"Uşaqlığım çox ağır keçib"
Dünyada elə insanlar
var ki, İlahi
tərəfindən ona bəxş edilmiş ömür yolunda yaşadığı zamanın
hökmünə görə çoxlu əzab-əziyyətlərlə
rastlaşır, bəzən dözülməz işgəncəli
anlardan keçməli olur.
Gələcək arzularına çatmaq üçün qorxmadan
sinəsini çətinliklərə sipər edərək
mübarizə aparanlar qalib
gəlir. Belə insanlar nisgilli,
qəlbi yaralı yaşasalar da xalqının tərəqqisi, Vətəninin
inkişafı üçün əllərindən
gələni əsirgəmir, dövlətinə misilsiz xeyir verirlər. Həmin insanlardan biri, Bakı
Dövlət Universitetinin dosenti,
"Şöhrət" ordenli, İnformatika üzrə Respublika
Olimpiadasının münsiflər heyətinin sədri Ramin Mahmudzadənin kəşməkəşli,
çətin və mənalı ömür
yolunun bəzi məqamları haqqında oxuculara məlumat vermək niyyətindəyik.
Mahmudzadə
Ramin Əli Nazim
oğlu
1935-ci il avqustun
31-də Bakı
şəhərində ziyalı
ailəsində
anadan olub. I sinfi Bakıda, II sinfi Ağstafada, III sinfi isə Kirovabad (indiki Gəncə) şəhərlərində
oxuyub. IV sinfə isə
Ukraynanın İvanovo-Frankovsk şəhərində
gedib. 1953-cü ildə orta
məktəbi başa vurduqdan
sonra Dnepropetrovsk
Dağ-Mədən İnstitutunun fizika fakültəsinə qəbul olub. 1955-ci ildə həmin ali
məktəbdə təhsilini yarımçıq qoyaraq doğma vətəni
Azərbaycana gəlib və Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinə daxil olub.
1958-ci ildə göndəriş yolu ilə
təhsilini Leninqrad Dövlət
Universitetində davam etdirib.
1961-ci ildə həmin təhsil ocağını müvəffəqiyyətlə
başa vurduqdan sonra Bakıya qayıdıb və ADU-da ixtisası üzrə müəllim kimi ilk əmək fəaliyyətinə
başlayıb. Səmərəli fəaliyyətinə
görə 1968-ci ildə elmi-tədqiqat institutuna
şöbə müdiri təyin edilib. 1973-cü ildə yenidən doğma ADU-ya dəvət
alıb və orada yenicə
yaradılmış Riyazi hesablama
kafedrasına baş müəllim təyin
olunub. Üzərində işlədiyi elmi işi 1981-ci ildə
müdafiə edərək fizika-riyaziyyat
elmlər namizədi elmi dərəcəsinə
layiq görülüb.
İki il sonra ona dosent
elmi adı verilib və
işlədiyi kafedraya müdir
seçilib. 1997-ci ildə könüllü
olaraq kafedra
müdirliyindən imtina edərək öz yerini yetirməsinə
verib. Hazırda BDU-da
dərs deməklə yanaşı, respublikada informatika elminin inkişafına böyük töhfələr verir.
Belə ki, müxtəlif illərdə
ölkə üzrə keçirilmiş bir sıra kompüter layihələri
və müsabiqələrində münsiflər heyətinin
sədri olub. Beynəlxalq informatika
olimpiadalarında iştirak edən Azərbaycan
nümayəndələrinə rəhbərlik edib...
...75 yaşının
tamam olması münasibətilə haqqında qəzetə
yazmaq istədiyimi telefon vasitəsi ilə Ramin müəllimə
bildirəndə əvvəlcə təvazökarlıq etdi. Sonra
razılaşdı. Ertəsi gün onunla görüşmək
üçün BDU-ya yollandım. Builki yayın anomal
qızmarlığı səngisə də hava hələ də
isti və bürkü idi. Yaşının müdrik
çağını yaşayan Ramin müəllimlə səviyyəsinə
münasib söz demək, müsahibə aparmaq
üçün yolboyu ona verəcəyim sualları
götür-qoy edir, ipə-sapa düzüb
sıralayırdım.
Onunla köhnə dostlar
kimi mehriban görüşdük. Yaşından xeyli cavan
görünən, bəstəboy, dolubədən, həyat
eşqi ilə qaynayıb daşan bu gülərüz, səmimi
və mehriban insanla ilk tanışlıqdan sonra
nigarançılığım çəkilib getdi. Yolboyu
düzənlədiyim və indi ona verəcəyim suallara
ehtiyac qalmadı. Sadəliyi və ünsiyyəti ilə diqqəti
cəlb edən Ramin müəllimlə söhbətimiz
şirin alındı. Yaşayaraq arxada qoyduğu illərin
acılı-şirinli xatirələrini çözələməsini,
tarixə dönmüş ötən həsrətli,
vüsallı günlərinin saralmış səhifələrini
vərəqləməsini ondan xahiş etdim. Dərin xəyala
dalaraq gözlərini məchul bir nöqtəyə dikdi. Sanki
uzun illərin arxasından boylanıb uşaqlıq, yeniyetməlik,
gənclik illərinə nəzər salmağa
çalışırdı. Nurlu çöhrəsində
keçmişin əzablı, ağır günlərini yenidən
yaşayan qara kölgələr dolaşdı. Və
ömür səhifələrini belə vərəqlədi...
"Uşaqlığım çox ağır
keçib"
1937-ci ildə məlum
tarixi hadisələrə görə atam Əli Nazimi və
anam Stefanidanı xalq düşməni kimi Sibirə
sürgün edirlər. O zaman mənim iki yaşım
vardı. Heç nə başa düşmədiyim belə
bir vaxtda əmim Əli Əsgər məni öz himayəsinə
götürür. Əmimin həyat yoldaşı Antanina mənə
doğma övladı kimi baxırdı. Mən onları
özümə doğma ata və ana bilirdim. Amma görəcəkli
günlərim qabaqdaymış. 1941-ci ildə əmim Əli Əsgəri
II Dünya müharibəsinə apardılar. Mən
"anam" Antanina ilə tək və kimsəsiz qaldıq.
O vaxt əmimin həyat yoldaşı Antanina Bakıda
hansısa zavodda mühasib işləyirdi. Müharibənin
qurtarmasına az qalmış onu işləmək
üçün əvvəlcə Ağstafaya, sonra isə
Kirovabada göndərirlər. O hara gedirdisə, məni də
özü ilə aparırdı. Məni tək qoymur,
sözün əsl mənasında, mənə analıq
edirdi. Elə buna görə də I sinfi Bakıda, II sinfi
Ağstafada, III sinfi isə Kirovabadda oxumuşam. O, doğma
atam və anam haqqında mənə heç nə deməmişdi.
1946-cı ildə Əli
Əsgər əmim müharibədən qayıdır. Və
on gündən sonra müharibə illərində əsir
düşdüyü və əsirlikdən
qaçdığı üçün yenidən həbs
edilir. Ona 10 il iş verib yatab göndərirlər. Anam
Stefanida da 1946-cı ildə sürgündən qayıdır.
Bunu eşidən əmimin həyat yoldaşı Antanina məni
doğma anama verməmək üçün Bakıdan
köçməyi qərara alır. Əri həbsdə
olduğuna görə onun məndən başqa heç kimi
yox idi. Beləliklə, 1946-cı ildə məni də
götürüb Ukraynanın paytaxtı Kiyev ətrafındakı
Barişevka kəndinə köçür.
"Qarğıdalı unu tapanda sevinirdik"
Barişevkada heç
kimi tanımırdım. Ukrayna dilini bilmədiyim
üçün yaşıdlarımla ünsiyyət qurmaqda
çətinlik çəkirdim. Başqa uşaqlarla birlikdə
kəndin mal-qarasını otarmaq üçün
örüşə aparır, məhsulu toplanmış sahələrdən
günlərlə qarğıdalı qalıqlarını
yığır, dənələyib bir kisə olandan sonra dəyirmana
aparır, üyütdürüb hazır un kimi evimizə gətirirdim.
O zaman müharibədən təzəcə çıxan
insanlar bir qarın çörək üçün gecə-gündüz
çalışırdılar.
Sonra biz Ukraynanın
İvanovo-Frankovsk şəhərinə
köçmüşük və orada IV sinfə gedib təhsilimi
davam etdirmişəm. 1953-cü ildə orta məktəbi
bitirdikdən sonra Dnepropetrovsk Dağ-Mədən
İnstitutunun fizika fakültəsinə qəbul olmuşam.
Ali məktəbdə oxumağıma, güzəranımın
zamanına görə nisbətən yaxşı olmasına
baxmayaraq, hansısa bir qüvvə məni doğma yurdum Azərbaycana
- Bakıya çəkirdi. Daxilimdə sanki qəribə,
anlaşılmaz bir hiss vardı. Bəlkə də bu hiss
doğma ata nəvazişinin, ana məhəbbətinin nisgilli
həsrətindən yaranmışdı. Bilmirəm. Ancaq onu
bilirəm ki, hər an Bakıda olmaq, Bakını görmək
arzusu baş qaldırırdı qəlbimdə. Beləliklə,
1955-ci ildə burada hər şeyi atıb Bakıya
qayıtdım.
"Doğma ata və ana üzünə həsrət
qaldım"
Bakıya gələn
gündən anam və atam haqqında məlumat toplamağa
başladım. 1946-cı ildə anam sürgündən
qayıdandan sonra məni çox axtarıb. Xalq düşməninin
ailəsi olduğu üçün ona Bakıda
yaşamağa icazə verməyiblər. Hər an təqib
olunub. Yaxınlardan və dostlardan heç bir kömək istəməyib,
çünki onlar da təqib oluna bilərdilər. Buna görə
də o rayonlarda gizli yaşamağa məcbur olub. Məni tapa
bilmədiyi üçün sarsılıb və nəhayət,
təzyiqlərə dözməyib, özünü asaraq
intihar edib. Atam Əli Nazim Cənubi Azərbaycanda, Təbriz
şəhərində anadan olub. 1916-cı ildə Batumidə
yaşayan əmisi Həsən Həsənzadənin yanına
gəlib. 1921-ci ildə 15 yaşında ikən ədəbi
yaradıcılığa başlayan atam 1922-ci ildə
Bakıya gəlib və burada məskunlaşıb. Leninqradda və
Moskvada məşhur ədiblərdən dərs alan Əli
Nazim 1934-cü ildə Moskvada keçirilən SSRİ
Yazıçılarının I qurultayında
çıxış edib. Tanınmış ədəbi-tənqidçi
və şair olan Əli Nazimə o zamankı mənfur
qüvvələr qısqanmağa başlayıb. Beləliklə,
1937-ci ildə onu anamla birgə sürgün ediblər. Anam 10
ildən sonra qayıtsa da, atam sürgündəcə məhv
olub. Ondan heç bir soraq gəlməyib. Atam haqqında geniş məlumatı
mənə Mirzə İbrahimov, Cəlal Məmmədov və
onun həyat yoldaşı Tahirə Hüseynzadə veriblər.
Sən demə, atamın əmisi qızı Tahirə
xanım bizimlə bir evdə, atamın himayəsində
yaşayıbmış. Atamla anam sürgün ediləndən
sonra məni yetimlər evinə veriblər (sonra əmimin həyat
yoldaşı Antanina əmimlə birlikdə məni oradan
oğulluğa götürüblər). Tahirəni bayıra
ataraq evin qapısını möhürləyiblər. Tahirə
təsadüfən bir gün Mirzə İbrahimovla
üz-üzə gəlib, xalq düşməni ailəsindən
olduğu üçün özünü görməməzliyə
vuraraq oradan uzaqlaşmaq istəyib. Çünki onunla kəlmə
kəsməsi Mirzə İbrahimov üçün də
yaxşı olmazdı. Bunu duyan M.İbrahimov onun yolunu kəsib,
hal-əhval tutub. "Mən Əli Nazimin yaxın dostu
olmuşam, səninlə görüşməkdən də
qorxmuram", - deyib və onun ünvanını öyrənib.
Sonralar ona dayaq durmaqdan da çəkinməyib. Bir müddətdən
sonra Tahirə xanım yazıçı Cəlal Məmmədova
ərə gedib. Mirzə İbrahimov mənə də
çox köməklik edib, xüsusilə Bakı şəhərində
evlə təmin olunmağımda onun böyük rolu olub.
1957-ci ildə atamla anam
bəraət qazansalar da, həyat artıq öz işini
görmüş, məni ata və ana üzünə həsrət
qoymuşdu...
"Xüsusi olimpiada hazırlıq mərkəzi
yaradılmalıdır"
Hələ orta məktəbdə
oxuyarkən riyaziyyat, fizika, kimya fənlərinə daha
çox maraq göstərmiş, həmişə bu fənlərdən
əla qiymətlər almışam. Respublikamızda Heydər
Əliyevin təşəbbüsü ilə ilk dəfə
olaraq 1973-cü ildə Azərbaycan Dövlət Universitetində
tətbiqi riyaziyyat kafedrası yaradılıb. Və həmin
kafedrada informatika elminin tədrisi və inkişafı
üçün şərait yaranıb. O zaman bu sahəni yaxşı bilən alim müəllimlərimizdən
Yəhya Məmmədov, Qoşqar Əhmədov, Mirabbas
Qasımov, Arif Babayev və başqaları informatika elminin
inkişafına səy göstərsələr də bu sahədə
geri qalmış, inkişaf etmiş ölkələrə hələ
çata bilməmişik.
1996, 1998 və
2003-cü illərdə informatika üzrə dünya ölkələrində
keçirilən beynəlxalq olimpiadalarda iştirak edən Azərbaycan
gəncləri yalnız II və III yerlərlə kifayətləniblər.
Bunun səbəbi orta məktəblərimizdə informatika
elmini lazımi səviyyədə tədris edən müəllimlərimizin
olmamasıdır. Məktəblərimizdə səviyyəli
riyaziyyat, kimya, fizika müəllimləri olsa da informatika fənni
üzrə xüsusi olimpiada hazırlıq mərkəzi
yaradılmalıdır. Sevindirici haldır ki, bu gün məktəblərimizdə
informatika fənni tədris edilir. Yalnız bu yolla biz bu elmin
inkişafına nail ola biləcəyik.
"İnformatika elminin inkişafı
üçün əlimdən gələni etməyi
özümə borc bilirəm"
1962-ci ildə 164
nömrəli məktəbdə ilk dəfə olaraq sinif
proqramını yaratmışam. 134 nömrəli məktəbdə
bu işi bir neçə il davam etdirmişəm. BDU-da məktəblərin
proqramlaşdırılmasına rəhbərlik etmişəm.
Hazırda akademik Zərifə Əliyeva adına məktəbdə
informatika üzrə proqramlaşdırmaya rəhbərlik edirəm.
İsmayıl
Sadıqovla birlikdə V-XI siniflər üçün ayrı-ayrılıqda
informatika dərslikləri yazmış və şagirdlərin
istifadəsinə vermişik. Bu il XI sinif üçün də
dərslik çap edilib və məktəblərə
paylanıb. İnformatika fənninin belə
tədrisi bizə ümid
verir ki, gələn il beynəlxalq olimpiadada iştirak edən
Azərbaycan gənclərindən qızıl medal alanı
olacaq. Mən buna əminəm. Və bunu çox arzu edirəm.
"Yetirmələrimlə fəxr edirəm"
Bugünkü tələbələrimizin
arasında tam, hərtərəfli inkişaf etmiş, yüksək
intellektual səviyyəli gənclərə rast gəlmək
olur. Bu isə azdır. Ümumiyyətlə, gənclərimizin
hərtərəfli inkişafına mane olan amilləri bilirik.
Və bu qüsurların aradan qaldırılması
üçün hamılıqla mübarizə
aparmalıyıq. Biz çalışmalıyıq ki, gənclərimiz
intellektual səviyyələrinə görə inkişaf
etmiş dünya ölkələri gənclərinə çatsın
və onları ötüb keçsin. Bax, o zaman ölkəmiz
daha sürətlə inkişaf edər. Mənim tələbələrimdən
bəziləri hazırda respublikamızda və dünyanın
inkişaf etmiş ölkələrində tanınmış
alim kimi fəaliyyət göstərirlər. Bu il avqustun
13-22-də İsmayıl Sadıqovla informatika üzrə
Kanadada keçirilən olimpiadada azərbaycanlı nümayəndələrin
rəhbəri kimi iştirak etmişik. Orada məni görmək
üçün 20-25 il bundan qabaq dərs dediyim tələbələrimdən
biri Amerikadan, ikisi isə Kanadadan yanıma gəlmişdi.
Onların mənə olan bu münasibətləri mənim
üçün ən böyük hədiyyədir.
Hazırda tələbələrimdən biri London
bankının vitse-prezidentidir. Başqa biri elmlər doktoru
kimi Amerika Universitetində fəaliyyət göstərir. Elə
bir informatika firması yoxdur ki, mənim yetirmələrimdən
orada olmamış olsun. Bağban ərsəyə gətirdiyi
barıyla sevindiyi kimi, mən də yetirmələrimlə fəxr
edirəm.
"Ən çox
sevindiyim gün"
Uşaqlığımda və gəncliyimdə dünyanın amansız ağrı-acısını yaşasam da sonrakı həyatımdan çox razıyam. Ailəmin, oğlanlarımın mənə olan münasibəti məni yaşamağa sövq edir. Yəqin ki, belə gümrah və sağlam qalmağıma elə bu amillər səbəb olub. İki oğlum var, onlardan biri müəllimdir, digəri isə bizneslə məşğul olur. Nəslin davamçıları ağıllı və işgüzar olanda valideynlər rahatlıq tapır. Həyatımda ən çox sevindiyim gün nəvələrim Aysel və Cavid dünyaya göz açanda olub. Axı onlar mənim ideyalarımın davamçısı olacaqlar. Cavid artıq davamçım kimi informatika elmi ilə məşğul olur. Bir sözlə, o mənim ümidimdir.
"Müstəqilliyimizi göz bəbəyimiz kimi
qorumalıyıq"
75 il ömür
sürmüşəm. Həyatın hər üzünü
görmüşəm. Sovet birliyi ağrı-acıdan başqa
bizə heç nə verməyib. Uzaqgörən ziyalılarımızı "vətən
xaini", "xalq
düşməni" damğasıyla qəddarlıqla məhv
edib, neftimizi əlimizdən
alaraq bizə qəpik-quruş verib, bizi xarici
imperialist qüvvələrdən qoruyur adıyla borclu
çıxarıb: əl-qolumuzu buxov və
qandalla "bağlayan"
mənfur sovet rejimindən qurtulmuşuq.
Ümummilli liderimiz
Heydər Əliyevin uzaqgörən və ağıllı
siyasəti, gərgin əməyi nəticəsində
respublikamız müstəqillik əldə edib.
Müstəqilliyimizi göz bəbəyimiz
kimi qorumaq
hamımızın, xüsusilə gənclərin borcudur. Bunun üçün hər bir
gənc atdığı addımın istiqamətini, gördüyü işin
nəticəsini qabaqcadan düşünməli,
öz-özünə - "mən nə edirəm" - deyə
sual verməlidir.
Mən həmişə
özüm-özümlə yazılı olaraq müsahibə
aparıram. İnsan özü ilə müsahibə aparanda yalana, riyaya yol vermir. Çünki özünü yaxşı
tanıdığı, xislətinə
bələd olduğu
üçün buna imkan yaranmır.
Hər bir gəncə vaxtlı-vaxtında özünə
hesabat verməsini və gələcək işlərinə elmi nöqteyi-nəzərdən yanaşmasını,
müstəqil Azərbaycan
Respublikasına layiq vətəndaş kimi yetişməsini arzu edirəm.
Qələmə aldı: Nizami
MİRZƏ
Azərbaycan müəllimi.-
2010.- 3 sentyabr.- S.4.