Hər bir şagird kitabları sevməli və
qorumalıdır
Ulu öndərimiz Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" müdrik sözlərini həmişə bəyənmiş və təqdir etmişəm. Bir millətin işıqlı istiqbala və gələcəyə yiyələnə bilməsi üçün təhsilin önəmi danılmaz və şübhəsizdir. Odur ki, hazırkı iqtisadi inkişaf və dünyaya inteqrasiya şəraitində ölkəmizdə inkişaf etməkdə olan elm və təhsilin bizi hədəf seçdiyimiz parlaq və mütərəqqi gələcəyə qüvuşmağımızı daha da yaxınlaşdıracağını düşünür və buna inanıram.
Bunları söyləyərkən əsas gətirdiyim, istinad etdiyim bir sıra amillər vardır, əlbəttə ki, yeni məktəblərin tikilməsi, mövcud olanların madditexniki bazasının yaxşılaşdırılması yolunda atılan addımlar və s. Belə amillərdən biri də tədris müəssisələrinin pulsuz dərsliklərlə təminatıdır. Bildiyimiz kimi, uzun müddət Azərbaycan məktəblərində yaşanan və tədrisin keyfiyyətinə bilavasitə mənfi təsir göstərən dərslik çatışmazlığı probleminin, artıq bir neçə ildir ki, həll edilməsi təqdirəlayiq hal olmaqla biz şagirdləri sevindirir. Zənnimcə, elm və biliyə meyil edən, dəyər verən və keyfiyyətli təhsil almaq istəyən hər bir şagird bundan ruhlanmışdır. Şəxsən mən bir Azərbaycan vətəndaşı və şagirdi olaraq qürurlanır və sevinirəm.
Ancaq, əfsus ki, hərdən kitaba qarşı etinasız münasibətlə qarşılaşarkən
üzülməyə bilmirəm.
Birini bu və ya digər
kitabı "vərəq"
sanıb yazarkən və ya hər
hansı bir şəkildə zədələyərkən
görüncə, bunların
bizim üçün,
təhsil ala bilməmiz
üçün külli
miqdarda vəsait müqabilində ərsəyə
gəldiyini düşünərək
təəssüflənir və belələrini hər vəchlə əngəlləməyə
və çəkindirməyə
çalışıram.
Mənim düşüncəmə
görə, yalnız
kitaba qayğı ilə yanaşan, ona dəyər verən və hörmət edən kəs uğur və müvəffəqiyyətə
nail ola bilər. Kitaba qarşı xoş
rəftar ona dəyər vermənin nişanəsidir, kitabı
dəyərləndirən və
sevən şəxs isə elmi dəyərləndirəndir.
Odur ki, hər bir
şagirdə kitabları
sevməyi və qorumağı tövsiyə
edirəm.
Əks təqdirdə, gələcək
nəsillərin dövlətimizin
bizlərə göstərdiyi
qayğıdan tam yararlana
bilməsini əngəlləmiş
olarıq.
Ümumiyyətlə, bizim rifahımız
üçün yaradılan,
bizə bilgi verəcək, faydalana biləcəyimiz hər bir şeyə yüksək qiymət verib onu sevməliyik.
Var olanı dəyərləndirərək,
şübhəsiz, daha
çox şey qazana bilərik. Və təbii ki, bütün bu keyfiyyətləri və xüsusiyyətləri bizlərə
aşılamaq yolunda müəllimlərimiz də
əsas rola malikdirlər. Düşünürəm
ki, yuxarıda qeyd olunmuş arzuolunmaz
və xoşagəlməz
hallardan qorunmaq üçün onların
üzərinə maarifləndirmə
baxımından ciddi və önəmli iş düşür.
Biz isə işıqlı Azərbaycan gələcəyinin bizlərə ehtiyacı olduğunu düşünsək, yaşadığımız dövrün ən yüksək keyfiyyətlərindən yararlanaraq layiqli vətəndaş ola bilmək yolunda daha da əzmlə çalışmaqla, bunu özümüz üçün ümdə amala çevirməklə xoşbəxt və firavan gələcəyə daha yaxın ola bilərik.
Fəxri XANLARZADƏ
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.27.