"Azəri" mahnı və rəqs
ansamblı beynəlxalq festivalın qalibi oldu
Bakıdakı 1 nömrəli uşaq
evinin "Azəri"
mahnı və rəqs ansamblı bu il 19-25 sentyabr
tarixlərində Sankt-Peterburq Şəhər Meriyasının
maliyyə və "Kastalskiy Klyuç" İctimai Birliyinin təşkilatı dəstəyi
ilə keçirilən
yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların beynəlxalq bədii- yaradıcılıq festivalında
uğurla çıxış
edərək I yerə
layiq görülüb.
Məlumat üçün
bildirək ki, "Kastalskiy Klyuç" İctimai Birliyi Qrişenko Nataliya Vladimirovnanın rəhbərliyi
altında fəaliyyət
göstərir.
Bu festival adıçəkilən ictimai birliyin yetim
və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün Sankt-Peterburqda
təşkil etdiyi üçüncü yaradıcılıq
festivalıdır.
Festivalın
keçirilməsində əsas məqsəd yetim və valideyn
himayəsindən məhrum olmuş uşaqların estetik tərbiyəsinin
inkişaf etdirilməsidir. Qeyd edək ki, həmin festivalda 7
ölkədən 12 rəqs kollektivi müxtəlif janrlarda
öz məharətlərini nümayiş etdirib. Azərbaycanı Bakıdakı 1 nömrəli
uşaq evinin "Azəri" mahnı və rəqs
ansamblı təmsil edib. Ansambl bu günlərdə Vətənə
dönüb.
Səfər təəssüratlarını
bizimlə bölüşən 1 nömrəli uşaq evinin
direktoru Nərminə Zöhrabova bildirdi ki, 2003-cü ildən
fəaliyyət göstərən ansamblın kifayət qədər
uğurları var. İstər respublikamızda, istərsə
də xarici ölkələrdə keçirilən müsabiqələrdə,
festivallarda, eləcə də bir sıra dövlət tədbirlərində
müvəffəqiyyətlə çıxış edən
ansambl uşaq evinə hər zaman başucalığı gətirib.
Ansamblda yüksək səhnə mədəniyyətinə
malik olduqca istedadlı uşaqlar var. Hər
çıxışına ilk çıxışı kimi
böyük coşqu, eyni zamanda məsuliyyətlə
yanaşan kollektivin üzvləri qazandıqları
uğurları da elə ilk
uğurları kimi qəbul edirlər.
Uşaq evinin direktoru
"Azəri" mahnı və rəqs ansamblının
Sankt-Peterburq şəhərindəki beynəlxalq festivalda ilk
dəfə çıxış etməsinə baxmayaraq, I yerə
layiq görülməsinin onlara olduqca xoş təsir
bağışladığını dedi. Onu da bildirdi ki,
festivalda iştirakçılardan incəsənətin
müxtəlif janrlarında - klassik, xalq, müasir rəqs
nömrələri üzrə və eyni zamanda, pantomima, sirk
nömrələri və parodiya ilə çıxış
etmək tələb olunurdu. Ansambl festivalda ümumilikdə 6
rəqslə çıxış edib, 2 mövzuda - "Xeyir
və şər" və ölməz bəstəkarımız
Üzeyir Hacıbəylinin "Arşın mal alan"
operasından isə müəyyən
bir hissəni hazırlayaraq
pantomima göstəriblər. "Xeyir və şər"
mövzusunda hazırlanmış pantomima səhnəciyini Xocalı soyqırımına həsr
etdiklərini bildirən direktor uşaqların həmin faciəni
kövrək duyğularla, müəyyən mimika, ifadəli hərəkətlərlə
başqa millətin nümayəndələrinə məharətlə
çatdıra bildiklərini və bu
çıxışın tamaşaçılarda kədərli
hisslər oyatdığını, onların təsirləndiklərini
söylədi.
Uşaqlar tərəfindən nümayiş
olunan istər rəqslər, istərsə də göstərilən pantomimalar münsiflər heyəti, eyni zamanda
digər ölkələrin iştirakçıları və
bütövlükdə tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanb. Hamının rəğbətini
qazanan ansamblın uğurlu çıxışlarının
ayrı-ayrı məqamlarından söz açan
N.Zöhrabova bu səfərin
yaddaqalan olduğunu vurğuladı. Belə ki, Azərbaycan nümayəndələri
səfər çərçivəsində Ermitajda, Perqof,
Qatçina və A.S.Puşkinin
ev-muzeyində olublar. Onlar həmçinin
Böyük Kukla Teatrında, Musiqili Komediya Teatrında
tamaşalara baxıblar, Sankt-Peterburqun bir sıra görməli
yerlərinə baş çəkiblər.
Direktor onu da əlavə
etdi ki, digər ölkələrin
iştirakçıları ilə söhbət zamanı onlar
dövlətimiz tərəfindən yetim və valideyn himayəsindən
məhrum olmuş uşaqlara necə diqqət və
qayğı ilə yanaşılmasının şahidi
olduqlarını söyləyir, ölkəmizdə belə
uşaqlar üçün yaradılan şəraitin yüksək
səviyyədə olmasını müsbət qiymətləndirirdilər.
Ölkəmizdə yetim və valideyn himayəsindən
məhrum olan uşaqlara göstərilən qayğıdan
razılıq hissi ilə danışan Nərminə Zöhrabova Təhsil
Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi işləri
yüksək dəyərləndirdi.
1 nömrəli uşaq evinin mahnı və rəqs
ansamblına yüksək etimad göstərərək
onların belə bir geniş tərkibdə festivalda
iştirakını təmin etdiklərinə görə təhsil
naziri Misir Mərdanova öz təşəkkürünü
bildirdi.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.23.