Xüsusi qabiliyyəti olan uşaqlarla işin
reallaşdırılması mexanizmi
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 17
aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan
uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət
Proqramı (2006-2010-cu illər)" xüsusi əhəmiyyətə
malik tarixi bir sənəddir. İctimaiyyət tərəfindən
rəğbətlə qarşılanan bu proqram ümumtəhsil
məktəblərimizdəki istedad və qabiliyyəti ilə
seçilən şagirdlərin səmərəli təhsil
almalarına, şəxsiyyət kimi formalaşmalarına,
düzgün peşə seçmələrinə şərait
yaradır. Xüsusi
qabiliyyətli uşaqlarla işin reallaşdırılması
mexanizminin yaradılmasında əsasən
aşağıdakılar nəzərə
alınmalıdır: xüsusi qabiliyyətli uşaqların
axtarışı; uşaqların yaradıcılıq tələbatlarının
təminatının təşkili; şagirdlərin öz
qabiliyyətlərini reallaşdırması; diaqnostika; müəllim;
təlimin texniki vasitələri; ailə; ekoloji mərkəz; ümumi akademik
müvəffəqiyyət; şagirdin xüsusi maraq və
meyillərinin aşkar edilməsi; müsabiqələr;
olimpiadalar; akademik nailiyyətlər.
Xüsusi qabiliyyətli uşaqların
xarakteristikaları aşağıdakılardır:
Düşünmək
və yaratmaq qabiliyyəti hər bir insanın yaradılarkən
aldığı ən qiymətli nemətdir. Bioloq-alimlər
təsdiq edirlər ki, hər bir uşaq təbiətin təkrarolunmaz
yeni eksperimentidir. Xüsusi qabiliyyətin hər
bir fərddə özünəməxsus şəkildə təzahür
etməsinə baxmayaraq, elə xüsusiyyətlər var ki,
onlar bu və ya digər dərəcədə bütün
istedadlı uşaqlarda, insanlarda mütləq olur. Xüsusi qabiliyyətin əsas əlaməti təxəyyül
sferasına aiddir.
Təfəkkür zirvəsinə
aparan yolu aşağıdakı 3 pilləyə ayırmaq olar:
· Həvəskarlıq,
yeniliyə həvəs, intellektual stimulyasiya. Bunlar
bütün sağlam
uşaqlara xasdır.
· İntellektual
aktivlik. Onun üçün təkcə əqli qabiliyyətlər
kifayət etmir, həm də hisslər, motivlər
olmalıdır. Uşaqların əksər hissəsində həvəskarlıq
intellektual aktivliyədək inkişaf etmir, onların ətraf
aləmə marağı yalnız situativ, dayanıqsız
xarakter daşıyır.
· Ən sonuncu,
bəzi uşaqlar, əsasən də xüsusi qabiliyyəti
olanlar ətraf mühitin tədqiqinə, biliyin
qazanılmasına həvəskar olurlar. Belə uşaqlar öz
dünyagörüşünü artırmaq üçün bütün
qüvvəsini sərf etməyə hazır olur, tədqiqatlarda
məhdudluğa yol vermir, istənilən yolla, oxumaqla,
müşahidə etməklə, eksperiment aparmaqla onun
üçün maraqlı problemə aid daha çox məlumat
toplamağa çalışır. Bu xarakterik
xüsusiyyət kifayət qədər kiçik yaşlardan
özünü göstərsə də, bütün yaş
mərhələlərində o, istedadlı insanların əsas
xarakteridir.
Həqiqi
yaradıcı insanın ən vacib keyfiyyətlərindən
biri də onun problemə yüksək həssaslığı,
digərləri üçün sanki aydın olanları tam
görmək qabiliyyətidir. Problemə yüksək
həssaslıq təlimin xarakteri ilə əlaqədardır.
Sərbəst tədqiqat işlərinə
istiqamətləndirilmiş təlim bu qabiliyyəti inkişaf
etdirir. Xüsusi qabiliyyəti olan insanlar elə
uşaqlıqdan divergent məsələlərə, başqa
sözlə tipik, formal məsələlərə deyil,
yaradıcı, problemli, bir neçə cavabı olan müxtəlif
məsələlərə maraq göstərirlər. Divergent
məsələlər üçün müxtəlif
situasiyalı məsələlər, o cümlədən aktiv
yaradıcılığı stimullaşdıran qeyri-müəyyənlik
dərəcəsi yüksək olan məsələlər xarakterikdir.
Yeni, orijinal
ideya irəli sürmək, geniş məlum olan, mənasız
ideyalardan fərqlənən ideya ortaya qoymaq orijinal
düşünmə adlanır. Orijinallıq və
yaxud onun olmaması bütün fəaliyyət növlərində,
oyun və şəkillərdə, həmyaşıd və
yaşlılarla münasibətdə və davranışda təzahür
edir.
Yaradıcılığın
əsası - təfəkkürdə tamlıq, başqa
sözlə, fəaliyyətin yeni strategiyasının tez və
asan tapılması, assosiativ əlaqənin qurulması, bir
sinif hadısədən məzmunca ondan çox uzaq olan digər qrup
hadisələrə keçmək bacarığıdır.
Xüsusi
qabiliyyətin başqa bir tərəfi çoxlu sayda yeni
ideyaların verilməsi, yəni təfəkkürün məhsuldarlığıdır. İdeya çox olduqca,
müqayisə, inkişaf, dərinləşdirmə
üçün optimal seçim imkanı da böyük olur.
Yaradıcılıq
məlum baxışlar, əlaqə və münasibətlərdən
gizli olanları görmək qabiliyyətidir, əvvəllər
heç kimin baxmadığı analoji halları tapıb
üzə çıxarmaqdır.
İstedadlı insanlara diqqətin
yüksək konsentrasiyası qabiliyyəti xasdır. Bu, istənilən
şəraitdə, hətta ciddi maneə olduqda belə
işləmək, tam məsələnin həllinə aludə
olmaqla xarakterizə olunur.
Xüsusi
qabiliyyətli insanlara xas olan əsas keyfiyyətlərdən
biri də mütəxəssislərin qeyd etdiyi kimi əla
yaddaşdır.
Alimlər xüsusi qabiliyyətin
bir xassəsini də
qiymətləndirmə qabiliyyətində
görürlər. Bu, tənqidi təfəkkürün inkişafı,
özünün və digərlərinin fəaliyyətinin
qiymətini dəqiq müəyyənləşdirmək
bacarığıdır. Digər bir xassə
maraq dairəsinin genişliyidir.
Xüsusi
qabiliyyətli insanların yaradıcılıq fəaliyyətinin
bu xüsusiyyətlərindən başqa, həm də
onların şəxsi xarakterləri və ətraf mühitlə
qarşılıqlı münasibətlərinin
üsulları fərqlidir. Məsələn,
onlar hər işi ən yaxşı tərzdə yerinə
yetirir və ən az əhəmiyyətli
detallara belə əhəmiyyət verirlər.
Xüsusi
qabiliyyətin əsas əlamətlərindən biri də
avtonomluq, yəni ətrafdakıların fikrindən
asılı olmamaqdır. Elə olur ki, bu əlamət
həmin uşağın ətrafdakılarla münasibətlərində
çətinliklər yaradır. Müəllimlər,
valideynlər, həmyaşıdları onların sərbəst
mövqeyinə dözmürlər. Adətən
onları həm də ənənəvi təlim
üsulları qane etmədiyindən sözəbaxan olmurlar.
Bu uşaqlar çox zaman nəinki əlaçı, heç
yaxşı oxuyan
da olmurlar. Ənənəvi stildə
məşğələlər, müəllimdən sadə
yolla alınan məlumatlar onlar üçün
maraqsızdır. Nəticədə
çox hallarda müəllimlə gizli, yaxud aşkar şəkildə
konfliktlər baş verir.
Xüsusi qabiliyyətli
uşaqları aşağıdakı qruplar üzrə təsnifləşdirmək
olar:
1. Yüksək intellektli
uşaqlar.
2. Yüksək səviyyəli
yaradıcılıq qabiliyyətli uşaqlar.
3. Müəyyən sahə
üzrə nailiyyətlər qazanan uşaqlar.
4. Yaxşı oxuyan
uşaqlar.
Belə
klassifikasiya uşaqlarla işi planlaşdırarkən istifadə
etmək üçün məlumat bankı yaratmağa imkan
verir.
Xüsusi qabiliyyətli
uşaqlarla işin əsas mərhələləri
aşağıdakılardır:
1. Uşaqların yaş və
psixoloji xüsusiyyətləri haqqında materialların
toplanması, təhlili və sintezi.
2.Toplanmış materiallar əsasında bir
neçə yaş qruplarını ayırmaq və onların
yaradıcılıq qabiliyyətinin inkişafı istiqamətlərini
müəyyənləşdirmək.
3. Xüsusi qabiliyyətli
uşaqlarla işin forma və metodlarını daim təkmilləşdirmək.
4. Xüsusi qabiliyyətli
uşaqlar haqqında informasiya yerləşən məlumat
bankını yaratmaq.
Hazırda
xüsusi qabiliyyət anlayışının dəqiq tərifi
yoxdur. Onun müəyyənləşdirilməsinin bir
çətinliyi də ondadır ki, çox vaxt xüsusi
qabiliyyət və istedad terminləri eyniləşdirilir və
ya onlara sinonim kimi baxılır. 1973-cü
ildə ABŞ təhsil komitəsi xüsusi qabiliyyətin tərifini
belə vermişdir. "Xüsusi qabiliyyətli
və istedadlı uşaq o uşaqlara demək olar ki, təcrübəli
mütəxəssislərin qiymətləndirilməsinə
görə bir və ya bir neçə fəaliyyət sahəsində
- intellektual, akademik, yaradıcı, ünsiyyət və
liderlik, incəsənət və idmanda yüksək fəaliyyət
nümayiş etdirsin". Beləliklə,
xüsusi qabiliyyətin tərifində inkişaf və
yaradıcılıq qabiliyyəti üstün rol oynayır.
Xüsusi qabiliyyətli uşaqların əsas fərqləndirici
xüsusiyyəti ondadır ki, onların düşünmə
tərzi heç kimə oxşar olmayan, qeyri-standart və
orijinal olur. Xüsusi
qabiliyyətli uşaqlar, bir qayda olaraq, güclü yumor hissi
ilə fərqlənir və geniş müşahidə
qabiliyyətinə malik olurlar. Onların
digər bir xarakteri maraq sahəsinə aid olan məsələlərdə
həddindən artıq inadkar olmalarıdır. Xüsusi qabiliyyətli uşaqların aşkar edilməsi
məktəb həyatının ən vacib proseslərindən
biridir. Xüsusi qabiliyyət şəxsiyyətin
dəyişilməz keyfiyyəti olmadığından onun
ilkin diaqnostikası etibarlı sayıla bilməz. Uşağın xüsusi qabiliyyəti onun
inkişafının daha sonrakı mərhələlərində
də aşkar oluna bilər. Buradan
aydındır ki, diaqnostika proseduru bütün şagird
kontingentini əhatə etməli, müəyyənləşdirilmiş
dövrdə aparılmalı, hər bir uşaq
üçün tədris proqramında korrektəyə əsas
olmalıdır. Xüsusi qabiliyyətli
uşaqların yaradıcılıq potensialının
inkişafı xüsusi yaradıcı proqram və tədris
materiallarının işlənib hazırlanmasını və
reallaşdırılmasını tələb edir. Xüsusi qabiliyyətlilərin təliminə tipik
yanaşma məktəb tədris proqramının sürətlə
və dərindən öyrənilməsinin təşkilidir.
Standart proqramlarda müxtəlif mövzulara daha
çətin və əlavə materiallar daxil edilir. Lakin çətinlik səviyyəsini yüksəltmək
və materialların sayını artırmaq şagirdlərin
xüsusi qabiliyyətlərinin inkişafına optimal şərait
yaratmır. Adi məktəb
proqramlarında demək olar ki, yaradıcı məsələlər
yoxdur. Yaradıcılığa tələbat
xüsusi qabiliyyətin reallaşdırılması
üçün həm də intellektual səviyyənin
yüksəldilməsini tələb edir. Hazırda
xüsusi qabiliyyətli uşaqların
yaradıcılığı, ünsiyyət
bacarığı, liderliyin formalaşdırılması və
digər şəxsi keyfiyyətlərinin inkişafı
üçün xüsusi təlim proqramları
hazırlanmalıdır.
Xüsusi qabiliyyətli uşaqlarla iş zamanı təlimin
dialoq formasından istifadə etmək məqsədəuyğundur.
Təlim prosesində indiyədək tətbiq
olunan ünsiyyət forması (müəllim soruşur,
şagird cavab verir) məsələnin qoyuluşunda
şagirdin aktivliyini məhdudlaşdırır.
Psixoloqlar uşaqların
qabiliyyətlərinin əsas inkişaf tələbatlarını
stimullaşdırmağın optimal şəraiti kimi tədris
prosesinin
aşağıdakı xarakteristikalarını qeyd edirlər:
· Uşağın
özünü yüksək qiymətləndirməsi,
başqa sözlə, onda öz qüvvəsinə kifayət
qədər inam yaradılması.
·
Dərsdə və ailədə müvafiq psixoloji iqlim
yaradılması. Öyrənməyə tələbat,
biliyə sevgi münasibəti şəraitində inkişaf
edə bilər.
Son zamanlar fərdi
tədris planları haqqında çox
danışılır. Öz maraqları dairəsində sərbəst məşğul
olmaq üçün, adətən, xüsusi qabiliyyətli
uşaqların asudə vaxtları
çox qalır. Fərdi tədris planı xüsusi
qabiliyyətli uşaqların ayrı-ayrı fənləri həm kiçik həcmdə,
həm də az nəticə ilə
öyrənməyə, qüvvəni əsas fənlərə
saxlamağa imkan verir.
Praktik olaraq bütün tədqiqatçılar
bu nəticəyə gəlmişlər ki, xüsusi qabiliyyətli
uşaqlarla işləmək üçün onların tələbatlarına
cavab verə bilən xüsusi təlim keçmiş pedaqoqlar
lazımdır. Bəs, xüsusi qabiliyyətli
uşaqlar və onların valideynləri ilə işləyəcək
pedaqoqlarda hansı professional keyfiyyətlər
olmalıdır?
Müxtəlif
fəaliyyət sahələri üzrə uşağın
xüsusi qabiliyyətinin əlamətlərini sezə bilmək
bacarığı. Buraya:
1. Təlimi diaqnostikanın nəticələrinə
uyğun qurmaq bacarığı.
2. Öz fəaliyyətini
valideynlərin fəaliyyəti ilə koordinasiya etmək
bacarığı.
3. Valideynlərlə və
şagirdlərlə məsləhətləşmək
bacarığı.
4. Professional yetişkənlik.
5. Xüsusi qabiliyyətli
uşaqlarla işləmək üçün nəzəri və
praktiki hazırlıq.
6. Emosional stabillik.
7. Özünü təhlil
etmək bacarığı.
8. Dəqiqlik, səmimilik,
yumor hissinin olması.
9. Xüsusi qabiliyyətli
uşaqların inkişafı və təlimi üzrə
konseptual modellərlə tanışlığı daxildir.
Müəllimin
xüsusi qabiliyyətli uşaqlarla işi mürəkkəb və
davamlı prosesdir. Bu hər şeydən əvvəl, müəllim və
məktəb rəhbərliyindən onların psixologiyası və
təlimi sahəsində yaxşı bilik, digər müəllimlərlə,
valideynlərlə, psixoloqlarla daimi əməkdaşlıq tələb
edir. O, həm də daim müəllimdən öz
ustalığını inkişaf etdirməyi tələb
edir.
Xüsusi qabiliyyətli uşaqlarla fərdi iş
Xüsusi
qabiliyyətli uşaqlarla təmas, ünsiyyət pedaqoqdan
professionallıq, yaradıcılıq, yüksək məntiqi
düşüncə tələb edir.
Hər sinifdə belə
şagirdlərin aşkar edilməsinin müxtəlif sayda
üsulları var. Məsələn, müsahibə, dərslərdə
diaqnostika, yeniliyin necə qəbul edilməsi səviyyəsinin
testin köməyilə yoxlanılması, çətinliyi
artırılmış fərdi məsələlərlə
iş və s.
İstedadlı uşaqlarla
iş dərslərdə onlara daha qayğı ilə
yanaşmaqla dərnəklərdə, fərdi qrup işlərində,
eləcə də dərsdənkənar vaxtlarda konsultasiya
şəklində davam etdirilməlidir.
Sinifdə müxtəlif
inkişaf səviyyəli uşaqlarla işi güclü uşaqlarla əlaqələndirmək,
güclülərə sərbəst yaradıcı işlərə
aid olan tapşırıqlar verilməlidir. Hər bir dərsdə qeyri-standart
düşünmə tərzi tələb edən
tapşırıqlar yazılmış kartoçkalar
hazırlanmalıdır. Ədəbiyyat dərslərində
mövzunu sərbəst seçməklə müxtəlif
inşa variantlarını tətbiq etmək olar.
Xüsusi qabiliyyətli
uşaqlarla əlverişli təlim
şəraitini hər dərsdə yaratmağa çalışmaq
lazımdır. Ədəbiyyatın dərindən öyrədilməsi
müxtəlif ədəbi janrlar, süjet, kompozisiya, müəllifin stili və
sair kimi anlayışların sərbəst öyrənilməsi
gələcəkdə mətnin
ədəbi təhlilinə hazırlığa kömək edir. Şagirdlər
özləri mühazirə hazırlayır, ayrı-ayrı
mövzularda sərbəst çıxış edirlər.
Xüsusi qabiliyyətli uşaqları yaradıcılıq prosesinə cəlb
etmək məqsədilə
problemli situasiya yaratmaq, problemin həlli yollarını
axtarmaq üçün maraq oyatmaq, qeyri-standart situasiyalar
yaratmaq, öz əqli təhlillərini vermək
lazımdır. Bu isə artıq yaradıcı təfəkkürü
inkişaf etdirən yaradıcılıq prosesidir.
Məqsədlər.
1. Xüsusi qabiliyyətli
uşaqların aşkar edilməsi.
2. Optimal inkişafa şərait
yaratmaq.
Məsələlər.
1. Müxtəlif fəaliyyət
sahələrində yüksək nəticələr göstərən
və müəyyən sahələrə meyili olan
uşaqların aşkar edilməsi üçün dərsdənkənar
təlim fəaliyyəti və dərslərdə məqsədyönlü
müşahidələrin aparılması.
2. Xüsusi qabiliyyətin varlığını müəyyənləşdirməyə
imkan verən materialların
seçilməsi və testlərin aparılması.
3. Təlim sistemindən sərbəst
düşüncəni, təşəbbüs və
yaradıcılığı inkişaf etdirən metod, forma və
üsulların seçilməsi.
4. Xüsusi qabiliyyəti
artıq aşkar edilmiş şagirdlər üçün fərdi
təlim proqramının işlənilib hazırlanması.
Xüsusi qabiliyyətli uşaqlarla iş
üç istiqamətdə aparılır.
1. Şagirdlərlə:
· Konfrans,
· Olimpiada, viktorina, müsabiqələr,
· Fənn üzrə məsləhətlər,
· Fərdi proqramla iş.
2. Pedaqoqlarla:
· Yaradıcı qrup,
· Pedaqoji mühazirə,
· Direktor müavinlərinin
yanında iclaslarla iş.
3. Valideynlərlə:
· Valideyn iclası,
· Anketləşdirmə,
· Tövsiyələrin
seçilməsi,
· Fərdi söhbət vasitəsilə
iş.
Xüsusi qabiliyyətli uşaqlarla işin forma və
metodları
Ən
mühüm problem xüsusi qabiliyyətin saxlanması və
inkişafıdır. Bizim qarşımızda duran əsas
problem hər bir şəxsiyyətin inkişafına kömək
etməkdir. Ona görə də uşaqlarda qabiliyyətlərinin
səviyyəsini və onun müxtəlifliyini müəyyənləşdirmək
vacibdir, lakin ondan da vacibi bu qabiliyyətlərin düzgün inkişafını həyata
keçirməkdir. Xüsusi qabiliyyətli
uşaqlarda tədqiqatçılıq və
axtarıcılıq qabiliyyəti dəqiq müşahidə
olunur. Bu isə onları təlim prosesində yaradıcı işlərlə
yükləməyə, aktiv əqli fəaliyyət tələb
edən işlərlə təmin etməyə imkan verən
şərtlərdən biridir.
Tədris prosesində
xüsusi qabiliyyətli uşaqların inkişafına onun
daxili potensialının inkişafı kimi, yaradıcı,
özü yaradan aktiv yaradıcı, sərbəst seçmək qabiliyyətlinin,
müəllif olmaq qabiliyyətinin inkişafı kimi baxmaq
lazımdır.
Ona görə
də xüsusi qabiliyyətli uşaqlarla işin forma və
metodları qeyd edilən bu məsələlərin həllinə
yardım etməlidir.
İş metodları:
1. Tədqiqatçılıq.
2. Hissə-hissə
axtarıcılıq.
3. Problemli.
İş formaları:
1. Sinif-dərs, müxtəlif
səviyyəli tapşırıqlar, yaradıcı məsələlər.
2. Üzə çıxan
problemlər üzrə məsləhətləşmə.
3. Dərnəklər.
4. Diskussiyalar.
5. Oyunlar.
İş planı
1. Xüsusi qabiliyyətin
inkişafı üzərində o vaxtadək işləməli
ki, nəticə real olsun, onun davamlılığı,
haqqında artıq tam fikir yürütmək mümkün
olsun.
2. Yazmaq, özündən
müəyyən inşa hazırlamaq üçün
böyük lüğət ehtiyatına malik olmaq
lazımdır. Bu isə uşağın əqli qabiliyyətinin
inkişafı kriteriyasının nəticəsidir.
3. Oyunlarda Aydanın
yaradıcılıq qabiliyyəti güclü inkişaf edib.
Müəllimin qarşısında duran məsələ gözlənilməyən, orijinal
üsulları tapmaq qabiliyyətinin inkişafına kömək
etməkdir.
Tədris prosesində
xüsusi qabiliyyətli uşaqların inkişafında
çox vacibdir: fənn olimpiadaları; intellektual marafonlar;
müsabiqə, viktorinalar; müxtəlif mövzular üzrə
layihələr; fərdi yaradıcılıq
tapşırıqları.
Gülşən HACIYEVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.19.