Təhsil Nazirliyində görüş

 

Oktyabrın 26-da təhsil naziri Misir Mərdanov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşüb.Təhsil naziri Misir Mərdanov öncə qonağı səmimi salamlayaraq bu görüşdən məmnunluğunu ifadə edib. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında təhsil sahəsində mövcud olan əlaqələrdən söz açan nazir ikitərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib. Nazir Amerika hökumətinin, eləcə də ABŞ-ın ölkəmizdəki səfirliyinin təhsil sahəsinə olan diqqətini, ölkəmizdə ali və orta təhsil sahəsi üzrə müxtəlif proqramların həyata keçirildiyini və həmin proqramlara müvafiq dəstək verildiyini nəzərə çatdırıb. Təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafına təkan verən bu proqramların əhəmiyyətini vurğulayan Misir Mərdanov onu da əlavə edib ki, bu il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 6 Azərbaycan vətəndaşı ABŞ universitetlərində təhsil almaq üçün göndərilib.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova minnətdarlığını bildirən ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq iki ölkənin təhsil sahəsində əlaqələrinin inkişaf etdirilməsindən danışıb və azərbaycanlı gənclərin ABŞ universitetlərində müvafiq proqramlar üzrə təhsili məsələsinə toxunub. Qonaq Fulbrayt proqramı çərçivəsində görülən işlərdən, mövcud vəziyyətdən, eyni zamanda təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı baxımından atılan digər addımlardan söz açıb.

Misir Mərdanov, öz növbəsində, qeyd olunan məsələlərə münasibətini açıqlayıb və Fulbrayt proqramı çərçivəsində namizədlər seçilərkən Azərbaycan üçün lazım olan ixtisaslara üstünlük verilməsini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 Azərbaycan müəllimi.- 2010.- 29 oktyabr.- S.2.