, yayla və
meşəliklərdən ibarətdir. Yaşayış
üçün əlverişli iqlimə və təbii şəraitə
malik olduğundan Azərbaycan ən qədim insan məskənlərinin
olduğu ölkə kimi tanınır. Vətənimiz
yeraltı və yerüstü sərvətlərlə zəngindir.
Ölkəmiz, onun təbiəti,
təsərrüfatı, təbii sərvətləri
haqqında əxz etdikləri biliklər şagirdlərdə
dərin iftixar hissi yaradır, onlarda vətənpərvərlik
hissini daha da gücləndirir.
Ölkəmizin tarixi
haqqında sistemli, uşaqların başa düşəcəyi
tərzdə verilən məlumatlar da vətənpərvərlik
tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki
ayrı-ayrı mətnlərdə, istərsə də
aparılan tərbiyəvi söhbətlər, tədbirlər
zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin
zəngin tarixi, xalqımızın zaman-zaman öz
varlığını qorumaq
üçün apardığı mübarizələr,
azadlıq və müstəqillik uğrunda gedən mücadilələr
haqqında biliklər əldə edir, bu biliklər əqidəyə
çevrilərək onlarda vətənpərvərlik hisslərini
daha da artırır.
Vətənpərvərlik
tərbiyəsində xalqımızın qəhrəman
oğulları, tarixi şəxsiyyətlər haqqında
şagirdlərə verilən məlumatlar, aşılanan
biliklər də güclü təsir qüvvəsinə
malikdir. İbtidai məktəbin bütün sinifləri, o
cümlədən hazırda dərs dediyim 3-cü sinif
üçün dərsliklərdə belə məlumatları
özündə ehtiva edən mətnlər, nağıl və
dastanlardan parçalar kifayət qədərdir.
Üçüncü
sinif üçün yeni kurikulum əsasında
hazırlanmış "Azərbaycan dili" dərsliyi bu
baxımdan, xüsusilə təqdirəlayiqdir. Dərsliyin məzmununu
əks etdirən 8 bölmədən 6-da cəmlənmiş
mövzular demək olar ki, bilavasitə vətənpərvərlik
tərbiyəsinə xidmət edir.
Bu baxımdan dərsliyin "Mənəvi dəyərlər", "Sevimli qəhrəmanlarım", "Tarixi şəxsiyyətlər", "Bayramlar və tarixi günlər", "Hikmət xəzinəsi", "Mədəni irsimiz" bölmələrində verilmiş demək olar ki, bütün mətnlər vətənpərvərlik tərbiyəsi üçün əsl örnəkdir.
Onlar haqqında verilən məlumatlar əsasında şagirdlər həm tarixin müəyyən mərhələlərində xalqımızın həyatında, yadellilərə qarşı mübarizədə, müstəqilliyimizin əldə olunmasında, dövlətçiliyimizin qorunmasında, mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında böyük rol oynamış qəhrəmanları, tarixi şəxsiyyətləri, mədəniyyət xadimlərimizi tanıyır, həm də onların həyat və mübarizə yolu timsalında vətənpərvər kimi yetişirlər.
Mən çox vaxt dərsliklərdə verilən həmin mətnlərlə kifayətlənmir, daha geniş məlumatlar əldə edərək şagirdlərə çatdırır, onların özlərini müstəqil çalışmaq, axtarışlar aparmaq yolu ilə belə məlumatlar toplamağa sövq edirəm. Təbii ki, şagirdlərin özlərinin bu istiqamətdə axtarışları onlara daha çox tərbiyəvi təsir göstərir.
Ölkəmizdə qeyd olunan milli və dövlət bayramları, tarixi günlər də əvəzsiz vətənpərvərlik tərbiyəsi vasitəsidir. Bu bayram və tarixi günlərin bir qismi haqqında dərsliklərdə verilmiş mətnlərdə söz açılır. O cümlədən də hazırda dərs dediyim III sinfin "Azərbaycan dili" dərsliyindəki 6-cı bölmə məhz bayramlar və tarixi günlərə həsr olunub. Bu mətnlər şagirdlərin bayram və tarixi günlər haqqında məlumatlarını xeyli genişləndirməyə imkan verir. Lakin mən bunlarla da kifayətlənmir, qeyd olunan ərəfədə bütün bayramlar və tarixi günlər haqqında şagirdlərə məlumatlar verirəm. Şagirdlərin iştirakı ilə bir sıra milli və dövlət bayramlarımıza həsr olunmuş tədbirlər keçirirəm. Belə tədbirlər emosional ruhda kökləndiyindən şagirdlərin vətənpərvərlik tərbiyəsinə daha güclü təsir edir.
Təcrübəmdən bu qənaətə gəlmişəm ki, göstərilən istiqamətlərdə şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.
Qafilə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.7.