Yerləşir: İrlandiya, Dublin şəhəri
Yaranma tarixi: 1592-ci il
Tipi: Dövlət
İşçi heyətinin sayı: 2494 nəfər
Ümumi sayı: 16 215 nəfər
İllik gəlirləri: 304640000 avro
İllik xərcləri: 294892000 avro
Rəsmi saytı: www.tcd.ie
Dublin Triniti Kolleci (Trinity College Dublin) İrlandiyanın paytaxtı Dublin
şəhərində yerləşir və Böyük
Britaniyadan kənarda yerləşən ingilisdilli ölkələrin
yeddi ən qədim universitetindən biridir. Böyük
Britaniyanın "Times Higher Education Supplement - QS World
Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Dublin Triniti Kolleci 100 ən yaxşı ali
məktəb arasında Osaka Universiteti ilə birgə 43-cü
yerdə sıralanıb.
Tarixi
1592-ci ildə
Dublin şəhərinin bir qrup əhalisi kraliça
Yelizavetadan məktub aldıqdan sonra şəhər
divarlarından cənub-şərqdə yerləşən
baxımsız qalmış Bütün Müqəddəslər
kilsəsində kollec yaradır. Ali məktəbin ilk rektoru
XIX əsr
Dublin Triniti Kollecində bir çox hadisələrlə yadda
qalır. 1711-ci ildən kollecdə tibb elminin öyrədilməsinə
baxmayaraq, burada bu sahəni geniş əhatə edən məktəb
1800-cü ildən fəaliyyətə başlayır. 1842-ci ildə kollecdə Britaniya adalarında ilk olan
Mühəndislik Məktəbi, əsrin ortasında isə
hüquq fakültəsi yaradılır. 1873-cü
ildə kollecdə bütün dini ayinlər ləğv
edilir, yalnız İlahiyyat Məktəbinə fəaliyyət
göstərməyə və tələbə qəbul etməyə
icazə verilir.
Qız tələbələrin
kollecə qəbuluna 1904-cü ildən başlanılır,
ilk qadın professor isə 1934-cü ildə təyin edilir. 1962-ci ildə
Kommersiya və Sosial Tədqiqatlar məktəbləri birləşdirilərək
Biznes və Sosial Tədqiqatlar Məktəbi adlanır. 1969-cu ildə bir sıra bölmə və departament
humanitar elmlər, biznes, iqtisadi və sosial tədqiqatlar,
mühəndislik və sistemlər elmləri, tibbi elmlər
fakültələrinə bölünür. 1977-ci ildə
ali təhsil ocağında Əczaçılıq Məktəbi
yaradılır, eləcə də baytarlıq fakültəsi
açılır.
Dublin Triniti
Kolleci bu gün Dublinin mərkəzində yerləşir və
böyüyüb, inkişaf etməkdədir.
Büdcə və təhsil haqqı
Dublin Triniti
Kollecinə Avropa İttifaqı üzvü olan ölkələri
təmsil edən tələbələrin qəbulu kollecin
özü tərəfindən deyil, Mərkəzi Ərizələr
Ofisi (Central Applications Office) tərəfindən
aparılır. Abituriyentlər ali məktəbə
qəbul olmaq üçün buraxılış
imtahanlarında əldə etdikləri nəticələri təqdim
etməlidirlər. Ofis kollecdə ayrılan yerlərlə
abituriyentlərin nəticələrini uyğunlaşdırdıqdan
sonra avqustun ortalarında yerlər açıqlanır. Avropa İttifaqı üzvü olmayan ölkələri
təmsil edən abituriyentlər kollecə qəbul olmaq
üçün bir sıra prosedurlardan keçməlidirlər.
Əlillər, yaşlı və ya maddi durumu çətin
olan tələbələr ayrıca proqramlar əsasında bu
ali məktəbə qəbul edilirlər. Doktoranturaya qəbul Dublin Triniti Kolleci tərəfindən
aparılır.
2009-2010-cu tədris ilində
Dublin Triniti Kollecində Avropa İttifaqı ölkələrindən
olan bakalavr pilləsində oxuyan tələbələrin təhsil
haqqı 4181 avro, magistratura və doktorantura pilləsində isə
3675-29500 avro, qeyri-avropalı gənclərin bakalavr pilləsində
təhsili isə 15923 avro, magistratura və doktorantura pilləsində
isə 6000-29500 avro təşkil edib. 2010-2011-ci tədris ilində
bu ali məktəbdə Avropa İttifaqına daxil olmayan
ölkələri təmsil edən tələbələrin təhsil
haqqı bakalavr pilləsində 15950 avro (tələbənin qəbul
olduğu məktəbdən asılı olaraq bu rəqəm dəyişə bilər)
təşkil edəcək.
Magistratura və doktorantura pilləsində
fakültə və məktəblərdə
ixtisaslara uyğun olaraq müxtəlif qiymətlər
mövcuddur (5000-43000 (Stomatologiya)).
Dünyanın
əksər universitetlərində olduğu kimi, Dublin Triniti
Kollecində də dərslərdə yaxşı nəticələr
əldə edən, istedadlı, eləcə də maddi vəziyyəti
çətin olan tələbələrə müxtəlif təqaüdlər
(schols) təklif olunur. Kollecin məktəblərindən
asılı olaraq təqaüdün məbləği də fərqlənir.
2009-2010-cu tədris ilində yuxarıda sadalanan
göstəricilərə malik tələbələr orta
hesabla 5000 avro təqaüd alıblar. Adətən
təqaüd tələbəyə birinci kursu əlaçı
bitirərsə kursun sonunda və ya ikinci kursda verilir.
Dublin Triniti
Kollecinin gəlirləri 2009-2010-cu ildə 304640000 avro təşkil
edib. Həmin vəsaitin 105392000 dövlət qrantları,
88636000 tələbələrin təhsil haqqı, qalanlarını
isə digər gəlirlər təşkil edib.
Kollecin xərcləri isə
həmin il 294892000 avro olub. Bu
məbləğin 214727000 avrosunu akademik və inzibati xidmətlər,
80165000 avrosunu isə tədqiqat və layihə xərcləri
təşkil edib.
Universitet bu gün
Dublin Triniti
Kolleci Dublin şəhərinin mərkəzində 190000 m2 ərazidə
yerləşir. Ali məktəbin kampusunda inşa
edilmiş binalar zəngin memarlıq nümunələrindən
hesab olunur. Burada xüsusi ilə XVIII-XIX əsrin
memarlıq üslublarında inşa edilmiş tikililər
çoxluq təşkil edir. Kollecin kilsəsi
və İmtahan Zalı adlanan binası memar Uilyam Çembers,
muzeyi isə memarlar Tomas Nyuenhem Din və Benjamin Vudvord tərəfindən
inşa edilib. Binalar və binaların həyəti
dördbucaq formasında olduğundan kampus böyük
kvadratlar şəklindədir (sguares).
Kollecin tibb
fakültəsinin yaxınlığında Müqəddəs
Ceyms və Adelaida xəstəxanaları, Milli Uşaq Xəstəxanası,
Molekulyar Tibb İnstitutu, Con Durkan Leykemiya İnstitutu yerləşir.
Hazırda
Dublin Triniti Kollecində 3 fakültə fəaliyyət
göstərir. Hər fakültə bir neçə məktəbdən
ibarətdir. Məktəblər isə
öz növbəsində departament və mərkəzlərə
bölünüb.
İncəsənət, humanitar və sosial elmlər
fakültəsinə Biznes, Teatr İncəsənəti, Kino və Musiqi (Dram
və teatr tədqiqatları, Musiqi departamentləri), Təhsil,
İngilis dili, Tarix və Humanitar Elmlər (Gender və
Qadın Problemləri Mərkəzi, Klassika, İncəsənət
tarixi, Tarix departamentləri), Dillər, Ədəbiyyatlar və
Mədəniyyətlər (Avropa Tədqiqatları Mərkəzi,
Fransız, Alman, İspan, İrland və kelt, İtalyan, Rus və
slavyan tədqiqatları departamentləri), Hüquq, Linqvistika,
Nitq və Əlaqəli Elmlər (Karlar Mərkəzi, Dil və
kommunikasiya tədqiqatları, Kliniki nitq və dil tədqiqatları
departamentləri), Psixologiya, Sosial Elmlər və Fəlsəfə
(İqtisadiyyat, Fəlsəfə, Siyasi elmlər, Sosiologiya
departamentləri), İctimai Fəaliyyət və Siyasət,
Din, Teologiya və Ecumeniks məktəbləri daxildir.
Mühəndislik, riyaziyyat və dəqiq elmlər
fakültəsi
Biokimya və İmmunologiya (Biokimya, İmmunologiya departamentləri),
Kimya, Kompüter Elmləri və Statistika (Kompüter Elmləri,
Statistika departamentləri), Mühəndislik (Vətəndaş,
struktur və ekologiya mühəndisliyi, Elektronika və
elektrotexnika, Mexanika və maşınqayırma texnologiyası
departamentləri), Genetika və Mikrobiologiya (Genetika, Mikrobiologiya
departamentləri), Riyaziyyat, Təbiət Elmləri (Ətraf
mühitin mühafizəsi, Botanika, Coğrafiya, Geologiya,
Zoologiya departamentləri) məktəblərindən ibarətdir.
Sağlamlıq haqqında elmlər fakültəsinə Stomatologiya (Çənə-üz
cərrahiyyəsi, ağız patologiyası və müalicəsi,
İctimai və uşaq stomatoloji sağlamlıq, Möhkəmləndirici
stomatologiya və paradontologiya departamentləri), Tibb (Qlobal səhiyyə,
Səhiyyə siyasəti və idarəetməsi, Anatomiya,
Kliniki təbabət, Kliniki mikrobiologiya, Gematologiya,
Histopatologiya və patoloji anatomiya, İmmunologiya, Tibbi
gerontologiya, mamalıq və ginekologiya, Əmək
terapiyası, Pediatriya, Farmakologiya və terapiya, Fiziologiya,
Fizioterapiya, Psixiatriya, İctimai səhiyyə və ilk
yardım, Şüa terapiyası, Cərrahiyyə, Qida və
pəhriz tədqiqatları departamentləri), Tibb Bacısı
və Mamalıq, Əczaçılıq və Farmaseptik Elmlər
məktəbləri daxildir.
Tədqiqatlar aparmaq
üçün kollecdə Adaptiv Nanostruktur və
Nanoquruluş (Krann) Mərkəzi, Beynəlxalq İnteqrasiya
Problemləri Tədqiqatları, Triniti Nevrologiya, Molekulyar Tibb,
Ürək-Damar Elmləri, Triniti Siyasət institutları,
Milli Rəqəmsal Elmi-Tədqiqat, Hərbi Tədqiqatlar,
Platonik Ənənələr Tədqiqatları və s. mərkəzlər fəaliyyət
göstərir.
Dublin Triniti
Kolleci Kitabxanası İrlandiyanın
ən böyük tədqiqat kitabxanasıdır. Bu kitabxanada 4,5 milyon cild
kitab, çoxlu sayda xəritə, tarixi əlyazmalar (ən məşhuru
Kell kitabıdır) və musiqi əsərləri, 30000
elektron jurnal və s. var. Kitabxananın İnternet səhifəsində
300000 kitab yerləşdirilib. Kolleksiyaların əksəriyyəti
əsasən XVI əsrin sonlarından başlayaraq toplanıb.
2003-cü ildən Dublin Triniti Kolleci
Kitabxanası hüquqi depozit əldə edib. Həmin depozitə əsasən kitabxana Böyük
Britaniya və İrlandiyada nəşr edilən istənilən
kitabın nüsxəsini çıxarıb öz kolleksiyasına
əlavə etmək hüququna malikdir. Beləcə, hər
il kitabxanaya 100000 yeni nəşr daxil olur. Sentri kitab anbarında 3 milyondan çox kitab
saxlanır. Oxu zalı 3200 oxucu yerləşdirmək
imkanına malikdir. Zaldakı oxucu yerlərinin
hamısı İnternet şəbəkəsinə qoşulub.
Kollecin Qədim Kitabxanasında kitabların sərgisi təşkil
olunur və buraya hər il yarım milyondan
çox insan gəlir. Bu kitabxana
İrlandiyanın əsas diqqətəlayiq yerlərindən
hesab edilir. Dublin Triniti Kolleci
Kitabxanasına ən son əlavə 2003-cü ildə
İrlandiyanın prezidenti tərəfindən
açılmış Ceyms Uşer kitabxanasıdır.
Hazırda
Dublin Triniti Kollecinin rektoru ixtisasca fizik olan doktor Con Heqartidir. O bu vəzifəyə
2001-ci ildə seçilib. Dublin Triniti Kollecində rektor müəllimlərin
və az sayda tələbələrin səsverməsi
nəticəsində seçilir. Rektorun
müavini isə professor Patrik Prenderqastdır. Qeyd etmək lazımdır ki, Dublin Triniti Kollecinin
birinci rəhbəri nominal olaraq kansler hesab edilir. Kollecin kansleri İrlandiyanın sabiq prezidenti və
BMT-nin insan hüquqları üzrə sabiq komissarı
xanım Meri Robinsondur. Bu ali məktəbdə
ümumilikdə 2494 nəfər işçi
çalışır. Onların 1843 nəfərini
akademik heyət və tədqiqatçı, 651 nəfərini
isə inzibati (kitabxana, xidmət və texniki) heyət təşkil
edir. Uğurlu fəaliyyət göstərən,
önəmli tədqiqatlar aparan işçilər müxtəlif
təqaüdlərə layiq görülürlər. Müəllim və tələbələrə təqaüd
səsvermədən sonra verilə bilər. Təqaüdə layiq görülən alimlər
geniş imtiyazlar əldə edirlər. Onlara
illik əməkhaqqı daxil olmaqla kampus ərazisində ödənişsiz
yaşamaq, qidalanmaq imkanı yaradılır,
alış-veriş edərkən endirimlər olunur.
Dublin Triniti
Kollecində tələbə və əməkdaşların
qalmaları üçün yüksək şəraitə
malik yataqxanalar mövcuddur. Kampusda təxminən 700 otaqlıq tələbə
yataqxanaları var. Ən böyük yataqxanalardan Triniti Holl,
Qoldsmit Holl, Botani Bey,
Dublin Triniti
Kollecində tələbələrin həyatlarını
maraqlı və rəngarəng keçirmələri
üçün lazımi şərait yaradılıb. Hər
hansı bir gənclər təşkilatının, klubun, cəmiyyətin,
könüllülər dəstəsinin üzvü olmaq kollec
tələbələrinin vaxtlarını səmərəli
keçirmələrinə yardımçı olur. Bu təşkilatlara
qoşulmaqla tələbə özünə iş yeri də
tapa bilər.
Bu ali təhsil
ocağında zəngin tələbə nəşriyyatı
fəaliyyət göstərir. Ciddi nəşrlərdən
başlayaraq satirik yazılara qədər burada hər şey
tapmaq mümkündür. "Trinity
News" 1953-cü ildən çap edilir və İrlandiyada
çıxan ilk tələbə qəzetlərindən
biridir. Həftədə 4 dəfə nəşr edilən
qəzet bütün tədris ili fəaliyyət
göstərir. Bununla yanaşı kollecdə "Piranha"
satirik qəzeti və jurnalı, "TCD Məcmuəsi"
(1895-ci ildən çıxır), "Tibb",
"Çardaq" jurnalları və s. dərc olunur.
Dublin Triniti
Kolleci 400 illik təqaüd ənənəsinə malik
dünyanın ən qədim tədris ocaqlarından biridir. Bu ali məktəb
liberal mühiti təmin edərək fikir
azadlığını yüksək qiymətləndirir, tələbə
və müəllimlərə öz potensiallarını
bütünlüklə reallaşdırmağa imkanlar
yaradır. Kollec tədris və tədqiqatları
mükəmməlləşdirmək, hər kəs
üçün bərabər inklüziv təhsil vermək,
tələbələrə zəngin təcrübə bəxş
etmək, bəşəriyyətə rifah və fayda gətirmək
məqsədi ilə səylə çalışır.
Universitetin məşhur məzunları
Duqlas Hayd İrlandiyanın
ilk prezidenti
Meri Robinson
İrlandiyanın sabiq 7-ci prezidenti
Meri McAlis
İrlandiyanın hazırkı 8-ci prezidenti
Teobald Vulf Ton
İrlandiya
respublikaçılarının atası
Eyr Kut Yamaykanın
general-qubernatoru
Edvard Stafford Yeni
Zellandiyanın sabiq Baş naziri
Jaja Uaçuku Nigeriyanın
ilk xarici işlər naziri
Ernest Uolton fizika üzrə Nobel
mükafatı laureatı
Samuel Bekkett yazıçı,
ədəbiyyat üzrə Nobel mükafatı laureatı
Conatan Svift
Oskar Uayld
Bram Stoker məşhur
yazıçılar
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.-
2010.- 3 sentyabr.- S.6.