Ali təhsil sistemində novatorluq
Bakı Slavyan Universitetinin ali və
orta təhsilin koordinasiyası istiqamətində layihələrinə
dəstək verilir
Ölkəmizin
müstəqillik dövründə əldə etdiyi ən
böyük nailiyyətlərdən biri də təhsil sahəsində
aparılan islahatlar və onların müsbət nəticələridir. Hələ
1998-ci ildə ümummilli lider Heydər Əliyevin dahi
uzaqgörənliyi ilə düşünülmüş
üçmərhələli İslahat Proqramının
icrası bu gün də möhtərəm Prezidentimiz
İlham Əliyevin ciddi dəstəyi və Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyevanın
yaxından iştirakı sayəsində davam etdirilməkdədir.
Bir təhsil işçisi kimi mübaliğəsiz deyə
bilərəm ki, təhsil sahəsindəki sistemli və
ardıcıl layihə və yeniliklərin icrası hörmətli
nazirimiz Misir Mərdanov başda olmaqla təhsil ictimaiyyəti
tərəfindən yaradıcı və şüurlu şəkildə
dərk və qəbul edilir, atılan addımlar ciddi
müzakirə və mübahisələrin nəticəsi kimi
ortaya çıxır. Təsadüfi deyil ki,
digər sahələrdə olduğu kimi, təhsildə
qazandığımız uğurlara görə biz bu gün
ölkəmizlə eyni şəraitdə və eyni zamanda
sovetlər birliyindən çıxmış
respublikaların əksəriyyətini qabaqlayırıq; həyata
keçməkdə və son icra mərhələsində
olan İslahat Proqramımız çoxlarını
maraqlandırır, bu sahədə Azərbaycan təcrübəsinə
istinad halları artır. Xarici universitetlər
və digər təhsil müəssisələri ilə əlaqələrimiz,
müxtəlif beynəlxalq layihələrdə birbaşa
iştirakımız bunu cəsarətlə deməyə əsas
verir. Başlıcası odur ki,
axtarışlarımızın və dünya təhsil məkanına
qovuşma cəhdlərimizin bəhrəsini dadmaqda,
başladığımız işləri qorxmadan və
israrla yerinə yetirməkdəyik. Həm orta, həm
ali, həm də digər təhsil pillələrində və
təhsilə yardımçı sahələrdə
reallaşmaqda olan proqram və layihələr ölkə reallıqlarına
söykənir, varislik, ardıcıllıq, elmilik,
millilik, dünyəvilik və s. prinsiplər əsas
götürülür.
Ötən
yüzilliyin 70-80-ci illərində
reallaşdırılmış Azərbaycandan kənarda təhsil
proqramı bu gün eyni niyyəti daha əzmlə və inadla
həyata keçirməyimizə inam yaratdığı
üçün indi həmin təcrübəyə söykənməkdən
qorxmuruq. Bu, ölkənin və xalqın gələcəyi
üçün olduqca vacib məsələdir. Təhsil islahatlarımızın ən ümdə
cəhəti odur ki, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu təhsil sahəsində digər
qanunvericilik aktlarının hazırlanması və təsdiqi
üçün gözəl zəmin yaratmışdır.
Ümidvarıq ki, bu proseslər daha çevik və
təhsil sistemimizdə gedən yeniliklərin tempi ilə
ayaqlaşma rejimində həyata keçiriləcək, təhsil
sahəsində Prezident və hökumətin verdiyi sərəncamların
işlək mexanizmə çevrilməsi üçün
lazımi tədbirlər görüləcək.
Təhsildə əldə etdiyimiz nailiyyətlərdə, şübhəsiz ki, ölkəmizin aparıcı universitetlərinin özünəməxsus yeri var. Universitetlərimizin əsl təhsil, mədəniyyət, ictimai və siyasi debatlar mərkəzinə çevrilməsi, iqtisadi cəhətdən sərbəst fəaliyyəti, xüsusən də xarici əlaqələrin qurulması və müştərək beynəlxalq təhsil layihələrində iştirakı, Boloniya sisteminə keçidlə bağlı yeniliklərin qəbulu və tətbiqi Avropa təhsil məkanına sürətlə qovuşmağımıza şərait yaratdı. Ölkə Prezidentinin 2009-2013-cü illərdə ali təhsil sisteminin inkişafı ilə bağlı imzaladığı sərəncam universitetlərimizin daha möhkəm maddi-texniki və tədris-təlim bazası yaratmaq, təsərrüfathesablı qurumlar təsis etmək və büdcədənkənar vəsaitlər əldə etmək imkanlarını genişləndirir. Dövlətin təhsil siyasətindən qədərincə yararlanmaq və profilinə uyğun genişlənmək şansını buraxmamaq isə, ilk növbədə, hər bir universitetin öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinə keçid də özünüqoruma instinkti qazanmağa vadar edir. Gənclərimizin xaricdə təhsilə üstünlük verməsi və məsafədən (distant) təhsil formasının genişlənməsi də universitet rəhbərlərini öz cari və perspektiv inkişaf planları barədə baş sındırmağa çağırır. Artıq təkcə daxili təhsil məkanında yox, həm də xarici universitetlərlə rəqabət şəraitində çalışmaq zorundayıq.
Bu cəhətdən Bakı Slavyan Universitetinin fəaliyyəti xüsusi maraq doğurur. Bu qabaqcıl tədris ocağının ali təhsil sahəsində əldə etdiyi uğurlar ümummilli liderin sərəncamı ilə keçmiş M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun profili genişləndirilməklə AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, xalqımızın görkəmli ziyalısı, professor Kamal Abdullayevin rəhbərliyi altında universitet kimi fəaliyyəti ilə bağlıdır. Yalnız bir ixtisas - respublikanın orta məktəbləri üçün rus dili və ədəbiyyat müəllimi hazırlığı ilə məşğul olmuş bu ali məktəb hazırda bakalavriat və magistratura pillələrində bütün slavyan dilləri, türkologiya, jurnalistika, filologiya, beynəlxalq münasibətlər, tərcümə, regionşünaslıq, turizm və otelçilik, pedaqoji kadr hazırlığı və s. istiqamətlərdə ciddi fəaliyyət göstərməklə ölkə daxilində və beynəlxalq səviyyədə xüsusilə seçilir. Universitetdə fəaliyyət göstərən elmi tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzləri, mütəmadi keçirilən beynəlxalq elmi konfrans və simpoziumlar, ölkə əhəmiyyətli və beynəlxalq statuslu elm, mədəniyyət və təhsil layihələri Bakı Slavyan Universiteti həcmində bir ali məktəbin öz çiyinlərinə nə qədər ağır yük götürdüyünü, lakin bu işlərə böyük sevgi və istəklə başladığını, təhsil ocağının rəhbəri tərəfindən irəli sürülən olduqca əhəmiyyətli ideya və layihələrin həyata keçirilməsinə kollektivin hər bir üzvünün canla-başla qoşulduğunu sübut edir. Bu baxımdan, təkcə iki-üç layihənin adını çəkmək kifayət edər: ölkə Prezidentinin sərəncamı ilə həyata keçirilən 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası" layihəsinə kuratorluq, "Filoloqun kitabxanası - 100" tərcümə və nəşr layihəsi, Almaniyanın aparıcı universitetləri ilə müştərək reallaşdırılan "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar nəğməsi" mövzusunda beşillik araşdırmalar, dünyanın böyük paytaxtları və nüfuzlu universitetlərində yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzləri və s.
Niyyətimiz onillik yubileyini qeyd etmək ərəfəsində olan universitetin orta təhsil pilləsi ilə əlaqələrinə də geniş nəzər yetirməkdir. Nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksinin inkişafı və genişləndirilməsi yönümündə səylər, respublikamızın ayrı-ayrı bölgələrində sığınacaq tapmış qaçqın məktəblərinə hamilik, Bakının mərkəzi və qocaman təhsil ocağı - 190 nömrəli orta məktəbdə ölkəmizin təhsil sistemində və təhsilimizin tarixində analoqu olmayan Ali və orta təhsilin koordinasiyası kafedrasının yaradılması, orta ümumtəhsil müəssisələri üçün fənn kurikulumları, proqram və dərsliklər hazırlanmasında yaxından iştirak, orta məktəblərimiz üçün mütəxəssis hazırlığının ən vacib mərhələsi hesab edilən pedaqoji təcrübənin ən yüksək səviyyədə təşkili, universitetin ilk və əsas ixtisası - rus dili və ədəbiyyatı müəllimi ixtisasının qorunub saxlanılması istiqamətində mütəmadi keçirilən elmi-metodiki, elmi-praktik konfranslar, seminar-treninqlər, məktəb müəllimlərinə metodiki dəstəyə və ictimai fikirdə rus dilinə adekvat münasibətin formalaşmasına xidmət edən "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının yüksək səviyyədə nəşri, nəticədə rus dilinin buraxılış və qəbul imtahanlarına salınması, orta məktəblərdə səmərəli və geniş tədrisi yönümündə səylər - BSU-nun orta təhsil pilləsinə verdiyi önəmi bariz şəkildə göstərir. Bu istiqamətdə reallaşan layihələri davam etdirmək məqsədilə universitetdə Orta təhsil problemləri üzrə elmi-metodik mərkəzin təsis edilməsi də maraqla qarşılanır.
Məlumdur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qabiliyyətli və istedadlı uşaqların üzə çıxarılması ilə bağlı "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nı həyata keçirir. Bu proqramla aparıcı universitetlərimizin üzərinə böyük öhdəliklər qoyulur. Ən başlıcası odur ki, universitetlərin maddi-texniki və tədris bazasından, kadr potensialından istifadə etməklə qabiliyyətli və istedadlı uşaqlar üçün onların nəzdində lisey və gimnaziyaların təşkili vəzifəsi qarşıya qoyulub. BSU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər, Qərb və Qafqaz universitetləri öz potensiallarını həm də bu istiqamətə yönəldə və müvafiq Prezident sərəncamından irəli gələn tələblərə uyğun fəaliyyətə də imkan tapa bildilər. Təbii ki, bu tipli məktəblərdə uşaqların təhsilinin dövlət vəsaiti hesabına təşkili daha səmərəli və arzuediləndir. Digər tərəfdən, təhsil qanunvericiliyinə və universitet təsərrüfatına uyğun olaraq müəyyən ödənişli təhsil xidmətləri göstərməklə ciddi nəticələr əldə etmək mümkündür.
Bakı Slavyan Universiteti orta təhsil pilləsində fəaliyyət sahəsində pionerliyə məxsus ali məktəbdir. Bu cəhətdən onun fəaliyyəti respublikanın pedaqoji ictimaiyyətinin, dövlət, hökumət və mətbuat orqanlarının, ictimai qurumların nəzərindən kənarda qala bilməzdi. İlk dəfə şəhər, respublika və beynəlxalq miqyasda şagird və şagird-tələbə elmi konfranslarına təsisçilik, ən əsası da qaçqın məktəblərində oxuyan istedadlı uşaqların bu tədbirlərə cəlb edilməsi və universitetin professor-müəllim heyəti tərəfindən hazırlaşdırılması əsl örnək və qürur yeri kimi dəyərləndirilə bilər. Respublikamızın ən qabaqcıl orta məktəb və liseylərində yaradılan kiçik "Elmlər akademiyalar"ı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xətti ilə keçirilən şagird elmi konfranslarına şəxsən hörmətli nazirimizin özünün birbaşa maraq və dəstəyi orta təhsil şəbəkəsində bu hərəkatın daha da genişlənəcəyinə və aparıcı universitetlərimizin qoşulduğu bu işin qabiliyyətli və istedadlı uşaqların düzgün yönəldilməsi və formalaşdırılması üçün mühüm vasitə olacağına inamı artırır.
Təhsil Nazirliyinin əmri və Nazirlər Kabinetinin razılığı ilə Bakı şəhər 15 nömrəli məktəbin BSU nəzdindəki liseyə birləşdirilməsi və Məktəb-lisey kompleksinin təşkili universitetə olan inamın təzahürüdür. Yeni tipli orta təhsil müəssisəsi kimi universitet nəzdində uğurla fəaliyyət göstərən lisey kollektivinin və professor-müəllim heyətinin üzərinə ciddi öhdəliklər qoyuldu: məktəbin şagird kontingentinin, ilk növbədə, istedadlı uşaqların günün tələbləri səviyyəsində təhsilinə yardım göstərmək, onların ali məktəblərə qəbulu, bilik yarışlarında və ictimai işlərdə fəal iştirakı, şagirdlərin xarici dillərə səlis yiyələnməsi, kompleksin universitetin baza məktəbi kimi formalaşması, onun profilinə uyğun abituriyent hazırlığı, ümumiyyətlə, məktəbli gənclərin peşə seçimi yönümündə müntəzəm işlərin görülməsi və s.
Qısa müddət ərzində tədris korpusunun təmiri və onun ətrafının abadlaşdırılması, şagird və müəllimlərin rəğbətləndirilməsi mexanizminin işlənilməsi, yuxarı sinif şagirdlərinin, eləcə də tədris materiallarını mənimsəməkdə çətinlik çəkən uşaqların hazırlıq və dil kurslarına cəlb edilməsi, idman bölmələri, yaradıcılıq studiyaları və dərnəklərdəki canlanma, bir-birindən maraqlı ədəbi-musiqili gecə və görüşlər, tədris prosesində professor-müəllim heyətinin iştirakı, Məktəb-lisey kompleksinin müəllim və şagird heyətinin universitet tədbirlərinə fəal qoşulması, şagird-valideyn-müəllim münasibətlərinin nizamlanması və s. tədbirlər bəhrəsini verməkdədir. Ən başlıcası odur ki, Məktəb-lisey kompleksinin Şagird parlamenti, Şagird elmi cəmiyyəti və valideyn komitələri görülən işlərdə yaxından iştirak edir. Hazırda orta məktəblərimiz üçün ən ciddi problem - kütləvi repetitorluğun yaratdığı fəsadların aradan qaldırılması istiqamətində ciddi səylər göstərilir. Yuxarı sinif şagirdləri üçün ali məktəblərə hazırlıq kursları, IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş test imtahanlarına hazırlıqla bağlı məsləhət saatları, bütün məktəb-lisey siniflərini əhatə edən günüuzadılmış qruplarda zəif və yetirməyən şagirdlərlə məşğələlər, bilik və idman yarışlarına hazırlıqla əlaqədar dərnək və bölmələr, ingilis dili ilə yanaşı ikinci xarici dili (rus, alman, fransız) öyrənmək istəyənlər üçün kurslar, növbəti dərs ilində məktəb və lisey siniflərində oxumaq istəyənlər üçün hazırlıq saatları bu gün hər bir orta təhsil müəssisəsinin iş rejimini pozan, imicinə xələl gətirən və ölkədə gedən təhsil islahatlarına kölgə salan çatışmazlıq və maneələri aradan qaldırmaq yolunda atılan addımlardır. Universitet rektorunun təşəbbüsü ilə aparıcı professor və müəllimlərin sinif otaqlarına dəvət olunması, onların elmi işlə məşğul olan şagirdlərə rəhbərlik etməsi, ayrı-ayrı fənlər üzrə ekspertlər (TQDK-dan) və dərslik müəllifləri ilə görüşlər bütövlükdə yuxarı sinif şagirdləri və onların valideynləri arasında yaranmış narahatçılığın aradan qaldırılmasına, orta məktəb müəlliminə inamın bərpasına xidmət edən amillərdir. BSU-da Tələbə Gənclər Təşkilatının və tələbələrdən ibarət Kölgə kabinetinin fəal iştirakı ilə ənənəvi olaraq keçirilən "Bir günlük xəlif" tədbirinə Məktəb-lisey kompleksi Şagird parlamenti üzvlərinin cəlb olunması böyük maraq doğurur. Bu tədbirin peşəyönümlü əhəmiyyəti də var. Çünki ali məktəblərə pedaqoji ixtisaslara təbii seçimlə, yəni öz arzusu ilə getmək istəyən abituriyentlər çox deyil. Müəllim peşəsini seçən istedadlı uşaqlara ara-sıra təsadüf edilir. IX-XI sinif şagirdlərinə məktəb rəhbərliyini və fənn müəllimlərinin işini bir günlük də olsa həvalə etməyin səmərə və əhəmiyyətini yalnız bu tədbiri izləyən müəllim və valideynlər adekvat şəkildə izah edə bilərlər. Çox təəssüf ki, nədənsə keçən il BSU liseyindəki "Bir günlük xəlif" tədbirini işıqlandırmaqdan respublika mətbuatı çəkindi. Zaman dəyişsə də, böyüklərin uşaqlar barədə təsəvvürləri dəyişmir. Mətbuatımız üçün hər şey maraqlıdır, amma uşaqlarımızı tərifləmək və rəğbətləndirməyə gəlincə, hamı bunu artıq hesab edir. Hələ də sovet düşüncə tərzindən və köhnə stereotiplərdən azad ola bilmirik.
Universitetimizin nəzdindəki Məktəb-lisey kompleksinin ən başlıca vəzifəsi hər bir şagirdə fərdi yanaşma prinsipinə əməl etməkdən, şagird-müəllim-valideyn münasibətlərini qorumaq və səyləri birləşdirməkdən, valideyni təlim-tərbiyə prosesinin birbaşa iştirakçısına çevirməkdən, tədris prosesində İKT-nin sıx tətbiqinə nail olmaqdan, şagirdlərə mütaliə, nitq və səhnə vərdişləri aşılamaqdan, onlarda milli və bəşəri dəyərlərə hörmət hissi tərbiyə etməkdən, gənclərimizi yaxşı insan, gözəl övlad və vətəndaş kimi yetişdirməkdən ibarətdir. Fənn müəllimləri və tədrisə yardımçı heyətin mütəmadi olaraq ixtisasartırmaya, seminar-treninqlərə, təcrübə mübadiləsinə cəlb edilməsi də vacib şərtdir.
Ölkəmizin aparıcı ali məktəblərindən olan BSU-da Məktəb-lisey kompleksinin təşkili, Təhsil Nazirliyi və
hökumətimiz tərəfindən universitet kollektivinə böyük etimad göstərilməsi və ciddi vəzifənin həvalə edilməsi, doğrudan da, ali təhsil sistemində novatorluq kimi dəyərləndirilməlidir. Bu,
dünyada geniş yayılmış təcrübə olsa da,
Azərbaycan təhsili üçün yenilikdir. BSU
dünyanın bir sıra məşhur universitetləri ilə
əməkdaşlıq müqavilələri imzalayarkən tərəfdaşlarımız
liseylər səviyyəsində əlaqələrə də
böyük önəm verir. Moskva Dövlət Linqvistik
Universitetinin "Linqvist" liseyi, Türkiyənin Qazi
Universitetinin liseyi ilə əlaqələrimiz dünya və
Avropa təhsil məkanına inteqrasiyanın kiçik həlqələri
olsa belə, olduqca maraqlı görünür. Bu
günlərdə BSU və Qazi Universitetlərinin xalq
şairi B.Vahabzadənin yaradıcılığına həsr
olunmuş beynəlxalq konfransda Məktəb-lisey kompleksi
şagird və müəllimlərinin iştirakı,
onların dünya şöhrətli alimlərin ustad dərslərinin
iştirakçılarına çevrilməsi böyük
maraq doğurdu.
Bir sözlə, ali təhsil
sistemimiz üçün bu yenilik ölkənin orta təhsil
müəssisələri, xüsusən də qaçqın
məktəbləri ilə sıx əməkdaşlığa
malik BSU-nun 10 illik yubileyinə təsadüf edir. Bu, Məktəb-lisey
kompleksində çalışan müəllim və tərbiyəçilərin
də üzərinə böyük məsuliyyət
qoyduğundan göstərilən etimada layiqincə cavab verməyə
çalışacağıq.
Telman CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.5.