Həyatın tarix dərsi

 

 İndi alimlərimiz, o cümlədən təhsil sahəsində çalışan çoxsaylı müəllimlərimiz milli ideologiyanı yaratmalıdırlar, gözləmək lazım deyil. 

 

  HEYDƏR ƏLİYEV

 

AMEA-nın Azərbaycan Tarixi Muzeyində "Elm, təhsil və sivilizasiya" mövzusunda keçirilmiş seminarda AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Bakı şəhər ümumtəhsil məktəblərinin direktor və müavinləri, muzeyin əməkdaşları və lisey şagirdləri iştirak edirdilər.

Seminarı AMEA-nın Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın akademiki, tarix elmləri doktoru Nailə xanım Vəlixanlı açaraq bugünkü seminarın əhəmiyyətindən, elmlə təhsilin vəhdətini nəinki elm adamları, hətta təhsil işçilərinin bilməsinin vacibliyindən danışdı. Onu da əlavə etdi ki, elmin tədrislə və təlım-tərbiyə məsələləri ilə bağlılığı hər vaxt elm adamlarını düşündürmüşdür. Bu sahədə müxtəlif səpgili işlər də aparılmışdır və bu ənənə hər vaxt davam etməkdədir. Muzeydə yaradılan "Elmi maarif" şöbəsi də hazırda işlərini bu səpgidə aparmaqla müxtəlif tədbirlər görür. Bu gün tədbirimiz daha dolğun formada təşkil olunmuşdur. Vaqif müəllimin həm elm, həm də təhsil işçisi olduğu və elm-təhsil vəhdətində gördüyü işlər çoxlarına məlumdur. Hər bir elmin öz vəzifəsi vardır və yalnız həmin sahədən bəhs edir, ondan kənara çıxmır. Məsələn, fizika elmı mövcud olan cisim və əşyalardan bəhs edir. Kimya elmi isə cisimlərin tərkib və analizindən bəhs edir. Nəbatat elmi bitkilərdən danışır. Bu elmlərin hər biri başqa bir elmə bağlıdır. Elmlərin bir-birinə qarşılıqlı ehtiyacı onların özündə axtarılır. Bu elmlərin vəhdəti və bu vəhdətin təhsilə hərtərəfli sirayət etməsidir. Elə bu baxımdan Vaqif müəllimlə təhsil işcilərinin görüşünü təşkil etmişik. Elmi maarif şöbəsinin böyük elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova məruzə etdi. O dedi ki, Vətəni babaların əmanəti kimi qəbul edən, ana dilini ən böyük sərvət sayan, ata- ana haqqını Tanrı haqqı adlandıran, müəllimə, ustada olan sevgini sevgilərin əzəli hesab edən, elmi- biliyi qızıl açar bilən, şəhidlik məzarına "şahlıq taxtı" deyən Vaqif Abbasov AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, İctimai televiziya yayım şurasının üzvü, "Şöhrət" ordenli, əməkdar müəllim, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiridir.  

Vaqif Abbasov 1952-ci il oktyabrın 5-də Tərtər rayonunun Cəmilli kəndində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Tərtər rayonunun Cəmilli kəndindəki orta məktəbi, 1973-cü ildə indiki Azərbaycan Pedaqoji İnstitutunun kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1973-1977-ci illərdə AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspirantı olmuş, 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və neft kimyası ixtisası üzrə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır.

1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüş və elə həmin ildə "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı ilə təltif olunmuş və 1992-ci ildə neft-kimya ixtisası üzrə professor elmi adını almışdır. 1992-ci ildən Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin sədri, 2001-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının kimya üzrə ekspert şurasının və seminarının sədri təyin olunmuşdur.

1993-2001-ci ıllərdə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdində " Neft kimyası" ixtisası üzrə doktorluq dissertasiyalarının müdafiəsi sahəsində ixtisaslaşmış elmi şuranın üzvü olmuşdur. 1996-cı ildə Azərbaycanda elm və təhsilin inkişafında xidmətlərinə görə akademik Y.H.Məmmədəliyev adına medalla təltif olunmuşdur.

1997-ci ildən başlayaraq beynəlxalq və dünya kimya olimpiadalarına hazırlıq mərkəzi yaratmış və 1998-2010-cu illərdə rəhbərlik etdiyi Azərbaycan komandası ölkəmizə 70-dən çox qızıl, gümüş və bürünc medallar gətirmişdir və 21 məzun Moskva Dövlət Universitetinin kimya fakültəsinə imtahansız qəbul olunmuşdur.

2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş və elə həmin ildən Bakı Dövlət Universitetinin professoru olmuşdur və 2001-2003-cü illərdə ilk dəfə olaraq nəşr olunmuş və bu gün də istifadə olunan  milli kimya dərsliklərinin müəllifidir.

2003-cü ildə V.S. Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü seçilmişdir. Elə həmin ildə də bir çox elmi fəaliyyətləri ilə bərabər, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutu ilə birlikdə "Kimya məktəbdə" elmi-metodiki jurnalını təsis etmiş və onun baş redaktoru olmuşdur. 2007-ci ildə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini təyin edilmişdir. 

Hər ötən il onun həyatına müxtəlif səpgili unikal təltif və elmi nəticələrlə sanki möhür vurmuşdur. Belə nailiyyətlərdən biri də onun  2009-cu ildə İslam Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının "Elm və texnologiya" üzrə mükafatını almasıdır. Onun Azərbaycan elminə verdiyi töhfələrdən biri də 3 elmlər doktoru, 14 elmlər namizədi hazırlamasıdır. Vaqif Abbasovun 1973-2009-cu illərdə 370-dən çox elmi əsəri, o cümlədən 10 monoqrafiyası, ümumtəhsil məktəbləri üçün 6 dərsliyi, 12 əlavə dərs vəsaiti və universitetlər üçün 9 dərsliyi çap olunmuşdur. SSRİ-nin 22 müəlliflik şəhadətnaməsinin, Rusiya Federasiyasının 4, Azərbaycan Respublikasının 17 patentinin müəllifidir və professorun rəhbərliyi altında yaradılmış və istehsalı təşkil edilmiş 12 kimyəvi reagent istehsalata tətbiq olunmuşdur.

Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin ən müasir təmizləmə texnologiyasını yaratmış və aldığı "Ağ Naftalan yağı" dərman preparatı kimi Azərbaycan Respublikasında və Ukraynada qeydiyyatdan keçib və istifadə olunmaqdadır.

Vaqif müəllim həm də gözəl natiqdir.

 

Professor V.Abbasov çıxışında dedi:

 

- Məlumdur ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, təhsil sistemində də köklü islahatlar başlayıb. Bu gün hər bir pedaqoji kollektiv, hətta ixtisasından asılı olmayaraq, hər bir müəllim ölkəmizdə aparılan təhsil islahatına öz töhfələrini verməyə borcludur. Əks halda, hər hansı bir uğurdan danışmağa dəyməz. Belə prosesə hərtərəfli yanaşmaq üçün həm evdə, həm də məktəbdə şagirdlər üçün sağlam pedaqoji mühit yaratmaq lazımdır. Təhsil islahatı da məhz hər bir müəllimdən işini yenidən qurmağı, qabaqcılların iş prinsipi ilə yaxından tanış olmağı, pedaqoji ustalığı təkmilləşdirməyi, təlim-tərbiyədə ən müasir metodlardan istifadə etməyi tələb edir.

Hər hansı bir faktı və ya hadisəni tarixdən qoparmaq mümkün olmadığı kimi, təhsildə də istər bütöv təhsil prosesi, istərsə də ayrı-ayrı fənlərin tədrisinin tarixi zaman və məkan daxilində, bütöv çalarları ilə insanlara çatdırmaq üçün onlarda real təsəvvür yaratmaq vacibdir. Elmlərin öyrənilməsində elmin tarixi ön plana çəkilməli, fakt və hadisələrə məntiqi olaraq yanaşılmalıdır. Elmin tam öyrənilməsində təkcə tarixi yanaşma və məntiqi baxış tam, bütöv mənzərə yarada bilməz. Buna görə də hər iki yanaşmanı tamamlayan konsepsiyalara ehtiyac vardır. Məlum Şteyner nəzəriyyəsinə görə, "İstedad və qabiliyyət insanda anadangəlmədir". Deməli, hər bir elm və təhsil adamına başqalarında duyum yaratmaq, onu hadisələrin bilavasitə iştirakçısı etməklə istedadını istiqamətləndirmək olar.

Dərin təfəkkür tərzini, həyatda rast gəlinən hər bir hadisəni öz müstəqil fikir süzgəcindən keçirib, qiymətləndirə bilmək qabiliyyətini hələ uşaq yaşlarından hər kəsə dərindən anlatmaq lazımdır. Bu iş ümumxalq işidir. Bu yolda gənclər nəinki əvvəlki nəsillərin zəngin fikir prinsipinin qanuni varisləri olmalı və fəzavi düşüncəyə, yəni hətta adi optik gözlə görünə bilməyən, lakin ağlın gözü ilə dərk etməyə qadir olmalıdırlar. Yalnız belə gənclərə malik xalq gələcəyin ziyalı əllərdə olacağına tam arxayın ola bilər.

Unutmayaq ki, elm dünyəvi olduğundan, onun həyata tətbiqinin bir forması sayılan təhsil də bu sahədə bəşəri nailiyyətlər üzərində qurulur. Deməli, təhsilin vəzifəsi aləmin bütövlüyünü, tamlığını, onun ayrı-ayrı hissələrinin qarşılıqlı əlaqədə olduğunu açıb göstərməkdir. Təbiət pilləvari hadisələr piramidasından ibarət olub, mexaniki, fiziki, kimyəvi-bioloji və ictimai- sosial hadisələrdən təşkil olunmuşdur. Hər sonrakı hadisə özündən əvvəlkilərin fonunda formalaşıb daha mürəkkəb mərhələ üçün əsas rolunu oynayır. Təbii ki, ən sadə hadisə belə, fəza amili nəzərə alınmadan tam təsəvvür oluna bilməz. Fəza parametrləri hər bir hadisənin araşdırılması və şərhində mütləq olaraq nəzərə alınmalıdır. Hətta gözlə görünməyən molekullar belə fəzavidir, üçölçülüdür, özünəməxsus formaya, həcmə malikdir və bu şəkildə də dərk olunmalıdır. Bir örnək kimi bir misal çəkmək istəyirəm. Qala kəndində Elşad Abdullayev adında bir oğlan mənim tələbəm idi. Bu oğlan öz bacarıq və savadı ilə kimya üzrə  3 dəfə olimpiadanın qalibi olmuş və Moskva Dövlət Universitetinə imtahansız qəbul olunmuşdur. Bu universiteti fərqlənmə diplomu ilə bitirən  Elşad Abdullayev birbaşa ABŞ-a doktoranturaya dəvət aldı. O, ABŞ -da böyük bir elmi istiqamətin başlanğıcını qoymuşdur.  Bu bir örnəkdir. Bu örnəyi yeniyetmələrə çatdırmaq lazımdır. Əslində bizim hər şeyimiz vardır, tək bircə ünsiyyətdən başqa. Mənim "Ünsiyyətdən başlayan ucalmaq yolu" adlı bir kitabım var. Orada Keykavusdan misal gətirirəm. Keykavus deyir ki, adamla adam ol, insanla insan, çünki çox alidir insan adamdan. Adam bioloji varlıqdır. İnsansa bioloji varlıq olmaqla bərabər, həm də sosiallaşmış varlıqdır. Adamın insana çevrilməsi üçün ən azı ikinci bir insan lazımdır ki, ünsiyyət olsun. Belə deyək, insan anadan olandan sonra onu canavar sürüsünün içərisinə atsan  o, bir müddətdən sonra özünü canavar kimi aparacaq. Yəni ondan heç vaxt insan olmayacaq. Ola bilər 50 il yaşasın, lakin onun təbiəti canavar təbiəti olacaq. Yox, əgər aslanlar içərisinə buraxsan o, aslan, dovşanlar içərisində isə dovşan xarakterlı olacaqdır. Deməli, ünsiyyət olmayan yerdə insanın sivil formalaşması da olmayacaq. Bu gün məktəblilərlə elm adamlarının da ünsiyyəti olmalıdır. Çünki təbiət, məktəb, müəllim, tələbə bir sistemdir. Bu sistemin iştirakçıları daim ünsiyyət yarada bilmək qabiliyyətində olmalıdırlar. Bu gün tələbə, şagird dərsdən sonra gəlib Azərbaycan tarixinin yaddaşı olan Milli Azərbaycan Tarixi Muzeyini gəzmirsə, deməlı, onlarda heç bir vətəndaşlıq hissi ola bilməz. Keçmişi ilə maraqlanmayan nə bu gününün, nə də sabahının qədrini bilə bilməz.

"Fatehlərin, müdriklərin və dahilərin həyat dərsləri" adlı kitabda dünyanın 19 ən ali insanından misal gətirmişəm. Onları tarixi baxımdan sıra ilə yazmışam. Bir Məhəmməd Peyğəmbərin dahiliyinə, Yaradanın elçisi olduğuna görə onu birinci yerə qoymuşam. Əslində tarixi baxımdan birinci Atilla gəlir. Ardıcıllığı isə belə düzmüşəm: Məhəmməd Peyğəmbər, Atilla, İbn Sina, Əl Qəzəli, Keykavus, Nəsirəddin Tusi, Şeyx Şamil, II Sultan Fateh Məhəmməd, Osman Qazi, Teodor Ruzvelt, Franklin Ruzvelt, Teymurləng, Atatürk, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Heydər Əliyev, Lütfi Zadə. Sizə bunlardan bir misal da deyim: Teymurləng 69 yaşında Çinə hücum çəkəndə xəstələnir. Ölüm ayağında general Nürəddini çağırır və ona deyir ki, sənə 3 vəsiyyətim var: 1. Müharibəni dayandırmırsan. 2. Oğlum Şahruğun oğlu Pirməhəmmədi mənim yerimə rəhbər qoyursan. 3. Məni müəllimimin məzarının ayaq tərəfində  basdır. Belə misalları tək müəllimlər yox, həm də məktəb rəhbərləri də bilməli və vaxtaşırı siniflərdə maarifləndirici söhbətlər aparılmalıdır. Hələ biz babalarımızdan qalan həyat dərslərini əks etdirən eksponatları elə yerindəcə əyani olaraq Tarix muzeyində həm öyrənə, həm də öyrədə bilərik. Bilirsiniz, bu gün məktəbdə və ya universitetlərdə təhsil alan tələbənin qarşısında hərtərəfli biliyə, savada, intellektə sahib olan müəllimlər olmalıdır. Bunun üçün hər bir fənn müəllimi, məktəb direktorları, hətta evdə sanki həmişəlık bir müəllim rolunu icra edən valideyn də hərtərəfli təfəkkürə malik olmalıdır.

Çıxışında bir çox mətləblərə aydınlıq gətirən V.Abbasov məktəb direktorları tərəfindən verilən suallara əhatəli cavablar verdi.

Sonda Nailə xanım Vaqif müəllimə bu günə və Azərbaycan təhsilinə gətirdiyi uğurlara görə minnətdarlığını bildirdı. O dedi ki, Vaqif müəllim Azərbaycan balalarını kimya olimpiadalarına hazırlayanda da, bu uşaqları öz vəsaiti hesabına dünyanın hər tərəfinə aparanda da, onların uğurlarına öz övladlarının uğuru kimi sevinəndə də, yüksək balla ali məktəbə qəbul olunanlara, Moskvada təhsil alan azərbaycanlı tələbələrə təqaüd ayıranda da, hansısa bir kənddə bir istedadlı uşağı "kəşf edib" Bakıya gətirəndə də, geniş auditoriyalarda da ürəklə çıxış edəndə və daha nələr, nələr, xeyirxah işlər  görəndə də onun ürəyindən tək bir dəyər keçir:  Azərbaycan və onun sabahı.

V.Abbasovun ümummilli liderimiz, Azərbaycan dövlətçiliyinin xilaskarı  Heydər Əliyevə həsr olunmuş "Liderlik fəlsəfəsi" kitabını Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş başqa kitablar arasında ən dəyərlilərindən biri hesab edirlər. Burada Vaqif müəllim təkcə ümummilli liderimiz Heydər Əliyevin liderliyindən yox, həm də liderlik yolunda olan tarixi şəxsiyyətlərin də ömür yoluna diqqət yetirir.

Onun ataya, anaya, Vətənə, Yaradanın sevgisinə, ailəsinə, müəlliminə, kainata, təbiətə, dəyərini dünyalar qədər bildiyi ümummilli liderimizə həsr etdiyi şeirləri də vardır. Onun şeir dili sadə və düşündürücüdür. O, insan zəkasının yarada bilmədiklərini sadə bir misra ilə edə bilir.

 

 

N.İSRAFİLQIZI

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.6.