Dünya iqtisadiyyatının
qloballaşdırılması şəraitində ali təhsilin beynəlmiləlləşdirilməsinin
bir sıra aspektləri
Qloballaşdırılma və beynəlmiləlləşdirilmə
anlayışları
Son illərdə
dünyada baş verən tendensiyalar haqqında fikirləşdikdə
ilk öncə ağlımıza qloballaşdırma və
beynəlmiləlləşdirmə sözləri gəlir. Alimlər bu
prosesləri çox zaman dünyada baş verən texnoloji və
sosial cəhətdən əhəmiyyətli dəyişikliklərlə
bağlı öyrənirlər. Bir sıra tədqiqatçıların
fikrincə, qloballaşdırma və beynəlmiləlləşdirmə
anlayışlarının mənaları bir-birlərinə
oxşar olsa da, bu proseslər dialektik cəhətdən bir-birlərindən
köklü şəkildə kəskin fərqlənir.
Belə ki, qloballaşdırma hibrid dünya mədəniyyətinin yaradılması və milli ənənələrin sanki qarışdırılması kimi başa düşülür. Qloballaşdırma millətlər arasında əməkdaşlığın inkişafına və beynəlxalq əmək bölgüsünün dərinləşməsinə səbəb olan bir prosesdir. Qloballaşdırma həmçinin cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi ilə əhəmiyyətli dərəcədə bağlıdır.
Bir sözlə, deyə bilərik ki, qloballaşdırma prosesi bizim ictimai, iqtisadi və mədəni həyatımız üçün daimi xarakter daşıyır. BMT, Dünya Bankı, CNN, Qrinpis, Avropa İttifaqı və digər bu kimi beynəlxalq təşkilatlar, təhsil sahəsi də daxil olmaqla, dünyada baş verən qloballaşdırma prosesinin daha da sürətləndirilməsində mühüm rol oynayırlar.
Beynəlmiləlləşdirmə
isə ayrı-ayrı xalqlar arasında təcrübə
mübadiləsinə əsaslanır.
Ümumiyyətlə,
qloballaşdırma və beynəlmiləlləşdirmə təhsilin,
xüsusən ali təhsilin yenidən
formalaşmasına səbəb olan və bir-birilə
qarşılıqlı əlaqəli olan proseslərdir.
Ali təhsil sahəsində beynəlmiləlləşdirilmə
Qloballaşdırmadan fərqli olaraq, universitetlərin beynəlmiləlləşdirilməsi yeni anlayış deyildir. Belə ki, ali təhsildə beynəlmiləlçilik ruhu tarixən yüksələn sürətlə inkişaf etmişdir.Tarixə nəzər salsaq, görərik ki, incəsənət, elm və təhsil sahələrində mədəniyyətlərarası əməkdaşlıq ideyaları artıq orta əsrlərdən təşəkkül tapmağa başlamışdır. Həmin dövrlərdən başlayaraq universitetlər əldə etdikləri elm və biliklərin öz çərçivələrindən kənara yayılması məqsədini daşıyan sosial və mədəni təzahür kimi nəzərdən keçirilmişdir. Eyni zamanda 19-cu və 20-ci əsrlərdə yaradılmış ali təhsil ocaqları ali təhsilli peşəkar kadrların yetişdirilməsi ilə bağlı ənənəvi vəzifələri yerinə yetirməklə yanaşı, həmçinin milli səviyyələrdə elm və texnikanın inkişafı ilə məşğul olmuşlar. XX əsrin ikinci yarımilliyindən başlayaraq ali məktəblər təhsil imkanlarının demokratikləşdirilməsinə və təhsilin sərhədlərdən kənara yayılması proseslərinə güclü şəkildə cəlb olunmuşlar.
Müasir qlobal iqtisadiyyat şəraitində ali təhsilin kütləvi şəkil alması dövlətin rəqabət qabiliyyətinin zəmanəti kimi nəzərdən keçirilir.
Tarixən ali təhsil ocaqlarının əksəriyyəti dövlətin himayəsində olmuş və beləliklə, həmin ali məktəblər dövlət siyasəti çərçivəsində formalaşmış, mövcud ali təhsil sistemləri, onların tənzimlənməsi metodları, qaydaları konkret ölkənin milli iqtisadiyyatına və mədəniyyətinə uyğunlaşmışdır.
Təhsilin beynəlmiləlləşdirilməsinin məqsədləri
İqtisadiyyatın, həmçinin biznesin
qloballaşdırılması və beynəlmiləlləşdirilməsi
proseslərinin inkişafı ali təhsilin
qarşısında qlobal əmək bazarının daim dəyişən
şəraitində effektiv iş qabiliyyətinə malik
olan peşəkar kadrların
hazırlanması kimi yeni məqsədlər qoyur.
Təhsilin beynəlmiləlləşdirilməsi
əsasən aşağıdakı məqsədləri
özünə hədəf seçir:
- Ödənişli təhsil
üzrə əcnəbi tələbələrin cəlb edilməsi
vasitəsilə maliyyə daxilolmalarının diversifikasiyası
və artımı;
- Tədris planlarının
genişləndirilməsi və yerli tələbələrin
xarici partnyor ali məktəblərdə təhsil almaları;
- Mövcud resurslardan səmərəli
istifadənin təmin edilməsi üçün ali məktəbin
regional şəbəkəsinin genişləndirilməsi;
- Tələbə və
müəllimlərin beynəlxalq bilik və təcrübə
mübadiləsində iştirak etmələri hesabına aparılan
elmi tədqiqatların və təhsilin keyfiyyətinin yüksəldilməsi
və s.
Qeyd edək ki, ali təhsil müəssisələri arasındakı beynəlxalq əməkdaşlıq müştərək tədqiqat layihələrinin, tələbə və müəllimlər üçün mübadilə proqramlarının, həmçinin əcnəbi tələbələr üçün xüsusi proqramların təşkil olunmasında böyük imkanlar yaradır.
Müasir dövrdə ali məktəblərin əksəriyyəti beynəlxalq fəaliyyətlə məşğul olur və bu, bir qayda olaraq, beynəlmiləlləşdirmənin daha sadə və adi səviyyəsidir. Ali təhsilin beynəlmiləlləşdirilməsinin daha yüksək səviyyəsi dedikdə isə müvafiq ali məktəbin ictimai fəaliyyətinin və tədqiqatlarının beynəlxalq təcrübə kimi geniş miqyasda təhsilə sistematik inteqrasiyası prosesi başa düşülməlidir. Bu mənada, hətta bir sıra böyük akademik mərkəzlər də daxil olmaqla, ali məktəblərin əksəriyyəti sözün əsl anlamında beynəlxalq səviyyəli hesab edilə bilməz.
Müasir dövrdə ali təhsilin
beynəlmiləlləşdirilməsinin yeni mərhələsi
XXI əsrdə ali təhsil çox xüsusiyyətləri ilə fərqlənir və tədrisin məzmunu və təşkilndə müəyyən dəyişikliklərin edilməsini tələb edir. Bu dəyişikliklər müasir dövrdə inkişafın ayrılmaz hissəsi hesab edilir. Belə ki, texniki yeniliklərin tətbiqi texnoloji proseslərin dəyişilməsinə, bu isə öz növbəsində həmin proseslərin idarə olunmasında və yeni tələblərə uyğun kadrların hazırlanmasında dəyişikliklərə səbəb olur və proseslər gözlənildiyindən də çox sürətlə baş verir. XX əsrin sonlarından başlayaraq bu dəyişikliklərin miqyası və sürəti hətta o qədər yüksəldi ki, artıq bu dəyişikliklərin idarə olunması sisteminin yaradılması zərurəti yarandı. Bu səbəbdən XXI əsrin əvvəlindən başlayaraq proqressiv və sürətli dəyişikliklər müəssisələrin uğurlu fəaliyyətinin əsas tələblərindən birinə çevrildi, bu dəyişikliklərin idarə olunması vərdişi isə müəssisə rəhbərinin əsas keyfiyyət göstəriciləri sirasına daxil oldu.
Təhsil sferasında baş verən dəyişikliklərin əsas amili sürətlə artan informasiya axınıdır. Bu artım elə templə baş verir ki, köhnə metodlar və hətta təhsil sisteminin özü belə, bunun öhdəsindən gəlməkdə aciz qalır. Dəyişikliklərin bu tempi nəticəsində biliklərin yenilənməsi də elə sürətlə baş verir ki, ali təhsilin sonunda tələbənin əldə etdiyi biliklər öz dövrü üçün köhnəlmiş hesab olunur. Buna görə də müasir dövrdə peşə biliklərinin daim yenilənməsinə, yəni fasiləsiz və ömürlük təhsilə ehtiyac daha çoxdur.
Bəhs etdiyimiz bu dəyişikliklər təhsil prosesi üçün xarakterikdir və bütünlükdə dünyanın ayrı-ayrı region və ölkələrinin iqtisadiyyatını əhatə edən proseslərin geniş fonunda baş verir. Tələbələr xarici ölkələrdə təhsil alır, əldə etdikləri bilikləri isə dünyanın istənilən ölkəsinin beynəlxalq şirkətlərində işləyərək tətbiq edirlər. Qeyd edək ki, Avropa İttifaqı tələbələrin xarici ölkələrdə təhsil almalarını stimullaşdıran xüsusi təqaüdlər və proqramlar hazırlayıb tətbiq edir. Böyük Britaniyanın, ABŞ-ın, Kanadanın aparıcı ali məktəblərində tələbələrin 80 faizini əcnəbi tələbələr təşkil edirlər.
Hazırkı dövrdə müasir informasiya texnologiyalarının, distant (məsafədən) təhsil imkanlarının genişlənməsi milli sərhədləri təhsil xidmətləri üçün tam şəffaf etmişdir. Nəticədə dünya üzrə vahid təhsil xidmətləri bazarı yaranmışdır və burada müxtəlif ölkələrin ali məktəbləri milli sərhədləri aşaraq tələbələrə özlərinin məhsul və xidmətlərini təklif edirlər.
Artıq ali təhsil üzrə dünya sisteminin tarixi inkişafının elə mərhələsinə qədəm qoymuşuq ki, bu mərhələdə ali təhsil müəssisələrinin milli cəhətdən fərdiləşməsi beynəlmiləlləşdirmə və qloballaşdırmanın nəticə və perspektivləri ilə daha çox ziddiyyət təşkil etməyə başlayır. Bu fundamental ziddiyyət universitet diplomlarının və ixtisasların tanınması, keyfiyyətin qiymətləndirilməsinin beynəlxalq formaları, beynəlxalq akkreditasiya və digər bu kimi müxtəlif problem və məsələlər ilə əlaqədar yaranır. Bu ziddiyyətin aradan qaldırılması ilə bağlı real addımlar atmaq üçün isə ali təhsilin beynəlmiləlləşdirilməsinin əsas forma və xarakteristikasını, problem və perspektivlərini işləyib hazırlamaq lazımdır.
Tələbələrin mobilliyi
Ali təhsilin beynəlmiləlləşdirilməsinin əsas formalarından biri tələbələrin mobilliyidir. Tələbələrin mobilliyi dedikdə xarici ölkələrdə təhsil almağa üz tutmuş tələbələrin müəyyənləşdirilmiş sayı başa düşülür. Əlbəttə, tələbələrin digər ölkələrə təhsil almağa getmələri yeni bir hadisə deyil. Avropa ölkələrinin əksəriyyəti artıq neçə illərdir ki, öz keçmiş koloniyalarından daimi tələbə axınını qəbul edir. "Soyuq müharibə" dövründə Sovet İttifaqının və Şərqi Avropanın ali məktəbləri də özlərinin ideologiyalarına uyğun ölkələrdən tələbələr cəlb edirdilər. Demək olar ki, son 40 il ərzində ali təhsil almaq üçün milli sərhədləri aşıb keçən bu cür tələbə axınının artım templəri hətta ali təhsilin miqyasının genişlənməsi templərini də ötüb keçmişdir. YUNESKO-nun məlumatlarına əsasən, son 25 il ərzində tələbələrin beynəlxalq mobilliyi 300 % artmışdır. Ekspertlərin fikrincə, xaricdə oxuyan tələbələrin sayı 2010-cu ilin sonuna qədər 2,8 milyona çatacaq, 2025-ci ildə isə bu rəqəm 4,9 milyon təşkil edəcəkdir.
Tələbələrin mobilliyi müxtəlif dövlət və regional proqramlarla stimullaşdırılır. Ölkələrin əksəriyyəti bu sahədə ikitərəfli və çoxtərəfli qarşılıqlı müqavilələr və razılaşmalar tətbiq edir.
Bundan əlavə, yuxarıda qeyd olunan proqramlardan kənar öz hesabına xaricdə təhsil almağa üz tutan tələbələrin sayı da dünya üzrə tələbə mobilliyinin əsas hissələrindən birini təşkil edir. Bir tərəfdən ali məktəblər təklif etdikləri təhsil xidmətlərinin şəbəkəsini genişləndirmək məqsədilə xarici ölkələrdə öz filiallarını açır, kampuslar yaradır, həmin ölkələrin yerli təhsil müəssisələri ilə əməkdaşlıq edir, məsafədən (distant) təhsil texnologiyalarından və digər bu kimi üsullardan istifadə edirlər. Digər tərəfdən təhsil əldə edilməsi yollarında olan milli müxtəliflik, müəyyən ixtisaslar üzrə qəbul sayında olan məhdudiyyətlər həmin ölkələrin tələbələrini təhsillərini xarici ölkələrdə davam etdirməyə vadar edir. Tələbələrin dil bilikləri və mədəniyyətlə bağlı təsəvvürləri onları əsasən Böyük Britaniya, Fransa və ABŞ-ın təhsil müəssisələrində təklif olunan proqramlar üzrə təhsil almağa sövq edir. Müasir dövrdə ingilis dilinin əsas elmi dil hesab edilməsi və ikinci dil kimi daha çox öyrənilməsi ABŞ, Böyük Britaniya ilə yanaşı, bu siyahıya Kanada və Avstraliyanın da daxil olmasını şərtləndirmişdir.
Onu qeyd etmək lazımdır ki, müasir dövrdə xaricdə təhsil alan tələbələrin sayının artması digər tərəfdən bu tələbələri qəbul edən ali məktəblərin, dövlətlərin iqtisadi maraqları ilə də daha çox bağlıdır. Belə ki, təhsil xidmətlərinin beynəlxalq bazarı iqtisadiyyatın çox sürətlə inkişaf edən sektoruna çevrilir və bu sektorun əsas elementi kimi təhsil müəssisələrinin beynəlxalq marketinqlə məşğul olmaqla xarici tələbələrin cəlb edilməsi istiqamətində apardıqları məqsədyönlü fəaliyyət çıxış edir.
XXI əsrdə ali təhsilin beynəlmiləlləşdirilməsi prosesinə təsir edən dəyişikliklər
Ümumiyyətlə,
son illərdə baş verən tendensiyaları nəzərdən
keçirdikdə məlum olur ki, XXI əsrdə ali təhsilin
beynəlmiləlləşdirilməsi prosesinin özü yeni
xüsusiyyətlər əldə edərək dəyişikliklərə
məruz qalır. Bu dəyişikliklərə
aşağıdakıları aid etmək olar:
- İqtisadiyyatın
qloballaşması prosesi təhsilə təsir edir. Əlbəttə, dünya iqtisadiyyatının
qloballaşması təhsil sahəsindən də yan
keçmir və bu sahəyə öz təsirini göstərir.
- Beynəlmiləlləşdirmənin
motivləri dəyişir. Belə ki, mədəni
və təhsil motivlər iqtisadi motivlərlə əvəz
olunur. Bu iqtisadi motivlər qısamüddətli (ali məktəbin əcnəbi tələbələrin
ödənişlərindən əlavə gəlir əldə
etməyə can atmaları) və uzunmüddətli (regionlar
arasında partnyorluq münasibətlərinin yaradılması
və müvafiq ixtisaslı mütəxəssislərin
hazırlanması) ola bilər.
- Təhsil xidmətlərinin
beynəlxalq bazarı güclü rəqabət şəraitində
inkişaf edərək möhkəmlənir.Ayrı-ayrı regionlarda
təhsil xidmətlərinin lazımi səviyyədə və
keyfiyyətdə olmaması və yaxud məhdudluğu beynəlxalq
miqyasda ali təhsilə olan tələbatın
yüksəlməsinə səbəb olur və bu da təhsil
xidmətlərini təklif edən ali məktəblər, müvafiq
şirkətlər və ölkələr arasında rəqabəti
gücləndirir.
- Tələbələrin
yaş senzi və profili dəyişir. Müasir dövrdə fasiləsiz
təhsilə olan tələbat həm milli, həm də beynəlxalq
səviyyədə təhsil proqramlarının müxtəlifliyi,
təhsilin müddətləri və vəzifələri
baxımından çevikliyi, əvvəlki təhsilin obyektiv
qiymətləndirilməsini və digər bu kimi tələbləri
qarşıya qoyur.
Qeyd olunan bu dəyişikliklər
beynəlxalq səviyyədə
nəinki ayrı-ayrı ölkələr, həmçinin
bütün regionlar üzrə rəqabətqabiliyyətli ali
təhsil mühitinin möhkəmləndirilməsinə
yönəlmiş tədbirlərin görülməsi zərurəti
yaratmışdır.
Yuxarıda qeyd olunanları
ümumiləşdirərək deyə bilərik ki, son illərin
ən mühüm tendensiyaları, ali təhsil
də daxil olmaqla, ictimai həyatın bütün
sferalarını əhatə edən güclü inteqrasiya
prosesləri sayılır. Ali təhsil və
elmi biliklərə yiyələnmə ictimai inkişafın əsas
amilinə çevrilir, insanların, cəmiyyətin və
millətlərin mədəni, sosial və iqtisadi cəhətdən
davamlı inkişafının zəmanəti kimi
çıxış edir.
Azərbaycanda xaricdə təhsilin qısa tarixi
Əlbəttə,
bu gün dünyada sürətli iqtisadi inkişaf tempinə
nail olan Azərbaycan da dünyada gedən müsbət
tendensiyalardan kənarda qalmır.
Tarixə nəzər salsaq görərik ki, XX əsrin əvvəllərinədək həmyerlilərimiz tarixin müxtəlif dövrlərində, sistemli və davamlı şəkildə olmasa da, xaricdə təhsil almışlar. Lakin Azərbaycanda dövlət səviyyəsində planlı və məqsədyönlü şəkildə xaricdə təhsil XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə başlanmışdır.
Bundan sonrakı illərdə də respublikadan kənarda təhsil almaq təcrübəsi mövcud olsa da, bu həm məzmun, həm də əhatə dairəsi baxımından böyük mahiyyət kəsb etməmişdir.
Lakin ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra bu istiqamətdə respublika səviyyəsində ciddi addımlar atılmağa başlanılmışdır.Belə ki, 1970-ci ildə respublikadan kənarda təhsil almağa 70 nəfər gənc göndərildiyi halda, 70-ci illərin sonunda bu rəqəm 900 nəfər, 80-ci illərin əvvəllərində isə ildə 1000-1400 nəfər təşkil etmişdir. Ümumilikdə həmin dövrdə 15 mindən çox gənc Sovet İttifaqının nüfuzlu ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil alaraq Vətənə dönmüşlər. Azərbaycanın həmin dövrlərdə inkişaf tarixinə nəzər salsaq görərik ki, ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsində həmin mütəxəssislər böyük rol oynamışlar.
Müasir Azərbaycanda xaricdə
təhsilə dövlət qayğısı
XX əsrin sonlarında Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da xaricdə təhsil ölkənin təhsil siyasətinin prioritet sahəsi kimi yenidən diqqət mərkəzində olmuş, elm və təhsil sahələrində tədqiqatçıların, müəllim və tələbələrin mübadiləsi geniş vüsət almağa başlamışdır. Belə ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu istiqamətində uğurlu addımlar atmaqla yanaşı, beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığı inkişaf etdirməyə başlamış, qabaqcıl dünya ölkələri ilə müxtəlif sahələrdə inteqrasiya proseslərinə qoşulmuşdur. Beləliklə, ölkəmizin daxili və xarici siyasətini təmin edən təsisatların fəaliyyəti, müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, regionların inkişaf səviyyəsindəki fərqlərin aradan qaldırılması və iqtisadiyyatın yeni infrastrukturunun formalaşdırılması məqsədi ilə hökumət tərəfindən həyata keçirilən tədbirlər respublikamızda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı probleminin həllini zəruri etmişdir. Artıq neçə illərdir ki, bu istiqamətdə ölkədə dövlətin dəstəyi ilə mühüm işlər görülür.
Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində tənzimlənir. Xarici ölkələrdə kadr hazırlığı məhz Azərbaycanın xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyalarından əla istifadə bacarıqlarına yiyələnən və beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacının qarşılanmasına xidmət edir. Xaricdə təhsilə olan ümummilli lider Heydər Əliyevin qayğısı bu gün ölkə başçısı İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Belə ki, azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidenti 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı imzalamış və həmin ildən bu Dövlət Proqramının icrasına başlanılmışdır.
Ümumiyyətlə, Azərbaycanda xaricdə təhsil proqramları mahiyyətinə görə müxtəlif formalarda həyata keçirilir və bunlara əsasən aşağıdakılar aiddir:
1) Öz imkanları hesabına xaricdə təhsil.
Ümumiyyətlə, xaricdə təhsilin daha geniş yayılmış forması gənclərin birbaşa təhsil müəssisələrinə müraciəti və müvafiq qəbul prosedurlarını keçdikdən sonra öz hesablarına fərdi müqavilə əsasında təhsil almalarıdır. Hazırkı dövrdə ölkəmiz üzrə belə tələbələrin sayı on minlərlədir. Təəssüf ki, bu tələbələrin sayının dəqiq statistikasını müəyyənləşdirmək çox çətindir.
2) Müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsil.
3) Dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilən xaricdə təhsil.
Bu zaman qeyd olunan ikitərəfli razılaşmalara əsasən, hər iki tərəf tələbələrin təhsili ilə bağlı xərcləri öz üzərlərinə götürür, bir sıra xərcləri isə qarşılıqlı razılaşma çərçivəsində ödəyirlər. Belə xərclərə təhsil haqqı, yaşayış, yol xərcləri və digər xərclər aiddir.
4) Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil.
Qeyd olunan Dövlət Proqramı azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək və istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması məqsədini daşıyır. Bu proqram çərçivəsində 2015-ci ilədək 5000 gəncin xaricdə təhsili planlaşdırılır. Həmçinin bu proqram çərçivəsində gənclərin xarici ölkələrdə təhsilləri ilə bağlı bütün xərclər Dövlət Neft Fondunun vəsaitləri, yəni neftdən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" və ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin "Neft kapitalının insan kapitalına çevrilməsi bizim əsas prioritetimizdir" kəlamlarının təsdiqinə bariz nümunədir.
Hazırda uğurla həyata keçirilən Dövlət Proqramı çərçivəsində və eləcə də yuxarıda qeyd olunan digər təhsil formaları üzrə, demək olar ki, Avropa ölkələrinin əksəriyyətində, habelə ABŞ, Kanada, Rusiya, Türkiyə, Çin, Yaponiya, Cənubi Koreya və s. ölkələrdə minlərlə Azərbaycan vətəndaşı təhsil alır.
Qeyd olunan Dövlət Proqramı
çərçivəsində Təhsil Nazirliyi bir sıra
xarici tərəfdaşlarla əməkdaşlıq edir. Bu təşkilatlara
Fransa Dövlət Ali və Orta təhsilin Təşkili Mərkəzi
(CNOUS), Alman Akademik Mübadilə Xidməti (DAAD),
ABŞ-ın Beynəlxalq Təhsil İnstitutu aiddir.
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
artıq məzun olmuş tələbələrimiz də
vardır ki, onların əksəriyyəti ölkəmizin
dövlət və özəl sektorunun müxtəlif
qurumlarında çalışır.
Onu da qeyd etmək
lazımdır ki, xarici ölkələrdəki
gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan
xalqının təmsilçisi, onun qədim mədəniyyətinin,
adət və ənənələrinin təbliğatçılarıdır.
Buna görə də onların Vətən
qarşısında böyük məsuliyyətləri
vardır.
Əcnəbi tələbələrin Azərbaycanda
ali təhsilə marağı
Azərbaycan tələbələrinin
təhsil almaq üçün xarici ölkələrə
üz tutduqları kimi, bir sıra qonşu və digər
dövlətlərin tələbələri də ölkəmizin
ali təhsil müəssisələrində
təhsil almağa üstünlük verirlər. Cədvəldən
göründüyü kimi, dünyanın 24-dən çox
ölkəsindən Azərbaycanda ali təhsil almağa maraq
göstərilir və bu da təbii prosesdir. Belə ki,
artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa
ali təhsil məkanına inteqrasiya istiqamətində
inkişaf etməkdədir və bunun da əsas məqsədi
ölkənin ali təhsilinin dünya təhsil sisteminə
inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə
uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin
təmin edilməsi, ölkə iqtisadiyyatının
inkişaf tələblərinə uyğun ali təhsilli
kadrlara tələbatın ödənilməsi, əhalinin ali
təhsil almaq imkanlarının təmin edilməsi
üçün iqtisadi və sosial baxımdan səmərəli
ali təhsil sisteminin formalaşdırılmasıdır.
Ümumiyyətlə, sonda
qeyd olunanlar əsasında belə bir nəticəyə gəlmək
olar ki, müxtəlif elmlər üzrə yüksək səviyyəli
mütəxəssislərin hazırlanması ilə nəticələnən
ali təhsilin beynəlmiləlləşdirilməsinin
ümumi inkişafı bütün dünyada mövcud olan
böhran və konfliktlərin aradan qaldırılmasında mühüm rol oynayacaqdır.
Şahrza ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.12-13.