"Yüksələn təhsilimizin
bayraqdarı –Azərbaycan məktəblisi"
Oktyabrın 16-da Qafqaz Universitetində
"Yüksələn təhsilimizin
bayraqdarı - Azərbaycan
məktəblisi" mövzusunda
təhsil öncüllərinin
mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə
Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, ombudsman
Elmira Süleymanova, "Çağ"
Öyrətim
İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən,
millət vəkilləri,
Qafqaz Universitetinin
professor-müəllim və
tələbə heyətinin
üzvləri, digər
ali məktəblərdən
nümayəndələr, valideynlər
iştirak edirdilər.
Tədbir açıq
elan olunduqdan sonra Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin, türk xalqının böyük oğlu Mustafa
Kamal Atatürkün, ötən dərs ili ərzində dünyasını dəyişmiş
Qafqaz Universiteti müəllimlərinin xatirəsi
bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi. Sonra "Çağ"
Öyrətim Şirkəti
təhsil müəssisələrinin
uğurlarından bəhs
edən qısametrajlı
film nümayiş olundu.
Mərasimdə söz alan "Çağ" Öyrətim İşlətmələri
İdarə Heyətinin
sədri Ənvər Özərən rəhbərlik
etdiyi şirkətin təhsil müəssisələrində
oxuyan və yüksək uğurları
ilə fərqlənən
şagird və tələbələrin mükafatlandırılması
üçün belə
tədbirlərin keçirilməsinin
artıq ənənə
halını aldığını,
hər il olduğu kimi, 2009-2010-cu tədris ilində və bu il
ali məktəblərə
keçirilən
qəbul imtahanlarında
da türk liseyləri şagirdlərinin,
"Araz" kursları
müdavimlərinin böyük
uğurlar qazandıqlarını
qeyd etdi, mükafatlandırılacaq şagird
və tələbələrə
təbriklərini çatdırdı.
"Çağ"
Öyrətim Şirkətinin
ölkəmizdə 18 il
öncə ulu öndər Heydər Əliyevin yaxından köməyi ilə fəaliyyətə başladığını
deyən Ənvər bəy şirkətin və ona tabe təhsil
müəssisələrinin ötən müddət ərzində etimada həmişə sədaqət
göstərdiklərini, ölkəmizdə
təhsilin inkişafına,
bilikli, vətənpərvər
gənclərin, yüksəkixtisaslı
mütəxəssislərin yetişməsinə xeyli töhfə verdiklərini
qeyd etdi, dövlətimizin başçısı
cənab Prezident İlham Əliyevin onların fəaliyyətinə
böyük qiymət
verdiyini, Təhsil Nazirliyindən daim fəal dəstək aldıqlarını vurğuladı.
Sonra mükafatlandırma başlandı. Qeyd olundu
ki, 2009-2010-cu tədris
ilində Azərbaycan-Türkiyə
özəl liseylərinin
yetirmələri beynəlxalq
fənn və layihə olimpiadalarında
12-si qızıl, 20-si gümüş
və 38-i bürünc
olmaqla 70 medal qazanıblar.
Türk liseyləri məzunlarının 98, "Araz"
kursları müdavimlərinin
isə 94 faizi bu il ali məktəblərə
daxil olub. Bunlar ölkə üzrə ən yüksək göstəricilərdir. Liseylərin
məzunlarının 61 nəfəri
600-dən yüksək bal
toplamışdır. "Araz"
kurslarının müdavimləri
arasında isə 130-dan
çoxu 600-dən yüksək,
o cümlədən 5 nəfər
700 bal toplayan tələbə
var. "Araz" kurslarını
bitirib yüksək ballarla ali məktəblərə
qəbul olunanlardan 21 nəfəri Prezident təqaüdünə layiq
görülmüşdür.
Şirkətin Qafqaz Universiteti də bu il yüksək uğurlara imza ataraq ölkəmizin
özəl ali təhsil ocaqları arasında ən yüksək reytinqə
malik ali təhsil müəssisəsi olub. Bu il
ali məktəblərə qəbul
imtahanlarında ölkə üzrə 700 bal
toplamış 7 abituriyentdən 4-ü Qafqaz
Universitetini seçmişdir.
Universitetin bu il Prezident təqaüdünə
layiq görülən tələbələrinin
sayı 25, 600-dən yüksək bal toplayanlar isə 185 nəfərdir. Tələbələrin
285 nəfəri dövlət sifarişi
ilə qəbul olunandır. Məlumat verildi ki, 700 bal toplayan tələbələr,
dünya fənn və layihə
olimpiadalarında qızıl medal alan şagirdlər 2000 manata
qədər pul mükafatı, digər
qaliblər və yüksək bal
toplamış tələbələr isə qiymətli hədiyyələrlə
mükafatlandırılıb.
700 bal toplayan tələbələrin
oxuduqları orta məktəblərin direktorları, olimpiada
qalibləri tələbə və şagirdlər, qəbul
imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələr
qrup-qrup səhnəyə dəvət olundu, mükafatlar təqdim
edildi. Mükafatları qaliblərə təhsil naziri Misir Mərdanov,
"Çağ" Öyrətim İşlətmələri
İdarə Heyətinin sədri Ənvər Özərən,
Könüllü Hərbi Vətənpərvərlik Texniki
İdman Cəmiyyəti İdarə Heyətinin sədri,
general-mayor Novruzəli Orucov, İnsan hüquqları üzrə
müvəkkil Elmira Süleymanova, millət vəkilləri Məcnun
Şükürov, Cəmil Həsənli və b. təqdim
etdilər. Mükafatları təqdim edənlər qısa təbrik
çıxışlarında "Çağ" Öyrətim
Şirkətinin, Azərbaycan-Türkiyə özəl liseylərinin,
Qafqaz Universitetinin fəaliyyətini yüksək qiymətləndirib,
Azərbaycan təhsilinə göstərdikləri xidmətə
görə həmin qurumların rəhbərlərinə,
professor-müəllim heyətinə təşəkkür
etdilər, qaliblərə daha böyük uğurlar
arzuladılar.
Tədbirdə
çıxış edən təhsil naziri Misir Mərdanov
zala toplaşanları salamlayıb belə yüksək səviyyəli
tədbirə görə onun təşkilatçılarına
minnətdarlığını bildirdi. Nazir ölkənin təhsil
işçilərinin Azərbaycanda fəaliyyət göstərdiyi
20 il ərzində "Çağ" Öyrətim
İşlətmələri Şirkətindən, onun təhsil
müəssisəsindən çox şey öyrəndiklərini
və bundan sonra da öyrənəcəklərini
vurğuladı, Azərbaycan təhsilinə göstərdikləri
köməyə görə onlara təşəkkür etdi.
Gələn il 20 illiyini qeyd edəcəyimiz müstəqillik
dövründə ölkəmizdə böyük uğurlar
qazanıldığını deyən nazir bütün bunlara
görə ümummilli lider Heydər Əliyevə borclu
olduğumuzu, onun əsasını qoyduğu sabitlik, quruculuq
siyasətinin hazırda dövlətimizin
başçısı cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini söylədi. Nazir son 11 ildə
"Çağ" Öyrətim Şirkətinə rəhbərlik
edən Ənvər Özərənin fəaliyyətini də
yüksək dəyərləndirib ona minnətdarlığını
bildirdi, qalibləri, onların valideynlərini, müəllimlərini
təbrik etdi.
Tədbirdə qaliblərlə
xatirə şəkilləri çəkdirildi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.-
2010.- 22 oktyabr.- S.2.