Məktəbdə metodiki işlərə geniş yer verilir

 

Bakıdakı 229 nömrəli orta  məktəbin pedaqoji kollektivi  2010-2011-ci tədris  ilində böyüyən nəslin təlim - tərbiyəsini yüksək səviyyədə qurmaq,  qarşıya  qoyulan  vəzifələri  uğurla  həyata  keçirmək  üçün  ilk  gündən  ciddi səy göstərir.

Bununla əlaqədar məktəbin direktoru Fəridə Bağırova bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında ötən tədris ilinin nəticələri   sevindirici  olmuşdur. Belə ki, məktəbi bitirən 95 nəfər məzundan 55 nəfəri yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuşdur. Respublika üzrə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində  iştirak etmək üçün pedaqoji kollektiv üzvləri böyük səylə  çalışır. Məktəbdə dərsin təkmilləşdirilməsi ilə əlaqədar aparılan metodiki işlərə geniş yer verilir.  Keçilən dərslərin təkmilləşdirilməsi, proqram materiallarının şagirdlər tərəfindən dərindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır.

Hazırda  metodbirləşmə sədrlərinin rəhbərliyi altında "açıq dərs"lərin aparılmağına aid  cədvəl tutulur, bu işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün öncədən planlaşdırma aparılır. 

Həmçinin  pedaqoji şura və  metodbirləşmə iclaslarında qabaqcıl müəllimlərin çıxışları təşkil olunur, keçiriləcək seminar və konfransların  vaxtı müəyyənləşdirilir. Belə tədbirlərin keçirilməsində yenicə işə başlayan gənc müəllimlər də   fəal iştirak edirlər.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.8.