Şərəfli pedaqoq-alim ömrü

 

70 illik ömrünün 46 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmək, bu illərdə öz pedaqoji ustalığını daim təkmilləşdirmək, adi məktəb müəllimindən tanınmış alim-pedaqoqa çevrilmək, kimya müəllimlərinin və təlim verdiyi on minlərlə digər insanların sevimlisi olmaq həqiqətən də böyük zəhmət və fədakarlıq tələb edir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü.

 

Belə ömür yaşamışdır Akif müəllim. Şərəfli pedaqoq ömrünü o, indi davam etdirir: yazır, yaradır, müəllimlərin, elmi işçilərin daim köməyinə gəlir, tədris təlimdə yenilikləri, pedaqoji innovasiyaları öyrənməkdə, işdə tətbiq etməkdə onlara yardımçı olur.

Akif Hümbət oğlu Əliyev orta təhsilini 1957-ci ildə başa vurduqdan sonra həmin ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə(indiki BDU) verdi böyük maraq göstərdiyi kimyaçı peşəsinə yiyələndi.

Orta məktəbdə fizika, kimya biologiya dərslərində aparılan möcüzələrlə dolu maraqlı təcrübələr, cəlbedici elmi söhbətlər təbiətin sirlərini öyrənməyə böyük maraq göstərən gənc Akifi məftun etmişdi. O, gənc yaşlarından ətraf aləmdə rastlaşdığı bütün qeyri-adi dəyişiklikləri müşahidə etməyi, onların ilk baxışdan anlaşılmaz görünən səbəblərini açmağı çox sevərdi. Buna görə onun təbiət fənlərinə hələ uşaqlıq illərindən xüsusi marağı vardı. O, həmçinin dil-ədəbiyyat fənlərinə dərin maraq göstərirdi. Orta məktəbin sonuncu sinfində yeniyetmə Akif Azərbaycan rus dillərində olan bədii ədəbiyyatın əksəriyyətini mütaliə etmişdi, rus dilində sərbəst danışır, alman gürcü dillərini lüğətlə tərcümə edirdi.

Söhbət zamanı Akif müəllim bildirdi ki, məktəb illərində kimya-biologiya ixtisaslı Mehralı müəllimin əyləncəli təcrübələrlə dolu kimya dərsləri olmasaydı, yəqin ki, mən filologiya ixtisasını seçərdim, çünki ədəbiyyatı, dilləri çox sevirdim.

Tələbəlik dövrü başa çatdıqdan sonra Aliyev 1962-1964-cü illərdə aspirant həyatını yaşayırdı. O, iki il yarım universitetin (indiki BDU) Analitik kimya kafedrasının aspirantı kimi elmi tədqiqat işi aparır. Lakin səhhəti ilə bağlı Akif müəllim elmi tədqiqat işinə fasilə vermişdir, əvvəlcə müalicə üçün möhlət götürmüş, 1964-cü ildən isə öz doğma kəndi Aşağı Qoşakilsədə müəllimlik fəaliyyətinə başlamışdır. Sonra o, pedaqoji fəaliyyətini Kürdəmir rayonundakı Muradxan kəndində, Bakı şəhərindəki respublika kimya-biologiya təmayüllü orta məktəbdə və Suraxanı rayonundakı 275 nömrəli orta məktəbdə davam etdirmişdir. Pedaqoji  fəaliyyətinin ilk günlərindən Akif müəllim kimyanı şagirdlərə sevdirməyi bacarırdı. Tədrisə ciddi yanaşmağı, fənnini yaxşı bilməyi, dərslərində kimyəvi təcrübələrdən mümkün qədər çox istifadə etməyi buna nail olmağa imkan verirdi. Odur ki, Akif müəllimin dərs dediyi yüzlərlə məzun keçmiş SSRİ-nin müxtəlif şəhərlərində kimya profilli ixtisaslara yiyələnmiş və hazırda kimyaçı-mühəndis, kimyaçı-texnoloq, həkim, kimya müəllimi kimi fəaliyyət göstərir. Onun yetirmələrindən altı nəfəri alimlik dərəcəsi almışdır.

Aliyev qabaqcıl müəllim kimi "Azərbaycan SSR-in maarif əlaçısı" adını almış, dəfələrlə  şagirdləri respublika fənn olimpiadasının qalibi olan müəllim kimi fəxri diplomlarla təltif edilmişdir.

1978-ci ildən o, irəli çəkilərək Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun (indiki AMİ) kimya tədris-metodika kabinetinin müdiri vəzifəsinə təyin edilmişdir. Burada işlədiyi müddətdə Akif müəllim respublikanın müxtəlif bölgələrindən olan kimya müəllimlərinin ixtisasının artırılması məsələləri (müəllimlərin müxtəlif müddətli ixtisasartırma kurslarından keçirilməsi, yerlərdə metodik mərkəzlərin və fənn birləşmələrinin işinin təşkili, qabaqcıl müəllimlərin təcrübəsinin öyrənilməsi, müəllimlər üçün müxtəlif mövzuda tövsiyələrin və göstərişlərin hazırlanması və s.) ilə məşğul olmuşdur. A.Əliyev bu məzmunda fəaliyyətini 90-cı illərdə yaradılan Respublika Metodik Mərkəzində də davam etdirmişdir. Eyni zamanda o, onlarca metodik məqalə işləyərək "Kimya və biologiyanın tədrisi" respublika metodik məcmuəsində və "Ximiya v şkole" ümumittifaq miqyaslı metodik jurnalda çap etdirmişdir. Onun 80-ci illərdə "Ximiya v şkole" jurnalında çap olunan  "Razvitie ximiçeskoy nauki i promışlennosti v Azerbaydjane" və "Bolşoy trujennik i umelıy pedaqoq" (Sosialist Əməyi   Qəhrəmanı M.Quliyevin  fəaliyyəti barədə)  adlı məqalələri o dövrdə xüsusilə diqqəti cəlb etmişdir.

Aliyev pedaqoji fəaliyyətində kimyanın tədrisinə, kimya müəllimlərinə praktiki köməyi dəyən metodik məqalələr, tövsiyələr, göstərişlər və kitabçalar hazırlamaqla yanaşı, eyni vaxtda irimiqyaslı elmi-pedaqoji tədqiqatlar apararaq, böyük həcmdə dərs vəsaiti və metodik vəsaitlər işləmiş və müxtəlif səviyyəli tədris proqramları tərtib etmişdir.

O, XX əsrin 80-ci illərində Azərbaycanın qiymətli təbii sərvəti olan neftin orta məktəblərdə daha geniş öyrədilməsi üçün "Neft emalının texnologiyası" fakültativ kursunun məzmunu və tədrisi metodikasına aid elmi-metodik tədqiqat üzərində işləyir, 1986-cı ildə bu mövzuda Moskva Dövlət Pedaqoji İnstitutunda namizədlik dissertasiyası müdafiə edir. Onun hazırladığı "Neft emalının texnologiyası" üzrə fakültativ kursun  proqramı (Bakı, 1980, Azərbaycan və rus dillərində) indiyədək məktəblərdə tətbiq olunur. Bundan başqa, A.Əliyev ümumtəhsil məktəbləri üçün kimya proqramı (Bakı, 1999, 35 səh.), ümumtəhsil məktəblərinin  VIII-XI sinifləri üçün kimya proqramı  (Bakı, 22 səh.) müəlliflərindən biridir.

Onun müstəqillik dövründə təhsilin yenidən qurulması tələblərinə cavab verən və kimya müəllimlərinin stolüstü vəsaiti kimi istifadə olunan kitabları - "Kimya-ekologiya"dərs vəsaiti (Bakı, 1997, 84 səh.); "Ximiya -ekologiya" rus dilində (Bakı, 1997, 81 səh.); "Kimyadan məsələlər, çalışmalar və testlər" professor Okbərovla birlikdə, dərs vəsaiti (Bakı, "Nərgiz", 2001, 188 səh.); "8-ci sinifdə kimyanın tədrisi" (müəllimlər üçün vəsait, Bakı, 2004, 136 səh.); "9-cu  sinifdə kimyanın tədrisi" (yeni pedaqoji texnologiyalardan istifadə. Orta məktəb müəllimləri üçün vəsait. Bakı, 2006, 240 səh.); "Müasir pedaqoji texnologiyalar və kimyanın tədrisində onlardan istifadənin metodikası" (monoqrafiya, Bakı, 2009, 256 səh.) indi də gündəlik fəaliyyətlərində müəllimlərin köməyinə çatır.

Aliyev öz pedaqoji fəaliyyətində müəllimlərlə işləyən metodistləri də unutmur. Onun hazırladığı: "Məktəb islahatı dövründə kimya müəllimləri ilə aparan metodistlərin vəzifələri (metodik tövsiyə)". Bakı, 1987 və "Məktəbdə kimyanın təlimini səmərəli təşkil edək (metodistlər və inspektorlara kömək üçün)". Bakı, 1999. - kitabçalar təhsil şöbəsi (idarəsi) metodistləri üçün  istiqamətverici faydalı vasitələrdir. O, eyni zamanda uzun illərdir ki, respublika kimya olimpiadasının məsul katibi kimi ictimai vəzifə aparır, gələcək istedadlı kimyaçıların yetişməsində müəllimlərə yaxından köməklik göstərir.

Son illərdə Akif müəllim metodik xidmət və elmi-pedaqoji tədqiqat işlərini XXI əsrin tələbləri və  özəllikləri səviyyəsində qurmağa çalışır. O, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzi üzrə Ümumi ortatam orta təhsilin kurikulumu şöbəsinin müdiri vəzifəsini aparmaqla yanaşı ciddi elmi-pedaqoji fəaliyyətlə də məşğul olur. Ümumtəhsil məktəbləri üçün Milli Kurikulum və fənn kurikulumları sənədlərinin hazırlanmasında onun böyük əməyi vardır. Bu işlərdə o, həm təşkilatçı, həm də fənn kurikulumlarının məzmununun tələb olunan keyfiyyətə gətirilməsində tədqiqatçı kimi yaxından iştirak edir.

Aliyev son 10 ildə ciddi elmi tədqiqat işi ilə də məşğul olmuşdur: respublikanın müxtəlif bölgələrində, Bakı və Sumqayıt şəhərlərində 24 qabaqcıl kimya müəlliminin iş təcrübəsini öyrənmiş, onların pedaqoji innovasiyalardan istifadə səviyyəsini müəyyənləşdirmiş və "Orta məktəb kimya kursunun tədrisində yeni pedaqoji texnologiyalardan istifadənin sistemi" mövzusunda doktorluq dissertasiyasını işləmiş, hazırladığı metodika əsasında 11 məktəbdə pedaqoji eksperiment qoymuş,  nəticələrini təhlil edərək ümumiləşdirmişdir.

Akif müəllim həm də xoşbəxt ata və qayğıkeş ailə başçısıdır, övladları ali təhsilli müəllim və həkimdir, böyük qızı psixologiya üzrə fəlsəfə doktorudur, üç nəvəsi ali məktəb tələbəsidir.

Yaşının ahıl vaxtına baxmayaraq, Akif müəllimin elmi yaradıcılıq həvəsi indi də yüksələn xətt üzrədir. Uzun illər belə görək Səni əziz həmkarımız!

 

 

M.ABBASOV,

 

M.FƏRƏCOV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.26.