Tədris planlarının hazırlanması
metodologiyası mövzusunda
təlim
13-16 oktyabr
2010-cu il tarixlərində
Almaniyanın dvv
international təşkilatı Avropa Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq
və İnkişaf Nazirliyinin (BMZ) dəstəyi
ilə həyata keçirdiyi
"Qeyri-hökumət və Yerli səlahiyyətli
qurumlar inkişafda"
layihəsi (COPE) çərçivəsində
Bakı şəhərində
DACUM tədris planlarının
hazırlanması metodologiyası
mövzusunda təlim keçirib.
Təlimdə Azərbaycan
Turizm İnstitutu, Azərbaycan Müəllimlər
İnstitutu, Təhsil
Problemləri İnstitutu və Kənd Təsərrüfatının
İqtisadiyyatı və
Təşkili İnstitutundan
10 nəfər mütəxəssis
iştirak edib. İştirakçıların müəyyən edilməsində meyar onların tədris planlarının hazırlanması
prosesində mütəxəssis
kimi peşəkar təcrübəyə malik
olması götürülüb.
Təlimi aparmaq üçün
dvv international təşkilatı
Özbəkistandan DACUM metodologiyası
üzrə peşəkar
təlimçi-məsləhətçi olan Nodir Rəhimovu
dəvət edib.
Təlimin ilk günü dvv international təşkilatının Azərbaycan
Respublikasındakı nümayəndəliyinin
milli koordinatoru İskəndər Sadiq təşkilatın ölkədə
fəaliyyəti və
layihələri haqqında
iştirakçıları ətraflı məlumatlandırdı. COPE layihəsi
çərçivəsində həyata keçirilmiş
və icrası gözlənilən tədbirlər
haqqında qısa məlumat verildi. DACUM metodologiyası təliminin əhəmiyyətindən
danışılaraq bildirildi
ki, bu peşə
tədris proqramlarının
hazırlanması üzrə
bir sıra inkişaf etmiş ölkələrdə tətbiq
olunan metodologiyadır.
Bu metodun digər
metodlarla müqayisədə
üstün cəhəti
odur ki, peşənin təhlili üçün 25-30 gün
deyil, cəmi 2 gün kifayət edir. Daha sonra təlimçi
Nodir Rəhimov iştirakçılar arasında
interaktiv metod ilə tanışlıq təşkil etdi və onların təlimdən gözləntiləri
haqqında məlumat aldı. Təlimin
ilk günü iştirakçılar
"Tədris proqramı",
"Tədris planı"
və "Tədris modulu" terminləri haqqında interaktiv metodlar ilə biliklərini artırdılar.
Eyni zamanda iştirakçıların
tətbiq etdiyi tədris planları ətrafında müzakirələr
təşkil olundu.
Ümumilikdə təlim
DACUM tədris seminarının aparılması, peşə
inkişafında tendensiya, DACUM cədvəlinin işlənməsi,
DACUM metodu ilə SWOT analizinin aparılması, Azərbaycanda
dvv international fəaliyyəti çərçivəsində
metodun tətbiq olunması perspektivləri və sairə kimi əhəmiyyətli
mövzuları əhatə etdi. Bundan başqa, təlim
zamanı kənd təsərrüfatı və turizm üzrə
tədris proqramlarının təqdimatı keçirildi. Tədbirdə
bir strukturlu tədris proqramlarının hazırlanması və
icrası kimi mövzulara da toxunuldu.
Təlim yekunu olaraq
iştirakçılar
sertifikatlar aldılar.
Günel ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.3.