Dərsliklərimiz, uğurlarımız və problemlərimiz

 

Təhsilin uğurlarını təmin edən amillər arasında dərsliklər mühüm yer tutur. Şağird dərsliklə işləyir. Qarşısındakı kitab onu hər cəhətdən qane etməlidir: bədii-estetik cəhətdən onun zövqünə, elmi-metodik baxımdan yaşinkişaf səviyyəsinə uyğun olmalı, pedaqoji-tərbiyəvi prinsiplərə ciddi riayət edilməklə hazırlanmalı, eyni zamanda texniki tərtibatına görə mükəmməl olmalıdır. Dərslik şagirdin yaxın dostuna, istəkli sirdaşına çevrilməlidir. Belə dərsliklə ünsiyyətdə olan şagirdin qarşısında təhsil standartlarının yerinə yetirilməsi ilə bağlı ən ciddi tələblər qoymaq o qədər də çətin olmur.

 

Respublikamızda dərsliklərin hazırlanması və məktəblərə vaxtında çatdırılması istiqamətində Təhsil Nazirliyində görülən işlər ildən-ilə təkmilləşdirilir. Nazirliyin yaratdığı plüralist imkanlardan bəhrələnən dərslik müəllifləri və nəşriyyatlar son illərdə həm şagirdlərin, həm də valideynlərin rəğbətini qazanan xeyli adda orta məktəb dərslikləri hazırlamış və şagirdlərin istifadəsinə vermişlər. Bir çox dərslik və proqramlar yeniləşdirilmişdir. 1-3-cü sinifləri əhatə edən, kurikulum islahatının tələblərinə müvafiq hazırlanmış dərslik komplektləri artıq məktəblərə paylanılmışdır.

Təəssüflə qeyd etməliyəm ki, görülmüş işlər bəzi mətbuat orqanlarında lazımınca qiymətləndirilmir, bəzən dərsliklərlə bağlı xırda qüsurlar ya şişirdilir, ya da qərəzliliyə, birtərəfliliyə yol verilir. Sözsüz ki, olan yerdə çatışmazlıqlar da ola bilər. Lakin ümumilikdə baxış bucağı hər bir işdə yaxşını görməyə, ümummilli maraqları üstün tutmağa yönəldilməlidir. Mən də qeydlərimi hazırlayarkən məhz bu cəhəti əsas götürməyə çalışmışam...

Mövcud dərsliklər ilə yaxından tanışlıq göstərir ki, respublikamızda dərsliklərin tərtibatı və hazırlanmasında dünya pedaqoji təcrübəsində mövcud olan bir çox müasir və mütərəqqi cəhətlər nəzərə alınır. Məsələn, dərsliklərdə əksini tapan elmi-didaktik materiallarda şagirdlərin yaşına uyğunluq əsas şərtlərdən biri kimi gözlənilmişdir. Dərslik hazırlığına verilən əsas tələblərdən biri kimi onun  aid olduğu fənnə dair elmlilik səviyyəsi, pedaqogika və psixologiyanın tələbləri gözlənilərək hazırlanması nəzərə alınmışdır. Müəlliflər qarşısında tələb qoyulmuşdur ki, dərsliyin dili sadə və anlaşıqlı olmalı, mürəkkəblikdən qaçılmalıdır. Eyni zamanda müəlliflər elə dərsliklər hazırlamalıdırlar ki, şagirdin qəlbində incə duyğular, insansevər hisslər cücərdə bilsin. Əsas prinsiplərdən biri də Vətənə məhəbbət, xalqımızın milli mənəvi dəyərlərinə bağlılıq olmalıdır. Nəhayət, dərslər tədris planında nəzərdə tutulmuş dərs saatlarına aid proqramlarla paralel işlənilməlidir...

Məqsədim heç də dərslik standartlarını saymaq deyil. Son illərdə, xüsusən son iki-üç il ərzində dərsliklərin tədricən keyfiyyətcə yaxşılaşması ilə bağlı fikirlərimi bildirmək istərdim. Təəssüflə xatırlayıram ki, ötən yaxın illərdə dərsliklərdə elmi təhriflərə yol verilir, istər müəlliflər, istərsə də nəşriyyatlar buna "xırda məsələ" kimi baxırdılar. Lakin Təhsil Nazirliyinin əlaqədar qurumlarının rəhbərliyi dərsliklərin işlənməsinə alim-pedaqoqlarla yanaşı, orta məktəblərin təcrübəli müəllimlərini də cəlb etməklə bu işi canlandırmağa, həmin qüsurların aradan qaldırılmasına, demək olar ki, nail olmuşdur. Hazırda şagirdlərin istifadəsində olan  dərsliklərin, demək olar ki, hamısında orta məktəb müəllimləri  əsas müəlliflərdən biri, rəsmi rəyçi, yaxud metodik cəhətdən işləyən qismində hazırlanma prosesində işə cəlb olunmuşlar. Məsələn, XI sinfin "Ədəbiyyat" dərsliyi ilə bağlı müzakirələrdən sonra dərsliyin hazırlanmasında rəsmi rəyçi kimi iştirakımı Təhsil Nazirliyində bu işə orta məktəb müəllimlərinin cəlb olunması istiqamətində görülmüş işlərin təzahürü kimi qiymətləndirirəm.

Fənn birləşməsinin rəhbəri kimi V-XI siniflərdə Azərbaycan dili dərsliklərinin vəziyyəti ilə bağlı müəllimlərin fikir və mülahizələri ilə tez-tez qarşılaşıram. Abşeron rayonunda müəllimlərin builki ənənəvi sentyabr konfransının Azərbaycan dili və ədəbiyyat bölməsinin iclasında da iştirakçı müəllimlər dərsliklərin son nəşrlərində özünü göstərən üstünlüklərdən, ötən nəşrlərdə təsadüf olunan qüsurların artıq aradan qaldırıldığından razılıq hissi ilə danışdılar. VIII və IX siniflərdə alternativ dərsliklərin olmasını şagirdlərin diferensial təlimi üçün əlverişli  vasitə kimi bəyəndiklərini bildirdilər.

Dərsliklə bağlı düşüncələrimi bölüşərkən prioritetləri də qeyd etmək istərdim. Azərbaycanımızın tarixi keçmişinə, mənfur qonşularımızın zaman-zaman xalqımıza qarşı törətdikləri xəyanətlərin ifşasına, milli faciələrimizi doğuran səbəblərin dərkinə - bir sözlə, şagirdlərimizin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyələnməsinə yönəldə bilən materialların seçilib dərsliklərin səhifələrində yerləşdirilməsinə üstünlük verilsin. Tarixi həqiqət bütün acılığı və şəffaflığı ilə balalarımız üçün açılsın, onların qəlbində xəmiri xeyirxahlıq və humanizmlə yoğrulmuş xalqımızın düşmənlərinə qarşı nifrət alovlandırılsın, torpaqlarımıza göz dikmiş yadellilər adı ilə tanıtdırılsın, dostla düşməni seçmək bacarıqları aşılansın... Bunlar mənəvi-əxlaqi tərəflərdir. Təhsil standartları baxımından məktəblilərin müstəqil düşünmək, öz fikirlərini yaradıcı şəkildə ifadə etmək, mühakimə yürütmək, faktları və hadisələri təhlil etmək bacarıqlarının inkişaf etdirilməsinə imkan yaradan materiallara üstünlük verilsin. Müasir tədris tələbləri və təhsilin strategiyasını əsas tutmaqla gələcəkdə kurikulum islahatına keçid nəzərə alınsın...

Bir də canı və qanı ilə illərlə təhsilə bağlı olub, həyatını ona həsr edən təcrübəli və səriştəli müəllimlərin bu işə (dərsliklərin hazırlanmasına!) cəlb olunması daha da genişləndirilsin. Məncə, belə insanların xidməti müxtəlif tribunalardan şəxsi mənfəəti naminə sözçülük edənlərdən daha artıq fayda gətirər...

 

 

Hüseyn ŞAHBƏNDƏYEV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.27.