Məktəbdə metodiki
işlərə geniş yer
verilir
Bakıdakı 229 nömrəli orta məktəbin pedaqoji kollektivi 2010-2011-ci tədris ilində böyüyən nəslin təlim - tərbiyəsini yüksək səviyyədə qurmaq, qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün ilk gündən ciddi səy göstərir.
Bununla əlaqədar məktəbin direktoru Fəridə Bağırova bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında ötən tədris ilinin nəticələri sevindirici olmuşdur. Belə ki, məktəbi bitirən 95 nəfər məzundan 55 nəfəri yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. Respublika üzrə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak etmək üçün pedaqoji kollektiv üzvləri böyük səylə çalışır. Məktəbdə dərsin təkmilləşdirilməsi ilə əlaqədar aparılan metodiki işlərə geniş yer verilir. Keçilən dərslərin təkmilləşdirilməsi, proqram materiallarının şagirdlər tərəfindən dərindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır.
Hazırda metodbirləşmə sədrlərinin rəhbərliyi altında "açıq dərs"lərin aparılmağına aid cədvəl tutulur, bu işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün öncədən planlaşdırma aparılır.
Həmçinin pedaqoji şura və metodbirləşmə iclaslarında qabaqcıl müəllimlərin çıxışları təşkil olunur, keçiriləcək seminar və konfransların vaxtı müəyyənləşdirilir. Belə tədbirlərin keçirilməsində yenicə işə başlayan gənc müəllimlər də fəal iştirak edirlər.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.8.