İngilis dili dərslərində rollu oyunlardan istifadə

 

İki ildir ki, məktəblərimizdə yeni təhsil proqramlarının - kurikulumların tətbiqinə başlanılmışdır. 2008-2009-cu dərs ilindən başlayaraq birinci sinfə gedən uşaqlar yeni fənn kurikulumları əsasında hazırlanan dərsliklərlə oxuyur, müəllimlər yeni məzmunun mənimsənilməsini təmin edə bilən pedaqoji texnologiyalarla işləyirlər. 

 

Xarici dilin praktik mənimsənilməsini təmin etmək üçün müəllim tədrisin ilk günlərindən öyrənilən dildə ünsiyyət qurmağa çalışmalıdır. Psixoloqların tədqiqatları göstərir ki, dərslərdə rollu oyunların geniş istifadəsi şagirdlərin imkan bacarıqlarının üzə çıxarılmasına şərait yaradır. Kiçikyaşlı uşaqların ünsiyyət qurmaq bacarıqlarını daha da inkişaf etdirmək üçün kiçikhəcmli mətnlərdən, dialoqlardan, tamaşalardan istifadə etmək daha məqsədəuyğundur. Hər bir rollu oyun şagirdə müəyyən xarakter seçmək imkanı verir. Bu seçim şərtləri müxtəlif ola bilər: real insan həyatı ya müxtəlif əsərlərin personajları, nağıl qəhrəmanları s. Bu baxımdan, rollu oyunlar çox geniş dil öyrətmək imkanlarına malikdir. Usaqlar hər zaman işin oyun formalarına maraqla yanaşırlar, müxtəlif insanların rollarını oynamağı, heyvanların personajlarını hazırlamağı daha çox xoşlayırlar.

Rollu oyunlar bütün siniflə birlikdə yaxud qruplarla  keçirilə bilər. Hər hansı bir səhnənin rollarla təqdimatı zamanı iştirak edən şagirdlərin bir-birlərinə kömək etmələri əməkdaşlığın yaranması üçün geniş imkanlar yaradır.

Dərs prosesində rollu oyunlardan istifadə şagirdlərin mövqe tutmaq şifahi nitqi inkişaf etdirməyə yönəlmişdir. Bu zaman şagirdlər yalnız öz rolunu deyil, tərəf-müqabilinin replikalarını yadda saxlamalı olur. Onlarda isə deməyə, soruşmağa, dəqiqləşdirməyə, sübut etməyə, fikirlərini həmsöhbəti ilə bölüşməyə ehtiyac yaranır. Dərsin maraqlı keçməsi təkcə rolları ifa edəni deyil, qulaq asanları da fəal iştirak etməyə sövq edir. Bu da onların nitq fəaliyyətini daha da gücləndirir.

Rollu oyunlar tədrisin bütün tələblərinə cavab verməlidir. Tədris prosesində rollu oyun öyrənmə üçün motivasiya yaratmalıdır ki, dərs şagirdlər üçün maraqlı olsun onlar tapşırıqları həvəslə yerinə yetirsinlər. Rollu oyunda hər kəs rol alır bu zaman onlar həmsöhbətini axıradək dinləmək bacarığına malik olur.

Rollu  oyunlar  uşaqların  bir-biri ilə ünsiyyət qurmaq cəhdlərini fəallaşdırır onların arasındakı maneəni aradan qaldırır. Müəllim rolların bölüşdürülməsində bilavasitə iştirak edərkən yenə sinifdəki şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Müəllimin rolu dərsi qurmaq ona nəzarət etməkdir. Müəllim istərsə rol ala bilər, istərsə müşahidəçi ola bilər. Müəllim başlanğıcda dərsə rəhbərlik edir, onların çətinlikləri ilə yaxından maraqlanır, səhvlərini düzəltmir, yalnız onlara istiqamətverici kömək edir. Müəllim səhvləri qeyd edib, müzakirəsi keçirilən zaman bunları çox diqqətli peşəkarcasına şagirdlərin psixologiyasına uyğun olaraq, onların nəzərinə çatdırır.

Birinci  sinif dərsliyində heyvanlar haqqında olan mövzunu keçərkən şagirdlər özləri ilə həmin heyvanların maskalarını hazırlayıb gətirməyə çalışırlar. Bu zaman onlar həmin heyvanın xarakterini verməyə çalışır və onlara olan sevgisindən danışırlar. Belə ki, bu, onların hər bir canlıya marağını özündə əks etdirir. Onlar heyvanların böyüklüyünü, kiçikliyini, səslərini, hərəkətlərini verməyə çalışırlar. Rollu oyunlar tədris məqsədi ilə yanaşı, həm də tərbiyəvi məsələlərin həllinə kömək edir. Bu dərslər canlı, emosional və şagirdlərin yüksək fəallığı ilə keçir.

 

 

Bircəxanım AYDINOVA

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.15.