Mübarizləri olan
Vətən basılmaz!
Bu gün adı dillər əzbəri olan, haqqında
kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən
Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun yüksəldiyi zirvə təkcə onun
doğulub, boya-başa çatdığı kənddən
deyil, Azərbaycanın və eləcə də bütün
türk dünyasının hər yerindən
görünür. Bu zirvəyə gedən yol isə Biləsuvar
rayonunun Əliabad kəndindən başlanır. Mübariz
1988-ci il fevralın 7-də bu məkanda dünyaya göz
açmışdır. Elə həmin il erməni
işğalçıları vətənimizin ayrılmaz hissəsi
olan Qarabağ bölgəsində torpaq iddiası ilə
münaqişə yaratmağa başlamışdı. Bəlkə
də İlahi Mübarizi bu yağı düşmənlə
gələcəkdə mübarizə aparacaq bir oğul kimi
dünyaya gətirmişdi. Ailənin üçüncü
övladı - sonbeşiyi, seyid nəvəsi idi Mübariz. O,
uşaqlıqdan imanlı, bütün insani keyfiyyətlərə
malik valideynləri - atası Ağakərim kişinin,
anası Şamama xalanın nümunəvi tərbiyəsi ilə
böyümüşdü. Vətənə, xalqa, haqqa, ədalətə
son dərəcə sadiq ruhda tərbiyə alan Mübariz
2006-cı ildə Malik Piriyev adına Əliabad kənd orta məktəbini
bitirmişdi. 2007-ci ildə isə ilk hərbi xidmətini
Daxili İşlər Nazirliyinin daxili qoşunlarının
xüsusi təyinatlı dəstəsində gizir rütbəsi
ilə başa çatdırmışdı. Sonra isə erməni
işğalçılarından intiqam almaq üçün
könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində
xidmət etməkdən ötrü ərizə ilə
müraciət edərək, vətənin müdafiəsinə
gedib.
Biz də bu günlər qəzetimizin rəhbərliyinin
təşəbbüsü ilə Mübariz İbrahimov haqqında
daha ətraflı məlumat toplamaq məqsədilə onun təhsil
aldığı məktəbdə olduq və ziyarətgaha
çevrilmiş evlərində valideynləri ilə görüşdük.
Məktəb illəri, müəllimlərinin
xatirələri
Mübarizin təhsil
aldığı orta məktəbə Biləsuvar
RTŞ-ın məsləhətçisi Alişan
Şükürovla getmişdik. Burada məktəbin direktoru Bəsirə Rüstəmova ilə
görüşdük. Məqsədimizi bilən kimi, o, əvvəlcə
Mübarizin burada oxuduğu illərdə toplanmış sənədləri
, qiymət cədvəlləri ilə bizi tanış etdi.
Direktor sonra bildirdi ki, ona müxtəlif siniflərdə oxuyan
zaman rus dili fənnindən dərs demişəm. O,
"4" və "5" qiymətlərlə oxuyurdu.
Çox vətənpərvər bir şagird idi. Onun
oxuduğu XI "B" sinfində ən yaxın dostu,
sirdaşı Vüqar Əsgərovla həmişə birlikdə
gəzərdi. Mübariz seyid nəvəsi olduğundan namaz
qılırdı. Bəlkə də elə buna görə
idi ki, heç bir tədbirdə şəkil çəkdirməyi
xoşlamırdı. Orta məktəbdə oxuduğu müddətdə
cəmi bir şəklini tapmışıq. O da IV sinifdə
oxuyanda çəkilib.
Bir dəfə dərs
zamanı Mübariz mənə dedi ki, müəllim, niyə mənim
köynəyimə mübarək demirsən? Bir baxın,
düymələri soldat düyməsinə oxşayır? Mən
də böyüyəndə əsgər olacam. Erməniləri
qıracam...
Mübarizlə
axırıncı dəfə bu il yayda məzuniyyət
vaxtı kəndə gələndə görüşdüm.
Məni məktəbə direktor təyin olunduğuma görə
təbrik etdi. Bizim həyətə getdik, xeyli söhbət
etdik. Ayrılanda isə dedi ki, müəllim, çox
keçməz ki, siz mənimlə fəxr edərsiz. Dedim,
ağıllım, (mən ona həmişə
"ağıllım" deyə müraciət edərdim),
elə indi də səninlə fəxr edirik .
Söhbətə qoşulan məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Böyükbəy Quliyev isə bildirdi ki, Mübarizlə qohumluq əlaqəmiz olduğundan həm məktəbdə, həm də ya onların və yaxud bizim evdə çox tez-tez görüşürdük. Həmişə də mənə
deyərdi ki, mən orduya gedəndən sonra görərsiniz,
o ermənilərin başına nə oyunlar gətirəcəm.
Oğlum Zamiqə də deyərmiş ki, vallah sizə
yazığım gəlir. Görərsiniz, mən o erməni
dığalarına qarşı elə bir hərəkət
edəcəyəm ki, onlar məni heç vaxt unutmayacaqlar.
Şəhid olsam, ağlamayın.
Mübarizin fiziki tərbiyə
müəllimi Valeh Ağayev
ona V sinifdən XI sinfə qədər dərs dediyini bildirərək
qeyd etdi ki, o, öz fiziki enerjisini idmana sərf edirdi. Məktəbdə
keçilən idman dərsləri ilə kifayətlənməyib
rayona gedər, idmanın boks növü ilə məşğul
olardı. Mütəmadi və gərgin məşqlər
öz müsbət nəticəsini verdi. Mübariz gündən-günə
mətinləşdi. Həmyaşıdları arasında
bacarıqlı və ümidverici bir boksçu kimi Ukraynada
keçiriləcək yarışlarda iştirak etmək
üçün yola düşmə ərəfəsində əli
zədələndiyindən həmin yarışlarda
iştirak edə bilmədi. Həqiqətən də idmanla
müntəzəm məşğul olması Mübarizi fiziki
cəhətdən sağlam, ucaboylu, enlikürək, yenilməz
bir cəsura çevirmişdi. Bütün bunlara baxmayaraq,
Mübariz gələcək həyatı üçün
idmanı yox, hərbçi peşəsini seçdi.
Onbirinci sinifdə Mübarizin sinif rəhbəri olmuş, coğrafiya müəllimi Əhliman Quliyev isə qeyd etdi ki, onun bu qəhrəmanlığı təsadüfi deyildi. Bizim bütün sinif iclaslarımızda vətənpərvərlikdən danışardı. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən yana-yana söhbət açardı. Bir dəfə dərsimizdə Xocalı faciəsi zamanı şəhid olan insanları, vurulan ziyanları rəqəmlərlə sadalayırdım. Birdən Mübariz məndən xahiş etdi ki, müəllim, o rəqəmləri bir də sadalayın. Qoy, o rəqəmlər yaddaşımıza həkk olunsun. Gələcəkdə bizə lazım olacaq.
Onun riyaziyyat və informatika
müəllimi Güləddin
İsayev bildirdi ki, Mübariz çox sakit, mehriban, vətənpərvər
bir şagird idi. Nurani bir çöhrəsi vardı. Sanki o,
zirvə üçün yaranmışdı. Bu zirvəyə
aparan yol isə elə idmançı olmasından
başlanmışdı. Onu bu yoldan heç bir qüvvə
çəkindirə bilməzdi.
Azərbaycan dili və ədəbiyyat
müəllimi Ülviyyə
Qurbanova isə dedi ki, Mübariz namus və qeyrət mücəssəməsi
idi. Bu, onun vətənpərvərliyindən irəli gəlirdi.
Mübariz hərbçi peşəsini ona görə
seçmişdi ki...
Hələ məktəbdə oxuduğu zaman hərbi formaya xüsusi maraq göstərən Mübarizin atası və müəllimləri onun "Əlifba" bayramında səslənən "Azərbaycan əsgəri" hərbi marşına oynamasını və atasını, sinif yoldaşlarını bu oyuna dəvət etdiyini unutmayıblar. Eyni zamanda, kənddə onu yaxşı tanıyan həmyaşıdları, dostları və müəllimləri xatırlayırlar ki, hərbi xidmətini başa çatdırıb qayıdandan sonra Mübariz çox dəyişmişdi. Onun daxilində bir narahatlıq, bir nisgil vardı. O da torpaqlarımızın düşmən tapdağı altında qalması nisgili idi. Əsgəri xidməti zamanı hərbi texnikanın sirlərini mənimsəmiş, döyüşkənlik ruhu möhkəmlənmiş Mübariz İbrahimovun qəlbində bir intiqam hissi közərirdi. Hər gün erməni işğalçılarının atəşkəsi pozmaları, mövqelərimizi atəşə tutmaları ona bir an belə rahatlıq vermir, düşmənə qarşı intiqam hissini alovlandırırdı. Hələ illərdən bəri işğal altında olan torpaqlarımızın harayı, doğma yurd-yuvasından didərgin düşmüş minlərlə soydaşımızın və bu savaşda şəhid olmuş oğullarımızın ruhları ona dinclik vermirdi. Onu intiqama səsləyirdi. Bax elə bütün bunlara görə də o, hərbçi peşəsini seçmişdi.
Düşməndən qisas
almağa and içmişdi
Mübariz qəlbində vətən, xalq adlı bir istəklə, qəhrəmanlıq, qalibiyyət, intiqam ünvanlı amalla yenidən cəbhəyə dönməyi, sona qədər yağı düşmənlə döyüşərək qisasını almağa and içmişdi. Elə buna görə də bu dəfə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün ərizə ilə müraciət edib, gizir kimi vətənin müdafiəsinə getdi...
Bir müddət sonra, 2010-cu il iyunun əvvəllərində gizir yoldaşları ilə evlərinə məzuniyyətə gəlmişdi. Sən demə, bu, onun doğmaları ilə son görüşü imiş... Mübariz bu görüşə sanki valideynlərindən halallıq almağa gəlmişdi. Atası söhbət zamanı Mübarizi fikirlərindən döndərməyin faydasız olduğunu görüb, "Üç oğlum var, birini də vətənə fəda edərəm", demişdir. Bu sözləri atasının dilindən eşidən Mübariz sevincək onun boynunu qucaqlayıb alnından öpmüşdü.
Məzuniyyət müddəti başa çatdıqdan sonra yenidən cəbhə bölgəsinə qayıdan Mübariz bir daha təmas xəttindən o üzdə düşmən nəzarətində olan torpaqlarımızı, dağılmış yurdları, sahibsiz evləri görüb özünə gələ bilmir və bütün bunların heyfini erməni işğalçılarından alacağına qəti şəkildə söz verir. Bəli, bu, həqiqətən də belə oldu...
Sonuncu məktub
Mübariz
İbrahimov bu il iyunun 18-dən 19-a keçən gecə xidmət
etdiyi hərbi hissənin əsgər və zabitlərindən
xəbərsiz düşmənlə olan təmas xəttinin kənarında
əsgər pencəyini çıxarıb bir qədər əvvəl
yazdığı sonuncu məktubu və əl telefonunu onun
cibinə qoyur. Silahını çiyninə atıb, təmas
xəttinin o tərəfinə keçir. Cəbhənin Tərtər
istiqamətində düşmənin işğalı
altında olan Çaylı kəndindəki erməni qərargahına
girərək əsl bir cəngavər kimi döyüşərək
düşmənin bağrını yarır. Ermənilər əvvəlcə
elə zənn edirlər ki, onlara qarşı Azərbaycan
ordusu hücuma keçib. Gecənin qaranlığında
çaşbaş qalan düşmən Azərbaycan əsgərinin
göstərdiyi bu şücaətin qarşısında
ağır itkilər verir. Düşmən bir neçə
saat davam edən bu döyüşə əlavə qüvvə
cəlb edir. Elə bu amansız döyüşdə
Mübariz İbrahimov qəhrəmancasına həlak olur. Həmin
gün təmas xəttinin kənarından Mübarizin əsgər
pencəyi tapılır, cibindən isə bu məktub
çıxır:
"Atama və anama məktub.
Canım atam və anam,
məndən sarı darıxmayın. İnşallah cənnətdə
görüşəcəyik. Mənim üçün bol-bol
dua edin. Vətənin dar günündə ürəyim
dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından
ürəyim sərinlik tapar. İnşallah şəhid olana
kimi bu şərəfsizlərin üstünə gedəcəm.
Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə
yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin.
Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm.
Allah böyükdür. Vətən sağ olsun.
Oğlunuz Mübariz.
Haqqınızı halal
edin.
İbrahimov
Mübariz."
Bəli, o, öz şərəfli
ölümü ilə, öz qəhrəmanlığı ilə
Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə
qadir olduğunu bütün dünyaya sübut etdi. Mübariz
bu şücaəti ilə Azərbaycan gəncliyinə
başucalığı gətirdi.
Azərbaycan əsgərinin şücaətinə
verilmiş layiqli qiymət
Respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görüldü. Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında ölkə Prezidentinin 22 iyul 2010-cu il tarixdə imzaladığı növbəti Sərəncam da respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı. Əlbəttə, bu qiymətə ən çox sevinən onun doğmaları, ata-anası, qardaşları və dostları idi. Ona görə ki, Mübariz ölumün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha Azərbaycan gəncliyinin, Vətən oğullarının, Vətən əsgərinin nümayəndəsi kimi sübut etmişdi.
Onu da qeyd edək ki, ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Biləsuvar şəhərinin mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilib. Həmçinin, Biləsuvar şəhərində xüsusi istedada malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb kompleksinə Mübariz İbrahimovun adının verilməsi barədə Nazirlər Kabineti qarşısında məsələ qaldırılmışdı. Artıq bu məsələ öz həllini taparaq 29 sentyabr 2010-cu ildə Nazirlər Kabinetinin 169 nömrəli qərarı ilə təsdiq olunub. Qərarın birinci bəndində deyilir: Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.
İnanırıq ki, bu kompleksdə təhsil alacaq uşaqların xüsusi istedadlarına Milli Qəhrəman Mübarizin vətən, torpaq sevgisi, döyüş şücaəti də qatılacaq və onların hər biri döyüşkən ruhlu mübarizlər olacaqlar.
Ziyarətgaha çevrilmiş
ev
İndi Əliabad kəndində Mübarizin doğulub boya-başa çatdığı ev əsl ziyarətgaha çevrilib. Vətən məhəbbətinin, yurd sevgisinin qəhrəmanlıq və mübarizlik timsalının ziyarətgahına. Elə həmin gün Mübarizin təhsil aldığı məktəbdən ayrılıb onların evinə getdik. Biz də "Azərbaycan müəllimi" qəzetinin redaktoru və kollektivi adından belə vətənpərvər, qeyrətli oğul böyüdüb tərbiyə etdiklərinə görə atası Ağakərim kişiyə, anası Şamama xalaya, qardaşları Bəhruz və Rəşada səmimi-qəlbdən minnətdarlıq etdik. Sonra Ağakərim kişi həyətdə Mübarizin özünün düzəltdiyi, məşqlər etdiyi turniki, ştanqı, boks əlcəyini bizə göstərdi. Bizi geniş həyətin baş hissəsində müxtəlif şəkilləri, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanış etdi. Birlikdə həyətdə düzülmüş oturacaqlardan birində onunla üz-üzə əyləşib Mübarizin uşaqlıq və gənclik illərindən bəhs edən xatirələrini dinlədik:
- Mübariz sonbeşiyimiz olduğundan onu çox istəyirdik. O, 12-13 yaşlarından idmanla məşğul olmağa başlamışdı. Məktəbdə də pis oxumurdu. Bizim ailə dindar olduğundan o da namaz qılırdı. Halallığı, düzlüyü çox sevirdi. Ordu sıralarında qulluq edib hərdən evimizə gələndə aramızda vətənpərvərlik mövzusunda söhbət edərdik. Son dəfə məzuniyyətə gələndə mübahisəmiz düşdü. Deyirdi ki, mən gedib ermənilərin bizim torpaqlarda yerləşən texnikasını partladacam, əsgərlərini öldürəcəm. Ona cavab verdim ki, ay oğul, axı bu günahdır. İcazəsiz belə iş görmə, özünü qoru. Axı sən vətəni məndən çox sevməyəcəksən ki? Mübariz isə əsəbi halda mənə cavab verdi ki, məgər ermənilərin Xocalıda törətdikləri o qırğınlar günah deyildimi? Bu qədər soydaşlarımızı yurdsuz-yuvasız qoymaları günah deyildimi?..
Mübariz bu hərəkətləri ilə, vətən yolunda ölümə getməsi ilə mənə sübut etdi ki, o, vətəni məndən çox sevirmiş... O, mənə qalib gəldi...
Bu hadisədən bir gün əvvəl
isə evimizə zəng etmişdi. Mənimlə az
danışdı. Anası ilə isə bir xeyli söhbət
etdi. Dedi ki, qardaşlarımı evləndirin. Hər şey
yaxşı olacaq. Məndən nigaran qalmayın. Onun bu
sözlərindən sonra anasının gözləri yol
çəkirdi. Özünü çox narahat hiss edirdi. Elə
bil ürəyinə nə isə dammışdı... Səhəri
gün bu xəbəri eşitdik...
Ağakərim kişi də
bir qədər kədərlənmişdi. Amma o,
özünü ələ alıb nə isə demək istəyirdi
ki, qapıda yeni ziyarətə gələnləri
görüb ayağa qalxdı. Qonaqları
mehribanlıqla qarşılayıb içəri dəvət
etdi.
Bura ziyarətə gələn
insanların təsəlli sözlərinə ata və
ananın yalnız bir cavabı olurdu... Təki Vətən
sağ olsun!..
Elə Mübariz də Vətənin
yaşamasını özünün bir ömür yaşamaq
şirinliyindən üstün tutub canından keçdi. Onun
qəhrəmanlığı gənclərimiz
üçün bir örnək olacaqdır.
Bəli, belə Mübarizləri
olan Vətən isə heç zaman basılmayacaq. Mübarizin
yüksəldiyi şəhidlik zirvəsi, Milli Qəhrəman
adı həmişə uca tutulacaq.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.16-17.