Azərbaycanın Milli
Qəhrəmanları
Qasımov Muxtar
Cahid oğlu
1958-ci il yanvarın 10-da Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdu. 1975-ci ildə Ağdam şəhər 5 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmuşdu. Muxtar yeddi il Xankəndində həkim işləmiş, 1988-ci ildə erməni işğalçılarının torpaqlarımıza hücumu başlayanda, iş yerini dəyişərək Ağdam şəhər Mərkəzi Xəstəxanasında çalışmağa başlamışdı. Bacarıqlı və təcrübəli həkim kimi ağır döyüşlər zamanı yaralanmış yüzlərlə əsgərimizi sağaldıb yenidən cəbhə bölgəsinə yola salmışdı. Naxçıvanik, Aranzəmin, Pircamal, Ağbulaq kəndləri istiqamətində gedən döyüşlərdə bir həkim kimi yüksək peşəkarlıqla fəaliyyət göstərmişdi.
M.Qasımov 1992-ci ildə Naxçıvanik kəndində xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.
Qədiməliyev Arif
Maasif oğlu
1975-ci il iyulun 13-də Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdu. 1992-ci ildə burada kənd orta məktəbini bitirmiş və Nəvai adına kolxozda çalışmışdı. Arif 1993-cü ildə Milli Ordu sıralarına çağırılmış, Qusarda və Sumqayıtda hərbi təlim keçmişdi. 1994-cü il yanvarın 18-də Qarabağ bölgəsinə cəbhəyə göndərilmişdi. Xidmət etdiyi hərbi hissənin tərkibində Füzuli, Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərdə fəal iştirak edərək Ağdərə, Tərtər bölgələrində ağır döyüşlərdə rəşadət göstərmişdı.
A.Qədiməliyev 1995-ci il martın 17-də dövlət çevrilişinə cəhdin qarşısını alarkən həlak olub.
Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli
Fərmanı ilə Qədiməliyev Arif Maasif oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Dağ Kəsəmən
kəndində dəfn olunub. Ağstafa şəhərində
büstü qoyulub. Adına mədəniyyət evi var.
Qəmbərov Ramiz Bulud oğlu
1962-ci il iyulun 2-də
Şuşa şəhərində anadan olmuşdu. 1979-cu ildə
buradakı şəhər orta məktəbini bitirmiş və
Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə
başlamışdı. O, 1980-ci ildə hərbi xidmətə
çağırılmış, xidmətini başa
çatdırdıqdan sonra Şuşaya
qayıtmışdı. 1986-cı ildə indiki Azərbaycan
Memarlıq və İnşaat Universitetinə daxil olmuş və
işləyə-işləyə təhsilini davam
etdirmişdi. 1988-ci ildən xalq hərəkatına
qoşulmuşdu. O, erməni təcavüzünə
qarşı mübarizə aparanların ön sırasında
gedirdi. 1992-ci ildə yaratdığı könüllülərdən
ibarət batalyona
başçılıq etmişdi. Kərkicahan, Kosalar, Nəbilər,
Qaybalı, Quşçular və digər kəndlərin
müdafiəsində mərdliklə vuruşmuşdu.
R.Qəmbərov 1992-ci
il aprelin 30-da Kosalar və Kərkicahan kəndləri yaxınlığında gedən
döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 nömrəli
Fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Bakı şəhərində
dəfn olunub.
Qəhrəmanov Fariz Çoban oğlu
1974-cü il martın
29-da Bərdə rayonunun Xəsili kəndində anadan
olmuşdur. 1991-ci ildə orta təhsilini doğma kəndlərində
başa çatdırmışdır. Sonra o, təhsilini 47
nömrəli texniki peşə məktəbində davam etdirərkən
1992-ci ildə Milli Orduya
çağırılmışdır. Ağdam, Ağdərə,
Füzuli, Kəlbəcər və Tərtər rayonları
uğrunda gedən ağır döyüşlərdə
iştirak etmişdir. Fariz 1994-cü ildə Ağdərənin
müdafiəsi uğrunda erməni
işğalçılarına qarşı gedən
döyüşdə yaralanmışdır. O, bir müddət
müalicə olunduqdan sonra yenidən cəbhə bölgəsinə
qayıtmışdır.1995-ci ildə dövlət
çevrilişinə cəhdin qarşısının
alınmasında xidmət göstərmişdir.
1995-1996-cı illərdə Türkiyə Respublikasında
jandarm və komanda məktəbini bitirmiş, 1999-cu ildə sənədlərini
elə oradakı Ali Birləşmiş Komandanlıq Məktəbinə
vermiş və motoatıcı qoşunlar komandiri ixtisası
üzrə tam kursu bitirmişdir.
F.Qəhrəmanov kapitan
rütbəsinə qədər yüksəlib.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli
Fərmanı ilə Qəhrəmanov Fariz Çoban oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Qubadov Arif Vəliş oğlu
1966-cı il
sentyabrın 20-də Cəlilabad rayonunun Əliqasımlı kəndində
anadan olmuşdu. 1983-cü ildə kəndlərindəki orta məktəbi
bitirmiş, 1984-cü ildə hərbi xidmətə
çağırılmışdı. 1992-ci ildə vətənə
qayıdaraq Milli Orduda xidmət etməyə
başlamışdı. 1993-cü ildə Ağdam rayonuna
göndərilmiş, Əfətli, Yusifcanlı kəndlərinin
azad edilməsi uğrunda mübarizədə iştirak
etmişdi. 1993-cü ilin avqustunda taboru ilə Füzuli
bölgəsinə yollanmış, 1994-cü ildə Tərtər
və Ağdərə döyüşlərində fəal
iştirak etmiş, şücaəti ilə fərqlənmişdi.
1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər
Məktəbini bitirmişdi. 2001-ci ildə Azərbaycan
Respublikası Sərhəd Qoşunları Hərbi
Akademiyasına daxil olmuş, 2003-cü ildə oranı
bitirmişdı.
Azərbaycan
Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli
Fərmanı ilə Qubadov Arif Vəliş oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Polkovnik-leytenant rütbəsinə
yüksəlmişdi. 2009-cu il sentyabrın 25-də uzunsürən
xəstəlikdən vəfat edib.
Ailəli idi.
Cəlilabad rayonunun Əliqasımlı
kəndində dəfn olunub.
Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin
materialları əsasında hazırladı: Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.7.