İmişli təhsili bu gün
Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş təhsil sahəsində İslahat Proqramı bu
gün onun layiqli davamçısı, möhtərəm
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında
uğurla həyata keçirilir. Azərbaycan dünyada
siyasi cəhətdən ən stabil ölkələr
sırasına çıxmış, iqtisadi inkişaf tempinə
görə lider ölkəyə çevrilmiş və
ölkəmizdə təhsilin inkişafı üçün
hərtərəfli şərait yaradılmışdır.
Son illər təhsilin
zəruri, hüquqi bazasının yaradılması, məzmun
və strukturunda müasir tələblərə uyğun dəyişikliklərin
aparılması isdiqamətində səmərəli işlər
görülmüşdür. "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanunundan irəli gələn vəzifələrə
uyğun olaraq, "Ümumi təhsil pilləsinin dövlət
standartları və proqramları (kurikulumları)" sənədi
hazırlanmış və 3 iyun 2010-cu il
tarixdə hökumət tərəfindən təsdiq
olunmuşdur.
Ümumi təhsilin idarə
olunması, infrastrukturu, maddi-texniki və tədris bazası, təhsil
verənlərin keyfiyyət göstəriciləri və s.
kimi zəruri məsələlər sənəddə öz əksini
tapmışdır.
Ölkəmizin
bütün bölgələrində olduğu kimi,
İmişli rayonunda da təhsilin inkişafı, keyfiyyətinin
yüksəldilməsi istiqamətində mühüm
addımlar atılır. Hazırda rayonda 63 ümumtəhsil məktəbi
fəaliyyət göstərir. Bu məktəblərdə
17 minə qədər şagirdin təlim-tərbiyəsi ilə
1611 müəllim məşğul olur. Müəllimlərin
1221 nəfəri ali, 353 nəfəri orta
ixtisas, 4 nəfəri natamam ali, 33 nəfəri isə
ümumi orta təhsillidir. Rayon üzrə müəllimlərin
924 nəfərini (57,3 %) qadınlar təşkil edir.
Ötən dərs ilində
pedaqoji kadrların təminatı üzrə məlum
"İnkişaf proqramı"nın
yerinə yetirilməsi diqqət mərkəzində
saxlanılmışdır. 2009-2010-cu dərs
ilində rayona təyinatla 48 müəllim gəlmişdir.
İnkişaf proqramının 1-ci və 2-ci
istiqamətləri üzrə 63 müəllim rayonun kənd
orta məktəblərində vakant olan yerlərə təyin
olunmuşdur. Rayona gələn müəllimlərin
hamısı dövlət qayğısı ilə əhatə
olunmuş, onlara lazımi şərait
yaradılmışdır. Ancaq bununla belə
ötən dərs ilində rayonda əsas ixtisaslar üzrə
74 nəfər müəllimə ciddi ehtiyac olmuşdur.
Yeni dərs ili ərəfəsində
rayona təyinatla 14 nəfər müəllim gəlmiş,
onlar kənd məktəblərindəki vakant yerlərə
göndərilmişlər.
Rayonda 14 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlarda 32 qrupda 628 uşağın təlim-tərbiyəsi ilə 76 nəfər tərbiyəçi məşğul olur. Rayon üzrə məktəbəqədər yaşlı uşaqların cəmi 15 faizə qədəri məktəbəqədər təhsilə cəlb olunmuşdur. Eyni zamanda rayonda 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumilikdə 258 qrupu olan bu müəssisələrdə 110 nəfər dərnək rəhbəri məktəblilərin asudə vaxtının səmərəli təşkili ilə məşğuldur.
Ötən tədris ilində məktəbəqədər və məktəbdənkənar müəssisələrdə daxili əmək intizamı, iş rejimi, sanitar-gigiyenik vəziyyət, müvafiq normativ sənədlərin tələblərinin yerinə yetirilməsi vəziyyəti öyrənilmiş, aşkara çıxarılan nöqsanlara görə müvafiq intizam tənbehi görülmüş, lazımi metodiki, təlimati köməkliklər göstərilmişdir.
2009-2010-cu tədris ilində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, inventar və tədris avadanlıqları ilə təmin olunması sahəsində xeyli iş görülmüşdür. Belə ki, dövlət büdcə vəsaiti hesabına Sarıxanlı kənd 2 nömrəli orta məktəb üçün 220 yerlik müasir tipli yeni bina tikilərək ötən dərs ilinin ilk günündə istifadəyə verilmişdir, habelə, yerli büdcə vəsaiti hesabına Muradallı kənd orta və Allahmədətli kənd ümumi orta təhsil məktəbləri əsaslı şəkildə, Hacırüstəmli kənd tam orta təhsil məktəbi isə cari təmir olunmuşdur.
2010-2011-ci tədris ilində
Nurulu kənd tam orta təhsil məktəbi üçün dövlət vəsaiti hesabına 180 yerlik müasir tipli yeni bina tikilmiş, tədris ili ərəfəsində
onun açılışı olmuşdur. Fövqəladə
Hallar Nazirliyinin hesabına Rəsullu kənd tam orta təhsil məktəbinin
binası əsaslı təmir olunmuşdur. Kür
çayının daşması ilə əlaqədar məlum
hadisələrdən sonra Fövqəladə Hallar Nazirliyinin
xətti ilə Telişli kəndi yaxınlığında
salınan yeni qəsəbədə 132 yerlik və Əlyetməzli
kənd tam orta təhsil məktəbi üçün 120
yerlik yeni binalar tikilir.
Eyni zamanda yerli büdcə vəsaiti
hesabına şəhər 6 nömrəli və şəhər 7 nömrəli
tam orta təhsil məktəblərinin binaları əsaslı
təmir olunmuşdur.
2010-2011-ci tədris ili ərəfəsində
Təhsil Nazirliyindən Azərbaycan və rus bölmələri
üçün 126 adda 59748 ədəd pulsuz dərslik və
müəllimlər üçün vəsait alınaraq
rayonun ümumtəhsil məktəblərinə verilmişdir.
Habelə, rayonun məktəbəqədər təhsil
müəssisələri üçün 15 adda tədris vəsaitləri
toplusu alınaraq onlara çatdırılmışdır.
2009-2010-cu tədris ilində rayonun təhsil müəssisələrinin tədris avadanlıqları ilə təminatı daha da yaxşılaşdırılmışdır. Belə ki, 393 ədəd parta, 204 ədəd stol, 399 ədəd stul, 80 ədəd kitab şkafı, 137 ədəd paltar asılqanı, 37 ədəd yazı lövhəsi və kompüterlər üçün 34 ədəd sürətçıxaran-printer alınaraq məktəblərə verilmişdir.
Hazırda rayonun məktəblərində 493 kompüter var. Məqsəd cari tədris ilində onlardan daha səmərəli istifadəyə nail olmaqdır.
Ötən tədris ilinin uğurlarından biri
də 2009-cu ildə Beynəlxalq
Müəllimlər
Günü ərəfəsində rayonumuzun
bir qrup təhsil işçisinin əməyinin dövlət tərəfindən
yüksək qiymətləndirilməsidir. Ölkə
Prezidentinin sərəncamı
ilə Qızılkənd
kənd tam orta təhsil məktəbinin direktoru, mərhum Qurbanəli Məmmədov "Əməkdar
müəllim" fəxri
adına, RTŞ-ın
aparıcı məsləhətçisi Səttar
Atakişiyev "Tərəqqi"
medalına, təhsil nazirinin əmri
ilə RTŞ-ın
müdir müavini Vahid
Tağıyev və səhər 5 nömrəli məktəb
- liseyin direktoru Validə
Zülfüqarova "Qabaqcıl təhsil işçisi"
döş nişanına layiq
görülmüşlər.
Ötən tədris ili ərzində rayon
təhsil şöbəsi tərəfindən təhsilin səviyyəsini daha da
yüksəltmək, pedaqoji kollektivlərə kömək etmək
üçün məqsədyönlü tədbirlər həyata
keçirilmişdir. Təhsil müəssisələrində
təlim-tərbiyə prosesinin vəziyyətini öyrənmək
və müvafiq tövsiyələr vermək
üçün monitorinq, treninq və reydlər təşkil
edilmiş, müşahidə olunan nöqsanların aradan
qaldırılması üçün tədbirlər
görülmüşdür.
Tədris ili
ərzində əmək intizamı, şagirdlərin məktəbə
davamiyyəti diqqət mərkəzində
saxlanılmışdır. Əvvəlki illərdə
olduğu kimi, tədris ilinin əvvəlindən başlayaraq
rayonda məktəb rəhbərləri tərəfindən müəllimlərin dərslərinin
necə dinlənilib təhlil edildiyi, hansı tövsiyələr
verildiyi nəzarətdə saxlanılmış, bu barədə
hər bir direktora fərdi məsləhətlər verilmişdir. Habelə, məktəblərdə
müəllimlərin müxtəlif fənlər üzrə
"açıq dərs"lərinin dinlənilməsi təşkil
olunaraq onlara
müvafiq təklif və məsləhətlər
verilmişdir. Dərslərdə fəal, interaktiv təlim
metodlarından səmərəli istifadə edilməsinə,
müəllimlərin dərsə yaradıcı
yanaşmasına xüsusi əhəmiyyət veririk.
Məlum olduğu kimi, kurikulum 2010-2011-ci dərs ilindən ümumtəhsil məktəblərində I, II siniflərlə yanaşı, III siniflərdə də tətbiq olunur. Bununla əlaqədar cari dərs ilində fənn kurikulumları ilə tədrisə başlayan I siniflərdə dərs demək üçün səriştəli və peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər seçilmiş, onlar müvafiq kurslar və treninqlərə cəlb olunmuşdur.
Ötən tədris ilində məktəb-valideyn əlaqələrinin gücləndirilməsinə çalışmışıq. 2009-cu ilin noyabr ayında "Təlim-tərbiyə prosesində məktəbin valideyn və ictimaiyyətlə birgə fəaliyyəti, neqativ hallara qarşı mübarizə yolları" mövzusunda İmişli Rayon İcra Hakimiyyəti ilə birgə geniş konfrans keçirilmişdir. Rayon hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyə sədrləri, icra nümayəndələri, məktəb rəhbərləri, müəllim və valideynlərin iştirak etdiyi konfransda məruzələr, çıxışlar dinlənilmiş, geniş təhlillər aparılmış, vəzifələr müəyyənləşdirilmişdir.
Ötən dərs ilində pedaqoji kollektivlərin iş keyfiyyətini və məsuliyyətini artırmaq məqsədilə ardıcıl, planlı tədbirlər həyata keçirilmişdir.
Təhsil şöbəsi tərəfindən rayonun bütün məktəblərini əhatə etməklə IX, X, XI sinif şagirdləri arasında imla mətnlərinin yazılması təşkil olunmuş, 2010-cu ilin yanvarında şagirdlərin biliyini qiymətləndirmək üçün V - VIII və X siniflərdə ayrı-ayrı fənlər üzrə test yoxlamaları aparılmışdır.
Buraxılış imtahanlarına hazırlıq məqsədilə məktəb rəhbərləri tərəfindən IX və XI siniflərdə bir neçə dəfə məktəbdaxili yoxlama sınaq testlərinin keçirilməsi təşkil olunmuşdur.
Təhsil şöbəsinin apardığı monitorinq və Təhsil Nazirliyi tərəfindən keçirilmiş yoxlama imtahanlarının nəticələri rayon təhsil şöbəsinin şura iclasında geniş təhlil və müzakirə edilmişdir.
Ötən dərs ilində rayonda məktəblilər arasında müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, müsabiqələrinin keçirilməsinə xüsusi əhəmiyyət verilmişdir. Bu il məktəblilərin fənn olimpiadalarının respublika mərhələsində 2 şagird kimya və biologiya fənlərindən IV yerə layiq görülmüşdür.
Rayonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilən inşa, rəsm və şahmat müsabiqələrində Yalavac kənd tam orta təhsil məktəbinin IX sinif şagirdi Türkan Bahadurlu fərqlənərək respublika turuna vəsiqə qazanmış və həmin turda 3-cü yeri tutmuş, adı fəxri kitaba qeyd olunaraq, pul mükafatı, kompüter dəsti və Heydər Əliyev Fondu hesabına Fransa, Almaniya, Belçika, Hollandiyaya 10 günlük səyahətlə rəğbətləndirilmişdir.
Habelə, respublika üzrə kiçikyaşlı məktəblilərin əl işlərinə baxış-müsabiqədə rayon Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvü Firuzə Miriyeva fərqlənmə diplomuna layiq görülmüşdür.
2010-cu ilin fevral ayında Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş respublika şahmat turnirində rayon şahmat məktəbinin yetirməsi Elnur Mehdiyev I yeri tutmuşdur.
Qızılkənd kənd orta məktəbinin komandası "Sərhəd" hərbi-idman oyunlarının rayon və zona mərhələsində qalib olmuş və Bakı şəhərində keçirilən respublika mərhələsində I yeri tutmuşdur. 5 nəfər X sinif şagirdindən təşkil olunmuş Qızılkənd kənd orta məktəbinin komandası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin I dərəcəli diplom və Fəxri fərmanlarına layiq görülmüşdür. Komandanın rəhbəri, Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Mehdi Mehdiyev "Yarışın ən yaxşı müəllimi" elan edilmiş və qol saatı ilə mükafatlandırılmışdır.
2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin sərhəd rayonları məktəbləri arasında keçirdiyi "Sərhədlərin qorunmasında məktəblilərin rolu" mövzusunda inşa müsabiqəsinin respublika mərhələsində Qaragüvəndli kənd orta məktəbinin X sinif şagirdi Mirqabil Mirqurbanlı II yeri tutmuşdur.
2009-2010-cu tədris ilində rayon üzrə "Ən yaxşı müəllim" müsabiqəsi keçirilmişdir. Təhsil şöbəsində təşkilat komitəsi və ekspert qrupu tərəfindən namizədlərin neytral məktəblərdə dərsləri dinlənilmiş, pedaqoji fəaliyyətləri təhlil edilərək qaliblər müəyyənləşdirilmişdir.
Şəhər 5 nömrəli məktəb-liseyin XI sinif şagirdi Xədicə Rüstəmova və Yalavac kənd tam orta təhsil məktəbinin IX sinif şagirdi Türkan Bahadurlu "İlin ən yaxşı şagirdi" nominasiyalarının qalibi olmuşlar.
Məlum olduğu kimi 11-12
iyun 2010-cu il tarixdə Təhsil Nazirliyi
nümayəndələrinin rəhbərliyi altında rayonun
IX və XI sinif şagirdlərinin buraxılış
imtahanları keçirilmişdir. XI siniflərin imtahanlarında 1313 şagird iştirak
etmişdir. Onlardan 165 nəfəri "2" qiymət, 1148 nəfəri isə
müsbət qiymət almış, rayon üzrə XI siniflərin müvəffəqiyyəti 87,4 %
olmuşdur. IX siniflərdə isə müvəffəqiyyət
84,2% təşkil etmişdir...
Sevindirici haldır ki, bu il rayon üzrə ali məktəblərə qəbul olanların sayı əvvəlki illərlə
müqayisədə daha çox - 115 nəfər
olmuşdur.
Rayon üzrə 21 məzunumuz
ali məktəblərə qəbulda 500-dən yuxarı, 7 nəfər
isə 600-dən çox bal toplamışdır.
Təhsil işçilərinə göstərdiyi diqqət və
qayğıya görə rayonun təhsil işçiləri
möhtərəm Prezidentimiz İlham Əliyevə, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər.
Rayonun bütün təhsil
işçiləri dövlət tərəfindən təhsil
sahəsində
qarşıya
qoyulmuş vəzifələri
yüksək səviyyədə
həyata keçirmək üçün bundan
sonra da bütün qüvvə və
bacarıqlarını sərf
etmək əzmindədirlər.
R.ƏMİROV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.18.