Prezident təqaüdü alan
məzunlar və yubilyar müəllimlərlə
görüş
2010-cu il Bakıdakı 115 nömrəli tam orta təhsil məktəbi üçün düşərli olub. Belə ki, bu təhsil ocağı 2009-2010-cu tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib gələrək ölkə Prezidentinin sərəncamı ilə 10 min manat mükafat alıb. Məktəb tarixində ilk dəfə olaraq 3 məzun ali məktəblərə qəbul imtahanlarında yüksək bal topladıqları üçün Prezident təqaüdünə layiq görülüb. Məktəbin bir yetirməsi isə ən yüksək - 700 bal toplayıb. Tədris ocağının bir müəllimi ölkə Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Oktyabrın 9-da 115 nömrəli məktəbdə keçirilən ədəbi-musiqili tədbirdə bu barədə ətraflı danışıldı. Əvvəlki illərin bəzi məzunlarının və valideynlərin də iştirak etdikləri tədbiri giriş sözü ilə onun təşkilatçısı, məktəbin praktik psixoloqu Şövkət Dadaşova açaraq peşə bayramları münasibəti ilə müəllimləri təbrik etdi, təhsil müəssisələrinin ötən tədris ilində qazandığı uğurlardan söz açdı. Sonra müğənni Yaqut Qarabağlı məlahətli ifası ilə tədbir iştirakçılarında xoş ovqat yaratdı.
Məktəbin direktoru Tanrıverdi Orucov çıxış edərək qazanılan uğurlarda müəllimlərin, təhsilin keyfiyyətini yüksəltmək istiqamətində son illər məktəblərində aparılan işlərin böyük rolu olduğunu bildirdi.
Məktəbin Prezident təqaüdünə layiq görülmüş məzunları - qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Aygül Tanrıverdiyeva, 690 balla Qafqaz Universitetinə qəbul olunmuş Aydın Ramazanov, yüksək balla AMİ-yə qəbul olunmuş Aytac Mahmudova, 2007-ci ilin məzunu, BDU-nun hüquq fakültəsində təhsil alan Kənan Hüseynov, 2005-ci ilin məzunu, BDU-nu Beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, hazırda Dövlət İdarəçilik Akademiyasında magistratura pilləsində təhsil alan Gülnar Həsənova, məktəbin 2001-ci il məzunu və Binəqədi rayonu üzrə ilk Prezident təqaüdçüsü, BDU-nun psixologiya və sosial elmlər fakültəsini psixologiya ixtisası üzrə bitirmiş və hazırda "XXI əsr təhsil kompleksi"ndə işləyən Humay Axundzadə çıxış edərək ürək sözlərini söylədilər. Tələbələrə gül dəstələri və hədiyyələr, onların valideynlərinə isə təşəkkürnamələr təqdim olundu.
Bu günlərdə möhtərəm Prezidentimizin sərəncamı ilə
"Tərəqqi" medalı ilə
təltif olunmuş riyaziyyat müəllimi Zahid Nəsibov çıxışında
ölkəmizdə
təhsilə,
təhsil işçilərinə
göstərilən qayğıdan danışdı.
Tədbirdə fəxri
qonaqlar, məktəbin sabiq müəllimləri Məhəmmədin
85, Xanımın 75, Əminənin 78, Solmazın 75, Məhinin
76, Rimanın 65, ibtidai sinif müəllimləri Qəmzə,
Elmira, Kifayət, Məhbubə, Məhsəti və Badisəbanın
60 illikləri qeyd olundu, bu münasibətlə onlara təbriklər
ünvanlandı, gül dəstələri, hədiyyələr
verildi. Yubilyarlar çıxış edərək məktəbin
kollektivinə və rəhbərliyinə təşəkkürlərini
bildirdilər.
Sonra məktəbin
müxtəlif siniflərində oxuyan istedadlı şagirdlər
öz müəllimlərini və məzunları şeir və
mahnılarla təbrik etdilər.
Lalə YUSİFQIZI
Azərbaycan müəllimi.- 2010.-15 oktyabr.- S.14.