İbtidai təhsil pilləsində qiymətləndirmənin aparılması barədə

 

Təhsilalanların bilik və bacarıqları haqqında məlumatların  toplanması, yəni qiymətləndirmə  ibtidai  təhsil pilləsində  diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (irəliləmə və geriləmələrin izlənməsi) və  summativ (kiçik və böyük) olmaqla üç formada həyata keçirilir. Qiymətləndirmənin biri digərinə  xidmət edən və bir-birini  tamamlayan hər üç   növü  öz mahiyyətinə uyğun olaraq  şagirdlərin bilik və bacarıqlarını standartlara  əsasən  ölçür. İbtidai təhsil pilləsində qiymətləndirmənin düzgün həyata keçirilməsi üçün onun növləri    bu qiymətləndirmələrdə  istifadə olunan üsul və vasitələr haqqında ayrı-ayrılıqda məlumat verməyi  məqsədəuyğun hesab edirik.

 

I  Diaqnostik qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində  məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının ikinci maddəsində göstərilir ki, diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsinin müəyyənləşdirilməsinə və bunun əsasında hər bir şagirdin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə  xidmət edir. 

Hər bir müəllim  keyfiyyətli dərsə yiyələnmək  üçün  başlanğıcda  özünə  agirdlərin  bilik və bacarıqlarının səviyyəsi necədir", "tədris edilmiş materialı necə mənimsəyiblər", "əldə olunmuş  bilikləri tətbiq edə bilirlərmi", "şagirdlərin dərsi yaxşı mənimsəmələri üçün  hansı  məsələlərə xüsusi diqqət yetirilməlidir" kimi suallar verməlidir.

Məhz  bu suallara  cavab tapmaq üçün müəllim şagirdin, müvafiq hallarda qrup və ya sinfin  hazırkı vəziyyətinə qiymət verməli, yəni diaqnoz qoymalıdır. Diaqnostik qiymətləndirməni keçirmək üçün müəllim  Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə  şöbəsində müzakirə edilərək tövsiyə olunan  aşağıdakı üsul və vasitələrdən istifadə etməlidir.

Qiymətləndirmə üsulu dedikdə, bu prosesin hansı formada həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə vasitəsi isə bu prosesdə istifadə olunan alətdir. Aydınlıq üçün deyək ki, bilik və bacarıqları yoxlamaq üçün testləşdirmə qiymətləndirmə  üsuludursa, test tapşırıqları qiymətləndirmə vasitəsidir.

Diaqnostik qiymətləndirmə üçün verdiyimiz nümunələr arasında ən populyar    əlverişlisi  tapşırıqvermə üsuludur ki, bu üsulu həyata keçirmək üçün  müəllim dərs ilinin əvvəlində əvvəlki sinif, dərs ili ərzində isə  bəhs və bölmələrə  aid  çalışmalardan  istifadə edir.

Müsahibə üsulu isə müəllimdən bir qədər  yaradıcılıq tələb edir. Bu üsulu həyata keçirməkdən ötrü müəllim vasitə kimi özü üçün qeydiyyat vərəqi tərtib edir və burada  şagirdlərin yoxlamaq istədiyi bacarıqlarını sadalayır. Məsələn, ana dilindən  anlama, danışmaq, tələffüz qaydalarına əməl etmək, riyaziyyatdan  toplama, çıxma, vurma, bölmə,  sadalama,  həyat bilgisindən ətraf mühiti tanımaq    təbiət hadisələrini bilmək, ünsiyyət qurmaq və s. bacarıqlar yoxlanılır və hər şagirdin adının qarşısında  "yenidən izah edilməlidir", "təkmilləşdirilməlidir" və ya "qənaətbəxşdir" kimi qeydlər edilir. Bu qeydlər barədə şagird və onların valideynlərinin də məlumatlandırılması  məqsədəuyğundur.

Valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq üsulu  isə müəllimin şagird haqqında məlumatlarını tamamlamaq üçün əlverişli sayılır. Burada istifadə olunan vasitə sorğu səciyyəli olur və daha çox şagirdi əhatə edən mühit, onun məktəbdənkənar fəaliyyəti  haqqında  rəy yaradır. Bu qiymətləndirmədə də müəllim özünün istifadəsi üçün sorğu vərəqi tərtib edir və lazımi nəticələr çıxarır.

Tədris proqramları  və şagirdlərin hazırlıq səviyyəsi imkan verdiyi hallarda  şagirdlərlə diaqnostik qiymətləndirmə test tapşırıqları vasitəsilə də aparıla bilər.

Məqsəddən asılı olaraq  bəzən diaqnostik qiymətləndirmədə müşahidə üsulundan  və bu üsul üçün hazırlanan   vasitədən-meyar cədvəlindən də istifadə edilir. Müşahidə  yolu ilə müəllim  şagirdlərin hər birinin  inkişaf səviyyəsini müəyyən edir və təlim prosesində  strategiyalarla bağlı qərar  qəbul edərkən bu məlumatlara arxalanır. Şagirdə hansı səviyyədə ev və sinif  tapşırıqlarının  verilməsi də bu məlumatlar əsasında  müəyyən olunur. Müşahidə üsulu və vasitəsi, adətən, davamlı diaqnostik qiymətləndirmənin obyekti olur. Bu baxımdan diaqnostik  qiymətləndirmə  forma cəhətdən  formativ qiymətləndirməyə  yaxınlaşsa da, məqsədinə görə  onunla eyniyyət təşkil etmir. Davamlı diaqnostik qiymətləndirmə adətən  dərs ilinin əvvəllərində  aparılır.

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin aparılma formaları  siniflərə uyğun olaraq da dəyişilir. Belə ki, ilk dəfə məktəbə  qədəm qoyan şagirdlə aparılan  diaqnostik  qiymətləndirmə  digərlərindən xeyli fərqlənir. Birinci sinfin şagirdi ilə təlim prosesində davamlı diaqnostik qiymətləndirmə aparmaq üçün   inkişaf və öyrənmə sahələrinə əsaslanan müşahidə vərəqi  aşağıdakı kimi tərtib edilə bilər.

Verilən müşahidə vərəqinə  uyğun olaraq  müəllim təlimə başlamazdan əvvəl  bir neçə gün ərzində I sinif  şagirdlərini  aşağıda göstərilən   əsas inkişaf sahələrinə görə müşahidə edir, qiymətləndirir və təlim fəaliyyətini bu nəticələrə uyğun olaraq qurur.

İkinci, üçüncü və s. sinfə gələn şagirdin diaqnostik qiymətləndirilməsi üçün  müəllim  əvvəlki sinfin təlim standartlarından  çıxan məqamları önə çəkir. Şagirdin fənn üzrə əvvəlki  illərdə yiyələndiyi bilik və bacarıqlara əsaslanan qiymətləndirmə  meyarlarını  müəyyən edir və bir-iki həftə ərzində müşahidələr aparır. Məsələn, ikinci sinifdə ana dili fənnindən dinləyib-anlama və danışma məzmun xətti üzrə  meyarlar aşağıdakı kimi tərtib edilə bilər. Qeyd edək ki, verilən nümunə davamlı diaqnostik qiymətləndirmə üçün deyil, bir dərs müddətində aparılan diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

Diaqnostik qiymətləndirmənin nəticələri rəsmi sənədlərdə qeyd olunmur, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır, nəticələr barədə valideynlər, sinif rəhbəri və digər fənn müəllimləri də məlumatlandırılır.

 

II Formativ qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində  məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının üçüncü maddəsində göstərilir ki,  formativ qiymətləndirmə  şagirdin qəbul edilmiş standartların reallaşmasına yönəlmiş irəliləmələrini və geriləmələrini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.

Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin  daim izlənməsidir. Bu izləmələr şagirdin təlim nəticələrinə nail olması və nəticədə summativ qiymətləndirmədə nailiyyət qazanmasına kömək məqsədilə aparılır. Məhz  formativ qiymətləndirmə sayəsində  şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli  qiymət  almaq üçün deyil,  yaxşı nəticə göstərmək üçün  çalışır.

Qeyd edək ki, yeni məktəbdaxili qiymətləndirmənin  əsas mahiyyəti və ağırlıq mərkəzi  məhz formativ qiymətləndirmənin üzərinə düşür. Bu məzmun  formativ qiymətləndirmənin adında da aydın əks olunub. Formativ sözü (formative) "formalaşdıran", "formalaşdırıcı" deməkdir. Formativ qiymətləndirmə  təlim nəticələrinin mənimsənilməsi ilə bağlı mütəmadi məlumat toplamaq məqsədilə aparılır. Fənni  tədris edən müəllim  formativ qiymətləndirməni  məzmun standartlarından irəli gələn təlim məqsədləri əsasında hazırladığı  meyarlar üzrə dərs ili ərzində müntəzəm olaraq  həyata keçirir, nəticədə  şagirdin ehtiyaclarını öyrənir, uğur qazana bilməməsinin səbəblərinı araşdırır və onun inkişafının təmin olunması üçün zəruri tədbirlər görür.

 

Müşahidə

 

Müşahidə  üsulu və burada istifadə olunan vasitələr  diaqnostik qiymətləndirmədə olduğu kimi tərtib oluna bilər. Məsələn, şəkil üzrə mətn qurmaqla bağlı dərsin müşahidəsini müəllim aşağıdakı  meyarlar əsasında apara bilər.     

 

Şifahi sual-cavab 

 

Şifahi sual-cavab üsulundan istifadə zamanı müəllim qiymətləndirmə vasitəsi kimi bacarıqlar üzrə qeydiyyat vərəqindən istifadə edir və bu qeydiyyat vərəqi hər bir fənnin xüsusiyyətlərinə uyğun tərtib edilir.

 

Yazı

 

Yazı üsulundan istifadə edərək müəllim  hər hansı mövzuda  imla, inşa yazmağı,  məsələ və ya misal həllini tapşırır və şagirdlərin  bacarıqlarını meyarlar tərtib etməklə yoxlayır. Şagirdin yazısını yoxlayan müəllim onun nəticələri haqqında valideynləri də məlumatlandırır.

 

Oxu

 

Müəllim  qiymətləndirmə  məqsədinə uyğun olaraq müxtəlif mətnlərin oxusunu təşkil edir və oxu zamanı  yoxlamaq istədiyi bacarıqların şagirdlər tərəfindən necə nümayiş etdirilməsinə  diqqət yetirir.

Şagird oxuyanda müəllim müdaxilə etmədən dinləyir, onun etdiyi səhvləri qeyd edir. Sözlərin və ifadələrin düzgün tələffüz edilməməsinin səbəbini aydınlaşdırır, müşahidə etdiklərini qeydiyyat vərəqində yazır və şagirdin portfoliosuna daxil edir. Müəllim  sonrakı fəaliyyətini hər bir  şagirdin portfoliosunda etdiyi qeydləri əsas götürməklə qurur.

Qeydiyyat vərəqindəki qeydləri  müəllim valideynə bildirmək üçün  şagirdin məktəbli kitabçasına da yazmalıdır.

 

Tədqiqat

 

Tədqiqat üsulunun mahiyyəti ondan ibarətdir ki,  şagirdlərə fərdi və ya qrup halında tədqiqat xarakterli sual verilir və onlar  bu sual ətrafında apardıqları araşdırmanı layihə şəklində təqdim edirlər. Məsələn, həyat bilgisi fənnindən aşağıdakı tipli suallardan  müxtəlif mövzular üzrə  araşdırma aparmaq üçün istifadə etmək olar:

·          Zəlzələ zamanı  öz təhlükəsizliyini necə təmin edə bilərsən?

·          Partada düzgün əyləşmək  üçün  vacibdir?

·          Heyvanları qorumaq üçün sən nə edirsən?

Bu suallar əsasında hazırlanan layihə şagirdin aşağıdakı  bacarıqlarını yoxlamaq üçün imkan verir.

 

Sorğu və ya müsahibə

 

Sorğu və ya müsahibə şagirdə  müstəqil ev tapşırığı kimi verilir. Bu zaman müsahibənin kiminlə aparılacağını  hansı suallara cavab axtarılacağını  sinifdə müəllim şagirdlərlə birgə müəyyən edir. Şagird  həmin suallar ətrafında topladığı məlumatı təhlil edərək sinif qarşısında  təqdimat edir. Birinci sinif şagirdi üçün bu tipli tapşırıqlar  şifahi formada ola bilər. Müəyyən bir sual ətrafında valideyni, digər fənn müəllimi və ya yuxarı sinif şagirdi ilə aparılacaq  müsahibənin bütün detalları  müəllim və şagirdlər  tərəfindən şagirdin yaş səviyyəsinə və məzmun standartlarına uyğun olaraq  diqqətlə araşdırılır, vaxt təyin edilir və məlumatların sistemləşdirilməsi üçün  istiqamətlər  müəyyənləşdirilir. Burada əsas şərt  veriləcək sualın düzgün tərtib edilməsi və dəqiq ünvanlanmasıdır.

Məsələn, ana dili fənnindən 20 Yanvar hadisələri ilə bağlı mövzunu tədris edən müəllim şagirdlərə fərdi və ya qrup halında belə bir  sual ətrafında  müsahibə götürməyi tövsiyə edir:

-"Siz 20 Yanvar hadisələrini necə xatırlayırsınız?"

Bu sual  həmin hadisələri xatırlayacaq yaş səviyyəsində olan adamlara - valideynə, baba və ya nənələrə, digər müəllimlərə və hətta qonşulara ünvanlana bilər. Bir neçə nəfərdən məlumat toplayan şagird  həmin hadisə haqqında  fikirləri ümumiləşdirib nəticəyə gəlməli və sinfə təqdim etməlidir.

Bu yolla şagirdin məlumat toplamaq, nəticə çıxarmaq, ümumiləşdirmək  eşitdiklərini  şərh etmək bacarıqları yoxlanılır:

Bu qiymətləndirmənin nəticəsini hər bir şagirdin vəziyyətinə uyğun olaraq  qısa şəkildə belə ifadə edərək məktəbli kitabçasına yazmaq olar:

"Müvafiq məlumatı toplamağın yolunu bilmir", "Toplanmış məlumat əsasında nəticəyə gəlib, amma fikrini yaxşı ifadə edə  bilmir", "Əldə etdiyi məlumatları  ümumiləşdirib təqdim edir" və s.

 

Özünüqiymətləndirmə

 

Özünüqiymətləndirmə üsulundan istifadə geniş yayılmışdır. Məsələn, ana dili fənnindən əlifbanın öyrənilməsi zamanı  müəllim şagirdlərlə  özünüqiymətləndirmə  keçirə bilər. Özünüqiymətləndirmə vərəqində göstərilən meyarlar üzrə şagird özünə qiymət verir və bunu "+", "-" ilə işarə edir. 

Müəllim özünüqiymətləndirmə vərəqlərini də şagird portfoliosuna daxil edir və şagirdin valideyninin həmin vərəqlə tanış olması məqsədəuyğundur.

 

Rollu oyunlar

 

Rollu oyunlar  jest və mimikalardan istifadə, şagirdin ifadəli danışığı, nitqində bədii ifadələrdən istifadə etməsi və digər bacarıqlarının üzə çıxarılması üçün  əhəmiyyətlidir. Rollu oyunlar üçün şagirdlərə hər hansı  bir situasiya təqdim olunur. Şagird həmin  problemə dair düşüncələrini əks etdirən həll yolunu təqdim edir.

Rollu oyunları müşahidə etmək üçün  meyarlar hazırlanarkən  bir yox, bir neçə standartın məzmunundan istifadə edilir. Aşağıdakı standartlar qrupu  buna  misal ola bilər.

Şagird:

1.2.1. Müşahidə etdikləri, eşitdikləri və oxuduqları haqqında  danışır.

1.2.2. Dialoqlarda vəziyyətə uyğun nitq etiketlərindən istifadə edir.

1.2.3. Nitqində müvafiq bədii ifadələrdən istifadə edir.

1.2.4. Nitq situasiyalarından asılı olaraq danışıq prosesində müvafiq jest və mimikalardan istifadə edir.

Əgər müəllim göstərilən üsul və vasitələr əsasında bütün müşahidələri vaxtlı-vaxtında, düzgün aparmasına baxmayaraq, ondan öz işini qurmaq üçün istifadə etməzsə və zəif şagirdi elə zəif olduğuna görə diqqətdən kənarda saxlayarsa, formativ qiymətləndirmənin əhəmiyyəti azalar və məzmununa xələl gələr.

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində  məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın  layihəsində göstərildiyi kimi, formativ qiymətləndirmənin  nəticələri sinif jurnalında qeyd olunmasa da, şagirdin məktəbli kitabçasında, müəllimin şəxsi qeyd dəftərində öz əksini tapır və şagird qovluğunda (portfolio) toplanır, eyni zamanda  ümumiləşdirilmiş cümlələr şəklində şagird gündəliyi vasitəsilə valideynə çatdırılır. Qiymətləndirmənin nəticələrinin qeydiyyatı müəllimlərə, şagirdlərə və valideynlərə aşağıdakı suallara cavab verməyə kömək edir:

·          Şagird nələri öyrənmişdir?

·          Daha nələri öyrənməlidir?

·          İnkişaf üçün o hansı addımları atmalıdır?

İzləmələrin qeydiyyatı həmçinin müəllimin məktəb və valideyn qarşısında  hesabatlılıq məsuliyyətini də artırır. Odur ki, müəllim şəxsi qeyd dəftərinə  "rəsmi sənəd deyildir", deyə diqqətsiz yanaşmamalı və onun valideynlər üçün əsas məlumat mənbələrindən biri olduğunu unutmamalıdır.

Uzun illər övladının məktəbli kitabçasında  qiymət görməyə adət etmiş valideynin indi başqa bir vəziyyətlə rastlaşdıqda  müəyyən  narahatlıq keçirməsi təbiidir. Lakin fənn müəllimi  formativ qiymətləndirmənin mahiyyətini və məqsədini valideynə düzgün izah edərsə, şagirdin gündəlik rəqəmli qiymətləndirilməməsi valideyn üçün  cavabı olmayan tapmacaya çevrilməz. Məhz formativ qiymətləndirmə sayəsində valideynlər öz övladlarının inkişafını, nailiyyətlərini daha diqqətlə izləməyə müvəffəq olur, məktəblə, müəllimlə  daim  təmas saxlayırlar. Valideyn bilməlidir ki, ənənəvi qiymətləndirmənin prinsiplərinə uyğun olaraq şagird gündəlik 2,3, 4,5   rəqəmləri ilə qiymətləndirildikdə  övladının  çatışmayan və ya zəif cəhətləri barədə məlumata malik olmur,  övladına kömək etmək istəsə də, hədəfi dəqiq seçə bilmir. Formativ qiymətləndirmənin nəticəsi olan  təsviri qiymətləndirmə isə  bu cür anlaşılmazlıqları aradan qaldırır. Belə ki, övladının gündəliyində "Hərfləri tanıyır, lakin sözləri yazmaqda çətinlik çəkir"  ifadəsini oxuyarkən valideyn problemin mahiyyətini anlayır və onun aradan qaldırılması üçün  müəllimin  köməkçisinə çevrilir.

 

III  Summativ qiymətləndirmə

 

"Ümumi təhsil müəssisələrində, peşə liseylərində  məktəbdaxili qiymətləndirmə və şagirdlərin sinifdən-sinfə, səviyyədən-səviyyəyə keçirilməsi Qaydaları"nın layihə variantının  beşinci və altıncı  maddələrində göstərilir ki, summativ qiymətləndirmə təlim prosesində müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda  müəllim tərəfindən, böyük summativ qiymətləndirmə  isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin  rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti  ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

Kiçik summativ qiymətləndirmənin keçirilmə vaxtı  tədris planında həftədə həmin dərs üçün nəzərdə tutulan saatların sayından asılı olaraq  fərdi şəkildə müəyyən edilir. Belə ki, ana dili fənnindən kiçik summativ  qiymətləndirmə üçün müəyyən edilmiş vaxt  texnologiya  və ya musiqi fənni  ilə eyni ola bilməz. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim tərəfindən hazırlanır.

Böyük summativ  qiymətləndirmə üçün vasitələr qiymətləndirmə standartları əsasında hazırlanır. Standartın hər səviyyəsinə uyğun olaraq müəyyən sayda suallar nəzərdə tutulur. Şagirdin düzgün cavab verdiyi  sualların sayı ilə onun qiyməti müəyyən olunur.

Sualların ümumi sayının 10%-nə düzgün cavab verən "1", 10% daxil olmaqla 20%-nə düzgün cavab verən "2", 20% daxil olmaqla 50%-nə düzgün cavab verən "3", 50% daxil olmaqla 80%-nə düzgün cavab verən "4", 80% daxil olmaqla 100%-nə düzgün cavab verən şagird "5" qiymətlə qiymətləndirilir.  Summativ qiymətləndirmənin nəticələri 5 ballıq qiymət şkalası üzrə (1,2,3,4,5) rəqəmlə ifadə olunur və qiymətlər jurnala yazılır.

Summativ qiymətləndirmənin keçirilməsi üçün üsullar fənnin məqsədinə uyğun olaraq müəyyənləşir. Ana dili, riyaziyyat, həyat bilgisi fənlərindən ən əlverişli qiymətləndirmə üsulları testləşmə və yazı, qiymətləndirmə vasitələri isə test tapşırıqları, imla, inşa, misal, məsələ həllidirsə, texnologiya fənni üçün  şagirdin  hər  hansı bir məmulatı hazırlaması, musiqi üçün  hər hansı musiqi nümunəsinin ifa edilməsi, fiziki tərbiyədən isə normativlərin yerinə yetirilməsi ola bilər.

 

IV Qeyd

 

Kurikulum tətbiq olunan siniflərin  jurnalında gündəlik qiymətlər yazılmır. Dərsdə iştirak etməyənlərin adının qarşısında "q", dərsdə iştirak edən şagirdlərin adının qarşısında "+" qeyd olunur. Jurnalda yalnız summativ qiymətləndirmənin nəticələri  summativ qiymətləndirmənin keçirildiyi  gün üçün ayrılmış qrafada sütun şəklində yazılır. 

Kurikulum tətbiq olunmayan siniflərdə dərsdə iştirak etməyən şagirdin adının qarşısında "q", dərsdə olub, amma qiymətləndirilməyən şagirdin adının qarşısında "+", qiymətləndirilən şagirdin adının qarşısında aldığı qiymət yazılır.

Qeyd edək ki, şagirdlərin həm fiziki, həm zehni yüklənməsinin qarşısını almaq məqsədilə  ibtidai təhsil pilləsində formativ və summativ qiymətləndirmə aparmaq üçün yalnız Təhsil Nazirliyinin təsdiq etdiyi, Monitorinq və qiymətləndirmə  şöbəsinin tövsiyə etdiyi qiymətləndirmə vasitələrindən istifadə edilə bilər. Qiymətləndirmənin göstərilən qaydalar əsasında aparılması üçün müəllimlərlə yanaşı  məktəb rəhbərləri də  məsuliyyət daşıyır.

Məktəbdaxili qiymətləndirmə üzrə mövcud yerli və xarici ədəbiyyatlarla tanış olmaq istəyənlər Təhsil Nazirliyinin www.edu.gov.az saytının Monitorinq və qiymətləndirmə səhifəsinin məktəbdaxili qiymətləndirmə hissəsinə  müraciət edə bilərlər.

 

 

Təranə HACIYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.4.