Yaddaşlarda qalan müəllim

 

Bəşəriyyət tarixində müəllimin müdrik insanlar arasında həmişə xüsusi yeri olub. Əsl müəllim yüksək mənəvi keyfiyyətlər sahibidir. Məhəmməd peyğəmbər (s.ə.s) buyurur ki, müəllimin, alimin mürəkkəbi şəhidin qanından zirvədədir!

Bir müdrikdən soruşurlar ki, atanı çox istəyirsən, yoxsa müəllimini?! Cavab verir ki, müəllimimi! Çünki atam mənə fani dünyamı bəxş edib, müəllimim isə əbədi dünyamı!

2009-cu il mayın 16-da əbədiyyət karvanına qoşulub getmiş respublikanın əməkdar müəllimi Xasay Abıyev 52 il fasiləsiz Sabirabad rayonunda gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur.

1935-ci ildə Sabirabad rayonunun Qaralar kəndində dünyaya göz açmış bu işıqlı zəka sahibi 1952-ci ildə Ulacalı kənd orta məktəbini, 1957-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1957-ci ildən ömrünün sonuna - 2009-cu ilin mayınadək pedaqoji sahədə çalışmış Xasay müəllim nəsillərə nümunə olan bir ömür yaşamışdır.

Xasay müəllim xeyirxahlıq, təvazökarlıq, sadəlik, ekstremal vəziyyətlərdən operativ çıxmaq bacarığı, qətiyyət, polad və misilsiz iradə kimi yüksək insani keyfiyyətləri özündə birləşdirirdi və şagirdlərini də bu ruhda tərbiyələndirməyə çalışırdı. O, qızıldan qiymətli vaxtı həmişə düzgün bölürdü və şagirdlərini də su kimi axıb gedən və insana bir dəfə verilən ömür saatlarını xeyirli işlərə sərf etməyə səsləyirdi.

Xasay müəllim ömrü boyu alın təri ilə yaşayan, fasiləsiz 52 il müəllim titulunu şərəflə, vicdanla, namusla çiyinlərində daşıyan əməksevər bir müəllim idi.

Pedaqoji sahədə səmərəli fəaliyyətinə görə 1970-ci ildə o, "SSRİ maarif əlaçısı" döş nişanına, 1978-ci ildə "Metodist müəllim" adına "Respublikanın əməkdar müəllimi" fəxri adına, 1983-cü ildə "Əmək şöhrəti" ordeninə, 1994-cü ildə ali kateqoriyalı müəllim adına layiq görülmüşdür.

Xasay Abıyev gözəl ailə başçısı, 3 övlad atası olub. Hər üç övladı Bakı Dövlət Universitetini bitirib, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 6 nəvəsi var. Onlar da Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alırlar.

İllər keçəcək. Dünyaya yeni-yeni nəsillər gəlib gedəcək. Saf zəka, doğru təlim, əxlaqi təmizlik faktorlarını özündə cəmləşdirən Xasay müəllim yaddaşlarda həmişə qalacaq!

 

 

Namiq ŞÜKÜROV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.26.