Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının
icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
"Təhsil
müəssisələrinin akkreditasiyası
Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı
"Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli
Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. "Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları" təsdiq edilsin (əlavə
olunur).
2. "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 15 aprel tarixli 49 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N 4, maddə 298; 2006-cı il, N 9, maddə 827) qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.RASİZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri,
28 sentyabr 2010-cu il
¹ 167
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr
2010-cu il tarixli 167 nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Təhsil müəssisələrinin
akkreditasiyası qaydaları
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununa, digər qanunvericilik aktlarına
uyğun hazırlanmışdır və tabeliyindən,
mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində
bütün təhsil pillələri üzrə fəaliyyət
göstərən təhsil müəssisələrinin (o
cümlədən, digər ölkələrin Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil
müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini
tənzimləyir.
1.2. Təhsil müəssisəsinin akkreditasiyası təhsil
prosesinin təşkilinin, müəssisənin maddi-texniki
bazasının, təhsil proqramlarının, kadr
potensialının, maliyyə resurslarının və təhsil
infrastrukturunun qəbul olunmış dövlət təhsil
standartlarına və digər normativ-hüquqi aktların tələblərinə
uyğunluğunun müəyyən edilməsi məqsədi
ilə aparılır və təhsil müəssisəsinin
statusunun müəyyən edilməsi, onun fəaliyyətinin
növbəti 5 il müddətinə (əcnəbilər və
ya vətəndaşlığı olmayan şəxslər,
xarici hüquqi şəxslər tərəfindən təsis
edilmiş təhsil müəssisələrinə 3 il müddətinə)
uzadılması üçün hüquqi təminat
yaradır.
1.3. Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata
keçirilir.
1.4. Akkreditasiyanın keçirilməsinə qoyulan tələblər
və meyarlar Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən müəyyənləşdirilir.
1.5. Təhsil müəssisələrinin
akkreditasiyası aşağıdakı mərhələlərdən
ibarətdir:
- akkreditasiyanın keçirilməsinə
hazırlıq;
- təhsil müəssisəsinin özünütəhlili;
- Akkreditasiya Komissiyasının təhlil aparması;
- akkreditasiya haqqında yekun arayışın
hazırlanması;
- təhsil müəssisəsinin statusunun müəyyən edilməsi
və müvafiq keyfiyyət sənədinin -
sertifikatın verilməsi.
2.
Akkreditasiyanın keçirilməsinə
hazırlıq
2.1. Təhsil müəssisəsinin akkreditasiyası hər
5 ildə (əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən
təsis edilmiş təhsil müəssisələrinin
akkreditasiyası 3 ildə) bir dəfə həyata
keçirilir. Bu proses tədris ili üzrə hazırlanmış
və aprel ayından gec olmayaraq,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuş qrafik üzrə həyata keçirilir.
2.2. Yeni yaradılmış, həmçinin fəaliyyətdə
olan təhsil müəssisəsində yeni təhsil
proqramlarının akkreditasiyası ilk buraxılış
olduqdan sonra həyata keçirilir.
2.3. Akkreditasiyanın vaxtı barədə məlumat təhsil
müəssisəsinə rəsmi qaydada onun keçirilməsinə
ən azı 6 ay qalmış
bildirilir.
2.4. Təhsil müəssisəsi akkreditasiyanın
başlanmasına ən azı bir ay qalmış Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə
aşağıdakı sənədləri təqdim edir:
- təhsil müəssisəsinin nizamnaməsi və təhsil
fəaliyyəti üçün verilmiş sənədin
(lisenziyanın) surəti;
- bütövlükdə təhsil müəssisəsi və
onun filialları üzrə özünütəhlil
haqqında hesabat;
- akkreditasiya olunan proqramlar
üzrə tədris planına daxil olan fənlərin
proqramlarının siyahısı və bu proqramlara uyğun
hazırlanmış suallar;
- akkreditasiya olunan proqramlar üzrə təhsilalanların sayı və kadr potensialı haqqında məlumat,
təhsilalanların qəbulu, köçürülməsi,
bərpası və xaric olunması haqqında əmrlərin
surəti;
- tədris planında nəzərdə tutulmuş
bütün növ təcrübələr üzrə
proqramlar, təcrübənin keçirildiyi müəssisələrlə
bağlanmış müqavilələrin surəti və təcrübənin
nəticəsi barədə hesabat;
- proqramlar üzrə bütün imtahanların nəticələri
haqqında məlumat.
2.5. Təhsil müəssisəsinin özünütəhlil
barədə hesabatı Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə təqdim olunduqdan sonra nazirliyin müvafiq əmri
ilə Akkreditasiya Komissiyası yaradılır. Komissiyanın
sədri həmin əmrlə onun üzvləri arasından təyin
edilir. Sədr Komissiyanın işini əlaqələndirir,
onun iclaslarını çağırır, bütün zəruri
sənədlərin Komissiya üzvlərinə
çatdırılmasını, akkreditasiyanın nəticəsi
haqqında yekun
arayışın hazırlanmasını və iclas
protokollarının tərtibini təmin edir.
2.6. Hər bir akkreditasiya olunan təhsil müəssisəsi
üzrə yaradılan Akkreditasiya Komissiyasının tərkibinə
təhsil müəssisəsinin maddi-texniki bazası və təhsilin
idarə edilməsi sahəsində təcrübəsi olan
mütəxəssislər (akkreditasiya olunan təhsil müəssisəsində
işləyənlər istisna olmaqla) daxil edilirlər.
2.7. Nazirlik təhsil müəssisəsinin müvafiq sənədlərini
Akkreditasiya Komissiyasının sədrinə təqdim edir.
2.8. Akkreditasiya Komissiyası təhsil müəssisəsinin
müvafiq fəaliyyətinə aid olan sənədləri
(kadr təminatı, elmi tədqiqat fəaliyyəti, beynəlxalq
əməkdaşlıq, maddi-texniki baza və sair haqqında)
1 ay müddətində təhlil edir və
buraxılış qruplarında (siniflərində) təhsilalanların
biliyinin attestasiyasını keçirir.
2.9. Təhsil müəssisəsinin rəhbəri
Akkreditasiya Komissiyasına onun normal fəaliyyəti üçün şərait
yaradır, təhlil
aparılması üçün zəruri olan sənədləri
təqdim edir.
3. Təhsil müəssisəsinin
özünütəhlili
3.1. Özünütəhlilin əsas məqsədi
aşağıdakılardır:
- akkreditasiyada təhsil müəssisəsinin bilavasitə
iştirakını təmin etmək;
- təhsil proqramları üzrə
hazırlığın məzmununa və keyfiyyətinə
daxili nəzarət mexanizmini yaratmaq;
- təhsil müəssisəsinin özünüqiymətləndirməsini
təmin etmək.
3.2. Təhsil müəssisəsinin rəhbəri Elmi
(Pedaqoji) Şuranın qərarı əsasında
özünütəhlilin aparılması və bu proseduru həyata
keçirəcək komissiyanın yaradılması
haqqında müvafiq əmr verir. Təhsil müəssisəsinin
rəhbərinin müavinlərindən biri komissiyaya sədr təyin
edilir. Komissiya bu Qaydaların 2.6-cı bəndinə uyğun təşkil
olunur.
Komissiya müvafiq əmrlə müəyyən
olunmuş müddətdə özünütəhlilin nəticəsinə
dair hesabat hazırlayır və onu Elmi (Pedaqoji) Şuranın
müzakirəsinə təqdim edir. Həmin hesabat Şuranın qərarı əsasında
müəssisənin rəhbəri tərəfindən təsdiq
edilir.
3.3. Özünütəhlilin nəticələrinə
dair hesabatın strukturu.
3.3.1. Təhsil fəaliyyətinin təşkilati-hüquqi
təminatı.
Təhsil müəssisəsinin fəaliyyətinin təşkilati-hüquqi
təminatını müəyyənləşdirmək
üçün onun fəaliyyətinin qanunvericiliyin tələblərinə
uyğunluğunun təhlili aparılır.
3.3.2. Təhsil müəssisəsinin idarə olunması
Təhsil müəssisəsinin idarəetmə sisteminin
qiymətləndirilməsi üçün
aşağıdakılar nəzərə alınır:
- idarəetmənin müəssisənın nizamnaməsinin
tələblərinə uyğunluğu;
- təhsil müəssisəsində
hazırlanmış tədris sənədlərinin mövcud qanunvericiliyə və bu
Qaydaların tələblərinə
uyğunluğu;
- təhsil müəssisəsinin struktur bölmələrinin qarşılıqlı fəaliyyətinin
təşkili;
- təhsil müəssisəsinin idarə edilməsinin 4
funksiyasının (qiymətləndirmə, tənzimləmə,
informasiya təminatı, nəzarət) həyata keçirilməsının
vəziyyəti.
3.3.3. Təhsil proqramları üzrə
hazırlığın məzmunu və strukturu.
Təhsil proqramları üzrə
hazırlığın məzmunu onun dövlət təhsil
standartlarının tələblərinə uyğunluğu və
bu hazırlığı təmin edən müvafiq tədris-metodik
sənədlərin təhlili əsasında qiymətləndirilir.
Bu zaman aşağıdakılar təhlil olunur:
- tədris planlarının baza təhsil proqramlarına
uyğun hazırlanması və təsdiqi;
- tədris planlarında olan fənlərin və
onların proqramlarının məzmununun dövlət təhsil
standartlarının tələblərinə uyğunluğu;
- tədris olunan fənlərə ayrılmış
saatların miqdarının tədris planlarına
uyğunluğu;
- tədris planlarında nəzərdə tutulmuş fənlərə
dair tədris-informasiya mənbələrinin kifayət qədər
olub-olmaması və müasirliyi. Bu məqsədlə
aşağıdakılar müəyyən olunmalıdır:
- fənn proqramlarında tövsiyə olunan tədris-metodik
vəsaitlər və onların nüsxələrinin
mövcud normalara uyğun kitabxana fondunda olması;
- tədris planında nəzərdə tutulmuş fənlər
üzrə proqram təminatı;
- təhsil müəssisəsinin beynəlxalq informasiya
şəbəkəsinə çıxışı;
- son beş ildə təhsil müəssisəsinin
hazırladığı tədris-metodik materiallar, o cümlədən
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər
və dərs vəsaitləri;
- təhsilalanların kurs
işləri, təcrübələrin (istehsalat və
pedaqoji) aparılmasına dair sənədlər, məzunların
buraxılış işlərinin və dövlət
imtahanlarının (buraxılış imtahanlarının) nəticələri.
Təhsil proqramları üzrə hazırlığın
məzmununu təhsil müəssisəsi
aşağıdakı kimi qiymətləndirir:
- uyğundur;
- əsasən uyğundur;
- uyğun deyildir.
Qiymətləndirmə təsdiq
edici sənədlərlə əsaslandırılmalıdır.
Təhsil proqramları üzrə
hazırlığın strukturunun təhlili təhsil müəssisəsinin
gələcək inkişaf perspektivlərini müəyyənləşdirmək
məqsədi ilə aparılır.
Təhlil təhsil müəssisəsinin cari tədris
ilinin oktyabr ayının 1-nə
olan məlumatları əsasında aparılır. Bu zaman
aşağıdakılar müəyyən edilməlidir:
- son beş il ərzində
mütəxəssis hazırlığının strukturunda
aparılmış dəyişikliklər və onların təhsil
müəssisəsinin profilinə və əmək
bazarının tələbatına uyğunluğu;
- son beş il ərzində təhsil müəssisəsini
bitirənlərin (dövlət hesabına və ödənişli
əsaslarla) nəticələrinin təhlili.
3.3.4. Tədris prosesinin təşkilinin qiymətləndirilməsi.
Tədris prosesinin təşkilinin qiymətləndirilməsi
üçün aşağıdakılar müəyyən
edilməlidir:
- tədris prosesinin təşkilinin tədris
planlarına uyğunluğu;
- təhsilalanların fəallığını
artıran yeni təlim, texnologiya və metodların tətbiqi;
- təhsilalanların elmi tədqiqat işlərinin təşkili;
- tədris-laboratoriya bazasının mövcud tələblərə uyğunluğu;
- tədris prosesində yeni informasiya
texnologiyalarının və hesablama texnikasının tətbiqi.
3.3.5. Təhsil proqramları üzrə hazırlığın
keyfiyyəti.
Təhsil proqramları üzrə
hazırlığın keyfiyyəti ayrı-ayrı proqramlar
üzrə təhsilalanların imtahanlarının,
buraxılış işlərinin, dövlət və ya
buraxılış imtahanlarının, eləcə də
özünütəhlil zamanı təhsilalanların
attestasiyasının nəticələrinin təhlili əsasında
müəyyən edilir. Bu zaman ayrı-ayrı təhsil
proqramlarının, kadr təminatının,
maddi-texniki bazanın, beynəlxalq əməkdaşlığın,
sosial-məişət şəraitinin təhlili də verilməlidir.
Təhsilalanların müvafiq proqramları mənimsəmə
səviyyəsi və təhsil proqramları üzrə
hazırlığının keyfiyyəti
aşağıdakılarla müəyyənləşdirilir:
- təhsilalanların imtahanlarının nəticələri;
- təhsil müəssisəsinin keçirdiyi monitorinqin
nəticələri (buraxılış qruplarında və ya
siniflərində təhsilalanların bilik səviyyəsi təhsil
müəssisəsində hazırlanmış suallar əsasında müəyyənləşdirilir
və qiymətləndirilir);
- məzunların buraxılış işlərinin,
dövlət və ya buraxılış imtahanlarının nəticələri
(buraxılış işlərinin mövzularının təhlili,
onların məzmununun təhsil proqramlarının profilinə
uyğunluğu, dövlət və ya buraxılış
imtahanlarının təşkili və keçirilməsi);
- attestasiya komissiyası sədrlərinin verdikləri
hesabatların təhlilinin nəticələri;
- təhsil proqramları üzrə aparılan
hazırlığa dair şikayətlərin (təhsilalanların,
idarə və təşkilatların və sair)
olub-olmaması.
Ayrı-ayrı təhsil proqramları üzrə
hazırlığın keyfiyyəti, təhsilalanların mənimsəmə
səviyyəsi aşağıdakı kimi qiymətləndirilir:
- yoxlama zamanı təhsilalanların 91-100 faizi müsbət
qiymət aldıqda - "əla";
- 71-90 faizi müsbət qiymət aldıqda - "yaxşı",
- 51-70 faizi müsbət qiymət aldıqda - "kafi",
- 50 faizdən az (50 faiz də daxil olmaqla) hissəsi müsbət qiymət
aldıqda - "qeyri-kafi".
Yoxlama zamanı sorğu aparılacaq tədris
qruplarında təhsilalanların 90 faizinin iştirakı
vacibdir.
Özünütəhlil zamanı yoxlama
üçün istifadə olunmuş suallar hesabatla birlikdə
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim
edilir.
3.3.6. Kadr təminatı.
Təhsil müəssisəsinin kadr təminatının
vəziyyəti müəyyənləşdirilərkən
aşağıdakılar nəzərə alınır:
- kadr potensialının mövcud vəziyyəti və
dinamikası;
- müəllimlərin ixtisaslarını
artırması işinin təşkilinin vəziyyəti;
- müəllimlərin yaş tərkibinin təhlili.
3.3.7. Elmi tədqiqat fəaliyyəti.
Təhsil müəssisəsinin elmi tədqiqat fəaliyyəti
müəyyənləşdirilərkən
aşağıdakılar nəzərə alınır:
- elmi tədqiqat işlərinin vəziyyəti,
inkişaf dinamikası və mütəxəssis
hazırlığının profilinə uyğunluğu;
- elmi tədqiqat işlərinin nəticələrinin tədris
prosesində tətbiqi;
- elmi tədqiqat işlərinin maliyyə mənbələrinin təhlili;
- təhsil proqramları üzrə elmi tədqiqat
işlərinin təşkilinin vəziyyəti;
- aparılan elmi tədqiqat işlərinin səmərəliliyi
(elmi və tədris ədəbiyyatlarının nəşri,
elmi-pedaqoji kadrların hazırlanması, doktoranturanın, ixtisaslaşmıs
şuraların işi);
- müəllimlər və təhsilalanların elmi tədqiqat
işlərində iştirakı;
- elmi-metodik və praktik konfransların keçirilməsi;
- təhsil müəssisəsinin beynəlxalq və
respublika müsabiqələrində, sərgilərində
iştirakı.
3.3.8. Beynəlxalq əməkdaşlıq.
Beynəlxalq əməkdaşlıq fəaliyyəti
aşağıdakılarla qiymətləndirilir:
- beynəlxalq əlaqələrin yaradılması;
- təhsil müəssisəsinin verdiyi diplomların
başqa ölkələrdə tanınması;
- beynəlxalq proqramlarda iştirak;
- təhsil müəssisəsində başqa ölkə
vətəndaşlarının təhsil alması;
- təhsil müəssisəsinin təhsilalanlarının başqa
ölkələrdə təhsil alması;
- elmi-pedaqoji kadrların xarici ölkələrdə
ixtisaslarını artırması;
- müəllimlərin xarici ölkələrdə tədris
və elmi tədqiqat fəaliyyətləri;
- müəllimlərin xarici ölkələrdə nəşr
etdirdikləri elmi tədqiqat işləri.
3.3.9. Maddi-texniki baza.
Ayrı-ayrı təhsil proqramları üzrə
lazım olan maddi-texniki bazanın
qiymətləndirilməsində
aşağıdakılar nəzərə alınır:
- təhsil müəssisəsinin ayrı-ayrı təhsil
proqramları üzrə və bütövlükdə
maddi-texniki bazasının vəziyyəti;
- tədris-laboratoriya bazası, onun lazımi
avadanlıqlarla təchizatının vəziyyəti.
3.3.10. Sosial-məişət şəraiti.
Sosial-məişət şəraitinin qiymətləndirilməsində aşağıdakılar nəzərə
alınır:
- yataqxana təminatı;
- tibbi xidmət;
- iaşə xidməti;
- istirahətin təşkili.
3.3.11. Təhsil müəssisəsinin maliyyə təminatı.
Təhsil müəssisəsinin maliyyə təminatı
aşağıdakılarla müəyyən olunur:
- büdcədən maliyyələşdirmə;
- müxtəlif növ fəaliyyətdən (elmi,
pedaqoji, müqavilə əsasında həyata keçirilən
digər fəaliyyətlərdən) əldə olunan gəlirlər.
Özünütəhlil
hesabatına əvvəlki akkreditasiya zamanı aşkar
olunmuş çatışmazlıqların aradan
qaldırılması barədə məlumatlar əlavə
olunur.
4. Akkreditasiya
Komissiyasının apardığı təhlil
4.1. Akkreditasiya Komissiyasının vəzifəsi
özünütəhlil sənədlərində göstərilənləri
təhlil etmək, yerlərdə dəqiqləşdirmə
aparmaq, buraxılış qruplarında (siniflərində) təhsilalanların
bilik səviyyəsini qiymətləndirmək, nəticədə
təhsilin məzmununun və
mütəxəssis hazırlığı səviyyəsinin
dövlət təhsil
standartlarının tələblərinə uyğunluğunu
müəyyənləşdirməkdən ibarətdir.
Akkreditasiya Komissiyası təhlili bu Qaydaların
2.4-cü bəndinə uyğun
təqdim olunmuş sənədlər əsasında aparır.
Təhsilalanların biliyinin ayrı-ayrı təhsil proqramları üzrə
attestasiyası Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən hazırlanan yoxlama
tapşırıqları əsasında Akkreditasiya
Komissiyası tərəfindən yazılı formada
keçirilir. Həmin tapşırıqlar təhsil müəssisəsinin
təqdim etdiyi müvafiq fənn proqramlarına uyğun şəkildə
hazırlanmış suallar
üzrə tərtib olunur. Təhsilalanların
müvafiq proqram üzrə
bilik səviyyəsi bu tapşırıqlar əsasında
müəyyənləşdirilir. Tapşırıqlar 6 fənni
əhatə etməklə, yaddaş biliyinin müəyyənləşdirilməsi
prinsipi əsasında hazırlanmış 60 sualdan, ali təhsil
pilləsinin magistratura səviyyəsində isə 4 fənni əhatə
etməklə 40 sualdan ibarət
olur. Suallara düzgün
cavabların sayı 50 faizdən az (50 faiz də daxil olmaqla)
olduqda, təhsilalanların mənimsəmə səviyyəsi
"qeyri-kafi", 51-70 faiz olduqda "kafi", 71-90 faiz
olduqda "yaxşı",
91-100 faiz olduqda "əla" qiymətləndirilir.
Yoxlamanın aparılmasına 2 akademik saat vaxt
ayrılır. Yoxlama işləri şifrlənir və
müvafiq fənlər üzrə
Akkreditasiya Komissiyasınin üzvləri tərəfindən
qiymətləndirilir.
Buraxılış qruplarında (siniflərində) təhsilalanlar
təhsil proqramları üzrə
yoxlamadan keçirilməlidir. Yoxlamada qruplarda təhsilalanların
90 faizinin iştirakı vacibdir.
Təhsil müəssisəsinin və onun müvafiq
struktur bölmələrinin, ayrı-ayrı təhsil
proqramlarının akkreditasiyadan keçməsinin əsas
şərtlərindən biri Akkreditasiya Komissiyasının təhsilalanların
yarıdan çoxunun biliyini müsbət qiymətləndirməsidir.
4.2. Akkreditasiya Komissiyası təhlil apardıqdan sonra təhsil
müəssisəsinin fəaliyyəti barədə yekun
arayış hazırlayır.
Yekun arayış təhsil müəssisəsinin
özünütəhlilinin nəticələrinə dair
hesabatının strukturuna uyğun tərtib olunur.
Arayışda təhsil müəssisəsinin idarə
olunması, mütəxəssis hazırlığının
məzmunu, strukturu, keyfiyyəti, kadr təminatı, beynəlxalq
əməkdaşlığı, elmi tədqiqat fəaliyyəti,
maddi-texniki bazası, sosial-məişət şəraiti,
maliyyə təminatı bütövlükdə və
ayrı- ayrı təhsil proqramları üzrə
hazırlığın məzmunu, strukturu və keyfiyyəti
təhlil edilərək qiymətləndirilməlidir.
Təhlil və qiymətləndirmə Akkreditasiya
Komissiyasına təqdim olunmuş sənədlərin
araşdırılması, yerlərdə aparılmış
təhlilin, eləcə də təhsilalanların biliyinin
yoxlanmasının nəticəsi
əsasında həyata keçirilir.
Yekun arayışa əvvəlki akkreditasiya zamanı
aşkar olunmuş çatışmazlıqların aradan
qaldırılması barədə məlumatlar da daxil edilir.
Yekun arayış təhsil müəssisəsinin nəzərdə
tutulmuş akkreditasiyası müddətində (bir ay)
Akkreditasiya Komissiyasının iclasında müzakirə edilir
və Komissiyanın üzvləri tərəfindən
imzalanır. Əlavə araşdırmaların
aparılması zərurəti yarandığı halda, bu
müddət bir aya qədər uzadıla bilər.
Yekun arayış tanış olmaq üçün təhsil
müəssisəsinin rəhbərinə təqdim edilir.
Arayış təhsil müəssisəsinin rəhbərinə
təqdim edildikdən bir həftə sonra Azərbaycan Respublikası Təhsil
Nazirliyinin müvafiq şöbəsində aidiyyəti olan digər
şöbələrin rəhbərlərinin və
Akkreditasiya Komissiyası üzvlərinin iştirakı ilə
müzakirə edilir. Müzakirə zamanı təklif olunan rəy
və təklifləri də nəzərə almaqla, yekun arayışın Azərbaycan
Respublikası Təhsil Nazirliyinin əmri ilə yaradılan və
daimi fəaliyyət göstərən Akkreditasiya
Şurasının müzakirəsinə
çıxarılması barədə təqdimat
hazırlanır.
5. Təhsil müəssisəsinin
akkreditasiyasının nəticəsi
5.1. Akkreditasiya Şurasına
Azərbaycan Respublikasının təhsil naziri rəhbərlik
edir. Şuranın tərkibinə akkreditasiya şöbəsinin
müdiri (sədr müavini) və əməkdaşı (məsul
katib), təhsil sahəsində müstəqil ekspertlər
daxil edilirlər. Şuranın tərkibinə qeyri-hökumət
təşkilatlarının və tabeliyində təhsil
müəssisəsi olan nazirliklərin, təşkilatların
və idarələrin nümayəndələri də daxil
edilə bilər.
5.2. Şuranın iclası onun üzvlərinin
üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli
sayılır. Şuranın qərarı iclasda iştirak edənlərin
sadə səs çoxluğu ilə qəbul edilir. Səslər
bərabər
bölündükdə, Şuranın sədrinin səsi
həlledici olur.
5.3. Şura dövlət təhsil standartlarının tələblərinə
uyğun hazırlanmış və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq
olunmuş tələb və
meyarlar əsasında təhsil müəssisəsinin statusunu
müəyyənləşdirir, onun tam şəkildə və
ya ayrı-ayrı təhsil proqramları üzrə
akkreditasiyadan keçib-keçməməsi barədə qərar
qəbul edir. Bu qərarın əsasında Azərbaycan
Respublikası təhsil naziri təhsil müəssisəsinin
akkreditasiyası barədə əmr verir. Həmin əmrlə
təhsil müəssisəsinin statusu (tipi, növü) və
həyata keçirilən təhsil proqramları təsdiq
olunur. Akkreditə olunmuş təhsil
müəssisəsinə müvafiq keyfiyyət sənədi -
sertifikat verilir.
Təhsil müəssisəsinin akkreditə olunması
barədə məlumatlar mətbuatda dərc edilir.
5.4. Təhsil müəssisəsinin mövcud statusu
müəyyən olunmuş tələb və meyarlara
uyğun gəlmədikdə, Şura onun akkreditasiyası haqqında mənfi
qərar qəbul edə bilər. Bu halda təhsil müəssisəsi
Şuranın müəyyən etdiyi statusla fəaliyyət
göstərə bilər.
5.5. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə
və ya ayrı-ayrı proqramlar üzrə kadr
hazırlığına növbəti tədris ili
üçün qəbul planlaşdırılmır.
5.6. Akkreditasiyadan keçməyən təhsil müəssisəsi
və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar
akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi
və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə,
onun təhsil fəaliyyəti dayandırılır və təhsilalanların
digər təhsil müəssisələrində təhsilinin
davam etdirilməsi üçün müvafiq tədbirlər həyata
keçirilir. Akkreditasiyadan keçməyən təhsil
müəssisəsinin əvvəllər verdiyi təhsil
haqqında dövlət sənədi öz qüvvəsində
qalır.
5.7. Təhsil müəssisəsi Akkreditasiya
Şurasının onun akkreditasiyası barədə
çıxardığı mənfi qərarla bağlı
qanunvericiliyə uyğun olaraq məhkəmə
qarşısında iddia qaldıra bilər.
5.8. Akkreditasiyanın aparıldığı təhsil
müəssisəsi üçün müvafiq sənədlər
toplusu (akkreditasiya işi) tərtib olunur. Bu topluya aşağıdakılar
daxil edilir:
- təhsil müəssisəsinin Azərbaycan
Respublikasının Təhsil Nazirliyinə təqdim etdiyi sənədlər;
- təhsil müəssisəsinin akkreditasiya olunması
üçün Akkreditasiya Komissiyasının
yaradılması haqqında əmr;
- Akkreditasiya Komissiyasının arayışı;
- təhsil müəssisəsinin akkreditasiyasının
nəticəsi barədə Azərbaycan Respublikası təhsil
nazirinin əmri.
Zəruri hallarda topluya digər sənədlər də əlavə
oluna bilər.
Sənədlər toplusu Azərbaycan
Respublikasının Təhsil Nazirliyində xüsusi qovluqda saxlanılır.
Təhsil müəssisəsinin akkreditasiyası
haqqında əmr aşağıdakı hallarda öz qüvvəsini
itirir:
- təhsil müəssisəsinin akkreditasiya müddəti
başa çatdıqda;
- təhsil müəssisəsinin müvafiq müraciəti
olduqda;
- təhsil müəssisəsinin lisenziyası ləğv
edildikdə və ya lisenziya müddəti bitdikdə və
uzadılmadıqda;
- təhsil müəssisəsi yenidən təşkil
olunduqda.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167
¹li "Təhsil müəssisələrinin
akkreditasiyası qaydaları"nın təsdiq edilməsi barədə
qərarının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. Təhsil Nazirliyinin aidiyyəti
struktur bölmə rəhbərləri və ali təhsil
müəssisələrinin rəhbərləri Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Təhsil müəssisələrinin
akkreditasiyası qaydaları"nın təsdiq edilməsi barədə
28 sentyabr 2010-cu il tarixli 167 N-li qərarını işdə
rəhbər tutsunlar.
2. Təhsil Nazirliyi
Aparatının rəhbərinə (İ.Pirməmmədov),
Akkreditasiya şöbəsinə (H.Zərbəliyev)
tapşırılsın ki, bu əmrdən irəli gələn
digər zəruri tədbirləri həyata keçirsinlər.
3. Əmrin mətni "Azərbaycan
müəllimi" qəzetində dərc olunsun.
4. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
1 oktyabr 2010-cu il
Azərbaycan
müəllimi.- 2010.- 8 oktyabr.- S.4.