Yüksək fəxri ad və
"Tərəqqi" medalı alması xəbərini
kim necə qarşılayıb
Hər il olduğu kimi, bu il də
Beynəlxalq Müəllimlər Günü ərəfəsində
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamları ilə ölkəmizdə təhsilin
inkişafındakı xidmətlərinə görə bir
qrup təhsil işçisi orden və medallarla, "Əməkdar
müəllim" fəxri adı ilə təltif olunub. Təltif
olunanlar, bütövlükdə təhsil ictimaiyyətimiz bunu
ölkə başçısının təhsilə, təhsil
işçilərinə davamlı olaraq göstərdiyi diqqət
və qayğının yeni nümunəsi kimi
qarşılayıb, müəllim əməyinə verilən
yüksək qiymət kimi dəyərləndiriblər. Təbii
ki, çoxillik zəhmətinin layiqincə qiymətləndirilməsi
təltif olunanların hər birində böyük sevinc və
məmnunluq hissləri, minnətdarlıq duyğuları
doğurub. Bəs onlar yüksək mükafat almaları xəbərini
hansı şəraitdə eşidiblər, necə
qarşılayıblar? Həmin
suallarla bu il "Əməkdar müəllim"
fəxri adı və "Tərəqqi" medalı
almış 4 müəllimə müraciət etdik.
"Bu xəbəri mənə 276 nömrəli məktəbin
direktoru dedi"
Həqiqə Məmmədova (Bakıdakı 177 nömrəli məktəbin
direktoru):
- Həyatımın 40 ilini
təhsilə həsr etmişəm. 1972-ci ildən
pedaqoji fəaliyyətdəyəm. 1981-ci
ildən bu günədək isə təhsil sahəsində
müxtəlif rəhbər vəzifələrdə işləmiş,
məktəb direktoru, Xətai və Binəqədi
rayonları təhsil şöbələrinin müdiri
olmuşam. Həyatımda təhsillə
bağlı maraqlı, yaddaqalan hadisələr çox olub.
Təltiflər də görmüşəm.
Belə ki, keçmiş SSRİ-nin, Azərbaycanın
maarif əlaçısıyam. Krupskaya adına
medalın, mənim üçün xüsusilə əziz
olan Mehdi Mehdizadə adına mükafatın laureatıyam. Bunlar hamısı həyatımda iz qoyub və məni
daha yaxşı işləməyə sövq edib.
Şəxsi uğurlarıma da, rəhbərlik etdiyim məktəblərin, rayon təhsil şöbələrinin uğurlarına da çox sevinmişəm. Lakin builki qədər sevindiyim, yəqin ki, olmayıb. Çünki bu il iki böyük uğur bizə nəsib olub. Biri məktəbimizin adı ilə bağlı, digəri isə şəxsi uğurum. Məktəbimizin uğuru budur ki, təhsil müəssisəmiz möhtərəm Prezidentimizin sərəncamı ilə artıq üçüncü ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gələrək 10 min manatla mükafatlandırılıb.
Müsabiqə 2007-2008-ci dərs ilindən başlasa da etiraf edim ki, onda iştirak etməyə həvəsli deyildim. Düşünürdüm ki, mən özüm bir təhsil işçisi kimi müsabiqədə iştirak etməyə layiqəm. Çünki bu gün də müəllimlik sənətimdən böyük zövq alıram və çalışıram ki, dünya təhsil sistemində olan bütün yenilikləri təhsilimizə gətirim. Tədris etdiyim kimya fənninə də münasibətim çox gözəldir. Proqramlar müəllifiyəm.
Lakin müəllim
kimi, məktəb direktoru kimi mükəmməl olsam da
düşünürdüm ki, hələ məktəbimizin fəaliyyətində
müəyyən çatışmazlıqlar var və
onları aradan qaldırmalıyıq. Buna baxmayaraq, həmkarlarımın,
kollektivimizin məsləhəti ilə ötən il müsabiqəyə qatıldıq və
gördüyünüz kimi indi onun qalibləri
sırasındayıq.
Ötən il
şagird fəaliyyəti ilə bağlı çoxlu
uğurlarımız olub. X sinif şagirdimiz Nəsrəddin Əfəndi
TOEFL proqramı üzrə yüksək bal
toplayaraq tələbə adını qazanıb və XI sinfi
qurtardıqdan sonra Kanada universitetlərinin birində oxuyacaq.
Bir məzunumuz - Adil Məmmədov ali məktəblərə
qəbul imtahanlarında 600-dən yüksək bal toplayaraq
Prezident təqaüdünə layiq görülüb. 7 nəfər yuxarı sinif şagirdimiz fənn
olimpiadalarının ikinci şəhər mərhələsində
müxtəlif fənlərdən I yerləri tutub və
respublika turuna vəsiqə qazanıb. İdmançılarımızın
uğurlarını isə saymaqla qurtarmaz. Hətta ibtidai siniflər də məktəbimizin
uğur "daxılına" öz töhfələrini
veriblər. 4-cü sinif şagirdlərindən
ibarət futbol komandamız idmanın bu növü üzrə
keçirilən birinciliyin qalibi olaraq medallarla və kuboklarla
mükafatlandırılıblar, onlara idman forması hədiyyə
verilib və s.
Məqsədim
bütün uğurlarımızı saymaq deyil. Deməyim odur
ki, məhz belə kollektiv, fədakar işin nəticəsi
olaraq müsabiqədə qalib gəldik. Mükafat
olaraq aldığımız 10 min manat pulu da məktəbimizin
maddi-texniki bazasının möhkəmlənməsinə,
İKT ilə təminata xərcləməyi qərara
almışıq.
Məhz buna görə də mən, şəxsi planda da olsa, özümü ona layiq bilsəm də, dövlət səviyyəsində hər hansı yeni bir təltif gözləmirdim. Bu baxımdan fəxri ad almağım xəbəri mənim üçün tamamilə gözlənilməz oldu.
"Əməkdar müəllim" adını almağım xəbərini mənə hələ Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyərkən yaxşı tanıdığım 276 nömrəli məktəbin direktoru Bəhram Şiriyev verdi. Ayın 5-də səhər
tezdən zəng etmişdi. Beynəlxalq Müəllimlər
Günü münasibəti ilə təbrik etmək
üçün. Əlavə etdi ki, adınız münasibəti
ilə də təbrik edirəm. Duruxdum. Elə bildim ki, məktəbimizin
müsabiqədə qalib gəlməsinə işarə edir.
Lakin axı o vaxtdan xeyli keçib. Dedim ki, nə ad? Dedi:
"səhər qəzet almışam, təltif olunanlar
arasında sənin də adın var. Çox sevindim və sizə
zəng etdim".
Təltif
olunmağımdan beləcə xəbər tutdum və təbii
ki, çox sevindim. Bir azdan isə təbriklər
başlandı.
Əməyimə,
çoxillik fəaliyyətimə verilən böyük dəyərə
görə möhtərəm Prezidentimiz İlham Əliyevə,
hər zaman dəstəyini, köməyini hiss etdiyim təhsil
naziri Misir Mərdanova, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyevaya minnətdarlığımı
bildirir, fəxri ad alan bütün təhsil işçilərini
təbrik edir, onu layiq olanların hamısına arzulayıram.
Bu adın çox böyük məsuliyyəti
var, olduğundan da yaxşı işləmək məsuliyyəti.
"Zəhmətimin mükafatsız qalmayacagına əmin
idim"
Almaz Həsrət (Bakı şəhərindəki Ə.Əliyev adına 204 nömrəli orta məktəbin
biologiya müəllimi):
- Mənim tez-tez işlətdiyim
bir ifadə var: öyrənmək istəyən 100 imkan, vasitə
və ya üsül, yol tapar, öyrənmək istəməyən
100 bəhanə. Bu sözlər mənim həyat
amalıma çevrilibdir. Çalışıram
ki, həmişə daim axtarışlarda olum və öyrənmək
üçün, hansısa yeni metodikanı əldə etməkdən
ötrü 100 üsul tapım.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "İntel" şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə "İntel: gələcək üçün təhsil" kursunun təlimçisi, Azərbaycan İnternet Forumunun üzvüyəm.
"İntel: gələcək üçün təhsil" və Rusiyanın "Trans Telekom" şirkətlərinin birgə təşəbbüsü ilə keçirilən "300 intellektual məktəb" beynəlxalq İnternet layihə müsabiqəsində 1-ci dərəcəli Fəxri fərman və diplomlara layiq görülmüşəm.
2008-2009-cu tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam.
2010-cu ildə Təhsil Nazirliyi və "Microsoft-Azərbaycan" şirkətinin birgə keçirdiyi "İnnovatıv müəllimlər" müsabiqəsində 2-ci yeri tutmuşam.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2010-cu ildə təşkil etdiyi "Elektron təhsil" respublika müsabiqəsində "İKT-dən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" və "Təhsildə İnternet texnologiyaları" nominasiyalarının hər birində 2-ci yerə çıxmışam.
Mən, hər halda, təhsil sahəsində gördüyüm zəhmətimin diqqətdən kənar qalmayacağına inanırdım. Bu inam məndə ümidlə qatıldığım "Ən yaxşı müəllim" müsabiqəsində daha çox yaranmışdı.
"Əməkdar müəllim" adını almağım xəbərini İnternetdən, AzərTac-ın saytından bildim. Siyahıda
adımı görcək, çox sevindim. Hətta gözlərim doldu. Həyəcanlandım.
Bu cür gözəl sürpriz, bu cür gözəl xəbər
hər halda adamı lap sevindirirdi...
Təbii ki, belə
yüksək ada layiq görülməyim məndə hər
şeydən öncə minnətdarlıq hissi doğurur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə
və təhsil işçilərinə göstərdiyi diqqət və
qayğıya görə öz dərin minnətdarlığımı
bildirirəm. Bu sərəncam müəllim üçün
çox böyük stimuldur!
"Evdə böyük həyəcan
yaşandı"
Yusif Qazıyev (Bakıdakı 276 nömrəli məktəbin alman
dili müəllimi, pedaqoji elmlər namizədi):
- Həmin gün mən
məktəbə getməyə hazırlaşırdım, dərsim
2-ci saat idi. Elə evdən çıxmaq istəyirdim ki,
telefon zəng çaldı. Dəstəyi
qaldırdım. Məktəbimizin direktor müavini idi. Fikirləşdim
ki, yəqin dərsimin olmasını xatırlatmaq istəyir.
Lakin salam-kəlamdan sonra dedi ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin sərəncamı ilə mənə
"Əməkdar müəllim" fəxri adı verilib.
Evdə böyük həyəcan yaşandı, bütün
ailə üzvlərimiz məni təbrik edib, dövlətimizin
müəllimlərə olan qayğısını
alqışladılar.
Doğrusu, özümü bu ada layiq bilsəm də, gözləmirdim. Mən hələ birinci sinfə gedərkən uşaq təxəyyülümdə müəllim olacağımı canlandırırdım. Sonralar bunu məqsəd olaraq qarşıma qoydum və məqsədimə çatdım. Artıq 52 il 3 aydır ki, müəllim işləyirəm. Bu müddət ərzində bir saat da olsa üzrsüz dərs buraxmamışam. Həmişə məktəbin ictimai işlərində müəllim yaradıcılığı, fəaliyyəti ilə bağlı keçirilən əksər müsabiqələrdə və yarışlarda iştirak etmişəm. Moskvada İttifaq miqyasında Böyük Vətən müharibəsinin 30 illiyi şərəfinə təşkil olunmuş orta ümumtəhsil məktəbləri hərbi-vətənpərvərlik tərbiyəsinə baxış-müsabiqədə nümunəvi iştirakıma görə SSRİ Maarif Nazirliyinin Fəxri fərmanını və mükafat olaraq qızıl qol saatı (1975), SSRİ "Bilik" cəmiyyətinin mükafatını (1965) almışam. Yaratdığım alman dili kabineti SSRİ PEA-nın kənd məktəbləri laboratoriyasının xarici dillər şöbəsi tərəfindən linqafon kompleksi ilə mükafatlandırılmışam (1972).
Çoxlu yetirmələrim var və onlarla həmişə fəxr edirəm.
1995-96-cı tədris ilindən bu günə kimi alman dilindən dərs dediyim şagirdlərdən 37 nəfər Azərbaycan Dillər Universitetini alman dili ixtisası üzrə bitirib, 5 nəfəri isə hazırda təhsil alır. Əməyimə, pedaqoji sahədə uzunillik xidmətlərimə verilən yüksək mükafata görə dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.
"Məktəbimizin radio
qovşağı ilə direktorumuzdan eşitdim"
Ələddin Məmmədli (Bakıdakı akademik Zərifə Əliyeva adına orta məktəbin riyaziyyat müəllimi):
- 1990-cı ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Elmi fəaliyyətlə
məşğul olmağı arzulayırdım. Ona görə
də Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun
aspiranturasına qəbul oldum. Aspiranturada təhsilimi davam etdirə-etdirə
pedaqoji fəaliyyətlə də məşğul olmağa
başladım. Bir müddət BDU-da işlədim. Sonra tale
elə gətirdi ki, orta məktəblərdə dərs deməyə
başladım. "Zəngi" liseyində
çalışdım. Oranı çox sevdim. Həmin lisey
indi də mənə çox doğmadır. Müasir Təhsil
Kompleksinə işə düzələndə də çox
sevinmişdim. O məktəb təzə
açılmışdı. Düşünürdüm ki,
görəsən məni bura müəllim götürərlər?
Müsabiqədə ən yüksək nəticə əldə
etdim və kompleksə qəbul olundum. Orada 4-5 il işləyəndən
sonra yenidən "Zəngi" liseyində fəaliyyətimi
davam etdirdim. Liseydə işləyəndə 2-3 müəllim
dostumla bir kitabımız çıxdı. Bu da məni
çox sevindirdi. Satışda kitablarımızı görəndə
qürur hissi keçirirdim.
"Zəngi" liseyində
2 il bundan öncə "Ən
yaxşı müəllim" müsabiqəsinə
qatıldım. Müsabiqənin ilk ili
olduğundan çoxları, o cümlədən mənimlə
birlikdə çalışan müəllimlər ona
qatılmaqdan çəkinirdilər. Amma mən
iştirak etdim və qaliblər sırasında oldum.
Ömrümdə ən sevincli anlarımdan birini yaşadım.
Akademik Zərifə Əliyeva
adına məktəb açılanda mənə təklif
olundu ki, bu məktəbə gəlim. Bura gəlməyimdə
əməyi olan hər bir insana təşəkkürümü
bildirirəm. Xüsusən də cənab nazirə.
Çünki Misir müəllim bizə universitetdə dərs
deyib, tanışlığımız vardı. O, mənə
təklif etdi ki, düşünürəm, sən bu məktəbə
fayda verə bilərsən. Mən bura gəldim.
"Tərəqqi"
medalına təqdim olunduğumu bilmirdim. Ümumiyyətlə,
gözləmirdim ki, nə isə ola bilər.
Dərsdə idim. Məktəbimizdə
daxili radio qovşağı var. Bir də gördüm ki,
direktor danışır. O dedi ki, indi
aldığımız məlumata görə, Azərbaycan
Prezidentinin sərəncamı ilə məktəbimizin müəllimi
"Tərəqqi" medalına layiq görülüb. Mən də, uşaqlar da çox sevindik. Həm
də mənim üçün çox gözlənilməz
oldu. Dərs qurtaran kimi mən direktorun
otağına qalxdım. Dedim ki, bəs Məhəbbət
xanım, dünən bir yerdə olmuşuq, səhər
görüşmüşük. Nə əcəb
mənə deməmisiniz? Dedi ki, sərəncam dünən
çıxıb və mənim özümün də məlumatım
yox idi.
Çox
sevindim. Dostlarım, tanışlarım zəng edib təbrik
etdilər. Bu diqqət və qayğıya
görə cənab Prezidentə minnətdarlığımı
bildirir, əməyi keçən hər bir insana təşəkkür
edirəm.
Mən məktəbə, təhsilə qırılmaz tellərlə bağlıyam, sənətimi sevirəm. Təbaşir əlimdə yazı lövhəsinin qarşısında dərsə başlayanda hər şeyi unuduram. Əgər ən yorğun vaxtlarımda, mənə bir misal və ya məsələ təqdim etsələr, desələr ki, auditoriyalarda dərs demək lazımdır, həmin an bütün yorğunluğumu unuduram.
Uşaqları çox sevirəm, onlara millətimizin gələcəyi kimi baxıram. Hesab edirəm ki, bu vacib faktordur. Yəni müəllimə əlavə impuls, enerji verir. Çəkilmiş zəhmətin müqabilində belə qiymətlərin verilməsi çox yaxşı haldır.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.5.