Azərbaycanın Milli
Qəhrəmanları
Həsənov Eldar
İsfəndiyar oğlu
1965-ci il dekabrın 26-da Cəlilabad rayonunun Lallar kəndində anadan olmuşdu. 1983-cü ildə Xanəgah kənd orta məktəbini bitirmişdi. Bir il sonra
ordu sıralarına çağırılmış və 1986-cı ildə hərbi xidmətini başa çatdıraraq doğma kəndlərinə
qayıtmışdı. Eldar 1990-cı ildə xüsusi təyinatlı polis dəstəsinə
üzv yazılmışdı.
1991-ci ildə isə Polis Akademiyasına
daxil olmuşdu. 1994-cü ilin yanvarında
onun ikinci cəbhə həyatı başlanmışdı. O, döyüşlərdə əsl
igidlik nümayiş etdirmişdi. Elə buna görə
də ermənilər
onun başına 50
min ABŞ dolları qiymət
qoymuşdu.
E.Həsənov 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən ağır döyüşlərin
birində qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 15 yanvar
1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə Həsənov Eldar İsfəndiyar oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Cəlilabad rayonunun Lallar kəndində dəfn olunub. Cəlilabad Rayon Polis Şöbəsi yerləşən binanın
həyətində büstü
qoyulub.
Həsənov İlham Gülbala
oğlu
1976-cı il mayın 6-da Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdu. 1993-cü ildə Yenigün kənd orta məktəbini bitirdikdən sonra Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olmuşdu. 1994-cü ilin sentyabrında
Milli Ordu sıralarına çağırılmışdı.
İlham
6 ay hərbi təlim keçdikdən sonra Qarabağa - cəbhə bölgəsinə yollanmışdı.
1995-ci il martın 13-də Azərbaycanda dövlət
çevrilişinə cəhd
edən silahlı dəstənin zərərsizləşdirilməsində
xüsusi rolu olmuş, martın 17-də
qiyamçı dəstənin
tamamilə tərk-silah
olunmasında yaxından
iştirak etmişdi.
İ.Həsənov həmin gün vətən borcunu yerinə yetirərkən qarşı tərəfin
atdığı güllədən
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 4 aprel
1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Həsənov İlham Gülbala oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Ağstafa şəhərindəki Şəhidlər
xiyabanında dəfn olunub. Ağstafa rayonunda
adına küçə var.
Həsənov Məhəmməd Ələsgər
oğlu
1959-cu il avqustun 9-da Goranboy rayonunun Qarasüleymanlı kəndində
anadan olmuşdur. 1976-cı ildə orta məktəbi bitirmişdir. Bir il sonra
ordu sıralarına çağırılmış, 1979-cu ildə Murmanskda hərb xidmətini başa çatdıraraq Kiyev şəhərınə
gəlmişdir. 1980-ci ildə Kiyev Radio Elektronika Texnikumuna daxil olmuşdur. 1984-cü ildə texnikumu bitirərək orada "Kommunist" zavodunda çalışmışdır.
Bir müddət sonra vətənə qayıdaraq, 1989-cu ildə
M.F.Axundov adına
ARDƏİ-yə daxil
olmuşdur. O, 1991-ci ildə könüllü
olaraq vətənin müdafiəsinə qalxmışdır.
Minəşli, Erkəc,
Qaraçinar, Talış
və başqa kəndlərdə erməni
işğalçılarına qarşı mübarizədə
xüsusi igidliklər
göstərmişdir. 1993-cü
ildə Bakı Ali Komandirlər Məktəbini
bitirmiş, 1994-2000-ci illərdə
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında
baş müəllim vəzifəsində çalışmışdır.
Məhəmməd polkovnik-leytenant rütbəsinədək
yüksəlmişdir. 2002-ci ildən Goranboy
rayonunun Veysli kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.
Azərbaycan Respublikası
Prezidentinin 23 iyun
1992-ci il tarixli 6 nömrəli Fərmanı ilə Həsənov Məhəmməd
Ələsgər oğlu
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülmüşdür.
Həsənov Səyavuş Həsən
oğlu
1964-cü il yanvarın 20-də
Şərur rayonunun Yenicə kəndində anadan olmuşdu. Kəndlərindəki məktəbdə səkkizinci sinfə kimi oxuduqdan sonra təhsilini 54 nömrəli texniki peşə məktəbində
davam etdirmiş və rəngsaz peşəsinə yiyələnmişdi.
Sonra hərbi xidmətə çağırılmış
və Stavropolda əsgəri xidmətini başa çatdırıb Bakıya
dönmüşdü. Əvvəllər işlədiyi evtikmə kombinatında çalışdıqdan
sonra müqavilə ilə Tümenə işləməyə göndərilmişdi.
S.Həsənov 1990-cı il 20 Yanvar faciəsini eşidən kimi Azərbaycana dönərək xalq hərəkatına qoşulmuşdu.Torpaqlarımızı
erməni işğalçılarından
müdafiə etmək
məqsədilə könüllü
olaraq Qarabağa - cəbhə bölgəsinə
yollanmışdı. O, bir
çox bölgələrdə
- Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada
igidliklə döyüşmüş,
çətin hərbi
tapşırıqları layiqincə
yerinə yetirmişdi.
1992-ci il iyunun 18-də
Ağdərə bölgəsinə
yola düşən dəstə bir çox kəndlərın
ermənilərdən geri
alınmasında böyük
şücaət göstərmişdi.
S.Həsənov 1992-ci il iyunun 25-də ağır döyüş
zamanı qəhrəmancasına
həlak olub.
Ailəli idi.
Azərbaycan Respublikası
Prezidentinin 21 iyul
1992-ci il tarixli 69 nömrəli Fərmanı ilə Həsənov Səyavuş
Həsən oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Həsənov Tahir Tofiq oğlu
1970-ci il fevralın 22-də
Bakı şəhərində
anadan olmuşdu. 1987-ci ildə paytaxtın
Nəsimi rayonundakı
23 nömrəli orta məktəbi bitirmişdi.
O, 1988-ci ildə hərbi
xidmətə çağırılmışdı.
1990-cı ildə ordudan tərxis olunduqdan sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdu.
Tahir ailənin yeganə övladı olmasına baxmayaraq, universitetin ikinci kursundan könüllü olaraq vətənin müdafiəsinə
qalxan oğulların sırasına qoşulmuşdu. İgid döyüşçü
Yuxarı Qarabağda,
Ağdərə, Başkənd,
Meşəli və Çıldıran əməliyyatlarında
fəal iştirak etmişdi. 1992-ci il sentyabrın 2-də
cəsur komandir öz dəstəsi ilə Çıldıran
yüksəkliyindəki uğurlu
əməliyyatdan qayıdarkən
düşmənlə üz-üzə
gəlmiş və sayca üstün olan ermənilərə qarşı var-qüvvəsi
ilə vuruşmuşdu.
T.Həsənov elə həmin döyüşdə düşmən
əlinə keçməmək
üçün son anda
əlindəki qumbaranı
partladaraq həm özünü, həm də ətrafdakı erməniləri öldürmüşdü.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 19 oktyabr
1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə Həsənov Tahir Tofiq oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakı şəhərində Şəhidlər
xiyabanında dəfn olunub. Təhsil aldığı 23 nömrəli orta məktəb onun adını daşıyır.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.8.