"Azərbaycan tarixi: Baharlılar"

 

Tarix sözünün müxtəlif məna yozumları var. Tarix həqiqəti, olub-keçənləri özündə əks etdirən, bəşəriyyətə keçmişi öyrədib, gələcəyi düşünməyi diktə edən müdrik bir müəllimdir. Biz kimik? Haradan gəlirik? Hara gedirik? - suallarına cavablar tarixin yaddaşında - torpaq qatlarında saxlanılan arxeoloji materiallarda, yerüstü abidələrdə, daşlardakı şəkil və naxışlarda, bir də bəşərin böyük kəşflərindən olan yazılardadır.

Tarixi öyrənmək, hər şeydən əvvəl, soykökü, əcdadı tanımaq, uluları anmaq milli ləyaqət, övladlıq borcu, qədirbilənlikdir.

Tanınmış jurnalist, publisistik məqalələr, tədqiqatlar müəllifi Məhəmməd Baharlının "Azərbaycan tarixi: Baharlılar" (Bakı: Adiloğlu,2010, 43 s.) kitabı (redaktoru Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor Mədəd Çobanov, rəyçi AMEA-nın müxbir üzvü, mərhum professor Zakir Məmmədovdur) belə hiss və duyğuların təsiri ilə yaranmışdır. Kitaba ön söz yazmış Respublika Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadə əsəri "mükəmməl tədqiqat" kimi dəyərləndirmiş, Baharlı mənşəli şairlərin irslərinin öyrənilməsini vacib saymışdır.

Kitabın ilk səhifələrindən birində Baharlıların orta əsrlərdə yaratdıqları birlik və dövlətlər, Baharlılı hökmdarların adları verilmişdir.

Sonrakı səhifələrdə Azərbaycan Sovet Ensiklopediyasına, professor N.Nəbiyev, professor Ş.Fərzəliyev, Məhəmmədhəsən Baharlı, professor İ.Məmmədov və başqa müəlliflərin əsərlərinə, digər mənbələrə əsaslanan müəllif Baharlı tayfasının hunlarla bağlılığı, Azərbaycan ərazilərində məskunlaşmaları, ayrı-ayrı dövlətlərin qurulmasında tarixi-hərbi xidmətləri barədə məlumatları oxuculara təqdim edir. Bu baxımdan qüdrətli sərkərdə, Böyük Moğol imperiyasını bərpa edən Məhəmməd Bayram xan Baharlı, Cahan şah haqqında səhifələr maraqla oxunur.

Tədqiqatda bu da qeyd edilir ki, Baharlılar həm də şair, alim, iqtisadçı övladları ilə məşhur olublar. Kitabda həmin şəxsiyyətlər barədə yığcam, milli qürur hissi ilə söhbət açılmışdır.

Kitabın sonuncu səhifəsindəki qeydlər Baharlıların ortaq anoloji-psixoloji, mənəvixlaqi xüsusiyyətləri haqqında aydın təsəvvür yaradır.

Kitab tarixçi-filoloq, coğrafiyaçı mütəxəssislər, ümumilikdə geniş oxucu auditoriyası üçün faydalı olacaq.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 17 sentyabr.- S.8.