Müəllifin qeydləri
Azərbaycan dili dərslikləri
ilə bağlı rəy və təkliflərə cavab
Mənim və T.Əsədovanın
müəllifliyi ilə iki dəfə nəşr olunmuş
"Azərbaycan dili" dərsliklərinin (VIII və IX
siniflər üçün) yenidən nəşri nəzərdə
tutulmuş mətnlərinə dörd nəfər orta məktəb
müəllimi öz münasibətini bildirmişdir. Bu müəllimlərin
bəziləri iki istiqamətdə iş aparıblar: həm
yazılı rəy veriblər, həm də dərsliklərin
mətnləri üzərində qeydlər ediblər. Əvvəlcə
bu qeydlər haqqında bir neçə söz qələmə
almaq istəyirəm.
Dərslikdəki
tapşırıqlardan biri belədir: "Nizami Gəncəvinin
"Az danışmağın gözəlliyi" şeirini
ifadəli oxuyun". Rəyçi mətnin kənarında
yazır: "Bu adda şeir yoxdur". Düşünürsən,
dil dərsliyi bir tərəfə qalsın, axı bu müəllim
ədəbiyyat fənnindən də dərs deyir, Nizamini
"öyrədir". Necə öyrədir ki, bu şeirdən
xəbəri yoxdur. Bu müəllim M.F.Axundovun
poemasının adını düz yaza bilmir. Dərslikdə
yazılır: "Xəbər budaq cümləsi baş
cümlənin bu, o, bəzən
də belə, elə əvəzlikləri
ilə ifadə olunan xəbərlərini müəyyənləşdirməyə
xidmət edir". Rəyçi bu,
o, belə, elə əvəzliklərini budur, odur, belədir, elədir
formasına salır və "düzəliş" edir:
"Xəbər budaq cümləsi baş cümlənin budur, odur, bəzən də belədir, elədir əvəzlikləri
ilə ifadə olunan xəbərlərini müəyyənləşdirməyə
xidmət edir". Nəzərə almır və ya bilmir ki,
Azərbaycan dilində bu formalarda əvəzliklər yoxdur.
Digər tərəfdən, belə çıxır, yazaq ki,
cümlənin ismi xəbəri şəhər
ismi ilə deyil, şəhərdir
ismi ilə, yaxşı sifəti
ilə deyil, yaxşıdır
sifəti ilə, sən əvəzliyi
ilə deyil, sənsən əvəzliyi
ilə ifadə olunur. Sonra da bunları şəxslər
üzrə dəyişək.
Dərsliyin mətnində
söz birləşməsi ilə cümlələrin
oxşar cəhətlərdən biri kimi yazılır: "Həm
söz birləşməsində, həm də cümlədə
sözlərin sırası eyni olur". Bu, dilçilikdə
birmənalı qəbul edilmiş dəqiq fikirdir: Sən gələndə - sən
gəlirsən, kitabı oxumaq - kitabı oxuyur. Rəyçi
burada nəyin nəzərdə tutulduğunu başa
düşmür və "cümlədə söz
sırası dəyişir", - deyə irad tutur.
Guya VIII sinif dərsliyində
2-ci və 3-cü tapşırıqlar eyni tiplidir və
"Şagirdlər belə tapşırıqları həvəssiz
yerinə yetirirlər". Əvvəla, bu
tapşırıqlardan biri əsas nitq hissələrinə,
digəri köməkçi nitq hissələrinə aiddir. Məzmunları
da, tələbləri də fərqlidir. Qeyd sahibi bunu başa
düşmürsə, bilmirsən, nə deyəsən! Digər
tərəfdən, tapşırığa qiymət verəndə
onun məqsədə uyğunluğunu, metodik cəhətlərini
və s. nəzərə alarlar, "Şagirdlər belə
tapşırıqları həvəssiz yerinə yetirirlər",
- deyə tədrisə, ümumən, metodikaya uyğun olmayan
mənasız cümlə işlətməzlər.
Dərslikdəki
tapşırıq mətnlərinin yanlarında belə qeydlər
aparılır: "Bəsitdir", "Belə bir
tapşırıq VIII sinif şagirdi üçün
çox əhəmiyyətsizdir" (?),
"Tapşırıq nəyə lazımdır?",
"Belə cümlələr yazmağa ehtiyac varmı?",
"Bu izahata ehtiyac yoxdur" və s. Guya müəlliflər
bilmirlər ki, nə əhəmiyyətlidir, nə yox; nəyə
ehtiyac var, nəyə yox? Bu halda deyərlər: get, soruş,
öyrən, sonra danış.
Dərslikdəki 48-ci
tapşırıqda deyilir: "Nitq hissələrinin
adlarını sıra ilə deyin və yazın". Rəyçi
bunun əhəmiyyətini başa düşmür və
tapşırığın yanında yazır: "Bu
tapşırıq nəyə lazımdır?". Cavab
veririk: nitq hissələrini yada salmaq üçün
lazımdır, rəyçinin bilmədiyi sıralanmanın
qanunauyğunluğunu başa düşmək
üçün lazımdır. Yəqin o bilmir ki,
sıralanma təsadüfi deyil. Burada məntiqi
düzülüş var.
Dərsliyin 23-cü səhifəsində
feli birləşmələrdən danışılanda,
onların ikinci tərəflərinin ifadə vasitələrinə
aid misallar verilir. Rəyçi misalların ikisinin yanından
xətt çəkib yazır: "Şəkilçilər
çoxdur". Müəllim başa düşmür ki,
burada şəkilçidən söhbət getmir ki, onun
çoxluğundan, azlığından danışasan. Təəccüb
edirsən ki, müəllim mövzunu mövzudan fərqləndirə
bilmir.
Rəyçi, dərsliyin
söz birləşməsinə aid hissəsində əsas və asılı tərəf sözlərinin işlədilməsini
məqbul hesab etmir. Əvvəla, burada asılı sözü yoxdur. Tabe və əsas
sözlərindən istifadə edilibdir. Həm də nəzərə
alınıbdır ki, rəyçinin dediyi kimi, şagirdlər
hələ bu sözləri bilmirlər. Ona görə də
o sözlər mötərizədə birinci və ikinci
sözlərindən sonra verilibdir. Bu, metodik üsuldur. Ancaq məsələ
ondadır ki, rəyçi təklif etdiyi sxemdə özü
də bu sözləri işlədir.
Çox təəssüflə
məcburuq deyək ki, müəllimlərimizin xeyli qismi
mütaliə etmir, yeni elmi-nəzəri, elmi-metodik ədəbiyyatı
oxumur, ənənə halına düşmüş orta məktəb
məlumatından kənara çıxa bilmir, bəziləri
isə heç onu da bilmirlər. Qəribədir ki, bu bilməyənlərdə
etika, adi mədəniyyət də olmur. Elə bilirlər ki,
dərslik onların şagirdlərinin imla dəftərləridir,
kefləri istədikləri kimi, nəzəri və əməli
mətnlərin üstündən xətt çəkir,
"bu cür deyil", "bu səhvdir" və s.
hökmlər verirlər. Heç olmasa, düz yazsalar, dərd
yarıdır, deyərsən, tərbiyələri bu qədərdir.
Elm yerində durmur,
inkişaf edir. Elm inkişaf etdikcə, onun nəticələri
tədrisə, məktəb dərsliklərinə də təsir
göstərir. Elm bir tərəfə qalsın, müəllimlərimiz
dərsliklərin tarixinə bələd olsalar, bu dəyişmələri
görə bilərlər. Çoxlu faktlar arasında bir
neçəsini yada salmaq istəyirəm. Bir zamanlar söz
birləşmələri morfologiyada, köməkçi nitq
hissələri sintaksisdə verilirdi. "Biz gələn zaman siz gedirdiniz" kimi sadə
cümlələr mürəkkəb cümlə hesab olunurdu.
Feli sifətlər sifət bəhsində öyrənilirdi. Dərsliklərdə
ədat və modal sözlər adlı nitq hissələri
qeyd olunmurdu... İxtisasını bilən, dilçilik ədəbiyyatı
ilə tanış olan müəllimlər bunları normal qəbul
edir və başa düşməyə, öyrənməyə
çalışırdılar. İndi nədənsə bəziləri
"kor tutduğunu buraxmayan kimi", əzbərlədiklərindən
kənara çıxa bilmirlər. Həm də qəribədir
ki, müəllimlərdən birinin dediyi o birinə uyğun gəlmir,
birinin dediyini o biri inkar edir.
Məsələn, müəllim
Cəmilə Budaqova yazır: "Dərsliyin I bölməsi
6-7-ci siniflərdə keçilənlərin təkrarına həsr
olunmuşdur. Bölmə çox geniş işlənmiş,
şagirdlərin keçilmiş mövzuların tam təkrarlamasına
imkan yaradılmışdır. Dərslikdəki
tapşırıqların bəzisində görkəmli
dilçilər, tarixi şəxsiyyətlər, tarixi abidələr
haqqında geniş məlumat vardır ki, bu da şagirdlərin
əlavə materiallarla tanış olmasına, fənlərarası
əlaqənin möhkəmlənməsinə xidmət edir.
Tapşırıqlardakı nümunələrin Azərbaycanın
görkəmli şair və yazıçılarının əsərlərindən
verilməsi təqdirəlayiqdir. Bu, eyni zamanda, şagirdlərin
ədəbi əsərlərlə tanış olmasına
yardım edir". Cəmilə müəllim
tapşırıqları belə qiymətləndirdiyi halda,
müəllim Aygün Mikayılova tapşırıqların
düzgün tərtib edilmədiyini yazır. Yeri gəlmişkən,
qeyd etməyi lazım bilirəm ki, Cəmilə Budaqovanın
rəyi əlyazmasındadır və təmiz, səlis
cümlələrlə yazılmışdır, Aygün
Mikayılovanın rəyində isə imla, ifadə, cümlə
səhvlərinin sayı həddindən artıqdır.
Müəllim Mehriban Vəliyeva
yazır: "Ümumtəhsil məktəbləri
üçün yazılmış dərslik artıq
neçə ildir ki, orta məktəblərdə istifadə
olunur. Dilinin sadəliyi, izahların aydınlığı,
proqramın A və B variantlarının nəzərə
alınması baxımından təqdirəlayiqdir".
Müəllim Samirə Bəktaşi də eyni mövqedən
yanaşaraq yazır: "İlk növbədə qeyd etmək
istəyirəm ki, dərslik zövqlə tərtib
olunmuşdur. Dərsliyin içində verilən qrammatik
qaydalar ətraflı izah olunmuş, həmin qaydalara dair
nümunələr verilmişdir".
Cəmilə Budaqovanın,
Samirə Bəktaşinin və Mehriban Vəliyevanın qeydləri
nəzərdən keçirildi və bu əsasda müəyyən
düzəlişlər edildi. Bir-iki məsələ
haqqında fikrimi bildirmək istəyirəm.
1. Əvvəl, sonra sözləri haqqında.
Doğrudur, dilçilik ədəbiyyatında, eləcə də
dərsliklərdə, yerindən asılı olaraq, bu sözlər
bir halda zərf (əvvəl
mən danışdım, sonra
dostum), başqa bir halda isə qoşma (məndən əvvəl Əli
danışdı, məndən sonra
isə dostum) hesab olunmuşdu. Nəzərə
alınmamışdır ki, bu sözlərin luğəvi mənası
var. Lüğəvi mənalı sözlər heç bir məqamda
köməkçi nitq hissəsi olmur, eləcə də qoşma
olmur. Əgər yuxarıdakı qaydaya əsaslansaq, yaxşı sifətini də
(səndən yaxşı), uzaq zərfini də (şəhərdən
uzaq) belə hallarda qoşma hesab etməliyik. Bu da
aydındır ki, mümkün deyil. Əgər
aşağı sinif dərsliklərində ənənə
davam etdirilirsə, o dərsliklərdə düzəliş
aparmaq lazımdır.
2. "Əsgərlərdən biri" birləşməsi
haqqında. Doğrudur, bir zamanlar yazılırdı ki,
üçüncü növ təyini söz birləşməsinin
birinci tərəfi yiyəlik hal şəkilçisi əvəzinə
çıxışlıq hal şəkilçisi qəbul
edir: uşaqların biri -
uşaqlardan biri. Bu o zamanlar idi ki, ismi birləşmələrin
təyini söz birləşmələrindən başqa
növləri məlum deyildi. Ona görə də başqa
cür izah etmək mümkün olmurdu. Sonra məlum oldu ki,
ismi birləşmələrin təyini söz birləşmələrindən
əlavə, xeyli başqa növləri də var, bu da (əsgərlərdən biri) təyini
söz birləşmələrindən fərqləndirildi və
dağdan ağır, yoldan uzaq, səndən
yaxşı tipli birləşmələr sırasında
qeyri-təyini ismi birləşmələrə aid edildi.
3. "Beş yüz", "üç min"
sayları haqqında. Müasir Azərbaycan dilində mürəkkəb
say yoxdur. Qrammatik cəhətdən beş kitab birləşməsi ilə beş yüz birləşməsi
arasında, üç dəftər birləşməsi ilə
üç min birləşməsi arasında fərq yoxdur. Beş kitab, üç dəftər
söz birləşmələri olduğu kimi, beş yüz, üç min də
söz birləşmələridir. Dördü də birinci növ
təyini söz birləşməsidir. Fərq mənalarındadır.
Say birləşmələrinin tərəfləri saylardan ibarət
olduğuna görə onlar bütövlükdə bir kəmiyyətin
adını bildirir və sintaktik təhlildə onları tərəflərinə
ayırmaq mümkün olmur. Aşağı siniflərdə
belələrinin tərkibi adlandırılması onların
söz birləşməsi hesab edilməsinə mane olmur. Amma
"tərkibi" sözünü "mürəkkəb"
sözü ilə eyni mənada işlətmək doğru
deyil. Söz birləşməsinə, yerindən asılı
olaraq ifadə, tərkibi demək
mümkündür. Məsələn, yüz əlli beş - buna say tərkibi, kitabları götürüb
aparanda - buna feli bağlama tərkibi demək olur, lakin bu, o
demək deyil ki, onlar mürəkkəb söz hesab olunur.
Eləcə də "Sınıq-sökük",
"İctimai-bəşəri"
ifadələri mürəkkəb söz deyildir. "Müdafiə edir" ifadəsi
də mürəkkəb fel deyil. İndi məlumdur ki,
ümumən, Azərbaycan dilində mürəkkəb fel
yoxdur.
Bu uyğunsuzluqlar ona görə
olmuşdur və indi də olur ki, bir çoxları mürəkkəb
söz haqqında nəzəri biliyə malik deyillər. Nəzərə
almırlar ki, mürəkkəb söz də sözdür, yəni
o da sadə, düzəltmə sözlər kimi bir leksik
vahiddir, neçə sözdən əmələ gəlsə
də, bir leksik vahid kimi formalaşmalıdır; fonetik, leksik
və qrammatik cəhətdən birikməlidir. Yuxarıda
verilən misalların heç biri bu tələblərə
cavab vermir.
4. Təhlil zamanı feli tərkiblərə
münasibət məsələsi. Əgər bizim müəllimlərimiz
M.Şirəliyevin və M.Hüseynzadənin yazdıqları
dərsliyə baxsalar, görərlər ki, onlar heç bir
şərt qoymadan tərkibin sözlərini cümlə
üzvləri kimi təhlil ediblər. Burada izahı
mümkün olmayan qeyri-elmi səbəblər üzündən
tərkiblərin bütövlüklə bir cümlə
üzvü kimi götürülməsi sonralar kitablara
düşüb və tədrisə gəlibdir ki, bunun da
sintaktik təhlil haqqında elmi təlimlə əlaqəsi
yoxdur. Cümlə təhlili haqqında sintaktik təhlildə
deyilir: mümkün qədər hər bir söz ayrıca
cümlə üzvü kimi təhlil edilməlidir. Bu
mümkün olmayanda, iki, üç... söz də birlikdə
bir cümlə üzvü kimi götürülə bilər.
Bu da iki halda olur: 1) məna imkan verməyəndə, 2)
qrammatik forma imkan verməyəndə. Misallara diqqət edin: Əli divardan şəkil
asır. Əli dərsə qulaq asır. Bu cümlələrdəki
şəkil asır və qulaq asır ifadələri
arasında qrammatik fərq yoxdur. Hər ikisində şəkil və qulaq sözləri asır
sözünün ifadə etdiyi hərəkətin obyektini
bildirir. Ancaq təhlil zamanı şəkil
və asır sözlərini
ayrı-ayrı cümlə üzvləri kimi (tamamlıq və
xəbər) götürdüyümüz halda, qulaq asır sözlərini bir
yerdə xəbər kimi təhlil edirik. Çünki
bunları ayırmağa məna imkan vermir. Başqa bir misal.
Biz deyirik, birinci növ təyini söz birləşməsinin
tərəfləri ayrı-ayrılıqda cümlə
üzvü olur, birinci tərəf təyin, ikinci tərəf
isə başqa bir cümlə üzvü. Məsələn:
"Bu tələbə universitetdə oxuyur" cümləsində
tələbə mübtəda,
bu sözü isə təyindir.
Həm qrammatik cəhətdən, həm də məna cəhətindən
onları ayırmağa heç nə mane olmur. Bu zaman qapı açıldı cümləsində
olan birinci növ təyini söz birləşməsini isə
(bu zaman) bütünlükdə bir cümlə üzvü (zərflik)
götürürük. Qrammatik forma onları ayırmağa
imkan verir, məna imkan vermir. Bir sıra söz birləşmələrini,
məsələn, üçüncü növ təyini
söz birləşmələrini cümlənin bir üzvü
kimi təhlil edirik: Sənin
dostun yaxşı işçidir. Sənin dostun cümlənin
mübtədasıdır. Burada məna imkan verdiyi halda,
qrammatik formalaşma birləşmənin tərəflərini
ayırmağa imkan vermir. Feli birləşmələrə - tərkiblərə
də belə yanaşmaq lazımdır. Evə gedəndə səni gördüm - cümləsində
evə sözü ilə gedəndə sözünü
ayırmağa heç nə mane olmur, nə qrammatik forma, nə
də məna. Yəni burada evə
sözünü ayrılıqda yer zərfliyi, gedəndə sözünü
isə zaman zərfliyi kimi təhlil etmək lazım gəlir.
Tərkiblər bəzən
bir neçə sözdən ibarət olur: Bu gün səhər evdən məktəbə gələndə
maraqlı bir kitab aldım cümləsində bu gün səhər evdən məktəbə
gələndə feli bağlama tərkibinin, yəni bu qədər
sözün bir cümlə üzvü kimi götürülməsi
heç bir qrammatik təhlilə uyğun gəlmir.
Bəzən belə başa
düşürlər ki, ikinci dərəcəli üzvlər
- tamamlıq, zərflik mütləq xəbərə aid
olmalıdır. Bu, səhv fikirdir. Təlimdə deyilir:
İkinci dərəcəli üzvlər baş üzvlərə
aid olduqları kimi, özləri də bir-birlərinə aid
ola bilər. Mənası odur ki, tamamlıq və zərflik təyinə
(dünən səni
danışdıran adam mənim dostumdu), zərflik və
tamamlıq zərfliyə (sinifdə
dərsə qulaq asanda çox şey öyrənmək
olur), zərflik və tamamlıq tamamlığa (kitabxanada dərs oxumağı
hamı rahatlıq bilir). Ancaq ismi birləşmələrdə
olduğu kimi, adlıq hallı feli birləşmələri
(tərkibləri) cümlə üzvü kimi tərəflərinə
ayırmaq olmur: Sən gələndə
mən gedirdim cümləsində sən gələndə mürəkkəb zaman zərfliyidir.
Ümumən müəllimlərimiz
üçün bir sıra məsələlərin
aydınlaşdırılmasının əhəmiyyətini
nəzərə alaraq, Aygün Mikayılovanın rəyinə
istinadən fikirlərimi bildirmək istəyirəm.
Təəccüblü
görünsə də, bu rəy başdan-başa imla,
durğu işarələri, cümlə, fikir səhvlərindən
ibarətdir. (Rəydən götürülmüş söz
və cümlələri eyni ilə veririk).
Bu müəllimin
üç səhifəlik rəyində ondan çox imla və
durğu işarəsi səhvi var. Sadalama əvəzinə sadalam, sonra əvəzinə ssonra, xəbər əvəzinə bxəbər, verilsə əvəzinə verilsi, qarşılıq əvəzinə
qrşılıq, sadalanan əvəzinə sadalana, neçədir əvəzinə neçədr
yazılıb. "Baş və budaq rınə
bağlanma" - nə deməkdir?
Qrammatik cəhətdən
düzgün qurulmayan, mənası anlaşılmayan ifadə
və cümlələr, səhv fikirlər haqqında.
Rəydə oxuyuruq:
"Xitab mövzusunda qəribə sadalam gedir, ya adamı
çağırmaq ya da..." Ya da nə? Cavabı yoxdur. Yəni
cümlənin arxası yoxdur. "Çağırmaq"
sözündən sonra vergül qoyulmalı idi. "Sadalam
gedir" yox, "sadalama gedir" deyərlər. Deyək ki,
düzəltdik sadalama oldu. "Xitab mövzusunda qəribə
sadalama gedir" nə deməkdir? Bircə cümlədə
bir neçə səhv var.
Rəydən başqa bir
cümlə: "Çalışmalara gəldikdə isə
198 çalışmadan yalnız ... verilmiş mətnlər
üzrə iş üzərində tərtib
edilmişdir". Nə deməkdir? Nöqtələrin yerinə
söz tapıb qoysaq da, məna anlaşılmayacaqdır.
"Verilmiş mətnlər üzrə iş üzərində
tərtib edilmişdir" - nə deməkdir? İsə sözündən sonra vergül
qoyulmalı idi. Səbəbini rəyçi özü tapa
bilsə, yaxşı olar.
"Mövcud fikir müxtəlifliyinin
məktəb dərsliyində verməyə nə ehtiyac
var?" Əvvəla, "müxtəlifliinin verməyə"
yox, "müxtəlifliyini verməyə" yazarlar. Yəni
təsirlik hal yerinə yiyəlik hal işlətməzlər.
İkinci. Bilinmir ki, hansı fikir müxtəlifliyi nəzərdə
tutulur? Rəyçinin dilçilikdən xəbəri
varmı ki, bilsin, fikir müxtəlifliyi nə deməkdir? VIII
sinfə aid "Azərbaycan dili" dərsliyinin 70-ci səhifəsində
zərfliklərin növləri qeyd olunur, sonra tərzi-hərəkət
zərflikləri və onların ifadə vasitələrindən
danışılır. IX sinfə aid eyniadlı dərsliyin həmin
səhifəsində baş və budaq cümlələrin fərqləndirilməsi
göstərilir. Fikir müxtəlifliyi nədən ibarətdir
və dərsliklərdən hansındadır, bilinmir.
Rəyçi "külək əsən"
birləşməsini nəzərdə tutaraq yazır: "Bu
sözün ümumiyyətlə söz birləşməsi
olması düzgün deyil". Əvvəla, burada bir söz
deyil, iki söz var. Ona görə də "bu
sözün" yox, "bu sözlərin" deyərlər.
"Bu sözün ümumiyyətlə söz birləşməsi
olması düzgün deyil" deməzlər, "söz
birləşməsi olması haqqında fikrin olması
düzgün deyil", - deyərlər. "Ümumiyyətlə"
sözünün hər iki tərəfində vergül
qoyarlar. Qaldı "külək əsən" məsələsinə,
deməliyik ki, Azərbaycan dilində ikinci tərəfi feli
sifət olan belə birləşmələr çoxdur: sən
gələn (zaman), yağış yağan
(gün), məktub göndərilən
(ünvan), eləcə də külək əsən (vaxt).
Sadəcə olaraq, bu birləşmələr aid olduqları,
yəni təyin etdikləri sözlərlə işlənməyəndə
müstəqil görünmür.
Guya dərsliyin 4-cü səhifəsində
"Sintaktik əlaqələrə aid çalışmada
sintaktik əlaqələrin sxemlərində səhv
vardır". 4-cü səhifədə nə sintaktik əlaqələrdən
bəhs edilir, nə də sintaktik əlaqələrə aid
sxem var. Digər tərəfdən, "çalışmada
sintaktik əlaqələrin sxemləri" ifadəsi dəqiq
deyil, çalışmada sxem olmaz. Buradakı başqa bir qeyd
göstərir ki, bu müəllimin sintaktik əlaqələr
haqqında təsəvvürü yoxdur. Məsələn,
yazır ki, "Xitabla mübtədanın fərqli cəhətləri
göstərilən zaman onun mübtəda ilə
uzlaşmaması heç qeyd olunmamışdır". Harada
yazılıbdır ki, mübtəda ilə xitab arasında
belə əlaqə olur, ya olmur? Belə qeyd adi qrammatika məsələlərini
bilməməkdən irəli gəlir.
Guya 7-ci səhifədə
"Xitablar və ara sözlər haqqında izahat verilərkən
onların fərqli və oxşar cəhətləri
sadalanır". Əslində, nə bu səhifədə, nə
də dərsliyin başqa səhifələrində belə
müqayisə, belə "sadalama" yoxdur. Ümumən, dərslikdə
onların müqayisəsi verilmir.
Rəyçi yazır:
"Termin müxtəlifliyi yaranmışdır: "müxtəsər
və geniş xitablar, ya sadə və mürəkkəb
xitablar. Hansı daha düzgündür?" Axı, ay nə
bilim, nə? Dərslikdə belə iki tipli bölgü yoxdur.
Dərslikdə yazılır: Xitablar quruluşca iki cür
olur: 1) sadə xitablar, 2) mürəkkəb xitablar. Bunlar izah
olunandan sonra belə bir əlavə məlumat da verilir ki,
"Mürəkkəb xitablar
bəzən əlavə sözlər vasitəsi ilə daha da
genişləndirilmiş formada olur". Daha burada "sadə
və genişləndirilmiş xitablar" bölgüsü
aparılmır.
Guya dərslikdə deyilir:
"bədii əsərdə istifadə olunan bütün
xitablar bədii xitablardır". Sonra da belə bir sual
verilir: "Bu, nə dərəcədə
düzgündür?" Əlbəttə ki, sən dediyin
kimi yazılsa, düzgün deyil. Axı dərslikdə belə
yazılmır, yazılır: "Başqa canlılara da, hətta
cansız əşyalara da aid xitablar olur. Belə xitablar, bir
qayda olaraq, bədii dildə, xüsusən, şeirdə
işlənir". Əgər müəllim bu sözləri
"bədii əsərdə istifadə olunan bütün
xitablar bədii xitablardır" kimi başa düşürsə,
deməyə sözümüz yoxdur. Hələ cümlənin
ümumi mənası bir tərəfə qalsın, necə
olur ki, bu müəllim "bir qayda olaraq", "əsasən"
sözlərinin cümlədəki mənalarını da
bilmir.
Rəyçi yazır:
"Səh. 18-də ara sözlərin ifadə vasitəsi
mövzusu var. Burada ara sözlərin əvəzlik, sifət,
isim, fellə ifadə olunmasından gedir". Əvvəla,
mövzunun adı ("Ara sözlərin ifadə vasitələri")
dırnaq arasında yazılmalı idi. "İfadə
olunmasından gedir" kimi yazmazlar, belə halda gedir
sözündən əvvəl bir söz, məsələn,
"söhbət" sözünü artırıb söhbət
gedir yazarlar ki, cümlə düz olsun. Qaldı məsələnin
qoyuluşuna, burada rəyçini günahlandırmıram. Bu
səhv, ənənə halını alıb və yəqin,
rəyçini bu işlərə sövq edən də bunu başa
düşmür. Belə olub ki, ara söz rolunda
çıxış edən hər fakta modal söz deyilibdir.
Amma əgər müəllim bu haqda fikir demək istəyirdisə,
gərək öz-özünə düşünəydi: nə
üçün cümlə üzvləri müxtəlif nitq
hissələri ilə ifadə olunur, nə üçün
xitab müxtəlif nitq hissələri ifadə olunur, ancaq ara
sözlər belə olmur? Yaxud tərsinə: nə
üçün cümlədə mübtəda və
tamamlıq olan hər sözə isim demirik, təyin olan hər
sözə sifət demirik, zərflik olan hər sözə zərf
demirik, xəbər olan hər sözə fel demirik, xitab olan hər
sözə isim demirik, ara söz olan hər sözə (hətta
hər ifadəyə) modal söz deyirik? Əgər ənənəyə
uyğun hərəkət etsək, onda gərək nəinki
ara söz rolunda olan sözlərin hamısını, hətta
müxtəlif tipli ifadələri, cümlələri də
modal söz hesab edək. Məsələn: cümlədə
ara söz rolunda çıxış edən "mənə
belə gəlir ki", "mənə görə",
"mənim fikrimə görə" kimi bir neçə
sözdən ibarət cümlə və ifadələri bir
söz hesab edib, modal sözlərə qatmalıyıq! "Dəmir qapı möhkəm
olar" cümləsində təyin rolunda
çıxış edən dəmir sözü isim olaraq qaldığı
kimi, "Bakıda gözəl
parklar salınır" cümləsində zərflik kimi
çıxış edən Bakı (Bakıda) sözü isim olaraq qaldığı
kimi, "Demək, hər
şey gözəldir" ara söz rolunda
çıxış edən "demək"
sözü də fel olaraq qalır; "Mənim fikrimcə, daha çox
çalışmaq lazımdır" cümləsində
ara söz rolunda çıxış edən "mənim fikrimcə" birləşməsi də
əvəzlik və isimdən ibarət təyini söz birləşməsi
olaraq qalır.
Rəyçi özü də
bir faktı tənqid etmək istərkən çaşıb
bu dediklərimizi təsdiq etmiş olur. O yazır: "Səh.
43-də 96-cı çalışmada Xoruzların ilk banıdır, görünür, səhərə
az qalır cümləsinin üç cümlədən
ibarət olduğu qeyd olunur və bu cümlələrin
növlərinin göstərilməsi tələb olunur. Görünür burada ara
söz funksiyasını yerinə yetirir". Beləliklə,
bu müəllim inkar etmir ki, ara söz cümlə ilə də
ifadə oluna bilər. Bu, bir. İkinci. Müəllim demir ki,
"görünür" cümlə deyil. Yəni ara
söz funksiyası daşıması onun cümlə
olmasını inkar etmir. Deməli, burada üç cümlə
var. O cümlələrdən hansının nə
funksiyasında olmasının nəzərdə tutduğumuz məsələyə
dəxli yoxdur.
Rəydə oxuyuruq: "Səh.
38. Ümumi şəxsli cümlələr də xəbərlərin
ifadə vasitələrində I, II, III şəxslərin
hamısı qeyd olunub. Halbuki, mövcud qrammatikaya əsasən
bu tipli cümlələr I şəxsin təkində və
III şəxsin cəmində olan xəbərli cümlələr
kimi müəyyənləşdirilib". Rəydəki
birinci cümlədə "də" şəkilçisi səhv
olaraq, sözdən ayrı yazılmışdır:
"cümlələrdə" əvəzinə
"cümlələr də". Rəyçi tez-tez
"mövcud qrammatika" ifadəsini təkrarlayır.
Bilinmir ki, hansı qrammatikanı nəzərdə tutur. Onu da
bilmir ki, əvvəlki qrammatikalarda I və II yox, II və III şəxslər nəzərdə
tutulurdu. "Mövcud qrammatika" deyincə, dildən
alınmış misallara baxmaq lazımdır. Dil qrammatika
üzərində qurulmur, qrammatika dil üzərində
qurulur.
Rəydə yenə oxuyuruq:
"Səh. 29-dan başlayaraq vaxtilə cüttərkibli və
təktərkibli adlandırılan cümlələr həddindən
artıq dolaşıq şəkildə şagirdlərə təqdim
olunur". Əvvəla, "başlayaraq" sözündən
sonra vergül işarəsi qoymaq lazım idi. İkinci. Dərslikdə
"cüttərkibli və təktərkibli" adlı
mövzu olmadığı halda, onun "dolaşıq şəkildə",
hətta "həddindən artıq dolaşıq şəkildə
şagirdə təqdim" olunmasından necə
danışmaq olar ki, müəllim rəydə qeyd edir.
Yeri gəlmişkən, yəqin,
müəllimləri maraqlandırır ki, nə
üçün dərslikdə bu mövzu verilməyibdir? Bu
məsələnin məktəb üçün nə
elmi-metodik, nə də praktik əhəmiyyəti var. Əksinə,
bir qədər də dolaşıqlıq yaradırdı.
Müəllimlərlə söhbətlərdə, məsələn,
belə sual meydana çıxırdı: "Bu gün maraqlı bir kitab aldım" cümləsi
cüttərkiblidir, yaxud təktərkiblidir? Bir hissə deyirdi
ki, təktərkiblidir, çünki mübtədası
yoxdur; başqa bir qrup deyirdi ki, cüttərkiblidir,
çünki mübtədası olmasa da, təsəvvür
olunur. Müəllimlərin bir qismi mübtədası olmayan,
lakin asanlıqla təsəvvür olunan cümləyə
müəyyən şəxsli cümlə deyir, mübtədası
olanları isə bu kateqoriyaya daxil etmirdilər. Həm elmi və
praktik əhəmiyyətinin olmadığını, həm də
belə dolaşıqlığın əmələ gəldiyini
nəzərə alaraq, həmin mövzunu dərsliyə salmaq
lazım bilinməmişdir.
Rəyçi yazır: "Məktub yazırlar
cümləsi müəyyən şəxsli cümlə kimi
verilir". Yəni səhv edirik. Ancaq demir ki, müəyyən
şəxsli deyilsə, bəs nədir? Görünür, bu
müəllim müəyyən və qeyri-müəyyən
şəxsli cümlələri fərqləndirə bilmir. Əgər
mən desəm ki, "Buradan
keçiblər" cümləsini məntiqi vurğuya
görə həm müəyyən şəxsli, həm də
qeyri-müəyyən şəxsli cümlə kimi qəbul
etmək olar, tənqidçini təəccüb götürər.
İndi özündən çox razı olan bu müəllim
həmin fərqi tapsın.Başqa misallar: "Cücəni payızda sayarlar" ümumi
şəxsli cümlədir,
"Bu kənddə cücəni payızda sayırlar"
qeyri-müəyyən şəxsli cümlədir. Dərslikdə
müəyyən şəxsli cümlələrin xəbərlərinin
şəxs və kəmiyyətə görə dəyişməsini
göstərmək üçün belə misallar verilir:
Məktub yazıram. Məktub
yazırıq.
Məktub yazırsan. Məktub
yazırsınız.
Məktub yazır. Məktub
yazırlar.
İndi necə edək?
Üçüncü şəxsin cəmini verməsək,
anlaşılmazlıq yaranmazmı? Şagird sual verməzmi
ki, müəllim, bəs belə cümlələrin xəbərləri
üçüncü şəxsin cəmində olmur? Rəyçi
deməkdən çəkinsə də, başa
düşürük ki, o səhv olaraq bu cümləni
qeyri-müəyyən şəxsli cümlə hesab edir.
Rəydə yazılır:
"Səh. 50-də Müxtəsər və geniş cümlələr
mövzusunun izahı zamanı müxtəsər cümlələrin
yalnız xəbərdən və ya mübtəda və xəbərdən
ibarət olması qeyd olunur. Bəs yalnız mübtədadan
ibarət olan cümlələr nə adlanır?" Əvvəla,
mövzunun adı dırnaq arasında yazılmalı idi.
Dırnaqda yazılmırdısa, onda böyük hərflə
başlanmamalı idi. Müəllim bilmir ki, mübtədadan
ibarət cümlə olmur. Mətn daxilində, dialoqlarda
başqa üzvləri buraxılaraq cavab kimi işlənən
mübtəda ola bilər ki, bunun da haqqında danışılan
məsələ ilə əlaqəsi yoxdur.
Rəyçi yazır:
"Mübtədalı və mübtədasız cümlələr
ifadəsinin tez-tez işlədilməsi şagirdlərin
fikrini dolaşdırır". Dərslikdə müəyyən
şəxsli cümlələrdən bəhs edəndə
onların mübtədalı və mübtədasız
olması qeyd olunur. Burada "mübtədalı"
sözü bir dəfə, "mübtədasız"
sözü isə iki dəfə işlənir. Rəyçi
buna "tez-tez" deyirsə, deməli, bu sözün mənasını
bilmir. Digər tərəfdən, "mübtədalı və
mübtədasız cümlələr" deyil, mübtədalı
müəyyən şəxsli cümlələrdən və
mübtədasız müəyyən şəxsli cümlələrdən
söhbət gedir. Rəyçi kitabdan köçürəndə
də başa düşmür ki, məsələn,
"mübtədasız cümlə" ilə "mübtədasız
müəyyən şəxsli cümlə" eyni şey
deyil.
Rəydə oxuyuruq: "Səh.
55-də mürəkkəb cümlə haqqında
anlayış verilən zaman sxemlər düzgün verilməmişdir".
"Sxemlər düzgün verilməmişdir" - nə deməkdir?
Oradakı sxemlərin heç birində yanlış cəhət
yoxdur. Rəyçi belə bir sual verir: "Mövcud
qrammatikalarda mürəkkəb cümlənin konkret sxemləri
olan zaman yeni sxemlərdən istifadə etməyə ehtiyac
varmı?" Bu müəllim sözünü açıq
deyə bilmir ki, görək nə deyir? "Yeni sxemlər"
nə deməkdir?
Rəyçi yazır:
"Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri"
mövzusunda məna əlaqələri arasında
ardıcıllıq əlaqəsi verilməmişdir". Rəyçi
gedib dərsliyi bir də oxusa, görər ki, verilmişdir.
Ancaq öz dediyi kimi, müstəqil əlaqə kimi yox, zaman əlaqəsinin
bir növü kimi verilmişdir. Belə də
olmalıdır, bir sıra qrammatikalarda belə təqdimat var.
Hadisələr istər eyni zamanda baş versin, istərsə
də bir-birinin ardınca baş versin, hər iki halda zaman əlaqəsidir.
Ona görə də eyni zamanlılığı və
ardıcıllığı iki müstəqil əlaqə
deyil, "zaman" adı ilə bir əlaqə kimi vermək
həm elmi, həm də metodik cəhətdən daha dəqiqdir.
Hətta bunların adlarını çəkməmək də
olar: zaman əlaqəsi. Vəssalam. Hər iki növünə
misal verməklə.
Rəydə oxuyuruq:
"Aydınlaşdırma əlaqəsinin izahında səh.
64-də nöqtəli vergül (;) istifadəsinə yer
ayrılmamışdır". Bu cümlənin hansı dilə
aid olduğunu demək çətindir. Hər halda Azərbaycan
dilinə aid cümlə deyil. Həm də,
görünür, bu müəllim çaşıb iki
nöqtə əvəzinə, nöqtəli vergül
yazıbdır. Yox, çaşmayıb, çünki həm
sözlə yazıb, həm də işarəni qoyubdur. Deməli,
onun bildiyi belədir.
Rəydə yazılan:
"Mübtəda budaq cümləsinin izahı zamanı
mübtəda iştirak etməyən cümlələrdə
mübtədanın qeyri-müəyyən xüsusiyyətli
olması fikri irəli sürülür...? Nə deməkdir?"
Birinci cümlədə "cümlələrdə"
sözündən əvvəl "baş"
sözünü yazmaq lazım idi, ümumən mübtəda
iştirak etməyən cümlələrdən yox, mübtəda
iştirak etməyən baş cümlələr nəzərdə
tutulur. Sonra. Burada "O nə
deməkdir?" deməzlər, "Bu nə deməkdir?"
deyərlər.
Gələk müəyyənlik,
ya qeyri-müəyyənlik məsələsinə. Bu,
dilçilikdə qəbul olunmuş fikirdir. Baş cümlədə
mübtəda yoxdur, deməli, orada mübtəda
baxımından qeyri-müəyyənlik var. Bu halda mübtəda
budaq cümləsi həmin qeyri-müəyyənliyi dəqiqləşdirməyə
xidmət edir. Qaldı "Yeni terminologiyadırmı?"
sualına, rəyçi bu ifadəni başqa yerdə də
işlədir. Əvvəla, burada heç bir yenilik yoxdur.
Qrammatikaların hamısında belə yazılır.
İkincisi, burada və buna bənzər başqa yerlərdə
"terminologiya" deməzlər, "termin" deyərlər.
Terminologiya terminlər haqqında elmdir. Bəzən də
"terminologiya" sözünü "terminlər" mənasında
işlədirlər ki, rəyçinin dediyinə bu da
uyğun gəlmir.
Rəyçi sual verir:
"Qarşılıq-güzəşt budaq cümləsi
anlayışının gətirilməsinə ehtiyac
varmı?" Cümlədən heç bir məna
çıxmır. Yəqin, bu müəllim
"qarşılıq-güzəşt budaq cümləsi"
termininə etirazını bildirmək istəyir. Bu necə
dil və ədəbiyyat müəllimidir, bilmir ki, bu, təzə
termin deyil, ənənəvi termindir. Əksinə,
"qarşılaşdırma budaq cümləsi" termini,
nisbətən, sonrakı dövrlərdə işlənir ki,
bu da budaq cümlənin mahiyyətini dəqiq ifadə etmir.
Belə tabeli mürəkkəb
cümlələrdə təkcə
qarşılaşdırma yoxdur, güzəştli
qarşılaşdırma var. Tabesiz mürəkkəb
cümlədə səbəb və nəticə əlaqəsi
dediyimiz kimi, burada da "qarşılıq-güzəşt"
deyə işlədirlər, biz də bunun tərəfdarıyıq.
Rəyçi yazır:
"Xəbər budaq cümləsinin sualları nədir? necədr?
Kimi verilmişdir. Bu məlumatdansa, bxəbər budaq cümləsində
istifadə olunan əvəzlik-qəlib və
bağlayıcı sözlər haqqında məlumat verilsi
idi daha yaxşı olardı". Görün, ikicə
cümlədə neçə səhv var: necədr, bxəbər,
verilsi, "İdi" sözündən sonra vergül
buraxılıbdır. İndi gələk rəyçinin tələbinə.
Burada "əvəzinə?" deməzlər,
çünki sual ayrı şeydir, əvəzlik-qəlib
ayrıdır. Dərslikdə suallar da var, xəbər budaq
cümləli tabeli mürəkkəb cümlənin baş
cümlələrinin xəbərlərinin ifadə vasitələri
haqqında məlumat da var. Rəyçi görə bilmir, bu
başqa məsələdir.
Rəydə yazılır:
"Mürəkkəb cümlələrin sintaktik təhlil
qaydasında cümlələrin yalnız növlərinin
göstərilməsi tələb olunur. Cümlə üzvləri
təhlil olunmalı deyil məgər?" Cavab veririk: yox, təhlil
olunmalı deyil. Bizim şagirdlərin qrammatikanı çətin
anlamalarının bir səbəbi də mövzuların
bir-birinə qarışdırılmasıdır. Əgər
ümumi sintaktik təhlil aparırıqsa, o zaman verilmiş mətni
bütün qrammatik kateqoriyalar üzrə təhlil edirik. Əgər
təhlil bu və ya digər kateqoriya üzrədirsə,
onunla da məhdudlaşırıq. Mürəkkəb cümlə
üzrə təhlildə cümlə üzvləri üzrə
təhlil aparsaq, biri də deyər ki, bəs mürəkkəb
cümlənin komponentlərini əmələ gətirən
cümlələrin növləri niyə qeyd olunmur? Bu halda əsas
mövzu kölgədə qalar və şagird heç nə
başa düşməz. Bu, adi metodik üsuldur.
Rəyçi yazır:
"Səh. 96-da Feli tərkiblər haqqında məlumat
verilir. Bu məlumat morfologiyaya aiddir". Müəllim bilmir
ki, feli tərkiblər morfologiyanın obyekti deyil, sintaksisin
obyektidir. Morfologiyada bütün dəyişmələr
sözün əsasında aparılır. Tərkib isə bir
neçə sözdən ibarət olur. Əgər hər
hansı dərslikdə feli tərkib morfologiyada verilibsə, gərək
müəllim olan bəndə ona etiraz etsin.
Rəyçi tərkiblə
əlaqədar fikrini davam etdirərək yazır: "Daha
sonra budaq cümlələrlə feli tərkiblərin
sinonimliyi mövzusu izah edilmişdir. Bu izaha nə ehtiyac
var?" Əvvəla, ehtiyac olmasaydı, yazmazdıq.
İkincisi, ona görə yazmışıq ki, şagird Azərbaycan
dilinin ifadə imkanlarının zənginliyi ilə
tanış olsun. Bilsin ki, eyni fikri həm mürəkkəb
cümlə ilə, həm də sadə cümlə ilə
ifadə etmək olar. Məsələn: Otaqdan çıxmaq istəyirdim ki, qapının zəngi
vuruldu. Otaqdan çıxmaq istəyəndə qapının
zəngi vuruldu. Birinci tabeli mürəkkəb cümlə,
ikinci isə sadə cümlədir. Birində budaq cümlədən,
o birində tərkibdən istifadə edilmişdir. Məzmun
isə eynidir.
Rəyçi başa
düşmədiyi hissələr haqqında konkret söz deyə
bilmədiyinə görə belə mənasız cümlələr
işlədir: "Səh. 24. Qeydin 2-ci maddəsində
sadalama fikirlər aydın deyil". "Səh. 31, 37-də -
mövzunun izahında dolaşıq fikirlər
sadalanır". "Elə həmin səhifədə III
hissədə məktəb qrammatikasına uyğun deyil",
"Səh. 39-da nəzəri məlumatda dolaşıqlıq
var".
Rəydə dərsliyin səhifələri
belə nömrələnir: səh. 24, səh. 27 və s. Azərbaycan
dilində belə yazmazlar. Belə yazarlar: 24-cü səhifə,
27-ci səhifə.
Nəhayət, rəyçinin
belə bir qeydi diqqətimi cəlb etdi. O yazır: "Bəzən
mövzunun izahı zamanı metodik tövsiyədən istifadə
olunur. Bu dərslikdir, metodik vəsait deyil. Səh. 48". Əvvəla,
bəzən deyəndə
bir deyil, ən azı iki səhifə göstərərlər
ki, fikir düz gəlsin. Mən dərsliyin həmin səhifəsinə
baxdım. Orada dərsliyə uyğun olaraq, bədii sual
cümlələri izah olunur və əmr cümlələri
haqqında məlumat verilir. Görünür, bu müəllim
metodik tövsiyənin də nə olduğunu bilmir. Ancaq onun rəyini
nəzərdən keçirəndən sonra belə nəticəyə
gəldim ki, dərslikdə "metodik" izahatları
çox vermək lazımdır ki, bəlkə, belələri
adi qrammatik qaydaları başa düşə bilələr.
Orta məktəblərimizdə
öz işlərinə can yandıran, savadlı müəllimlər
çoxdur. Savadsızların da olduğunu bilirik. Ancaq
heç inana bilməzdim ki, müəllim bu qədər
savadsız olsun, illərlə dərs dediyi qrammatik qaydalardan
bixəbər olsun. İş ondadır ki, bu adam öz
savadsızlığını bilmir və ekspert kimi ondan
istifadə edəndə, düşünür ki, savad elə
onun bildiyi qədərdir.
Yusif SEYİDOV
Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.7.