Sənəti ilə ürəklərdə
yaşayan şair
Ön söz əvəzi
Xalq şairi Mirvarid Dilbazi haqqında yazı hazırlamaq tapşırılanda əvvəl tərəddüd etdim. Və xoşbəxt, qayğısız uşaqlıq illərimdən boylanan bir hadisə xəyalımdan keçdi. Dağlar qoynunda, meşə ətəyində yerləşən kənddə anamın qərib olduğunu bilirdim. Başkeçid bölgəsində yeganə doğması dayım Hacı Dilbazi idi.
Bir dəfə radioda verilən konsertdə "Çoban Qara" mahnısı elan olundu və bəstəkar Ağabacı Rzayevadan sonra "sözləri Mirvarid Dilbazinindir", - dedilər. Anam (kəndimizin ilk müəllimlərindən olub) əlindəki işi yarımçıq qoyub əyləşdi, axıra kimi mahnıya qulaq asdı. Ayağa duranda sifətində iz salan göz yaşları sıralanmışdı. İbtidai sinifdə oxuyurdum və sövq-təbii ilə: - Mirvarid Dilbazi kimdi, - deyə soruşdum. Qəhərli səslə deyilən cavabla kifayətlənməli oldum: - Əmim qızıdı, ay imanım.
Daha sual vermədim, onun yaralarının gözünü qoparmağa qıymadım. Bilirdim: atası Nəsrəddin ağanı əmisi oğlu ilə kənd məktəbinin qarşısında bolşeviklər güllələyiblər; bir qardaşını tutublar; nəsilləri pərən-pərən düşüb...
***
İllər ötdü... 1997-ci ildə "Vətənin qüdrətindən güc alan sənətkar" ("Azərbaycan müəllimi"), 1998-ci ildə "Xalqına, uşaq dünyasına bağlı sənətkar" ("İbtidai məktəb və məktəbəqədər tərbiyə") adlı məqalələrimdə xalq şairi barədə duyğu və fikirlərimi qələmə aldım. SDU-nun məzunlarından birinin M.Dilbazinin həyatı və yaradıcılığı mövzusunda buraxılış işinin elmi rəhbəri oldum.
1996-cı ilin martında xüsusi müxbir Samirə Kərimovanın M.Dilbazi ilə "Ziyalı sözü" rubrikası altında müsahibəsi dərc olunandan xeyli sonra bir gün əməkdaşımız: - Mirvarid xanım sizi axtarır, ona zəng edin, - dedi.
Zəng etdim, Nəsrəddin ağanın (Qara əmi deyirlərmiş babama) qız nəvəsi olduğumu dedim, qardaş-bacılarım barədə danışdım. Məni yubileyinə dəvət etdi. Ulu öndər Heydər Əliyevin də iştirak etdiyi o tədbiri televiziyada seyr etdim, yubiley gecəsinə getmədim və ...bu gün çox şey itirdiyimi bütünlüklə dərk edirəm.
Dilbazilər XX əsrdə
Dilbazilər soyadı Nadir şahla bağlıdır. Bu söz Molla Alıya deyilib: əcəb dilbaz əst. Mənası: "əcəb ürəkli adamdır". Molla Alı ocağının oğullarından biri Əbdürrəhman ağa "Şair" təxəllüsü ilə ədəbiyyat tariximizdə iz qoyub. F.Köçərlinin "Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa, Hacı Rəhim ağa Vəhidi, ana tərəfi Dilbazilər olan Kazım ağa Salik, Mustafa ağa Arif (mühacirət ədəbiyyatımızın ilk nümayəndələrindən biri) haqqında məlumat qələmə alınıb.
Xalq şairi 1994-cü ildə çap olunmuş "Bənövşələr üstə göz yaşları" xatirələr kitabında (Bəhruz Dilbazinin sponsorluğu ilə nəşr olunub) yazıb: "17, 18 və 19-cu yüzilliklərin axırına qədər nəslimiz ziyalı-mülkədar nəsli təmsil etmişdir.
Ziyalı nəsli təmsil edənlərin ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib.
Hacı Rəhim ağa Vəhidi təxəllüsün oğlanları, qızı bu boşluğu doldursalar da, yenə də azlıq edib.
Nəslimizdə müdrik, xalq hörməti qazanmış, Tiflisdə, Gəncədə mötəbər sayılan, çoxsaylı ziyalı dostları olan Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və adlarını unutduğum adlı-sanlı, səxavətli, xeyirxah yaşlı nəsli təmsil edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin
xeyirxah duyğuları ilə tərbiyələnib,
inkişafa can atırdı.
Sinfi mənsubiyyətlərinə
görə, rast gəldikləri məhrumiyyətlərə,
maneələrə baxmayaraq nəslimizdən üç kənd
təsərrüfatı elmləri namizədi - Hacı Dilbazi,
Xanım Dilbazi (millət vəkili Arif Rəhimzadənin
anası), Rəşid Dilbazi (onlar da məktəbdən-məktəbə
qovulmasaydılar, elmdə daha uca yer tuta bilərdilər), tibb
elmləri doktoru Nəcməddin Hacıyev (Dilbazi), bir xalq
aktrisası - Əminə Dilbazi, ömürlərini xalq
maarifinə həsr etmiş iki qocaman pedaqoq: Vəli Dilbazi,
"Məhəbbət qocalmır", "Ağ yasəmənlər"
povestlərinin müəllifi Yaqut Dilbazi
çıxmışdır. Bunların da hərəsinin faciəli
bir həyatı olmuşdur". (İqtisad elmləri doktoru,
professor Əsəd Dilbazov, tanınmış təhsil
işçiləri Fərhad Dilbazov, Ağalar Dilbazov da bu
sıraya aiddir - Ş.M.).
Həyat yolundan sətirlər
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax mahalının Xanlıqlar kəndinin yaylaq yerlərindən olan Ağqayada əsilzadə Dilbazilər mühitində - Paşa bəyin ailəsində dünyaya göz açmışdı.
Atasını erkən itirmiş M.Dilbazi Daş Salahlıda babası Mustafa ağanın mülkündə, Damcılının, Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiətin qoynunda böyümüşdü. Böyüdüyü məişət və mədəni mühit, tərbiyə aldığı doğmaların şəxsi nümunəsi və tövsiyələri onun bütöv və tutumlu bir şəxsiyyət kimi formalaşmasında münbit zəmin olmuşdur.
M.Paşa qızı Daş Salahlıdakı Heydər əfəndinin ibtidai məktəbində təhsilə başlamışdır. 1920-ci ildə Mədinə xanım Qiyasbəyli onu, başqa yeniyetmə qızlarla bərabər Bakıya - darülmüəllimata gətirmişdir.
M.Dilbazi seminariya ilə bağlı xatirələrində G.Yusubova, A.Əmirov, N.Şahsuvarov, C.Əfəndizadə, A.Musaxanlı kimi tanınmış müəllimlərlə bağlı səmimi fikirlər qələmə almışdır. "Bizim müəllimlərimiz" adlı yazının əvvəlində oxuyuruq: Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.
Axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar quş olub, o gözəl gələcəyə uçmaq istəyirdik.
Nərimanov
özü də buna inanırdı. O, fikrə gedəndə biz
çiyninə söykənir, ona
sığınırdıq. Məktəbimizdən
gedəndə isə yaman darıxırdıq.
Doktor Nərimanov
bizim üçün dünyanın ən əziz, ən
doğma, ən maraqlı insanlarından biri idi.
Bir axşam yenə
məktəbin çıraqları yandı, böyük
salonda doktor Nərimanovun ətrafına
toplaşmışdıq. O, bizdən gec ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov
gəlmədi. Demə, onu Moskvaya
aparıblarmış.
1925-ci ildə
Nərimanovun ölüm xəbərini eşitdik.
***
Bacısı Yaqut Dilbazi
(politoloq Vəfa Quluzadənin anası) ilə burada
dövrün ziyalı qadınları olmuş M.Qiyasbəyli,
Ş.Əfəndizadə, B.Köçərli kimi müəllimlərdən
dərs almış, nəzarətləri altında həyata
hazırlanmış Mirvarid Dilbazi Qızlar
Seminariyasını bitirəndən sonra Biləcəridəki
onillik dəmiryol məktəbində çalışaraq
bacarıqlı müəllim kimi tanınmışdır. 1928-ci
ildə şəhərə - Zavokzalnı küçəsindəki
rus məktəbinə dəyişdirilən M.Dilbazi ali təhsil almaq arzusu ilə
yaşamışdır. Hər iki bacı APİ-yə qəbul
olunmuş, lakin maddi sıxıntıya görə
böyük bacı Yaqut Paşa qızı 19 nömrəli məktəbdə
işləmiş, kiçik bacının ali
təhsil almasına şərait yaratmışdır. Sonralar
"Bənövşələr üstündə göz
yaşları" kitabında M.Dilbazi yazacaq: 1929-cu ildə Ali
Pedaqoji İnstitutun ədəbiyyat-ictimaiyyat fakültəsinə
daxil oldum. S.Rəhman, C.Xəndan, M.Rahim də
burada oxuyurdular. Müəllimlərdən Ə.Nazim,
Ə.Sultanlı, B.Çobanzadə yadımdadır. Əli Sultanlının qərb, Əli Nazimin proletar
ədəbiyyatından dərs dedikləri yadımdadır.
26 yaşından dul
qalmış analarını Bakıya gətirən 2 müəllim
bacı o dövrün ağrı-acısını
yaşamışdır:
"Bacım
Yaqutla mən bir "ləğv" olunmuşların
qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı
insanlar yaxşı söz deməkdən çəkinirdilər.
Şükür ki, pis söz də deyən
yoxdu. Mərkəzdə oxuduğumuz ali
məktəblərdən Xanlıqlar, Daş Salahlı kəndlərinə
bizim haqqımızda göndərilən sorğulara xeyrimizə
cavablar gəlirdi. Biz iki bacı, bir ana
camaatın köməyi ilə sürgünlərdən,
qırğınlardan uzaq olduq. Lakin maddi məhrumiyyətin
pəncəsindən qurtara bilmədik. Çünki
var-yoxumuz babamın evində qalmışdı.
İçərişəhərdə
məşhur folklorçu Əbülqasım Hüseynzadənin
evində 9-10 kv. m.
ölçüsündə bir otağımız vardı. Bu otaqda bir dəmir kravat, bir kiçik divan, bir
qarğı kitab rəfi, bir kiçik yemək stolundan
başqa bir şey yox idi. Biz iki bacı
orta məktəbdə müəllimlik edirdik. Qeyrətli
ana bu az pulla bizi gözütox, ürəyişad,
gələcəyə ümidlə dolandırdı.
O illər ölkədə hər
şey qıt, bəlkə də yox idi. Geyim-geçim
üçün hökumət qızıl mağazası
açmışdı. Biz iki bacı da
seminariyadan aldığımız iki qızıl medalı və
anamızın əldə olan-qalan qızıl ziynətlərini
verib oradan bir-iki dəst paltarlıq parça aldıq".
***
1932-ci ildə ali
məktəbi bitirən Mirvarid Dilbazi Qubaya işə göndərilmiş,
2 il Quba Partiya Məktəbində
çalışmışdır.
Bakıya
qayıdan Dilbazi "Şərq qadını"
jurnalında ədəbi işçi kimi fəaliyyət
göstərmişdir. Onu jurnala redaktor təyin etmək istəyirlər,
şairə olmaq arzusunu bildirən Mirvarid xanım 4 il (1934-1938) Dövlət Muzeyində baş elmi
işçi və şöbə müdiri işləmişdir.
Bir neçə ay Moskva
yaxınlığındakı Moleyevka deyilən yerdə ədəbi
kurslarda olması onun sənət, dünya ədəbiyyatı
haqqında məlumatını genişləndirmişdir.
Beləliklə, o, muzeydəki işdən
çıxıb bədii yaradıcılıqla məşğul
olmuşdur.
***
M.Dilbazi sovet dövründə
iki dəfə "Şərəf nişanı" ordeni,
"Qafqazın müdafiəsi üçün", "Əməkdə
fərqlənməyə görə" medalları ilə təltif
edilmişdi.
Mirvarid Dilbazi
"xalq şairi" fəxri adını 67 yaşında
almışdır.
1979-cu ildə
Ukraynada Azərbaycan ədəbiyyat və incəsənəti
ongünlüyündə iştirak edərkən onun
çıxışları çox hərarətlə
qarşılanmışdır. MK katibi Azərbaycan KP
MK-nın birinci katibi Heydər Əliyevə bu barədə məlumat
vermiş, Azərbaycan KP MK bürosunda ona bu fəxri adın
verilməsi məsələsi həll olunmuşdur.
***
Ümummilli
lider Heydər Əliyev sonralar Mirvarid xanımın yubileyində
bilavasitə iştirak etmiş, xalq şairini böyük
hörmət və ehtiramla təbrik etmişdir.
M.Dilbazi 2001-ci il
iyulun 12-də dünyasını dəyişdi.
Ədəbi irsi haqqında
Mirvarid
Dilbazinin ilk mətbu şeiri 1927-ci ildə işıq
üzü görmüş "Qadınların hürriyyəti"
olub.
İlk
kitabı - "Bizim səsimiz" 1934-cü ildə nəşr
edilib.
Sonrakı illərdə "Vətən eşqi",
"Xatirələr", "Bahardan məktub",
"Nağıllar", "Gülbahar", "Lalənin
ağacları" kitabları çapdan buraxılıb.
Şairin "Məhsəti",
"Əlcəzairli qız", "Partizan Aliyə"
poemaları, "Göyçək Fatma", "Muğanda
bahar" uşaq pyesləri və s. əsərləri oxucu
auditoriyası qazanmış sənət nümunələridir.
1967-1968-ci illərdə Mirvarid xanımın iki
cilddə, 1982-83-cü illərdə üç cilddə
"Seçilmiş əsərləri" böyük
tirajla buraxılıb.
"Poeziyasında
quru, adamı utandıracaq bir misra belə" olmayan (Məmməd
Namaz) Mirvarid Dilbazi həm də nəğməkar şair idi. Bəstəkar
Ağabacı Rzayeva onun "Çoban Qara", "Evimizə
gəlin gəlir", "Anam yadıma düşdü",
"Laylay", "Azərbaycan elləri" şeirlərinə
dillər əzbəri olan, könülləri oxşayan
mahnılar bəstələmişdir.
M.Dilbazi
dünya və türk xalqları ədəbiyyatlarından etdiyi
tərcümələrlə də tanınmışdı. Akademik Bəkir Nəbiyev
onun müasirləri olan qadın sənətçilər
arasında mövqeyini belə dəyərləndirib:
"Gözəllik daşıyıcılarının və
gözəlliyi yaradanların bu qvardiyasına
başçılıq etmək şərəfi istedadlı
xalq şairi Mirvarid Dilbaziyə nəsib olmuşdur".
***
Mirvarid Dilbazi
1928-ci ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətində
keçirilən məclislərdə iştirak etmişdir. Azərbaycan bədii
fikrinin görkəmli nümayəndələri ilə
görüşlər, söhbətlər sonradan həmin ədəbi
şəxsiyyətləri səciyyələndirən xatirə
cizgilərinə çevrilmişdir.
Bu baxımdan nəcib, həyalı,
mötəbər A.Şaiq, xalqın sonsuz məhəbbətini
qazanmış S.Vurğun, başıpapaqlılardan qorxan bir
qıza namuslu qardaş münasibəti göstərən
S.Rüstəm, çox sadə, səmimi, saf xilqətli
M.Müşfiq, okeanda inci axtaranlara oxşayan M.Hüseyn,
sözün əsl mənasında ziyalı Y.V.Çəmənzəminli,
"Xalq işinə çox lazımlı, müsbət bir
şəxsiyyət" (S.Vurğun) olan M.İbrahimov, xalq ənənə
və adətlərini bilən S.Rəhimov, mülayim,
ağıllı-kamallı N.Rəfibəyli, tədbirli, mədəni
R.Rza, yoldaşlıq və dostluqda möhkəm və dönməz
O.Sarıvəlli, xalqın milli şairi Ə.Cəmil, mənəvi
təmizliyin nümunəsi Ə.Vəliyev haqqında xatirələr
ürəklə, məhəbbətlə, səmimiyyətlə
qələmə alınmışdır.
Mirvarid Paşa
qızı ömrü boyu kimsədən təmənna
ummamış, kimsəyə yük olmamışdır. Bircə həmdərdi
qələm olmuşdur. Bütün dərdlərini,
kədər və sevinclərini qələmlə demiş
şair xalqımızın qələbəsini görmək
arzusu ilə yaşayırdı.
***
M.Dilbazi uşaqlıq illərini
xatırladığı şeirlərinin birində yazıb:
Avey dağım, mən zirvəndə
itəydim,
Bir gül olub daş sinəndə
bitəydim...
Ağrılı-acılı
həyat yolu keçmiş xalq şairi bütün
varlığı ilə Vətənə, elə-obaya
bağlı idi. Vaxtilə Ağdamın Gülablı obasında dincəlmiş
Mirvarid xanıma sonralar qızlar bənövşə
açılanda bahar ərməğanı göndərmişdilər:
"...dəftər vərəqləri arasında qurumuş
bir cüt bənövşəni görəndə onların
üstünə göz yaşlarım töküldü. Bənövşələr
üstə ilk göz yaşlarım altı yaşımda, bu
göz yaşlarım isə 80 yaşımda
töküldü..."
M.Dilbazi yaddaşlarda
Vətənin
vüqarı olan dağın sinəsində bir gül olmaq
istəyi ilə yaşayan şair haqqında
tanınmış tədqiqatçı-publisist İsmayıl
Umudlu ("Dilbazilər" tarixi-bioqrafik
araşdırmasının müəllifi. Bakı, 2007,
392 s.) yazır: "Doxsan yaşı
haqlamağa bircə ili qalmışdı Mirvarid
xanımın. Hələ dünənə qədər
şirin bir Qazax ləhcəsi ilə
danışdığı ətirli sözünü-söhbətini
televiziyadan eşidir, yorulmadan onun
danışdıqlarını sonadək dinləyirdik.
Onunla mətbuat müsahibələrini - yeni bir mətləbi
özümüz üçün kəşf etmək
inamı ilə səbirlə oxuyurduq. Ömrünün
son çağlarına qədər şeir dünyasından
da ayrılmadı Mirvarid xanım. Ara-sıra
lirik şeir ərməğanını oxucularına
çatdırmağı da unutmurdu.
...Mirvarid ana
böyüklüyündə sadəliyini dünyadan
köçərkən də gözlədi. Fəxri
xiyaban istəmədi. Onu vəsiyyətinə əsasən
Dağlıq qəbiristanlıqda anası Cavahir
xanımın, sevgili bacısı Yaqut xanımın
yanında torpağa tapşırdıq...".
Filologiya elmləri doktoru,
professor, yazıçı-dramaturq Aqşin Babayev M.Dilbazinin
yaşadığı binanın qarşısında xatirə
lövhəsi vurularkən demişdir: "Mirvarid Dilbazi dünyasını
dəyişib, ancaq o, ikinci həyatını yaşayır.
O, əbədi sənəti ilə hər birimizin qəlbində
silinməz izlər qoyub".
Şamxəlil MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.-S.11.