Azərbaycan aliminin kitabı
İranda nəşr olunub
"Pedaqoji (təlim və tərbiyə) tarixi şərqdə". Müəllifi: Professor Fərrux Rüstəmov (Ustad-e Daneşqah). Tərcüməçi: Həsən
Cəfəri Qənbəri.
Təbriz - Bəmhar, Xurşidi-Afərin, 1389).
Son dövrlərdə
tarixi - pedaqoji irsin araşdırılmasına
maraq və diqqət demək olar ki, hər
yerdə artmışdır.
Bunu təbii hal kimi qəbul etmək olar. Çünki geriyə baxmadan, keçmiş pedaqoji təcrübələri
öyrənib təhlil
etmədən, onlardan
nəticə çıxarmadan,
həmçinin başqa
xalqların təcrübəsini,
pedaqoji fikrini öyrənmədən, müqayisələr
aparmadan cəmiyyətin
müasir təhsilini müvəffəqiyyətlə qurmaq olmaz.
Mübaliğə etmədən
deyə bilərik ki, Azərbaycan təhsili öz inkişafında həmişə
mütərəqqi təcrübələrə
əsaslanmış, xüsusilə
Şərq fəlsəfi-pedaqoji
fikrinə istinad etmiş, Qərb pedaqoji fikrindən faydalanmış, dünya
pedaqoji təcrübəsinə
əsaslanmış və
özünün ildən-ilə
təkmilləşən, yeniləşən
müasir təhsil sistemini qurmuş və bu sahədə də hər zaman qabaqcıl mövqedə olmuşdur.
Hörmətli təhsil
nazirimiz, professor Misir Mərdanovun Azərbaycan təhsilinin keçmişi və bu günü ilə əlaqədar mətbuatda dərc etdirdiyi silsilə məqalələri, "Azərbaycan
təhsili yeni inkişaf mərhələsində"
(Bakı, 2009, 528 səh.),
Azərbaycan təhsil
tarixi ilə bağlı kitabları məhz təhsil tariximizdən, məktəb
və pedaqoji fikir tariximizdən qaynaqlanan dəyərli əsərlərdir.
Dünya xalqlarının,
Şərq pedaqoji fikrinin, Azərbaycan məktəb və pedaqoji fikrinin araşdırılması
ilə bağlı keçən əsrin
20-ci illərindən professorlardan
X.Fikrət, B.B.Komarovski,
Ə.Seyidov, M.Mehdizadə
və H.Əhmədovun,
dosent Ə.Tağıyevin
Azərbaycanda yaratdıqları
ənənə bu gün də yeni pedaqoji təfəkkür
işığında daha
mükəmməl şəkildə uğurla davam etdirilir.
Pedaqoji fikir tariximizin araşdırılmasında
öz dəst-xətti
ilə tanınan, Şərq, Qərb, ümumdünya pedaqoji fikrinin yorulmaz tədqiqatçısı, həmişə
məhsuldar elmi yaradıcılığı ilə
seçilən, müasir
Azərbaycan pedaqojişünaslığının
əsasını qoyan
pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun elmi nailiyyətləri bu gün nəinki respublikamızda, artıq beynəlxalq miqyasda diqqəti cəlb edir. Onun "Şərqdə pedaqogika tarixi" adlı əsərinin bu yaxınlarda İranda nəşr olunması pedaqoji ictimaiyyətimiz üçün
sevindirici hal olmaqla bərabər, həm də böyük elmi-pedaqoji, ictimai-siyasi və tarixi hadisə kimi qiymətləndirilə bilər.
Bu ilk pedaqoji hadisədir
ki, Azərbaycan pedaqoqunun əsəri ana dilində 1000 tirajla İranda nəşr olunur. Bu,
həmçinin Azərbaycan
pedaqoq-aliminin əsərinə
zəngin pedaqoji ənənələrə, qədim
təhsil tarixinə malik İran İslam Respublikasında verilən yüksək qiymətdir.
Əsər İran İslam Respublikasının təhsil
nazirinin və Xüsusi Siyasi İdarənin icazəsi ilə Təbrizdə ərəb əlifbası
ilə Təbriz ləhcəsinə uyğunlaşdırılaraq
Azərbaycan dilində
nəşr edilmişdir. Bu, Təbriz əhlinə, bəlkə bir qədər də geniş miqyasda, 30 milyondan artıq azərbaycanlılara ana dilində ünvanlanmış
dəyərli pedaqoji əsərdir. Kitabın
birinci fəsli "Tərbiyənin meydana gəlməsi və onun inkişafı", ikinci fəsli "Qədim Şərqdə məktəb və tərbiyə", üçüncü
fəsli "Xristianlığaqədərki
dinlərdə tərbiyə
və erkən xristianlıqda tərbiyə",
dördüncü fəsli
"Orta əsrlərdə
Şərqdə məktəb
və pedaqoji fikir", beşinci fəsli "İslam Şərq pedaqoji fikrinin mühüm qaynağıdır", altıncı
fəsli
"19-cu əsrdə məktəb və pedaqogika" adlanır. Fəsillərin adından göründüyü
kimi, əsər geniş bir dövrü əhatə etməklə özü
377 səhifədən ibarət
olaraq Yaxın, Orta və Uzaq
Şərqi əhatə
etmişdir.
Kitab və onun fəsilləri haqqında ümumiləşmiş fikirlər
söyləyərkən deyə
bilərik ki, professor Fərrux Rüstəmov
ilk dəfə olaraq Şərq dəyərlərini,
Şərq müdrikliyini
tədrisə gətirmişdir
və müəllifin
fikirlərindən aydın
olur ki, ilkin pedaqoji fikirlər, ilkin savad təlimi,
əlifba, kitab, kitabxana, mətbəə, kağız
və qələmin icadı Şərqə məxsusdur. Əsərdə
Şərq təhsilinin,
Şərq pedaqoji fikrinin bitkin konsepsiyaya malik olduğu və onun Qərb təhsilinin inkişafına təsiri aydın fakt və nümunələrlə
göstərilir.
"Bir saat elm öyrənmək,
altmış il nafilə ibadətdən yaxşıdır" - deyən
Məhəmməd Peyğəmbər,
"Elmü - ədəbdir
kişinin ziynəti, Elmü - ədəb olmasa yox rahəti", - deyən Həzrət Əli, "Ədəb bir tac imiş
nuri-xudadan, Gey ol tacı, əmin
ol hər bəladan", - deyən Farabi, "Ya olduğun kimi görün, ya göründüyün kimi
ol", - deyən Cəlaləddin Rumi, "Əlinə, Dilinə, Belinə sahib ol!", - deyən Hacı Bektaş Vəli, "Oruc, namaz, zəkat
bəzi hallarda vacib, bəzi hallarda qeyri-vacib sayılırsa, elm öyrənmək
həmişə vacibdir",
- deyən Qəzzali,
"Ağıl ilə
dövlət qazanmaq olar, dövlətlə ağıl qazanmaq olmaz", - deyən Keykavus və bu kimi müdrik
fikirlər Şərq
fəlsəfi-pedaqoji fikrinin
məhsuludur.
Kitabın əvvəlində
"Mütərcimin sözlüyü"ndə
yazılır: "Təlim-tərbiyə mərkəzlərində
çalışan adamların bir sırası elmin əsl
qaynaqlarını yalnız Qərbdə
olan alimlərin əsərləri bilirlər... Təəssüf
ki, Farabi, Biruni, Tusi, İbn Sina, Keykavus kimi
alimlərin adını belə bilmirlər. Bu kitabda
onlar haqqında ətraflı məlumat verilir. Kitabda Allaha
inanmaq, xüsusilə İslam dinini əqidə
üçün seçməklə bağlı təkidli sözlər
vardır. Müəllif
özünün müsəlman olmasını bildirir və o,
"Quran"dan Həzrəti Məhəmməddən (s.ə.s),
Həzrəti Əlinin "Nəhcül
Bəlağa"sından təlim-tərbiyə haqqında
olan fikirləri izah etmişdir.
Bu kitab bizim xalqımızın savadlısı
üçün də və savadsızı üçün də əhəmiyyətlidir. Bu kitab təlim-tərbiyə
işi ilə
çalışan adamlar, o cümlədən müəllimlər, valideynlər, ruhanilər, tələbələr,
şagirdlər və tədqiqatçılar
üçün bir mənbədir
".
Rüfət HÜSEYNZADƏ
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.25.