Müəllim-şagird münasibətləri
Mükəmməl
təhsil sisteminə malik olmaq
dövlətin gələcəyi
və müstəqilliyinin mühüm
şərtidir. Respublikamızda həyata
keçirilən təhsil islahatının məqsədi təlim
prosesinin səmərəliliyini təmin
etməklə milli və ümumbəşəri
dəyərlərə yiyələnən, yaradıcı və
tənqidi düşünməyi bacaran, fəal
şəxsiyyət yetişdirməkdir. İlk
növbədə müəllim bacarıqlı,
işgüzar, ixtisasını dərindən
bilən, müəllimlik adını müqəddəs tutan, ideyaca saf, mənəviyyatca pak,
özünə və şagirdlərinə qarşı tələbkar,
sənətinə ürəkdən bağlı keyfiyyətləri
özündə cəmləşdirməlidir.
Təlimdə keyfiyyətin
əldə olunması üçün psixoloji xüsusiyyətləri
dərindən bilmək vacibdir. Müəllim bütün
hallarda, xüsusən "müəllim - şagird"
münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti,
onun davranışına verilən etik tələbləri
gözləməli, şagirdlərin şərəf və ləyaqətinə
hörmət bəsləməli, onlara münasibətdə ədəblə
davranmalıdır.
Təhsil
islahatlarının tələblərinin yerinə yetirilməsində,
ilk növbədə, müəllim özü dəyişməli,
təlimin yeni texnologiyalarını bilməli, yeni proqram və
dərsliklərdən, fənn kurikulumunun tələblərindən
irəli gələn dəyişiklikləri tətbiq etməyi
bacarmalıdır. Yeni metodlardan istifadə zamanı müəllim
şagirdlərin idraki fəallığına, müstəqil
düşünmə qabiliyyətinin inkişafına nail olur.
İş prosesində müəllim - şagird münasibətlərinin
düzgün qurulması, şagirdlərin təhsilə
marağının artmasında, tədris olunan fənlərin
sevdirilməsində mühüm əhəmiyyət kəsb
edir.
Müəllim və
şagird arasında qarşılıqlı hörmət
olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə
və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim
şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə,
şəxsiyyətinə toxunan söz deməməli, hərəkət
etməməlidir. Nə qədər sözə baxmayan, nadinc
şagird olsa belə, müəllim özünün pedaqoji
metodlarından istifadə edib, xoş, isti münasibət
yaratmalıdır.
Müəllim və
şagird arasında problemlər adətən, sinifdən-sinfə
keçdiyi zaman və onların yaş dövrləri ilə əlaqədar
olaraq baş verir. Məsələn, 4-cü sinifdən 5-ci
sinfə keçəndə yeni
müəllimlərlə tanışlıq zamanı
şagirdlərin psixologiyasında müəyyən dəyişikliklər
olur. Birdən-birə onlar bir müəllimin əlindən
çıxıb, bir neçə müəllimin
qarşısında otururlar. Yeni müəllimlərlə
tanışlıq onların özünəməxsus xarakterlərinin
formalaşmasında mühüm rol oynasa da, ibtidai sinfi yenicə bitirmiş
şagirdlər arasında çaşqınlıq yaradır.
Bu sahədə onlara yeni təyin olunmuş sinif rəhbəri
və məktəbin psixoloqu kömək etməlidir.
İlk vaxtlarda
onların çoxu ağlayır, müəllimə öz
şıltaqlıqlarını bildirir, bunun da həlli yolu
ondan ibarətdir ki, uşaqlar məktəbə gəlməmişdən
əvvəl mütləq məktəbəqədər müəssisələrə,
yəni uşaq
bağçalarına getməli, cəmiyyətin arasında
özlərini necə aparmaq
lazım olduqlarını öyrənməlıdirlər.
Düzgün qurulmuş
müəllim - şagird münasibətləri şagirdlərin
təlim marağının artmasında mühüm vasitədir.
Qarşılıqlı ünsiyyət şagirdlərin fəallığını
artırır, kollektiv şəkildə işləməyə
istiqamət verir. Müəllimdə bu tip keyfiyyətlərin
olmaması təhsil sistemində şagird - müəllim
problemlərinin yaranmasına gətirib çıxarır.
Müəllim və
şagird arasında problemləri aradan qaldırmaq
üçün bu təklifləri irəli sürürəm:
1. Müəllim
yaxşı psixoloq olmalıdır. Pedaqoji məktəblərdə
psixoloji treninqlər keçirilməlidir, hətta orta məktəbdə
işləyən müəllimlər üçün də
ara-sıra belə məşğələlər təşkil
olunmalıdır.
2. Müəllim etik,
estetik mədəniyyətə malik olmalıdır.
3. Müəllim hər
bir şəxsə fərdi yanaşmağı
bacarmalıdır.
4. Müəllim valideynlə
sıx əlaqədə olmalıdır.
Xumara AĞACANOVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.15.