Naxçıvan Dövlət Universitetində yeni layihə həyata keçiriləcək

 

Naxçıvan Dövlət Universiteti Avropa, Asiya, Şərq universitetləri ilə tərəfdaşlıqla yanaşı, bir sıra beynəlxalq layihələrdə də fəal iştirak edir. Elə bu məqsədlə Naxçıvan Dövlət Universiteti, British Council, Naxçıvan MR Təhsil Nazirliyi arasında üçtərəfli memorandum  imzalandı.

İmzalanma mərasimindən öncə universitetin rektoru, akademik İsa Həbibbəyli müasir təhsil sisteminin, modern tədris üsullarının tətbiqinin əhəmiyyətindən danışdı.  Rektor ölkəmizin dünya miqyasında layiqincə tanıdılması üçün xarici dillərin, xüsusilə də ingilis dilinin mükəmməl öyrənilməsinin rolunu qeyd etdi.

British Councilin Azərbaycandakı ofisinin direktoru Pol Klement çıxış edərək təmsil etdiyi təşkilatın fəaliyyəti, "Gələcək uğura aparan körpü" adlı  layihə barədə məlumat verdi. Qeyd olundu ki, layihənin  məqsədi  müəllim və tələbələrin ingilis dili, habelə yeni interaktiv  üsul ilə tədris  sahəsində bilik və bacarıqlarını  sınaqdan  keçirməkdən  ibarətdir.  Təlimlərdə Naxçıvan Dövlət Universitetinin  müəllimləri  ilə yanaşı,  həmçinin  ali məktəbdə ingilis dili ixtisası  üzrə  təhsil alan  IV kurs tələbələri və muxtar respublikanın müxtəlif orta məktəb müəllimləri də iştirak etmişlər. Yeni tədris ilinin başlanması ilə layihənin seçim mərhələlərinə start verilmişdir. Layihə rəhbəri Gülşən Hüseynovanın, British Councilin təlimçiləri, filologiya  elmləri üzrə fəlsəfə doktorları Nərminə Əliyeva və Məlahət Vəliyevanın   iştirakı ilə keçirilən müsahibəyə 80-ə yaxın müəllim və tələbə  qatılmışdı. İştirakçılardan yalnız yüksək bilik və ünsiyyət bacarığı nümayiş  etdirən 40 nəfər seçilmişdir ki, onlar oktyabr ayında 4 günlük treninqdə iştirak edəcəklər. Treninqlərə qatılacaq müəllimlər hazırladıqları  mini  layihələrini  təqdim  edəcəklər. Ən uğurlu  təqdimatlar British Councilin sertifikatları ilə təltif olunacaq. Yaxın gələcəkdə seçilən  iştirakçıların içərisindən iki ən yaxşı müəllim Naxçıvan  Dövlət UniversitetininBritish Councilin maliyyə dəstəyi ilə Böyük  Britaniyada  təlim  kurslarına  göndəriləcək.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.4.