Folklor İnstitutunun hədiyyəsi

 

Sumqayıt Dövlət Universitetindəki "Folklorşünaslıq" elmi-tədqiqat laboratoriyası 2001-ci ildən fəaliyyət göstərir. İndiyə qədər "Dədə Qorqud" dastanı ilə bağlı bir neçə elmi konfrans, professor M.H.Təhmasibin 100 illik yubileyi, Novruz bayramı və s. mövzularda tədbirlər professor-müəllim heyətinin üzvləri, tələbə və magistrantlar tərəfindən maraqla qarşılanmışdır.

Laboratoriyanın təşəbbüsü ilə 2008-ci ildə "Azərbaycan folklorunun tədqiqi, təbliği və tədrisi", 2010-cu ildə "Aşıq yaradıcılığı: dünəni, bu günü" mövzularında respublika elmi konfransları keçirilmiş, tezislər toplu halında nəşr olunmuşdur.

Müvafiq plan əsasında araşdırmalar aparan laboratoriya Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə əməkdaşlıq münasibətləri yaratmaqdadır. MDB məkanında yeganə olan Folklor İnstitutu bu günlərdə xeyirxah bir görmüşdür. SDU-nun 10 illiyi ilə bağlı ali məktəb rəhbərliyi laboratoriyanın ehtiyacını nəzərə alaraq yüksək səviyyədə istehsal olunmuş mebellərlə maddi bazanı möhkəmləndirmişdir. Folklor İnstitutunun direktorluğu əməkdaşların təşəbbüsü ilə təşkil olunan laboratoriya kitabxana fondunu daha da zənginləşdirmək niyyəti ilə xeyli kitab hədiyyə edib. Azərbaycan MEA Folklor İnstitutunun laboratoriya üçün ayırdığı kitablar sırasında çoxcildlik "Azərbaycan folkloru külliyyatı", Növrəs İmanın "Seçilmiş əsərləri", professor Q.Namazovun "Aşıqlar" kitabı, "Aşıq Nəsib", Salman Mümtazın "El şairləri", "Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər"in müxtəlif nəşrləri və s. daxildir.

Laboratoriyanın yeni ildən SDU-da filoloji, etnoqrafik problemlərlə bağlı AMEA-nın Folklor, Tarix və Etnoqrafiya, Ədəbiyyat və Dil institutları əməkdaşlarının iştirakı ilə silsilə nəzəri seminarlar keçirməsi və bu tədbirlərin materiallarının toplu halında nəşri təşəbbüsü SDU-nun rektorluğu tərəfindən razılıqla qarşılanmışdır.   

 

 

Ş.Elnur

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.4.