Təfəkkür nurunun
qaynağı
İlk tanışlıq
Bakı Dövlət Universiteti nəzdindəki
"Gənc istedadlar" liseyinə qəbulun
nəticələri ilə bağlı yazı hazırlamaq məqsədilə
direktor Qasım Hüseynovun
kabinetinə daxil olarkən orada daha bir
neçə nəfər vardı. Professor
Q.Hüseynov informasiya
verərkən: - Liseyə builki qəbul
imtahanında şagirdləri yüksək nailiyyətlər qazanan ayrı-ayrı məktəblərin
direktorlarına razılıq məktubları göndərmişik,
- dedi. - Həmin tədris müəssisələri
sırasında M.Şəhriyar adına 193 nömrəli məktəb
xüsusi yer tutur. Afayət Məmmədova həmin təhsil
ocağının sinif müəllimidir...
Lisey direktorunun
elmi-metodik işlər üzrə müavini Cabbar Cabbarovun
iş otağında Afayət müəllim uşaqlıq illərini
yaşadığı, ilk pedaqoji fəaliyyətə
başladığı Körpülü kəndindən həsrətlə
danışdı...
Pedaqoji salnamədən sətirlər
A.Məmmədova Həsən
bəy Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu (indiki Gəncə
Dövlət Universiteti) 1971-ci ildə bitirib, pedaqoji fəaliyyətə
başlayıb.
Sonralar vəziyyətlə
əlaqədar Bakıya köçən müəllim 1988-ci
ildən 193 nömrəli məktəbdə ibtidai sinif müəllimi
kimi çalışır.
İstənilən
peşə onu seçənlərdən, ilk növbədə,
seçilən həyat yoluna dərin bağlılıq, maraq
tələb edir. Günü başa vurmaqla peşənin
ustası olmaq, ixtisasın fövqündə durmaq
mümkün deyil. Dövri mətbuat nümunələrində
dərc edilmiş yazılardan bəlli olur ki, A.Məmmədova
fədakar müəllimlərdəndir.
"Savalan" qəzetinin
29-31 yanvar 2008-ci il tarixli sayında dərc olunmuş
"Nailiyyətlərin bünövrəsini qoyan müəllim"
(S.Rəhimova) yazısında M.Şəhriyar adına 193
nömrəli məktəbin X sinif şagirdlərinin
uğurlarından bəhs olunur. Bu gənclərin təlim-tərbiyəsində
əməyi olan Şövqiyyə İsrafilova barədə
söhbət açılan qələm məhsulunun sonunda
vurğulanır ki, gələcəyin
hüquqşünası, həkimi, yazıçısı...
olacaq bu gənclərin bütün nailiyyətlərinin
bünövrəsini onların ibtidai
sinif müəllimi Afayət
Məmmədova qoyub.
Başqa bir məqalədə
- "Belə bir sinif var" adlı
yazıda A.Məmmədovanın IV "B" sinfinin
şagirdlərinin uğurlarından bəhs olunur.
"Savalan"da dərc
olunmuş (23-29 aprel 2003-cü il) "Şagirdlərimlə fəxr
edirəm" adlı qələm məhsulunda
(A.Baxışova) Afayət müəllimin şagirdlərinin
Azərbaycanın dövlət atributları, Odlar yurdu vətənimizin
tarixi, təbii sərvətləri haqqında bilik və məlumatları,
riyazi səviyyələri barədə razılıqla
söhbət açılır.
Bunların hamısının
bir pedaqoji əsası var: hər bir dərsə yaradıcı
yanaşma, hər bir mövzunun tədrisinə ciddi, planlı
hazırlaşma.
Tədris sistemindən bir nümunə
Afayət müəllim
hər bir dərsə ciddi hazırlaşır və bu zaman məktəbli
təfəkkürünü inkişaf etdirməyi, şagirdlərin
məlumat dairəsini genişləndirməyi əsas təlim
məqsədi seçir. Bunu II sinifdə keçdiyi "Qədim
xalça" mövzusunun tədrisi nümunəsində təsvirə
çalışacağıq.
Şagirdləri düzgün oxu qaydalarına yiyələndirmək, onlarda dinləmə və anlama bacarıqlarını inkişaf etdirmək, mətnin əsas ideya məzmununu şagirdlərin öz sözləri ilə ifadə etdirmək təlimi məqsəd kimi müəyyənləşdirilir. İnduktiv dərs tipi seçilir, tədris üsulu olaraq beyin həmləsi götürülür.
Dərslik, işçi (test) vərəqələri resurslar olaraq hazırlanır.
Təsviri incəsənət ilə inteqrasiya yaradılması nəzərdə tutulur. "İki söz" adlı canlandırma məşğələsi zamanı hər şagird öz adını deyir və adını dedikdən sonra adının baş hərfi ilə başlanan 2 söz söyləyir. Məsələn: Nigar adlı qız nar və nanə sözünü deyir. Sonra həmin qızın sağ tərəfində dayanan uşaq oyunu davam etdirir.
10 dəqiqəlik motivasiya mərhələsində müəllim şagirdlərə dərslikdəki müvafiq şəkli göstərərək aşağıdakı suallara cavablar verməyi tapşırır:
M.: - Şəkildə nə görürsünüz?
Ş.: - Ana və qız.
M.: - Qız
nə edir?
Ş.: - Dayanıb
baxır.
M.: - Ana adlandırdığınız
xanım nə edir?
Ş.: - Şəkil
çəkir.
M.: - Diqqətlə
baxın, görün
nə çəkir?
Ş.: - Xalça
şəkli.
M.: - Doğrudur.
Naxışlı xalça şəkli
çəkilib. Daha nə
görürsünüz?
Ş.: - Hana,
dəzgah.
M.: - Siz xalça, xalı görmüşsünüzmü? O necə olur?
Ş.: - Bəli,
görmüşük. Xalça və
xalılar yumşaq, böyük, kiçik, naxışlı, rəngli
və s.
olur.
M.: - Xalçadan
nə üçün
istifadə edirlər?
Ş.: - Divara vururlar, döşəməyə
sərirlər.
Fərziyyələri dinlədikdən sonra lövhəyə Venn dairələri
çəkilir. Xalça və xalının ümumi və fərdi cəhətlərini
soruşan müəllim
bunları qeyd edir:
Sonra müəllimin təklifi ilə ikincilər "Qədim xalça" mətnini oxuyurlar.
Sinfə tədqiqat
səciyyəli sual verilir:
- Sizcə,
qədim əşyalar
niyə saxlanılır?
15 dəqiqə ərzində
tədqiqat aparılır.
Sinif qruplara bölünür. Hər qrupa suallar yazılmış
iş vərəqləri
paylanır. Qruplara dərslikdən istifadə
etmələri üçün
15 dəqiqə vaxt verilir. Müəllim qrupların işinə
nəzarət edir, lazım olduqca izahat aparılır.
Tapşırıqlar aşağıdakı
kimi paylaşdırılır:
I qrupun tapşırığı:
- Gülər
nənəsi verdiyi hədiyyəni niyə sevmədi?
Şagirdlərin fərziyyələri:
* Xalça
köhnə idi.
* Gülərin
otağı gözəl
idi.
* Fikirləşdi
ki, xalça otağın gözəlliyini
pozar.
* Xoşuna
gəlmədi. Hədiyyə olduğu üçün
qəbul etdi.
* Nənəsinin
xətrinə dəymədi,
hədiyyəni qəbul
etdi.
II qrupun tapşırığı:
- Xalçanın
tarixi haqqında öz fikrinizi bildirin.
Şagirdlərin fərziyyələri:
* Xalçanın
yaşı çoxdur.
O qədimdə toxunub.
* Sayalı
nənə nənəsinin
toxuduğu xalçanı
qoruyub saxlayıb, öz nəvəsinə hədiyyə verib. Bu xalça Xan
qızı Natəvanın
dövründən qalıb.
III qrupun tapşırığı:
- Xalça
hara xalçası idi? Onun haqqında nə
deyə bilərsiniz?
Şagirdlərin fərziyyələri:
* Xalça Qarabağ xalçasıdır. Onun gözəl çeşnisi,
parlaq rəngləri
var. Bu rənglər, boyalar
Şuşanın dağlarının
çiçəklərindən, otlarından hazırlanıb.
Bu təbii rənglər
adamları heyran edir.
IV qrupun tapşırığı:
- Xurşudbanu Natəvan haqqında nə öyrəndiniz?
Şagirdlərin fərziyyələri:
* Xurşudbanu
xanım təkcə şair deyildi.
* O həm
də yaxşı rəssam idi.
* Həmin
xalçanın çeşnisini
Xan qızı çəkmişdir.
* Bu xalça
doğma Şuşamızdan,
gözəl şairəmiz
Natəvan xanımdan xatirədir.
V qrupun tapşırığı:
- Gülər
ona bağışlanmış
hədiyyəni necə
qiymətləndirdi?
* Xalçanın
çox qədim olduğunu anladı.
* Xalçanın
nəsildən-nəslə hədiyyə edildiyini öyrəndi.
* Qədim
əşyaların qiymətli
olduğunu bildi.
* Evlərinə
gələn qonaqlara xalçanın tarixini danışdı.
* Nənəsinin
hədiyyəsinin bütün
hədiyyələrdən qiymətli
olduğunu anladı.
Verilən vaxt bitdikdən sonra qrupun liderləri
öz işləri haqqında məlumat verirlər.
5 dəqiqəlik informasiya mübadiləsi mərhələsi
başa çatır.
Qrupların liderləri
öz işləri haqqında məlumat verir və iş
vərəqlərini lövhədən
asırlar.
Sonrakı mərhələ informasiyanın
müzakirəsi və
təşkili olub 5 dəqiqə çəkir.
Nəticənin çıxarılması və
ümumiləşdirilməsinə ayrılan 5 dəqiqə
BİBÖ üzrə aparılır.
Produktiv tətbiqetmə mərhələsi
2 dəqiqə çəkir.
* Lüğət
dəftərinizi açın
və yazın.
* Evinizdə
hansı qədim əşyalar var? Onları öyrənib qeyd edin.
* Bu qədim
əşyaları valideynləriniz
niyə saxlayırlar?
3 dəqiqə ərzində
qiymətləndirmə aparılması
və refleksiya ilə dərs yekunlaşdırılır.
Təsvirdən də göründüyü kimi,
dərsdə maddi-tarixi
dəyərlərimizin bir
elementi barədə məlumat verilir; xalça növlərinin
adı çəkilir;
xalı və xalçaların məişətdə
işlədilmə məqamları
açıqlanır; şagirdlərə
Şuşa şəhəri
xatırladılır; X.B.Natəvan
barədə informasiya
çatdırılır, onun
şair və rəssam olduğu vurğulanır; xalqın
yaratdığı maddi
və mənəvi dəyərlər yüksək
qiymətləndirilir. Bütün bunlar
interaktiv metod əsasında reallaşdırılır,
şagirdlərin şifahi
nitqi inkişaf etdirilir, müqayisə aparmaqla fikir söyləmək bacarıqları
formalaşdırılır.
***
Bunlar hamısı şagird uğurlarında özünü
əks etdirir, üzə çıxır,
pedaqoji fəzilət doğurur.
193 nömrəli
məktəbin keçmiş
IV "B" sinif şagirdləri
- Mahmudova Lamiyə, Cəlalov Nizami, Axundov Mehdi "Gənc istedadlar" liseyinə imtahanda yüksək bal toplayıblar.
"Gənc
istedadlar" liseyinin direktoru, professor Qasım Hüseynovun imzası ilə M.Şəhriyar adına 193 nömrəli məktəbin direktoru, dosent R.Hüseynova göndərilmiş məktubda
təhsil ocağının
IV "B" sinfinin şagirdlərinin
liseyə testlə qəbul imtahanında müvəffəqiyyət qazandıqları
göstərilir.
***
Müəllim üçün ən böyük sevinc şagird uğurudur. Bu həyati-pedaqoji prosesin doğurduğu ən ülvi keyfiyyət pedaqoji fəzilətdir.
Belə bir mənəvi sərvətə
nail olmanın yolu müəllim əməyindən
başlanır, minlərlə
yetirmənin könül
dünyasında silinməz
xatirələrə, sönməz
təfəkkür nuruna
qovuşur.
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.-
2010.- 17 sentyabr.- S.5.