Kadr hazırlığı: ənənələr,
yeniliklər
Respublikamızda səhiyyənin
inkişafı və ümumən vətəndaşlarımızın
sağlamlığı ulu öndər Heydər Əliyev fəaliyyətinin
ana xətlərindən birini təşkil edirdi. Respublikamızda təhsili, xüsusilə səhiyyə
təhsilini daim diqqət mərkəzində saxlayan ulu öndərimiz
dəfələrlə Azərbaycan Tibb Universitetində
olmuş, onun maddi-texniki bazasının zənginləşməsi,
kadr hazırlığı istiqamətində
ölçüyəsığmaz dərəcədə
faydalı işlər görmüşdür. Xüsusi qeyd olunmalıdır ki, bu gün müvəffəqiyyətlə
fəaliyyət göstərən professorlardan çoxu (o
cümlədən bu sətirlərin müəllifi də) məhz
onun uzaqgörənliklə Rusiyanın qabaqcıl təhsil
ocaqlarına göndərdiyi həmin məktəbləri keçərək
respublikamıza qayıdan kadrlardır.
Hazırda onun siyasi davamçısı və varisi olan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da bu ənənəni müvəffəqiyyətlə davam etdirir. Respublikamızın ayrı-ayrı bölgələrində qısa müddətdə dünya standartlarına cavab verən diaqnostika və müalicə mərkəzlərinin yaradılması, bir sıra, o cümlədən şəkər, onkoloji və s. kimi xəstəliklərin pulsuz müalicəsi dediklərimizə əyani misaldır. Son illər İlham Əliyev cənablarının universitetimiz üçün təzə terapevtik və cərrahi korpusların tikilməsi haqqında imzaladığı fərmanlar, artıq istifadəyə tam hazır olan və bu günlərdə açılışı gözlənilən terapevtik korpusun tibbi texnikanın son aparatları ilə təchiz olunması onun səhiyyə təhsilinə göstərdiyi qayğının təzahürüdür. Bu sahədə Heydər Əliyev Fondunun, onun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın apardığı işlər xalqımızın ürəyincədir. Əlbəttə, bütün bunların həyata keçməsində rektorumuz, akademik Əhliman Əmiraslanovun yorulmaq bilmədən məqsədyönlü fəaliyyət göstərməsini və çoxsaylı kollektivə layiqincə rəhbərlik etməsini də qeyd etməmək olmaz.
Bu il Azərbaycan Tibb Universitetinin
yaradılmasının 80 illiyi qeyd olunur. Bu barədə möhtərəm Prezidentimiz
İlham Əliyev cənabları 30 aprel 2010-cu il tarixində sərəncam
imzalayıb. Sərəncamda göstərilir ki,
respublikamızda təbabətin ən müxtəlif sahələrində
yüksək hazırlıqlı kadrların yetişdirilməsində
və mötəbər elmi mərkəz kimi tədqiqatların
aparılmasında əhəmiyyətli rol oynamış Azərbaycan
Tibb Universiteti milli səhiyyənin inkişafına layiqli
töhfələr vermişdir. Respublikamızda
təbabət sahəsində xidmətlərini nəzərə
alaraq Azərbaycan Tibb Universitetinin 80 illik yubileyinin dövlət
səviyyəsində qeyd edilməsi qərara alınıb.
Azərbaycanda tibbi
kadrların hazırlanması əvvəlcə
Bakı Dövlət Universiteti, 1930-cu ildən başlayaraq
bilavasitə Azərbaycan Tibb İnstitutu, daha sonra isə Tibb
Universiteti ilə əlaqədardır. Tibb
Universiteti nəinki həkim kadrlarının
hazırlanmasında, ümumən səhiyyənin təşkilində,
eləcə də dövlət quruculuğunda və dövlətin
idarə olunmasında bütün dövrlərdə
qabaqcıl mövqe tutmuşdur.
Xatırlatmaq yerinə düşər ki,
respublikamızın, həmçinin
Sovetlər Birliyinin ilk rəhbərlərindən biri Nəriman
Nərimanov, uzun müddət Dağıstan kimi mürəkkəb
bir respublikanın rəhbəri, tibb sahəsində
çalışan görkəmli alim Əziz Əliyev, yaxud
respublika KP MK-nın birinci katibi Vəli Axundov ixtisasca həkim
olmuşlar.
Öncə
qeyd edək ki, Azərbaycan təhsilində və dünya
şöhrətli tibbi kadrların hazırlanmasında Azərbaycan
Tibb Universitetinin xidmətləri şəksizdir. Təkcə onu qeyd etməliyik
ki, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti,
akademik M.Mirqasımov, akademiklər M.Topçubaşov, Z.Əliyeva,
M.Cavadzadə, akademiyanın müxbir üzvləri
D.Hacıyev, Ə.Həsənov, professorlar Ə.Əliyev, Q.Qəhrəmanov,
B.Mahmudbəyov, Z.Məmmədov ya bu universitetdə oxumuş,
təhsil almış, ya da burada fəaliyyət göstərmişlər.
Hazırda Tibb Universitetində dünya
şöhrətli alimlər Ə.Əmiraslanov, Ə.Namazova,
B.Ağayev və b. alimlər çalışırlar.
Sovetlər Birliyi süquta
uğradıqdan sonra SSRİ Tibb Elmləri Akademiyası Onkoloji Mərkəzinin
elmi işlər üzrə direktor müavini Ə.Əmiraslanov
Azərbaycan Tibb Universitetinə rəhbərlik etmək
üçün dəvət olundu. Son 18 ildən artıq bir
zamanda rektor universitetin həm maddi-texniki bazasının
möhkəmlənməsi, həm də kadr
potensialının gücləndirilməsi istiqamətində
geniş işlər aparıb. Dünyanın
bir çox qabaqcıl tibb universitetləri ilə, xüsusilə
qardaş Türkiyə və qonşu Rusiya universitetləri ilə
elmi əlaqələr yaradılıb, alimlərimiz mötəbər
elmi forumlarda elmimizi layiqincə təmsil edirlər, tələbə
mübadiləsi aparılır. Amerika,
Almaniya və digər inkişaf etmiş ölkələrin
tibb universitetlərində Azərbaycan Tibb Universitetinin tələbələri
öz təhsillərini davam etdirir və yaxud həmin
universitetlərdə çalışırlar.
Universitetimizdə
ilk yaradılan kafedralardan biri də Tibbi biologiya və genetika
kafedrasıdır. 80 il
müddətində kafedraya kimlər rəhbərlik etmiş,
hansı alimlər işləmiş, hansı elmi problemlər
araşdırılmışdır, ümumən yubiley ərəfəsində
kafedra əməkdaşları qarşısında duran vəzifələr
haqqında oxuculara qısaca məlumat vermək istərdik.
Respublikamızda yüksəkixtisaslı həkim kadrların
hazırlanmasında bioloqların da xidməti az
olmayıb. Hər şeydən öncə,
biologiya təbabətin nəzəri əsasını təşkil
edən fənlərdən biridir. Biologiya
elmini tibb elmindən, tibb elmini biologiya elmindən ayrı təsəvvür
etmək mümkün deyil. Təsadüfi deyil ki, təbabətin
atası sayılan Hippokrat (b.e.ə. 460-cı il)
göstərirdi ki, hər bir həkimin təbiəti bilməsi
vacibdir. Bütün nəzəri və praktiki təbabətdə
ümumi bioloji nəticələrdən istifadə olunur.
Biologiyanın müxtəlif sahələrində
aparılan nəzəri tədqiqatların nəticələrindən
həkimlər praktik fəaliyyətlərində geniş
istifadə edirlər. Əyani bir misal deyək: xəstəlik
törədən virusun və ümumən infeksion xəstəliklərin
törədicilərinin quruluşunun öyrənilməsi,
onlara qarşı peyvəndlənmə üsulunun
tapılması insanların kütləvi
ölümünün qarşısının alınması
ilə nəticələndi.
Məlumdur ki,
insanlar çox qədimdən heyvanları əhliləşdirməklə
onlardan istədikləri kimi faydalanıblar, lakin bir sıra xəstəliklərə
də yoluxublar. Başqa sözlə, heyvanlar insanlar
üçün xəstəlik mənbəyi rolunu oynayıb.
Bunlardan bəzilərini açıq şəkildə
görmək mümkünsə (məsələn, parazit
qurdlar), bəzilərini görmək mümkün deyil
(malyariya, ensefalit, irsi xəstəliklər və s.). Bu heyvanların bioekologiyasını dərindən
bilmədən ona qarşı mübarizə üsulları
yaratmaq mümkün deyil. Ona görə də
bioloqlarla parazitoloqlar daim birlikdə axtarışlar
aparırlar. Parazitologiyanın sirlərinə
yaxından bələd olmayan həkimlər, xüsusilə gənc
pediatr-həkimlər qarın boşluğundakı
ağrıların diaqnostikası zamanı səhvlərə
yol verə bilərlər ki, o da ağır fəsadlar törədər.
Tibb sahəsində
aparılan çox mürəkkəb cərrahi əməliyyatlar
başlanğıcda heç də birbaşa insanlar üzərində
aparılmır. Həmin əməliyyatlar dəfələrlə
və son dərəcə dəqiqliklə heyvanlar üzərində
aparıldıqdan sonra əmin olunur ki, onu (əməliyyatı)
insan üzərində aparmaq olar. Təsadüfi deyil ki,
laboratoriya heyvanlarına insanın sağlamlığı sahəsindəki
xidmətlərinə görə hətta heykəl də
qoyulub. Sankt-Peterburq şəhərində
İ.P.Pavlovun işlədiyi Fiziologiya İnstitutunun
qarşısında itə və Fransanın Paris şəhərində
Təbabət tarixi muzeyinin qarşısında qurbağaya
heykəl qoyulub. Xiyabanlarda, şəhərin
görkəmli yerlərində, yol kənarında və digər
ictimai yerlərdə qoyulmuş bu və ya digər heyvan heykəli
sadəcə olaraq ekzotik xarakter daşıyır. Bu
baxımdan, bioloqların apardığı tədqiqat işlərinin
nəticələrinin əhəmiyyəti danılmazdır və
universitetimizin Tibbi biologiya və genetika kafedrası əməkdaşlarının
əməyi az olmayıb. Məhz bioloqlarla
həkimlərin birlikdə məqsədyönlü tədqiqatları
nəticəsində bir çox qorxulu xəstəliklərin müalicəsi məsələsi
artıq öz həllini tapıb, bəzilərinin isə
yaxın gələcəkdə həll olunacağı
gözlənilir.
Azərbaycan
Dövlət Tibb İnstitutu 1930-cu ildə sərbəst olaraq
Azərbaycan Dövlət Universitetindən ayrıldıqdan
sonra Biologiya kafedrası təşkil edilib. Yeni yaradılmış kafedranın ilk rəhbəri
Fətulla Əziz oğlu Rzabəyli olmuşdur. O, 1911-ci ildə
Novorossiya Universitetini
bitirmiş və 1913-cü ilədək həmin universitetdə
işləmişdir. Vətənə qayıdaraq Azərbaycan SSR-də müxtəlif
vəzifələrdə çalışmış,
1930-1933-cü illərdə isə
tibb institutunda biologiya kafedrasının müdiri vəzifəsində
işləmişdir. Kafedranın
formalaşmasında, onun nəzdində tədqiqat
laboratoriyası və tələbə elmi dərnəyinin
yaradılmasında, preparat və tabloların əldə edilməsində
və digər tədris vəsaitlərinin
hazırlanmasında onun müstəsna rolu olub. Parazitologiyanın tibdə əhəmiyyətini nəzərə
alaraq tədris zamanı bu sahəyə xüsusi diqqət
yetirib.
1933-1944-cü
illərdə kafedraya professor V.S.Yelpatevski rəhbərlik
etmişdir. O
zaman Azərbaycanda yüksək ixtisaslaşmış kadrlar
olmadığından kafedra müdirləri Rusiyadan dəvət
olunurdu. 10 ildən artıq bir dövrdə biologiya
kafedrasına rəhbərlik edən professor V.S.Yelpatevski tədris
proqramının təkmilləşdirilməsi, dərs vəsaitlərinin
sayının artırılması və yeni elmi istiqamətin
müəyyənləşməsi, eləcə də tədris
otaqlarının bioloji istiqamətə uyğunlaşması
baxımından çox böyük işlər
görmüşdür. Professor V.S.Yelpatevski
1936-1939-cu illərdə Azərbaycan EA Zoologiya İnstitutunun
direktoru vəzifəsində də işləmişdir.
1944-1946-cı
illərdə kafedraya rəhbərlik professor
Z.M.Şahtaxtinskayaya həvalə olundu. Qısa dövr ərzində
o, özündən əvvəlki kafedra müdirlərinin ənənələrinə
sadiq qalaraq elmi və pedaqoji potensialın genişlənməsi
sahəsində yorulmadan çalışmışdır. 1946-cı ildən kafedraya rəhbərlik yenidən
professor F.Ə.Rzabəyliyə tapşırıldı.
Onun rəhbərliyi altında kafedra əməkdaşları əvvəlcə
məktəbyaşlı uşaqların fiziki inkişaf
dinamikasının öyrənilməsi və helmintlərə
yoluxmuş Bakı məktəblilərinin müayinəsi
problemi ilə, daha sonra isə Azərbaycan ərazisində bitən
bitkilərin fitonsid
xüsusiyyətləri mövzusu ilə məşğul
olublar.
1964-cü ildən biologiya
kafedrasına Azərbaycan SSR EA-nın
müxbir üzvü, professor Dəmir Vahid oğlu Hacıyev rəhbərlik
etməyə başladı. Professor D.Hacıyev 1954-cü ildə
ADTİ-nin pediatriya fakültəsini bitirib, iki il
Krım vilayətində həkim işlədikdən sonra Vətənə
qayıdaraq Azərbaycan EA-ya işə qəbul olunub. 1961-ci
ildə elmlər namizədi alimlik dərəcəsi almaq
üçün müdafiəyə təqdim etdiyi dissertasiya
işində həll edilən problemin böyük elmi-praktik əhəmiyyətini
və özünün hərtərəfli elmi
hazırlığını nəzərə alaraq SSRİ Ali Attestasiya Komissiyası ona birbaşa
biologiya elmləri doktoru elmi dərəcəsini vermişdir. D.Hacıyev 1964-cü ildən ömrünün
sonunadək (1999) Biologiya kafedrasının müdiri işləməklə
yanaşı, 1965-1968-ci illərdə ADTİ-nin elmi işlər
üzrə prorektoru vəzifəsində də
çalışmışdır. O, yüzdən
artıq elmi məqalənin, çoxsaylı dərslik, dərs
vəsaiti və proqramın müəllifidir. D.Hacıyevin
kafedraya rəhbərlik etdiyi dövrdə əməkdaşlar
respublika faunasının paleontoloji baxımdan tədqiqi ilə
məşgul olmuş, tədris və elmi-tədqiqat işinin
keyfiyyətinə əhəmiyyətli dərəcədə
təsir göstərən zəngin zooloji muzey yaratmışlar.
Muzeydə Azərbaycan faunasını,
xüsusilə məməlilərin skelet sistemini əks etdirən
nümunələr toplanmışdır. Hazırda
kafedranın zooarxeoloji və poleoosteoloji muzeyində minlərlə
qədim və müasir heyvan kolleksiyası saxlanılır.
Bununla yanaşı, kafedra əməkdaşlarının
əsas tədqiqat işləri respublika ərazisində
yaşamış və hazırda yaşamaqda olan məməlilərin
skeletinin inkişaf qanunauyğunluqlarının, istinad-hərəkət
sisteminin əsasını təşkil edən skelet və əzələnin
embrional və postembrional inkişaf xüsusiyyətlərinin
öyrənilməsi olmuşdur. Bu dövrdə kafedra
əməkdaşlarının əsas müvəffəqiyyətlərindən
biri ana dilində yazılıb nəşr olunan yeni dərslik
və dərs vəsaitləridir. İlk dəfə
olaraq 1964-cü ildə dosent K.M.Səfərov biologiyadan praktik
məşğələlər üçün dərslik nəşr
etdirdi ki, o da Azərbaycan bölməsi tələbələrinin
dərsi mənimsəmə keyfiyyətinin yüksəlməsində
mühüm rol oynadı. Kafedranın
yüksəkixtisaslı professor-müəllim heyəti 1980-ci
ildən başlayaraq keçmiş SSRİ-nin tibb
institutlarının tədris proqramına uyğun olaraq yeni dərslik
və dərs vəsaitləri hazırlamaq sahəsində fəaliyyətlərini
genişləndirdilər. Qısa müddət ərzində
kafedranın əməkdaşları, əsasən
D.V.Hacıyev, R.Ə.Əliyev, S.D.Əliyev birlikdə
hazırladıqları "Parazitizmin bioloji əsasları"(1981),
"Tibbi biologiya" (1993), "Biologiya"(1995) dərslikləri
öz dövrü üçün xüsusi əhəmiyyət
daşıyıb. 1994-96-cı illərdə "İnsan
ekologiyası və atmosferin çirklənməsi"
(D.V.Hacıyev,Y.X.Hidayətov,1994),
"Hüceyrə biologiyasının molekulyar-genetiki aspektləri"
(N.Əliyev, 2007) və digər dərslik və dərs vəsaitləri
yazılaraq nəşr etdirilmişdir.
1999-cu ildə
professor D.V.Hacıyev dünyasını dəyişdikdən
sonra kafedraya rəhbərlik biologiya elmləri doktoru, professor Əkbər
Əskər oglu Mehrəliyevə tapşırıldı.
2000-ci ilin mart
ayında Tibbi biologiya və genetika kafedrasının müdiri
vəzifəsinə müsabiqə yolu ilə AMEA-nın
müxbir üzvü (hazırda həqiqi üzvüdür),
professor Məmməd Əhməd oğlu Salmanov
seçilmişdir. Onun əsərləri dünyanın bir
çox ölkələrinin nüfuzlu jurnallarında nəşr
olunmuşdur. Məmməd müəllim
2002-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutuna direktor təyin
olunub, AMEA-nın həqiqi üzvü seçilib və bu
gün də həmin vəzifəni layiqincə yerinə
yetirir. Akademik M.Ə.Salmanov yuxarıda qeyd
etdiyimiz instituta direktor təyin olunduqdan sonra 2002-ci ildən
kafedraya rəhbərlik yenidən professor Ə.Ə.Mehrəliyevə
tapşırıldı.
Professor Ə.Ə.Mehrəliyev
kafedraya rəhbərlik etdiyi dövrdə kafedranın tematik
planında və proqramında bəzi dəyişikliklər
etmiş, təbabətə daha yaxın olan və müasir
dövrün tələblərinə uyğun gələn
"Parazitologiyanın bioloji və molekulyar əsasları"
mövzusunu muhazirə və seminarlara daxil etmişdir. Əkbər müəllim səhiyyə, baytarlıq
və balıqçılıq təsərrüfatı
üçün xüsusi əhəmiyyət daşıyan
80-dən çox elmi əsərin, o cümlədən
abituriyentlər üçün "Biologiyadan vəsait"
(1974), "Biologiya" (1989), "Onurğasızların
müqayisəli anatomiyası" (2002) və digər dərslik
və dərs vəsaitinin müəllifidir.
2007-ci ildən
isə kafedraya müdir vəzifəsinə müsabiqə yolu
ilə sətirlərin müəllifi seçilmişdir.
Azərbaycan
Tibb Universiteti nəinki Müstəqil Dövlətlər
Birliyi məkanında, eləcə də Avropada və Asiyada
çox böyük nüfuza və beynəlxalq statusa malik
olan universitetlərdən biridir. Məhz elə buna görə də
hazırda universitetimizdə minlərlə
soydaşlarımızla yanaşı, çoxsaylı xarici
ölkələrdən yüzlərlə tələbə təhsil
alır, onların sayı ildən-ilə artmaqdadır. Universitetimizdə təhsil
alan tələbələrə biologiya fənninin
sirlərini yüksək səviyyədə öyrətmək
üçün hər cür şərait yaradılıb. Geniş, işıqlı və hər cür
avadanlıqla təchiz olunmuş mühazirə zalları, eləcə
də laboratoriya, praktik məşğələ və seminar
dərslərini aparmaq üçün tədris otaqları tələbə
və müəllimlərin ixtiyarındadır. Universitetimizin rəhbərliyinin məqsədyönlü
fəaliyyəti hesabına kafedramız təlimin ən
müasir texniki vasitələri ilə təmin olunub. Son illər müxtəlif böyütmə qabiliyyətinə
malik olan mikroskop və kompüterlərin əldə
olunması dediklərimizə əyani sübutdur. Yubiley ərəfəsində tədris
otaqlarının ən müasir və rahat mebellərlə təmin
olunması tələbə və müəllimlərə hədiyyədir.
İndi tələbələr kompüter siniflərində
ayrı-ayrı mövzuların elektron variantı vasitəsi
ilə biologiyanın sirlərini öyrənirlər. Tibbi biologiya və genetika kafedrasında uzun illərin
nəticəsi olaraq çox zəngin osteoloji muzey
yaradılıb. Həmin muzeyin
materialları da tələbələrin istifadəsindədir.
Hazırda kafedramızda
bir professor, 6 dosent, 5 baş
müəllim, 8 assistent, 2 baş laborant, 2 laborant və 3
preparator, 4 xadimə çalışır. Universitetimizdə
təhsil alan xarici ölkə tələbələri ilə
ingilis dilini mükəmməl bilən müəllimlərimiz məşğul olurlar. Kafedrada çalışan yaşlı nəsil
pedaqoqların təcrübəsindən istifadə etməklə
yanaşı, gənc nəslin yetişdirilməsi
yönümündə də ciddi işlər
görülür. Son illər işə qəbul olunan gənc
kadrlar pedaqoji fəaliyyətlə yanaşı,
respublikamızın yaxşı öyrənilməmiş
faunasının tədqiqi, Abşeronun herpetofaunasına
antropogen təsirlərin analizi və s. kimi aktual
mövzuların üzərində elmi tədqiqat işləri
aparırlar. İndi kafedramızda biologiya ixtisası üzrə
iki doktorant və beş fəlsəfə doktoru
dissertasiyası üzərində işlər
aparılır. 2007-ci ildən kafedranın
tədris proqramında, elmi istiqamətində, yeni dərsliklərin,
dərs vəsaitlərinin tərtibatında müsbət dəyişikliklər
aparmaqla yanaşı, kafedranın maddi-texniki bazasının
genişlənməsinə və osteoloji muzeyin zənginləşməsinə
çalışılır. Tərkibin gənc və
perspektivli kadrlarla əvəz olunmasına, onların
dissertasiya mövzuları ilə təmin olunmasına,
respublikamızın indiyədək öyrənilməyən
fauna növlərinin tədqiq olunmasına cəlb edilməsinə
xüsusi fikir verilir. Kafedranın əməkdaşları
professor C.Ə.Nəcəfov, dosentlər R.Ə.Əliyev və
Ə.P.Əzizovla birlikdə "Tibbi biologiya və
genetikanın əsasları"
(2008) dərsliyini, R.Ə.Əliyev, C.Ə.Nəcəfov,
S.D.Əliyev, Ə.P.Əzizov və Y.V.Şəkərəliyeva
"Tibbi biologiya və genetika" (2008) adlı laboratoriya məşğələləri
dərs vəsaitini, C.Ə.Nəcəfov, M.Ş.Əminova və
R.K.Kərimova "Tibbi biologiya və
genetikadan praktiki məşğələ albomu"
(2008,2009) dərs vəsaitini (I hissə), C.Ə.Nəcəfov,
M.Ş.Əminova və S.A.Əlizadə ilə birlikdə eyni
adlı dərs vəsaitinin II hissəsini (2008,2009), C.Ə.Nəcəfov,
S.D.Əliyev və T.O.Məmmədov "İnkişafın
biologiyası və genetikası" (2009) adlı dərs vəsaitlərini
Azərbaycan və rus dillərində nəşr etdirmişlər.
Tibbi biologiya və genetika kafedrası əməkdaşlarının
əsərləri ABŞ, Almaniya, Polşa, İngiltərə,
Fransa, Türkiyə, MDB ölkələrinin ən mötəbər
jurnallarında, "Zoologiya", "Morfologiya" (Moskva),
"Heyvanların biologiyası" (Moskva), "Journal of
Morfology" (ABŞ), "Journal of Morfology" (Almaniya),
"Zoologiya xəbərləri" (Kiyev), Azərbaycan MEA
"Məruzələri" və "Xəbərləri"
və digər jurnalların səhifələrində
çap olunub. Ümumilikdə götürdükdə kafedra əməkdaşları
son on ildə 500-dən çox elmi əsəri, o cümlədən
14 monoqrafiya, 16 dərslik və dərs vəsaiti,
çoxsaylı proqram hazırlayaraq nəşr etdirmişlər.
Dünyanın bir çox ölkələrində
keçirilən beynəlxalq konqreslərin, konfransların və
digər forumların təşkilatçısı və
iştirakçısı olmuşlar. Son
illər kafedramızın əməkdaşlarından 3 nəfəri
müvəffəqiyyətlə biologiya elmləri namizədi
dissertasiyası müdafiə edib təsdiqini
almışdır.
Xüsusi qeyd
etməliyik ki, tədrisin məzmunu və formasına uyğun
olaraq zaman-zaman kafedranın adı da bir neçə dəfə
dəyişdirilmişdir. Hazırda biologiya fənninin həkimlərin
nəzəri hazırlığında mühüm rol
oynadığını və müxtəlif bioloji problemlər
(həyatın mahiyyəti və orqanizmlərin quruluş səviyyəsi,
hüceyrə haqqında ümumi məlumat, ontogenezin
biologiyası və mexanizmi, embrional inkişafın əsas
qanunauyğunluqları, sağlamlıq və xəstəliyə
bioloji baxış, ümumi genetikanın əsasları, genlərin
ilişikli keçməsi və qarşılıqlı təsiri,
insan genetikasının əsasları, tibbi parazitologiya, parazit
qurdlar və onların tibdə əhəmiyyəti,
onurğalı heyvanlar və onların müqayisəli
anatomiyası, zəhərli heyvanlar, onların tibdə əhəmiyyəti
və s.) tədris olunduğu üçün kafedra Tibbi
biologiya və genetika adlanır.
Kafedrada tələbə elmi cəmiyyəti də
fəaliyyət göstərir. Biologiya
elminə həvəsi və marağı olan tələbələrlə
kafedramızın təcrübəli alimləri məşğul
olur, elmin incəliklərini onlara öyrədirlər. Kafedramızın bütün əməkdaşları
universitetimizin ictimai həyatında fəal iştirak edirlər.
80 illik yubiley
bizim kafedra əməkdaşları qarşısında
mühüm vəzifələr qoyur.
C.NƏCƏFOV
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.5.