Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının Mərkəzi ofisinin açılışı
Oktyabrın 15-də Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının Bakı şəhəri Bül-bül prospekti, 36 ünvanda yerləşən Mərkəzi ofisinin rəsmi açılışı mərasimi keçirildi. Açılışda Azərbaycan Respublikasının təhsil naziri cənab Misir Mərdanov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Mark Herevard, təhsil proqramının rəhbəri Kənan Məmmədli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova ofisin işçi personalı, AMVMA-nın idarə heyətinin üzvləri, bir neçə təhsil müəssisəsinin rəhbərləri və valideynlər iştirak edirdilər.
Açılışda çıxış edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov VMA-nın təhsil islahatları prosesində önəmli rolunu vurğulayaraq şəhərin ən görkəmli yerlərinin birində AMVMA-nın Mərkəzi ofisinin açılışından məmnun olduğunu bildirdi. Görülən işləri yüksək qiymətləndirən nazir Mərkəzi ofisin rəhbərliyini təbrik edərək uğurlar arzuladı və VMA-nın fəaliyyətinin genişləndirilməsini vacib saydı. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard da VMA-nın Mərkəzi ofisinin açılışını mühüm hadisə adlandırdı və müasir standartlara cavab verən ofisdə işləyəcək personala uğurlar arzuladı.
Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova Təhsil Nazirliyindən, nazir Misir
Mərdanovdan hər zaman dəstək gördüklərini vurğuladı.
Valideyn hərəkatına dövlət
qayğısına görə dövlət
başçısına, nazir Misir Mərdanova VMA nümayəndələri
adından minnətdarlığını bildirdi.
Sonda təhsil naziri Misir Mərdanov və YUNİSEF-in
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard ofisin
xatirə kitabına öz qeyd
və arzularını yazdılar.
Məlumat
üçün xatırladaq ki, Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyası 2003-cü ildən fəaliyyətə
başlamış və onun əsas məqsədi valideynləri
təhsil prosesinin şəffaf idarə olunmasında fəal
iştiraka cəlb etmək, ailə-məktəb,
valideyn-müəllim əməkdaşlığının
genişləndirilməsi sayəsində təhsilin keyfiyyətinin
artırılmasına nail olmaq, təhsildə ictimai nəzarəti
həyata keçirməkdir. AMVMA mərkəzdə və
ölkəmizin müxtəlif regionlarında yerləşən
yüzlərlə məktəbdə öz filiallarını
yaratmış və təhsilin keyfiyyətinin artırılması
istiqamətində valideynlərlə məqsədyönlü
maarifçilik işini aparır.
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.3.