Bakı Avropa Liseyi
Ünvanı: Bakı şəhəri, Rostropoviç küçəsi, 21
Yaranma tarixi: 1991-ci il
Müəllimlərin sayı: 80 nəfər
Şagirdlərin sayı: 1038 nəfər
Direktoru:
Zülfiyyə Veysova
Rəsmi saytı:
www.evrolyceum.az
Yaranma tarixindən
Lisey XX əsrin
sonlarında - 1991-ci ildə yaradılmışdır.
BDU-nun nəzdində fəaliyyət göstərən
"Yaradıcı istedad" Elmi Praktik Mərkəzin və
QHT olan "İstedad" Assosiasiyasının təşəbbüsü
və təşkilatçılığı nəticəsində
yaranan liseyin 19 buraxılışı olub.
Assosiasiya və
elmi mərkəz xüsusi işlənib hazırlanmış
proqram üzrə respublikanın hər tərəfində
istedadlı uşaqlar axtarıb tapır, müxtəlif
olimpiadalar, yay-düşərgə məktəbləri təşkil
edirdi. Burada
uşaqlarla işləmək üçün Azərbaycan
Milli Elmlər Akademiyasından, ali təhsil
ocaqlarından və xaricdən mütəxəssislər cəlb
olunurdu. Digər ölkələrin analoji təşkilatları
ilə əlaqələr yaranır,psixoloji,
pedaqoji, sosioloji tədqiqatlar aparılır, incəsənət
və elm xadimləri ilə görüşlər
keçirilirdi.
Beləliklə,
Avropa məktəblərinin təcrübəsini özündə
əks etdirən və Azərbaycanın mövcud şəraitinə
uyğunlaşdırılmış "Avropa məktəbi"
pedaqoji modeli yaradılır. Yüksək
yaradıcı və intellektual potensiala malik olan uşaqlar
aşkar edilir və sonrakı tədrisin unikal sistemi qurulur.
Böyük hazırlıq işləri görüldükdən
sonra 1991-ci il sentyabr ayından yalnız
üç - VIII, IX və X siniflərdən ibarət lisey fəaliyyətə
başlayır.
1994-cü ildə rəsmi
status alan Bakı Avropa Liseyi 1993-1994-cü
tədris ilindən öz şagirdlərini I sinifdən
formalaşdırmağa başlayır və bir tədris
müəssisəsi kimi uğurla addımlayır. Şəxsiyyətin azad inkişafı,
düşüncəli, yaradıcı, hazır və
bacarıqlı şəxsiyyətin yaranması
üçün şərait yaradan təhsil ocağına
çevrilir.
Məqsədi və vəzifələri
Liseyin əsas
məqsədi Avropa və Şimali Amerikanın təhsil
sistemi və təlim prosesinə inteqrasiya olmaqdır. Liseydə təlim-tərbiyə
yeni və səmərəli təhsil yanaşmaları,
müasir tələbləri ödəyən metod və
texnologiyalar üzərində qurulur. Bakı
Avropa Liseyinin əsas vəzifəsi istedadlı
uşaqların intellektual və yaradıcı
potensialını üzə çıxarmaq və onların
şəxsiyyətini inkişaf etdirməkdir. Xüsusi vəzifələrdən biri isə XXI əsrdə
gənc nəslə vacib olan bacarıq və
kompetensiyaların formalaşdırılmasıdır. Liseydə şagirdlərin həyat boyu öyrənmək
və cəmiyyət üçün məhsuldar üzv
olması vacib olan metakoqnitiv (öyrənməyi öyrənmək)
qabiliyyətinin inkişafına müvafiq şərait
yaradılır. Liseyin təlim mühiti
yaradıcılığa və axtarışa həvəsləndirir,
onların istedadını müxtəlif yollarla üzə
çıxarır, nümayiş etdirir və dərsdənkənar
təlim imkanlarını genişləndirir. Lisey
kollektivi çalışır ki, şagirdləri gələcəkdə
yaxşı mütəxəssis olmaq üçün erkən
yaşlarından müasir peşəkar bacarıqlarla
yaxından tanış etsin. Vətənpərvərlik və xalqa məhəbbət
duyğuları ön plana çəkilərək hər bir
şagirdin dövlətçilik prinsiplərini qoruması
aşılanır.
Maddi-texniki bazası
Lisey iki korpusdan ibarət beşmərtəbəli
binada yerləşir. Yüksək maddi-texniki bazaya
malik olan lisey 88 tədris otağı, fizika, kimya, biologiya
laboratoriyaları, 3 kompüter otağı, geniş kitabxana,
bufet və müasir idman zalından ibarətdir. Lisey müasir İKT avadanlıqları ilə təchiz
edilib. Belə ki, burada kompüter, noutbuk,
netbuk, multimedia və interaktiv lövhələr mövcuddur.
Son illərdə inşa olunan və müasir
standartlara cavab verən idman zalı şagirdlərin fiziki cəhətdən
inkişafına şərait yaradır. Liseydə
elektron müəllimlər otağı da mövcuddur ki, bu da
elektron jurnalların aparılmasını və elektron tədris
resurslarının hazırlanmasını
asanlaşdırır. Zəngin kitabxana və
Elektron Resurs Mərkəzi şagirdlərin və müəllimlərin
ixtiyarına verilib.
Tədrisin təşkili
Bakı Avropa Liseyinin tədris proqramı ibtidai
(I-IV), əsas (V-IX) və orta təhsil (X-XI) pillələri
üzərində qurulub. Liseydə tədris iki
dildə - Azərbaycan və rus dillərində
aparılır. Azərbaycan bölməsinin
şagirdləri rus dilini birinci sinifdən başlayaraq öyrənirlər.
Xarici dil hesab edilən ingilis dili də
şagirdlərə birinci sinifdən tədris olunur. Eyni zamanda onların VII sinifdən fransız dilini
öyrənmələri üçün də şərait
yaradılır.
Tədris ili
2 semestrə ayrılır və təhsil həftəsi 5
gündən ibarətdir. Şənbə
günləri liseydə inkişafetdirici proqramlar həyata
keçirilir.
Liseydə fəal
interaktiv təlim metodlarından geniş istifadə olunur. Təlim-tədris
prosesində informasiya-kommunikasiya texnologiyaları mərhələlərlə
tətbiq olunur. 2007 -ci ildən etibarən Bakı Avropa
Liseyi Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən "Elektron məktəb" pilot layihəsinə
qoşulub və İKT-ni sınaqdan keçirərək yeni
inkişaf yoluna qədəm qoyub. Hazırda "Elektron məktəb"
və "Bir şagird-bir kompüter" layihələri
çərçivəsində həyata keçirilən
islahatlar nəticəsində liseydə elektron jurnallar,
multimedia, netbuklar və "Mimio" interaktiv qurğuları
ilə keçilən dərslər, İKT əsaslı tədris
resursları, "Elektron sinif" modeli tətbiq olunur.
Liseyin tədris
planı ixtisaslaşmanı deyil, akademik (holistik) tədrisi nəzərdə
tutur. Əksər
kurslar tədris ili ərzində mütləq
və fasiləsizdir.
İnnovativ təlim modeli
Liseyin innovativ təlim modeli
BDU-nun nəzdindəki "İnkişaf" (keçmiş
"Yaradıcı istedad") Elmi Praktik Mərkəzinin əməkdaşları
- psixologiya elmləri namizədi Rəna İbrahimbəyova,
pedaqoji elmlər namizədi Rəhim Hüseynov, psixologiya elmləri
namizədi Zülfiyyə Veysova tərəfindən işlənib
hazırlanmışdır. Liseyin əsasnaməsinə
görə, təlim-tərbiyə prosesinin elmi-metodiki rəhbərliyinin
elmi mərkəz tərəfindən həyata keçirilməsi
tədrisin sırf elmi əsaslar üzərində
qurulmasına imkan yaradır. Bakı Avropa
Liseyinin təlim modeli yeni və daha səmərəli təhsil
yanaşmalarının tətbiqi və müasir tələbləri
özündə əks etdirən texnologiyalara əsaslanır
və yönəlir.
Bakı Avropa
Liseyinin təlim modeli Təhsil Nazirliyi tərəfindən
öyrənilmiş, respublikada təhsil islahatı çərçivəsində
istifadəsi üçün layiqincə qiymətləndirilmiş
və ölkə ərazisində yayılması tövsiyə
edilmişdir.
Bu təlim
modelinin əsasında qurulan təhsili Azərbaycandakı
başqa təhsil müəssisələrindən fərqləndirən
bir sıra səciyyəvi xüsusiyyətləri var.
Təlim modelinə daxil olan
və Azərbaycanda ilk dəfə tətbiq olunan innovasiya sahələrinə
aşağıdakılar daxildir:
* Təlimdə şəxsiyyətyönümlü
yanaşma;
* Fəal (interaktiv) təlim
metodlarının tətbiqi;
* Liseyə şagird və müəllimlərin
psixoloji testlər əsasında qəbulu;
* İnkişafetdirici Fənlərarası
Təlim proqramının (FAT) tətbiqi;
* Tədris
proqramlarının diferensial prinsip əsasında qurulması
və inkişafetdirici fənlərin ("Kainatın əsasları",
"Dünya mədəniyyətinin tarixi", ikinci Avropa
dili) tədrisi;
* Tədris prosesinin semestr üzrə
bölünməsi;
* Qiymətləndirməyə yeni yanaşmaların tətbiqi
(diaqnostik, formativ və summativ qiymətləndirmə, təfəkkürün
inkişafına yönəlmiş cari və əsas testlər
əsasında qiymətləndirmə, diferensial 100 ballıq
qiymətləndirmə və mükafatlandırıcı
bonus sistemi);
* İdarəetmədə
demokratik üsulların tətbiqi və özünəməxsus
rəmzlər və adət-ənənələrin
yaradılması;
* Xüsusi məktəb
icmalarının yaradılması (Valideyn-Müəllim
Assosiasiyaları, Birləşmiş Liseylər Təşkilatı);
* Cari ehtiyaclara yönəlmiş
mütəmadi məktəb əsaslı diferensial müəllimlərin
təkmilləşdirilməsi strategiyası (təlim yenilikləri
üzrə treninqlərin keçirilməsi, təcrübə
əsaslı pedaqoji tədqiqatların aparılması, dərsin
dəstəkləyici "kliniki müşahidə"
üsulu ilə təhlili və "mentorluq"
yanaşmaları);
*
İnkişafetdirici təlim mühitinin, təşkilat və
layihələrin yaradılması (Kiçik Elmlər
Akademiyası, Meqa-layihələr, intellektual və idman
yarışları, incəsənət klubları, ekologiya,
incəsənət və İKT istiqamətli layihələr,
xeyriyyə ənənələri və s.).
Liseydə tətbiq
olunan ən mühüm innovasiyalar olan təlimdə şəxsiyyətyönümlü
yanaşma və fəal (interaktiv) təlim uşaqlara daim dəyişən,
inkişaf edən dünyada uğur qazanmağa imkan
yaradır. Liseyin bu unikal təlim modelində iki müasir
("Avropa məktəbi" və "İstedadlı
uşaq"), yerli şəraitə uyğunlaşan və
inkişaf edən modelin sintezi durur. Lisey tərəfindən
təqdim olunan ən mühüm yenilik dünyanın məşhur psixoloqları
Sandra Kaplan (ABŞ) və Natalya Şumakova (Rusiya) tərəfindən
yaradılmış istedadlı uşaqlar üçün
inkişafetdirici Fənlərarası Təlim
Proqramıdır (FAT). Bu proqram vasitəsilə şagirdlərdə
məntiqi, tənqidi və qlobal təfəkkürün,
yaradıcılığın, elmi-tədqiqat və problemi həlletmə,
əməkdaşlıq və ünsiyyət qabiliyyətlərinin
və metakoqnitiv (öyrənməyi öyrənmək)
bacarıqlarının sistemli inkişafının həyata
keçirilməsinə imkanlar yaradılır və bu da,
öz növbəsində, şəxsiyyətin
inkişafına, eləcə də öyrənmək həvəsinin
yaranmasına səbəb olur. Bu proqram
dünyanın yalnız 4 ölkəsində həyata
keçirilir.
FAT proqramı psixologiya elmləri
namizədi Zülfiyyə Veysova tərəfindən Azərbaycan
şəraitinə
uyğunlaşdırılmışdır, onun tətbiqi
üçün lisey lazımi elmi-metodiki təchizata malikdir.
FAT proqramına "Kainatın əsasları" və
"FAT-texnologiya" daxil edilir, onlar I-IX siniflərdə tədris
edilir. Fənlərarası Təlim proqramında hər il
üzrə xüsusi fəlsəfi mövzuları və onlara
aid ümumiləşdirmələri əhatə edən (I -
"Mənşə" və "Struktur", II - "Dəyişmə",
III - "Təsir", IV - "Xaos və qayda", V -
"Varislik", VI - "Sistem", VII - "Qüvvə",
VIII - "Adaptasiya" və IX - "Qarşılıqlı
təsir") unikal inteqrativ təlim yanaşması tətbiq
edilir.
Qəbul və qiymətləndirmə sistemi
İstedadlı
uşaqların aşkara çıxarılması
üçün liseyə qəbul müsabiqə yolu ilə həyata
keçirilir.
Qəbul xüsusi psixoloji test və müsahibənin nəticəsinə
əsaslanır. Qəbul psixoloji yoxlama yolu ilə
uşağın təfəkkürünün və
yaradıcılıq potensialının, ümumi
dünyagörüşünün müəyyən edilməsi
əsasında aparılır. Qəbul
yalnız ibtidai siniflərə və X sinfə
aparılır.
* Qiymətləndirmə 100
ballıq sistemlə aparılır.
* Təlimin nəticələrinin
tam və obyektiv şəklini təmin etmək
üçün summativ qiymətin bir hissəsini təşkil
edən mükafatlandırıcı bal -
"bonus"dan istifadə olunur.
* Fənlər üzrə
bütün tədris materialı bölmələrə
ayrılır. Hər bölmənin sonunda cari
testlər keçirilir. Hər semestrin
sonunda bütün fənlər üzrə əsas testlər
və ya xüsusi yoxlama işləri aparılır. Əsas
və xüsusi
testlərə əlavə olaraq şagirdlərin
şifahi cavabları, eləcə də praktiki və
yaradıcı işləri nəzərə alınır və
qiymətləndirilir.
* Məktəb daxilində irəliləyiş
hər bir semestrin sonunda əsas testlərə və ya
xüsusi yekunlaşdırıcı yoxlamalara əsaslanır.
Orta sinifdən yuxarı sinfə keçid Təhsil
Nazirliyi tərəfindən ilin sonunda təşkil edilən
standart mərkəzləşdirilmiş imtahanların verilməsinə
əsaslanır.
* Semestr ərzində formativ
qiymətləndirməyə uyğun olaraq şagirdlərin təlim
nailiyyətlərinin yaxşılaşdırılması və
qarşıya yeni təlim məqsədlərinin qoyulması üçün
imkanları var.
* Şagirdlərin
sinif daxilində reytinqi müəyyən olunur. Reytinq qiymətləndirilməsində
şagirdin bütün fənlərdən orta balı
əsas götürülür.
* Liseyin müvafiq
qaydalarına uyğun olaraq şagirdlərin "qeyri-kafi"
aldıqları yoxlamanı təkrarən vermək hüququ
var, lakin əgər bu yenidən uğursuzluqla nəticələnərsə
və şagirdin 3 və daha çox "qeyri-kafi" qiyməti
olarsa o, liseydən xaric olunmalıdır.
Nailiyyətləri
Liseyin əsas
nailiyyətləri Azərbaycan təhsilində ilk dəfə
tətbiq olunan müasir təlim yanaşmaları, məzmun,
metod və texnologiyaları, qiymətləndirmənin metod və
vasitələri, demokratik idarəetmə
üsullarıdır. Bütün bu prinsiplər qəbul
prosesində öz əksini tapır. Eyni
zamanda liseydə inkişafetdirici təlim mühitinin və məktəb
icmalarının yaradılması, mütəmadi olaraq müəllimlərin
peşəkarlıq səviyyəsinin artırılması
sisteminin qurulması, təhsilə marağı olan şəxslərlə
sıx əməkdaşlıq strategiyasının həyata
keçirilməsi uğurların sayını artırır.
Lisey Azərbaycanda ali məktəblərə
daxil olanların sayına görə ən yüksək
reytinqə malikdir. Əksər illərdə
liseyin məzunları 100%-lik nəticə göstərərək
yüksək ballarla nüfuzlu universitetlərə daxil olublar.
Məzunlardan ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya,
Avstriya, Türkiyə və digər ölkələrdə təhsil
alanlar var. Liseyin bir çox məzunu reytinqlərinə
görə dünyanın ilk onluğunda olan universitetlərində bakalavr və
magistr pillələri üzrə təhsillərini davam
etdirirlər. Ən böyük nailiyyətlərdən biri də
Azərbaycanda ilk dəfə olaraq
Mikayıl Qasımovun
2005-ci ildə ABŞ-ın Harvard Universitetinə, Leyla Əliyevanın
isə Prinston Universitetinə qəbul olmaları və tam təqaüdə
layiq görülmələridir. 2009-cu ildə Miçiqan
Universitetinə daxil olan Ceyhun Qafarov isə SAT imtahanlarında
2000 bal toplamış və göstərdiyi yüksək nəticəyə
görə ABŞ-da yerləşən Nobellər ailəsi tərəfindən
təsis edilmiş "The National Soceity of High School
Scholars" cəmiyyətinə üzv seçilmişdir.
Liseyin
şagirdləri müxtəlif ölkədaxili və beynəlxalq
yarışlarda uğurla çıxış edirlər. Onlar beynəlxalq
tədris layihələrində, idman və idrak
yarışlarında liseyin adını şərəflə
qoruyurlar. Liseyin şagirdlərindən Aydan Höccatova
şahmat üzrə Avropa və dünya çempionu titulunu,
Ramiz Zeynalov karate üzrə ikiqat dünya çempionu, Sabina
Alxasova, Nuranə və Mehparə Mənsurova bacıları isə
gimnastika üzrə beynəlxalq yarışların qalibləri
olmuşlar. Liseyin şagirdi Aydan Xələfova
2010-cu ildə Meksikada keçirilən beynəlxalq
"Minilliyin qlobal prizi" müsabiqəsinin qalibi
olmuşdur.
Lisey 2007-ci ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyi tərəfindən həyata
keçirilən "Elektron məktəb" layihəsində
müvəffəqiyyətlə iştirak etmiş, 2008-ci ildə
isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsinin, 12 müəllimi "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi
olmuş, 4 müəllimi isə "Əməkdar müəllim"
adına layiq görülmüşdür. Liseyin
müəllimləri Azərbaycanda fəal təlim sahəsində
aparıcı məşqçilər və kurikulum üzrə
dərslik müəllifləridir.
Təhsil sisteminə töhfələri
Ölkədə
ilk dəfə olaraq 1993-cü ildə liseyin elmi rəhbəri
və direktoru, psixologiya elmləri namizədi Zülfiyyə
Veysova fəal təlim metodunu tətbiq etmişdir. Təhsil
Nazirliyinin dəstəyilə liseyin aparıcı məşqçiləri
və müəllimlərinin səyləri nəticəsində
bu metodologiyanın Azərbaycanda geniş yayılması
mümkün olmuş və fəal təlimin tətbiqi
üzrə dövlət proqramının işlənib
hazırlanması ilə nəticələnmişdir. 1994-cü ildə Valideyn-Müəllim
Assosiasiyası (VMA) yaradılmış və bu təcrübə
sonradan respublikada yayılmışdır. 2000 -ci ildə
liseydə "Kiçik Elmlər Akademiyası" layihəsi
həyata keçirilməyə başlamış və
hazırda bütün olkə üzrə tətbiqi
üçün Təhsil Nazirliyi tərəfindən
tövsiyə edilmişdir. 2006-cı ildə liseyin təşəbbüsü
ilə aparıcı İKT mütəxəssisi Ramin Mahmudzadənin
rəhbərliyi altında respublikada tanınmış İKT
şirkətləri ilə birlikdə Bakı şəhəri
üzrə "İKT sahəsində Azərbaycanın
istedadlı gəncləri" adlı kompüter layihələri
yarışması başlamış və bu layihə Təhsil
Nazirliyi tərəfindən respublika səviyyəsində
keçirilməsi təsdiq edilmişdir. Lisey tərəfindən
tətbiq olunan ən mühüm yenilik istedadlı uşaqlar
üçün yaradılan Fənlərarası Təlim
Proqramıdır (FAT). Bu proqram şagirdlərdə
məntiqi, tənqidi və qlobal təfəkkürün,
yaradıcılığın, elmi-tədqiqat və problemi həlletmə,
əməkdaşlıq və ünsiyyət qabiliyyətlərinin
və digər metakoqnitiv bacarıqların sistemli
inkişafının həyata keçirilməsinə imkan
yaradır. Bu proqram şəxsiyyətin
inkişafına, öyrənmək həvəsinin
yaranmasına səbəb olur.
Məzun və şagirdlərin uğurları
* Mikayıl Qasımov 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq
ABŞ-ın Harvard Universitetinə qəbul olunub və tam təqaüdə
layiq görülüb.
* Azərbaycanda ilk dəfə Leyla Əliyeva
2008-ci ildə Prinston Universitetinin tələbəsi
adını qazanıb və tam təqaüdə layiq
görülüb.
* Ceyhun Qafarov 2009-cu ildə Miçiqan
Universitetinə daxil olub və göstərdiyi yüksək nəticələrə
görə ABŞ-da yerləşən Nobellər ailəsi tərəfindən
təsis edilmiş "The National Soceity of High School
Scholars" cəmiyyətinə üzv seçilmişdir.
* Aydan Höccatova şahmat üzrə
Avropa və dünya kubokunu qazanıb.
* Ramiz Zeynalov karate üzrə ikiqat
dünya çempionudur.
* Aydan Xələfova Meksikada keçirilən
beynəlxalq "Minilliyin qlobal prizi" müsabiqəsinin
qalibidir.
* Əksər illərdə liseyin məzunları
ali məktəblərə keçirilən qəbul
imtahanlarında 100%-lik nəticə göstərir.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.3.