Uşaqlar sülhə səsləyirlər
Sentyabrın 20-də Dövlət Musiqili Komediya Teatrında valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərən "SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası"nın Azərbaycanda ilk mobil operator olan "Bakcell" şirkəti ilə birgə tədbiri keçirilib.
Uşaqlar Beynəlxalq Sülh Gününə həsr edilmiş tədbirdə "Uşaqlar sülhə səsləyir" adlı rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Konsertdə "Bakcell"in "Bakcell stars" adlı korporativ sosial məsuliyyət proqramı çərçivəsində "SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası" ilə birgə həyata keçirdiyi layihədə iştirak edən uşaqlardan ibarət xor kollektivinin gözəl ifaları səslənib.
Şənlikdə Gəncə SOS Uşaq Kəndinin balaca sakinləri də maraqlı rəqs proqramı ilə çıxış ediblər.
Tədbir çərçivəsində sülh mövzusunda çəkilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Sonra isə istedadlı uşaqların rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
"Bakcell" SOS Uşaq kəndlərinin layihəsinin genişlənməsinə dəstək məqsədi ilə həmin gün SMS kampaniyasına başlayıb.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.8.