Məktəblilərin idman uğurları

 

Elxan Bayramov 1997-ci ildə Bakı şəhərində  ziyalı  ailəsində anadan olub. O,  hələ uşaq yaşlarından idmanın şahmat növünə maraq göstərər, keçirilən yarışlarda qrupda olan idmançı yoldaşlarından həmişə fərqlənərdi. 

Elxanın bu idman novünə həvəsini görən  valideynləri  onu  6 yaşında  Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinə üzv edirlər. Elxan 10 yaşında Bakı birinciliyində, 12 yaşında isə respublika birinciliyində yaxşı nailiyyətlər qazanaraq I yeri tutub.  O,  2009-cu ildə Bolqarıstanda keçirilən beynəlxalq şahmat turnirində I yeri tutaraq ölkəmizi layiqli təmsil etmişdir. 

Elxan 2009-cu ilin mayında ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı  ildönümü münasibətilə keçirilən Bakı beynəlxalq açıq turnirində də 14 yaşadək yeniyetmələr  arasında rəqiblərinə qalib gələrək I yeri tutub. O, 2010-cu ildə  Yunanıstanda keçirilən dünya məktəblilərinin olimpiadasında II yeri tutaraq ölkəmizə medallarla dönüb.  O, həm də respublika şahmat mərkəzində keçirilən "Bakı Open - 2009" turnirində iştirak edərək qalib adını qazanıb.

Elxan Bakıdakı 99 nömrəli orta məktəbin VIII sinif şagirdi, dərs əlaçısıdır.

 

***

 

Röyal Abbaslı uşaq yaşlarından idmanın kikboks növü ilə  məşğul olur. O, 2008-ci ilin oktyabrında "Firdovs" klubuna üzv yazılıb. 2008-2009-cu illərdə respublika birinciliyində iştirak edərək  I yeri tutub. 

İran İslam Respublikasının Mazandaran şəhərində Asiya kuboku üzrə 25 ölkə arasında keçirilən yarışda ölkəmizi layiqli təmsil edərək I yeri tutmuşdur.

O, 2009-cu ildə Türkiyənin Ankara şəhərində  keçirilən beynəlxalq kikboks və İranın Tehran şəhərində keçirilən dünya kuboku yarışlarında I yeri tutaraq fəxri kürsünün yüksək pilləsinə qalxmışdır.

İdmançımız 2010-cu ildə Gürcüstanın Telavi şəhərində keçirilən "Qafqaz" çempionatında da I yeri tutmuşdur. Röyal idmanla məşğul olmaqla yanaşı, təhsilini də uğurla davam etdirir. O, Bakıdakı 179 nömrəli orta məktəbin XI sinif şagirdidir.

 

***

 

Digər idmançılarımız kimi, Mirhəmid Hüseynov da idmanın sərbəst güləş növü ilə uşaq yaşlarından məşğul olur.  Bakıdakı 176 nömrəli orta məktəbin IX sinif şagirdidir.

Ona idmanı sevdirən atası olub, çünki atası da idmanın sərbəst güləş növü ilə məşğul olur. O, 12  yaşından 6 nömrəli Uşaq Gənclər İdman Məktəbinin yetirməsidir.  Mirhəmid 2009-cu ildə cəmiyyətlər arasında keçirilən yarışlarda dəfələrlə yüksək nailiyyətlər qazanıb. 2010-cu  ildə keçirilən Bakı birinciliyində I yeri tutmuşdur.  Onun ən böyük arzusu Azərbaycan bayrağını beynəlxalq turnirlərdə zirvələrə ucaltmaqdır. 

 

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2010.- 22 oktyabr.- S.8.