"Trend"
İnformasiya Agentliyində mətbuat
konfransı
Oktyabrın 6-da "Trend" İnformasiya
Agentliyində 4-cü Azərbaycan Beynəlxalq "Təhsil və
karyera" sərgisinin açılışına həsr
olunmuş mətbuat konfransı
keçirildi. Konfransda Azərbaycan
Respublikası Təhsil Nazirliyinin, "İteca Caspian"
şirkətinin, "Təhsil və karyera" sərgisinin
nümayəndələri və KİV əməkdaşları
iştirak edirdilər.
Mətbuat
konfransını açan təhsil
naziri Misir Mərdanov jurnalistləri salamlayaraq 7-9 oktyabr tarixlərində Bakıda
4-cü Azərbaycan Beynəlxalq
"Təhsil və karyera"
sərgisinin keçiriləcəyini
bildirdi. Qeyd etdi ki, sərgi keçirildiyi illər ərzində
təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin
məşğulluğu sahəsində regionun əsas illik
forumuna çevrilmişdir. Nazir diqqətə
çatdırdı ki, Təhsil Nazirliyinin köməyi ilə
ənənəvi olaraq
keçirilən sərgidə
60-dan çox ödənişli
və ödənişsiz fakültə, kurs, habelə ən müxtəlif ixtisaslar üzrə
proqramları özündə birləşdirən 94 təhsil
müəssisəsi və təşkilatının
iştirakı nəzərdə tutulur. "Təhsilini
seç-gələcəyini təmin et"
şüarını layiqli şəkildə doğruldan sərgidə xarici
maarifləndirmə strukturlarının universitetləri və
kolleclərinin iştirakı sevindirinci haldır. Sərgidə
ilk dəfə olaraq Ankara,
İstanbul və İzmirin 15 təhsil müəssisəsini
özündə birləşdirən Türk Milli Universitetlər
Qrupu da iştirak edəcək. Azərbaycan təhsil sektoru isə
dövlət və özəl təhsil müəssisələri
daxil olmaqla, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan
Universiteti kimi daimi iştirakçıları tərəfindən
təqdim olunacaq. Sərgidə təmsil olunan şirkətlərin
əməkdaşları iştirakçıları bakalavr və
magistratura təhsili sahəsində yeni imkanlarla tanış
edəcəklər. Bütün bunlar Azərbaycan təhsilinin
inkişafında böyük rol oynayacaqdır.
Mətbuat konfransında
təhsil naziri Misir Mərdanov KİV nümayəndələrini
maraqlandıran sualları da cavablandırdı.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.3.